Bakıda məktəbi, bağçası, poliklinikası, parkı olmayan qəsəbə - Şonqardan reportaj
Bakı qəsəbələri – Şonqar
Bakıdan 30 kilometr məsafədə yerləşən Qaradağ rayonu Şonqar qəsəbəsinə cəmi bir – 126 nömrəli marşrut işləyir. Dərnəgüldəki “Elite” ticarət mərkəzinin yanından yola düşən nimdaş, sınıq-salxaq avtobuslar mənzil başına azı 2 saata çatır. Dayanacaqlarda avtobuslar arası intervallar da çox uzun olur.
Qəsəbəyə gedən yolda daş karxanaları görünür. Elə şonqarlıların əsas dolanışığı da ya daş karxanalarında, ya da Lökbatandakı “Sədərək” və “Binə” bazarlarında fəhləlik etməkdən çıxır.
Şonqar qəsəbəsində məktəb, uşaq bağçası, tibbi məntəqəsi, aptek, istirahət parkı – qısası istənilən qəsəbədə olmalı olan heç bir infrastruktur obyekti yoxdur.
Sakinlərin dediyinə görə, qəsəbədə su təchizatı da problemlidir. Suyun verilməsində tez-tez fasilələr yaranır, əhali bəzən günlərlə susuz qalır.
“Qəsəbəni gəzib, hansı qapını döysəniz, hərəsi bir problemdən danışıb dad eləyəcək. Bura elə bil allahın da yadından çıxıb. Bir dövlət qurumu bizim şikayətlərlə maraqlanmır, sözümüzü saya salmır. Əsas maşın yolundan başqa qəsəbənin heç bir yerində asfalt yoxdur”,– deyə Şonqar sakinlərindən biri şikayətlənir.
Təhsildən məhrum qalan uşaqlar, çarəsiz valideynlər
Qəsəbənin girişindəcə balaca bir dükan var. Sakinlər deyir, Şonqarda elə bir ailə yoxdur ki, ən azı bir üzvünün adı o dükanın “nisyə dəftəri”ndə olmasın.
Dolanışıqları həddən artıq çətindir. Günəmuzd fəhləlikdən qazandıqları pul nə özləri, nə də ailə üzvlərinin azı bir gün qayğısız yaşamaqlarına imkan vermir. Şonqarlıların günü elə bu balaca dükanın qarşısındakı avtobus dayanacağının ətrafında toplanıb, dərdləşməklə keçir.
Amma bu gün dükanın ətrafı daha qələbəlikdir. İnsanlar məyus və qəzəblidir. Onların sözlərinə görə, övladlarını düz iki həftədir məktəbə yollaya bilmirlər. Səbəb isə uşaqların yol xərclərini qarşılaya bilməmələridir.
Məsələ burasındadır ki, qəsəbədə 300-ə yaxın məktəb yaşlı uşaq olsa da məktəb yoxdur. İyirmi ildən çoxdur ki, şonqarlı uşaqlar təhsil almaq üçün bir neçə kilometr uzaqlıqda yerləşən Qızıldaş qəsəbəsinin 180 nömrəli məktəbinə getməli olurlar.
Şonqardan Qızıldaşa gedən avtobus sürücüləri bir ay əvvələdək məktəblilərdən gediş haqqı tələb etmirmiş. Sürücülər deyir ki, indi bu mümkün deyil, yanacaq və gedişhaqqı bahalaşdığı üçün onlar uşaqlardan da ödəniş almağa məcbur olublar.
“Hər ailədən azı 2-3 uşaq məktəbə gedir. Hələ valideynlərin məktəbə gedib-qayıtmağı da var. Gör günə nə qədər gediş haqqı eləyir? Hər gün karyerdə daş atan, bazarda araba daşıyan adamlar bunu necə ödəsin?” – 60-65 yaşlı qəsəbə sakini Nəbi Muradov danışır.
Başqa bir sakin Elnur Rzayev də övladını pulsuzluqdan məktəbə göndərə bilmir. Deyir, Şonqarda məktəb tikilsə gediş haqqı dərdi ümumiyyətlə qalmaz.
“Bu dəqiqə mənim uşağım küçədə gəzir, təhsildən yayınır. Yayınır deyəndə ki, mənim o büdcəm yoxdur ayda 100-150 manat yolpulu verib, uşağı məktəbə göndərim. Bizə gediş haqqının pulsuz olmağı lazım deyil. Qəsəbədə məktəb tiksinlər. Bağça da yoxdur, amma heç onun adını çəkmirik, əsas məktəb tikilsin. Neçə ildir bu problemi yaşayırıq. Deyək ki, uşaqları o boyda yolu piyada göndərdik məktəbə. Bəs yağışda, qarda nə təhər olacaq?”,– Rzayev deyir.
Az sonra Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri İmran Həsənov polis müşayiətilə qələbəliyə sarı gəlir. Həsənov bildirir ki, icra hakimiyyətinin məktəb və ya bağça tikmək kimi səlahiyyəti yoxdur, problemi yalnız Elm və Təhsil Nazirliyi həll edə bilər. İcra Hakimiyyətinin nazirliyə ünvanlağı müraciətə verilən cavabdan isə görünür ki, Şonqarda hələ yaxın vaxtlarda məktəb inşası nəzərdə tutulmayıb.
“Bizim sakinlər dəfələrlə bu məsələni qaldırıblar. Biz də Təhsil Nazirliyinə məktub ünvanlamışıq, hətta indi cavabı da sizə oxuyum. Yazır ki, 2023-cü ilin dövlət büdcəsindən investisiya xərcləri üçün nazirliyə ayrılmış vəsaitin konkret obyektlər üzrə bölgüsü aparıldığından, qeyd olunan məsələlərə növbəti dövlət investisiya proqramları çərçivəsində baxılacaqdır”, – deyə İmran Həsənov Təhsil Nazirliyinin cavabını oxuyur.
Son 20-25 ildə hökumət Şonqarada bir dənə də olsun məktəb tikməyib
Şonqarda son 20-25 ildə dövlət tərəfindən məktəb tikilməyib. 2009-cu ildə Böyük Britaniyanın BP neft şirkətinin qəsəbədə tikdiyi dördillik ibtidai məktəb isə cəmi dörd il fəaliyyət göstərib. Qısa müddət içində məktəb binası qəzalı vəziyyətə düşdüyü üçün orada tədris dayandırılıb.
2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən Şonqar qəsəbəsində 196 yerlik ümumi orta məktəbi tikilib istifadəyə verilməli olsa da, öhdəlik hələ də həyata keçirilməyib.
Qəsəbə sakinləri vaxtaşırı məktəb problemini qaldırıblar. Ən son iki il əvvəl bununla bağlı etiraz etdikləri zaman Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsi elə indiki kimi bildirmişdi ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət olunub.
Həmin vaxt Bakı şəhər Təhsil İdarəsindən isə mətbuata verilən açıqlamada deyilirdi ki, əgər Şonqar qəsəbəsində məktəb tikintisi ilə bağlı əsaslı ehtiyac yaranarsa, məsələyə müvafiq qaydada baxıla bilər.
“Ata və anamı tibbi yardım ala bilmədikləri üçün itirdim”
Zakir Nəsirov Şonqar qəsəbəsində doğulub-böyüyüb. 42 yaşlı qəsəbə sakini indi burada həyat yoldaşı, iki qızı və bir oğlu ilə bərabər yaşayır. Deyir, uşaqlığından bəri Şonqarda həmişə eyni problemlər gündəmdə olub – məktəb, tibb məntəqəsi, yol, su, işsizlik.
Zakir Nəsirovun sözlərinə görə, tibb məntəqəsinin yoxluğuna görə ata və anasını itirib.
“Biri xəstələnsin, yıxılsın, yaralansın, köməyə gələn olmayacaq. Ata və anamı da tibbi yardım ala bilmədikləri üçün itirdim. Bir neçə il öncə atam, ardınca da anamın səhhətləri pisləşdikdə təcili tibbi yardım gəlmədi. Biz də yaxınlıqdakı qəsəbələrdən birinə xəstəxanaya aparıb çatdıra bilmədik, ikisinin də ölümü belə oldu. Bu qəsəbədə gərək xəstələnməyəsən. Xəstələndin? Yıxıl-öl”,– Nəsirov deyir.
“Kompüter mühəndisi olmağı arzulayıram, amma məktəbə gedə bilmirəm”
Zakir Nəsirovun və həyat yoldaşının indi əsas qayğısı övladlarının təhsildən məhrum olmasıdır.
“Fəhlə adamam. Ay olur ki, heç 300 manat qazana bilmirəm. Bəs onda bu pulu həm əyin-başımıza, həm yeməyimizə, həm üç uşağın yolpuluna necə çatdıra bilərəm ki? Uşaqlarım çox yaxşı qiymətlərlə oxuyurdu, indi iki həftədir dərsə gedə bilmirlər, kor qoyublar uşaqları”, – deyə Nəsirov gileylənir.
Qızı Fidanın 16 yaşı var, 10-cu sinifdə oxuyur. Məktəbə gedə bilmədiyinə görə dərs proqramından geri qalacağından, qiymətlərinin aşağı düşəcəyindən narahatdır.
“Məktəbdən uzaq qalmaq əlbəttə ki, pis təsir edir. Dərslərdən yayınmışam, summativ imtahanlarım qalıb, qiymətlərim kəsiləcək. Mən birinci qrupa hazırlaşıram, arzum kompüter mühəndisi olmaqdır. İndi məktəbə getmədiyimizi nəzərə alsaq, bu mənim üçün çox çətin olacaq. Direktorumuz gəlmişdi bura, uşaqların niyə dərsə gəlmədiyini öyrənməyə. Səbəbi dedik, o da tələb edir ki, necə də olsa, məktəbə gedək. Amma necə? Bilmirik. Mənim ortancıl bacım 9-cu sinifə, kiçik qardaşım isə 5-ciyə gedir. Üçümüz də çox narahatıq”, – Fidan deyir.