Fransalı qraffiti rəssamı Azərbaycanda 3 il azadlıqdan məhrum edilib
Fransalı qraffiti rəssamı Azərbaycanda həbs edilib
Bakıda Fransa vətəndaşı metro vaqonlarının üzərinə qraffiti çəkdiyi üçün 3 il həbs cəzası alıb. Fransa Xarici İşlər Nazirliyi öz vətəndaşlarına “məhkəmə sistemi müstəqillik və ya hüquqların müdafiəsi ilə bağlı heç bir təminat verməyən ölkədə əsassız həbs və ədalətsiz mühakimə riski ilə əlaqədar” xüsusi zərurət olmadıqca Azərbaycana səfər etməmək barədə xəbərdarlıq edib. Azərbaycan Xarici İşlər Nazirliyi cavab olaraq bəyanat yayıb.
- Həbsdə olan iqtisadçı alim 90 gündür aclıq aksiyası keçirir
- “Abzas Media işi” üzrə istintaq müddəti ilin sonuna qədər uzadılıb
- Jurnalist Əfqan Muxtarlının AİHM-də Gürcüstan və Azərbaycana qarşı qaldırdığı iddia təmin olunub
Nə baş verib?
Sentyabrın 10-da Bakının Nərimanov rayon Məhkəməsi Metropolitenin “Bakmil” depo stansiyasına daxil olaraq vaqonların üzərinə qraffiti çəkən 3 əcnəbiyə hökm oxuyub. Bunlar Fransa vətəndaşı Klerk Teo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Sant Quentin İsmael və Avstraliya vətəndaşı Han Pauldur.
Vəkil Elçin Sadıqovun “Turan”a verdiyi məlumata görə, məhkəmə heç bir siyasi mənası olmayan yazıları ağır nəticəyə – “başqasının əmlakına ziyan vurmağa” səbəb olan “xuliqanlıq” kimi qiymətləndirib.
Fransa vətəndaşı 3 il müddətinə azadlıqdan məhrum edilib.
Digər iki nəfər isə 6800 manat məbləğində cərimələnib.
Vəkil qeyd edib ki, qatarın dövriyyədən çıxarılması nəticəsində əldən çıxmış mənfəətin kompensasiyası da nəzərə alınmaqla dəymiş ziyan artıq tam şəkildə ödənilib.
Təqsirləndirilən şəxslər qraffiti çəkdiklərini etiraf ediblər, lakin bunu xuliqanlıq və ya ziyan vurmaq məqsədi ilə etmədiklərini bildiriblər. Onlar başqa ölkələrdə də oxşar hərəkətlər etdiklərini, lakin indiyədək maksimum 400 avro cərimə olunduqlarını deyiblər.
Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.
Bir əmələ görə iki məhkəmə
Qeyd edək ki, bu şəxslər 2024-cü ilin martında saxlanılıblar.
Daha sonra Teo Klerk və digərləri məhkəmə qərarı ilə inzibati cərimələrlə cəzalandırılsalar da, sonradan eyni əmələ görə onlara qarşı cinayət işi qaldırılıb.
Aprelin 2-də Yasamal rayon Məhkəməsi Teo Klerk barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib, dostları isə polis nəzarəti altında sərbəst buraxılıblar.
Teo Klerk cinayət törətmək və ya zərər vermək niyyətinin olmadığını, “Azərbaycanın Fransa ilə münasibətlərindəki gərginliyə görə” cəzalandırıldığını bildirib.
“Fransa ilə münasibətlərə görə məni cəzalandırmaq düzgün deyil. Bura dostlarımla adi turist kimi gəlmişəm. Mən Fransanı təmsil etmirəm. Sadəcə olaraq, Qafqaz ölkələrindən Azərbaycanda olmamışdıq, ona görə də bura gəlmişik”, – 38 yaşlı qraffiti sənətçisi məhkəmədə bildirib.
Fransa XİN öz vətəndaşlarını Azərbaycana səfərdən çəkinməyə çağırır
Fransa bu ölkənin metroda qraffiti çəkdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum edilən vətəndaşı Teo Klerklə Azərbaycanda “özbaşına və aşkar diskriminativ” davranılmasını pisləyib.
“Bununla belə, onunla birlikdə eyni əmələ görə təqsirləndirilən digər iki nəfər sadəcə cərimə olunub”, – Fransa Xarici İşlər Nazirliyinin şərhində deyilir.
Teo Klerk saxlanıldıqdan dərhal sonra Fransanın Bakıdakı səfirliyi Fransa vətəndaşının maraqları naminə və Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq konsul müdafiəsinin təmin edilməsi üçün Azərbaycanın səlahiyyətli orqanları ilə əlaqə saxlayıb.
Bütün məhkəmə iclaslarında səfirliyin nümayəndələri iştirak ediblər.
Fransa XİN bir daha bu ölkənin vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara, “məhkəmə sistemi müstəqillik və ya hüquqların müdafiəsi ilə bağlı heç bir təminat verməyən ölkədə əsassız həbs və ədalətsiz mühakimə riski ilə əlaqədar” xüsusi zərurət olmadıqca Azərbaycana səfər etməmək barədə xəbərdarlıq edib.
Sözügedən qurum artıq sentyabrın 4-də oxşar xəbərdarlıqla çıxış etmişdi.
Azərbaycan XİN: “Fransa Azərbaycanın məhkəmə prosedurlarına məhəl qoymur”
“Fransa Xarici İşlər Nazirliyinin bu ölkənin vətəndaşı Teo Klerkə qarşı guya ayrı-seçkilik edilərək onun barəsində məhkəmə tərəfindən “haqsız qərar verilməsi” barədə bəyanatı, özünü “hüquqi dövlət” adlandıran Fransanın bununla Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir. Fransa tərəfindən səsləndirilən iradların heç bir əsası yoxdur”, – Azərbaycan XİN mətbuat katibi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşı, həmçinin digər şəxslərlə bağlı verilən hökm məhkəmənin səlahiyyətindədir və Fransa tərəfinin bu qərarı sual altına almağa ixtiyarı yoxdur.
“Fransa vətəndaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əmlakı qəsdən məhvetmə və ya zədələmə maddəsi ilə azadlıqdan məhrum olunub. Qeyd edək ki, bu kimi əməllərə görə Teo Klerk əvvəllər Fransada da cəzalandırılıb və ona cərimə tətbiq olunub.
Ümumilikdə istintaqın və məhkəmənin gəldiyi qənaətə görə, Fransa vətəndaşı cinayətin törədilməsində xüsusi təşəbbüskarlığı və fəallığı ilə seçilib.
Həmçinin məhkəmə istintaqı zamanı onun verdiyi ifadələrin işin obyektiv halları ilə uyğunluq təşkil etmədiyi də məlum olub. Eyni əmələ görə əvvəllər müəyyən məbləğdə cərimə edilsə də, Azərbaycan Respublikasında bu xarakterli əməllərin qeyri-qanuniliyindən məlumatsız olması ilə bağlı Teo Klerkin məhkəməyə verdiyi qeyri-səmimi ifadələri, o cümlədən törətdiyi əməldən peşman olmamasını onun digər iki şəxslə müqayisədə cəzasının daha ağır olmasını şərtləndirən amillər kimi sadalamaq mümkündür”, – deyə o əlavə edib.
Azərbaycanla Fransa arasında gərginlik
Fransa ilə Azərbaycan arasında münasibətlər Qarabağ münaqişəsinin kəskinləşməsi zamanı Parisin Yerevana dəstək verməsindən sonra pisləşib. Ermənistan Fransadan zirehli texnika almağa başlayıb və 2024-cü ilin fevralında Fransanın müdafiə naziri Sebastyan Lekornu lazım gələrsə, Parisin Ermənistanı hava hücumundan müdafiə raketləri ilə təmin etməyə hazır olduğunu bildirib.
2023-cü ilin dekabrında fransalı iş adamı Martin Rayan Bakıda casusluq ittihamı ilə həbs edilib. Elə həmin ay Azərbaycan XİN Fransa səfirini iki diplomatik missiya əməkdaşının ölkədən çıxarılması barədə xəbərdarlıq etmək üçün çağırıb.
2024-cü ilin martında Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev deyib ki, Fransa Ermənistanı silahlandırır və onu Qarabağda yeni müharibəyə təhrik edir.
“Məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməsə də, [Fransa] Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirən fəaliyyət göstərir, öz kəşfiyyat idarəsinin nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edir və casus şəbəkəsi yaradır”, – deyə o bildirib.
Apreldə Fransa XİN öz səfirini Bakıdan geri çağırıb.
2024-cü ilin yanvarında Fransa Senatı Avropa İttifaqını Bakının Qarabağda xüsusi hərbi əməliyyat keçirdiyinə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməni təsdiqləyib.
May ayında Yeni Kaledoniyada (Sakit Okeandakı Fransa ərazisi) kütləvi iğtişaşlar baş verib və Paris Azərbaycanı təşkilatçılıqda ittiham edib. Azərbaycan siyasətçiləri bu bəyanatları əsassız sayaraq rədd ediblər.