BRICS-ə üzvlük Azərbaycana nə verə bilər? Bakıdan baxış
Azərbaycan BRICS-ə üzvlük üçün müraciət edib
Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən bir gün sonra Azərbaycan BRICS-ə üzv olmaq üçün rəsmi müraciət edib. Azərbaycanın bu təşkilata marağı Qərb ölkələri ilə münasibətlərdə gərginliyin artması fonunda baş verir.
“Azərbaycanın BRICS-ə üzv olması əsasən logistika məsələlərilə bağlıdır. Çünki coğrafi olaraq Çin və Hindistanın marağında olan yeni dəhlizlərin mərkəzində yerləşən ölkədir”, – Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli deyir.
Azərbaycanlı politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, BRICS-ə üzv olmaq “Azərbaycana heç bir öhdəlik qoymadan yalnız ona hörmət gətirə bilər”.
- Azərbaycan universitetlərində təhsil haqqı vətəndaşların büdcəsinə və tədrisin keyfiyyətinə uyğundurmu?
- “Abzas Media işi” üzrə həbs edilənləri artıq 12 ilə qədər həbs gözləyirVladimir Putin Bakıya rəsmi səfər edib
- “Meta” Rusiyada yaradılmış Gürcüstan, Ermənistan və Azərbaycanı hədəfləyən yüzlərlə təbliğat hesabını silib
Nə baş verib?
Azərbaycan BRICS-ə daxil olmaq üçün avqustun 20-də rəsmi müraciət edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
Xarici siyasət idarəsinin özü də bu barədə X-dəki rəsmi hesabında xəbər yerləşdirib.
İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
BRICS nədir?
2006-cı ildə sürətlə inkişaf edən beş ölkə – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılan hökumətlərarası təşkilat olan BRICS-ə indi Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri də daxildir.
İqtisadi baxımdan, təşkilatın ümumi ÜDM-nin 70%-dən çoxunu təşkil edən Çin dominant mövqedədir.
Qrup dünya əhalisinin 45%-ni təşkil edir və qlobal neft ehtiyatlarına əhəmiyyətli təsir göstərərək qlobal iqtisadi məhsulun 28%-nə nəzarət edir.
BRICS daha çox Qərbə alternativ kimi qəbul edilir və təşkilatı çox vaxt “Qlobal Cənub” adlandırırlar. 2023-cü ilin oktyabrında keçirilən “Bir kəmər, bir yol” forumunda ABŞ hegemonluğundan narazı olanların hamısını Pekinin qanadı altında birləşdirən bu xarici siyasət kursu təsdiqlənib.
“BRICS təşkilat deyil, dəyirmi məşvərət masasıdır”
Politoloq Zərdüşt Əlizadə “Turan”a müsahibəsində qeyd edib ki, BRICS təşkilat deyil, dəyirmi məşvərət masasıdır.
“Yaranmasının da əsas səbəbi odur ki, dünyada siyasi vəziyyət bir çox ölkələri qane etmir. BMT öz səmərəsini xeyli dərəcədə itirib, ancaq böyük dövlətlərin maraqlarına xidmət edir, kiçik dövlətlərin matraqları nəzərə alınmır. O cümlədən Azərbaycanın da maraqları nəzərə alınmır. Bu cür dövlətlər də belə qərara gəliblər ki, dəyirmi masa yaratsınlar və orada fikir mübadiləsi aparsınlar.
O biri dövlətlər də gördülər ki, BRİKC-dən heç bir təhlükə gəlmir, biz də gedib orda nəsə deyə bilərik, dünyanın rəy kisəsinə biz də öz fikrimizi sala bilərik.
Ora mənafeləri ziddiyyət təşkil edən ölkələr də daxil olublar, məsələn, Misir və İran. İndi Türkiyə deyir ki, mən də girmək istəyirəm.
Bu masada heç bir öhdəlik yoxdur, üzvlük haqqı vermirsən, onların baş katibi, işçiləri yoxdu və s. Belə bir dəyirmi masanın üzvü olmaq Azərbaycanın şəninə ancaq hörmət gətirir və üzərinə heç bir öhdəlik qoymur”, – politoloq fikrini yekunlaşdırıb
“Azərbaycanın BRICS-ə üzvlüyü əsasən logistika məsələsi ilə bağlıdır”
Respublikaçı Alternativ Partiyasının (ReAl) liderlərindən biri Natiq Cəfərli BRICS-in mahiyyəti ilə bağlı tezislərini bölüşüb və Azərbaycanın bu təşkilata üzv olmaq üçün müraciətini şərh edib:
“BRICS-lə bağlı bir neçə teziz:
- BRICS siyasi, hərbi təşkilat deyil, siyasi və hərbi institutları yoxdur, olması da mümkün görünmür. Çünki bu təşkilatda bir-birinə siyasi olaraq zidd mövqedə dayanan, potensial hərbi münaqişə ehtimalı olan ölkələr var;
- Sırf iqtisadi təşkilatdır, əsas hədəflərinə BRICS-ə üzv olan ölkələrin qarşılıqlı investisiyalarının qorunması, qarşılıqlı güzəştli tariflərlə ticarət, yeni nəqliyyat dəhlizləri kimi məsələlər daxildir;
- Təşkilata daxil olan Çin, Hindistan, Braziliya, CAR-ın Avropa İttifaqı və ABŞ-la ümumi ticarət dövriyyəsi 3 trilyon dollardır. Bu isə o deməkdir ki, BRICS-in aparıcı 5 ölkəsindən 4-nün əsas ticarət tərəfdaşları Avropa İttifaqı ilə ABŞ-dır. Yəni BRICS-in Qərb ölkələrindən qarşılıqlı asılılığı var. Rusiya və İran xaric, digərləri məhz Qərb bazar iqtisadiyyatı modeli ilə idarə olunurlar. Hətta Rusiya və İranda da həmin modelin elementləri – qiymətli kağızlar bazarı, orta, kiçik sahibkarlıqda rəqabət mövcuddur. Bir daha – BRICS Qərblə sıx əlaqədə olan, Qərbsiz mövcudluğu mümkün olmayan (necə ki, Qərb də iqtisadi olaraq Çin, Hindistan, Braziliya, CAR, hətta Rusiyasız mövcud deyil, ola da bilməz) qlobal layihədir;
- Məsələ odur ki, Azərbaycanın da əsas ticarət tərəfdaşı Qərb ölkələridir. Ölkəmizin ixracatının 80%-i Qərb ölkələrinədir (Türkiyə və İsraili də saysaq, onlar da coğrafi olaraq Qərbdir). Azərbaycana qoyulan investisiyaların da 85%-i həmin ölkələrin payına düşür.
Yaxşı, bəs Azərbaycan niyə BRICS-ə üzv olmaq istəyir?!
Ölkəmizin BRICS-ə üzv olması əsasən loqistika məsələlərilə bağlıdır. Çünki coğrafi olaraq Çin və Hindistanın marağında olduğu yeni dəhlizlər, Orta Dəhliz, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin mərkəzində yer alan ölkə məhz Azərbaycandır. Çin və Hindistanın isə bu dəhlizlərdə mühüm maraqları var. BRICS-ə üzvlüyümüz Azərbaycana ziyan gətirməyəcək. Əgər münasibətləri doğru qura bilsək, BRICS Azərbaycana əlavə investisiyaların cəlb olunmasına şərait yaradan təşkilata da çevrilə bilər.
Bu mənada ora üzvlüyün siyasi riskləri yox dərəcəsindədir. Amma iqtisadi riskləri var, çünki ancaq istehlaka söykənən, iki borudan asılı qalan primitiv iqtisadi modelimiz var. Kiçik, orta sahibkarlıq can verir, vergi-gömrük siyasəti yanlışdır, ən əsası, ölkəmizdə BRICS-in əsas dövlətlərində olduğu kimi, Qərb iqtisadi modelinin institutları yox dərəcəsindədir. Deməli, üzv ölkələr bizə ancaq balaca bazar, üzərindən yol keçən ölkə kimi baxacaqlar”.