Neft buruqları, ilk insan heykəli, rəngarəng qraffitilər... Balaxanıdan reportaj
Bakı kəndləri – Balaxanı
Artıq 45 dəqiqədir gözləyirəm. Avtobusun yolu bu dayanacaqdan düşəsi olmadı deyəsən. Odur ki, Bakının ən qədim qəsəbələrindən birinə – Balaxanıya qalan yarım saatlıq məsafəni piyada qət etməli oluram.
Qəsəbənin mərkəzinə doğru uzanan yolun hər iki tərəfində neft mancanaqları sıralanıb. Uzaqda fasiləyə çıxmış fəhlələr gözə dəyir. Nahar üçün evdən gətirdikləri yeməkləri elə neft quyularının yaxınlığında yerə sərdikləri süfrənin üstünə düzüb nuş edirlər.
Bir az sonra göz işlədikcə uzanan neft quyularını yaşayış massivi əvəzləsə də, ətrafda elə də çox insan yoxdur. Əsasən ərzaq dükanlarında alış-veriş edən və ara məhəllələrdən keçən tək-tük adamdan başqa heç kəs gözə dəymir.
Qəsəbə sakinləri deyir ki, burada əsas məskunlaşma Balaxanı kəndinin mərkəzində cəmləndiyindən ətraf ərazilərdə belə seyrəklikdir.
Doğrudan da kəndin mərkəzinə daxil olan kimi bayaqkı yeknəsəklik tamam yoxa çıxır. Velosipedlə ətrafda sağa-sola şütüyən uşaqlar, divarların üzərinə çəkilən qraffitilərə tamaşa edən turistlər, evlərin qarşısında oturub söhbətləşən qonşular, rəngli dibçəklərdə əlvan güllər – hamısı buranı çox canlı göstərir.
Kənd adamları cəmi 4 il öncəyə qədər burada vəziyyətin tam başqa olduğunu deyirlər.
Neft buruqları arasında yazılan tarix
Balaxanı – Abşeron yarımadasında, paytaxtın 9 kilometrliyində yerləşir. Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinə daxildir. Sabunçu rayon İcra Hakimiyyətinin saytında yerləşdirilmiş 2018-ci ilə aid məlumata əsasən, əhalisinin sayı 14 min 300 nəfərdir.
Qəsəbə sakinlərinin çoxu etnik tatlardan ibarətdir. Buna görə də kənddə tatca danışan heç kimə rast gəlməməyim qəribə görünür. Demək olar ki hamı azərbaycanca danışır.
Bakının ən böyük zibil poliqonu da Balaxanıda yerləşir. 10-15 il əvvələ qədər antisanitariya, üfunət mənbəyi olan, xüsusən yandırılanda cəhənnəmi xatırladan Balaxanı zibilliyində indi Tullantı Emalı Zavodu yerləşir. İllər öncəki qorxunc mənzərədən əsər-əlamət qalmayıb.
Balaxanı Abşeron yarımadasında neft tapılan ilk ərazilərdəndir. Qəsəbə ərazisində kustar üsulla qazılmış ilk neft quyusu 1594-cü ilə aiddir. Həmin dövrdə neftdən ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.
Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılıb. Bundan sonra bu qəsəbələr neft sənayesinin inkişaf etdiyi ərazilərə çevrilib.
Bərbər Tərlan
“Danışırlar ki, o vaxtacan burada camaat maldarlıqla, əkinçiliklə məşğul imiş. Yaxşı torpağı varmış buraların. Neft çıxandan sonra torpaq zəhərlənib. Amma camaat da neft mədənlərində iş-güc yiyəsi olub, daha əkin-biçin dalınca o qədər də qaçan olmayıb”, – 55 yaşlı Balaxanı sakini Tərlan dayı danışır.
Bərbər Tərlan bütün həyatını burada keçirib. 30 ilə yaxındır ki, elə evinin yanında bərbərlik edir. Bu peşə ona atasından qalıb. O da öz oğluna öyrədib. İndi ata-oğul bərbərxanada birgə işləyirlər.
Deyir, kənddə yaxşı sənətkarın reklama ehtiyacı yoxdur, istedadı olmayanın isə işi olmayacaq. Ona görə də bərbərxananın üstünə heç bir löhvə asmayıb. Eləcə divarına əllə həm də kiril əlifbasıyla “Tərlan Bərbər” yazılıb. Tərlan usta indiyədək bu balaca bərbərxanada 14 tələbə yetişdirib.
“Uğur qazanmaq üçün həyatda üç şeyin qədrini bilməlisən – vaxtının, sağlamlığının və istedadının”, – söhbət peşəsindən açılmışkən yanında dayanan cavan tələbəsinə nəsihət edir.
Tərlan usta danışır ki, kənddə hələ abadlıq işləri aparılmamışdan öncə vəziyyətləri heç ürəkaçan deyilmiş.
“Yollarımız pis gündə idi, zibil poliqonunda yandırılan tullantıların iyi-qoxusu az qala evimizin içindəydi, su tez-tez kəsilirdi. Elə ki, burada vəziyyət dəyişdi, kənardan bura gələnlərin də sayı artdı, məskunlaşma çoxaldı. Bax, o qırmızı kərpicli evləri görürsən?”, – deyə, əli ilə üfüqə işarə edir. – “Bax, Balaxanı oradan başlayır. Bakının tarixi bu binalardadır. Amma pis şəraitə görə bura əvvəllər unudulmuş yerlər idi, kənd camaatı naəlac yaşayırdı burda, yad adamlar isə bura gəlmirdi. Təmirdən sonrakı ilk il bura maraq dəhşət çoxaldı. İndi maraq bir az səngiyib, amma yenə də əvvəlki vaxtlardan yaxşıdır”.
Məşədi İbad və müsəlman Şərqinin ilk insan heykəli
Tərlan usta ilə sağollaşıb bərbərxanadan çıxıram, üzü kənd qəbiristanlığı tərəfə qalxıram.
Bu küçədən etibarən ard-arda tarixi abidələr sıralanıb. Qədim hamamlar, içində sonuncu dəfə əsrlər öncə ibadət edilmiş məscid və türbələr, keçmiş Balaxanı milyonçularının divarları freskallarla bəzənmiş evləri…
Bu da satirik şair Mirzə Ələkbər Sabirin vaxtilə Balaxanıda dərs dediyi məktəbin önündəki heykəli. Bu heykəli heykəltaraş Yakov Keylixis 1922-ci ildə Bakıda keçirilən Şərq xalqlarının I qurultayı münasibətilə yaradıb.
Müsəlman Şərqində insana qoyulan ilk abidə sayılan böyük ədibin heykəli əvvəlcə “İsmailiyyə” bağına (indiki “Sabir” bağı) qoyulub. Amma zaman keçdikcə heykəlin milli ənənələrə cavab vermədiyi, xüsusiyyətlərinin millilikdən uzaq olduğu haqda fikirlər səslənib. Nəticədə 1958-ci ildə həmin heykəl götürülüb, yerinə isə Cəlal Qaryağdının hazırladığı Sabirin heykəli qoyulub.
Keylixisin ucaltdığı heykəl isə Balaxanıya gətirilib. Elə o vaxtdan da böyük ədib insanları həmin bu yerdə salamlayır.
Tini burulan kimi isə hambalın belinə çıxıb hasarın bu tayından adaxlısı Gülnazı görmək üçün Rüstəm bəyin evinin həyətinə boylanan Məşədi İbadla qarşılaşırsan. Əlbəttə ki, Azərbaycanın kinosunun məhşur nümunələrindən biri – “O olmasın, bu olsun” filmindən dillər əzbəri olan bu səhnəni heykəl canlandırır.
Heykəli görənlərin çoxu filmin bu həyətdə çəkildiyini düşünsələr də, bu, belə deyil. Sadəcə filmdə “hambal” obrazını canlandıran aktyor Əhməd Rumlunun (Ruminski) həyat yoldaşı bir vaxtlar bu evdə yaşayıb, heykəli də məhz aktyorun xatirəsini əbədiləşdirmək üçün burada ucaldıblar.
“Dünənəcən yada düşmürdü bu abidələr”
Kənd qəbiristanlığının yanında “Balaxanı İnfotur” mərkəzi fəliyyət göstərir. Bir nəfər üçün 5 manat ödəniş etməklə mərkəzin bələdçi xidmətindən yararlanmaq və tarixi abidələri yaxından görmək mümkündür.
Amma buna pul ödəməyib, gördüyü köhnə tikililərin tarixini yerli kənd sakinlərindən öyrənənlər də var.
“Vaxtilə imkanı olanlar hamamlar, məscidlər tikdirərmiş. Bax bu “Qum Hamamı” da onlardandır. Deyirlər, bunu da 14-15-ci əsrlərdə yaşayan varlı bir adam tikdirib ki, camaat istifadə eləsin, öləndən sonra da ona rəhmət oxusunlar”, – yaşlı kişi maraqla ona qulaq asan iki gəncə bələdçilik edir.
Adətən tur mərkəzinin yanındakı skamyada oturan Həsənbala dayı pensiyaçıdır, günü elə burada dost-tanışı ilə nərd oynamaqla keçir. Danışır ki, arada kəndə bələd olmayan adamlara kömək edir, gəzməli-görməli yerləri onlara nişan verir. Tur xidmətindən isə narazıdır.
“Dünənəcən günün-yağışın altında qalmışdı bu abidələr, baxan yox idi. İndi 5-10 nəfər maraqlanır, sağ olsunlar, gəlib görürlər, öyrənirlər. Bunlar da girişi pullu eləyiblər”, – deyə gileylənir.
“Geniş yolu bağlayıblar, tıxacların əlində qalmışıq”
Kəndin mərkəzindən geriyə – “Koroğlu” metrostansiyasına qayıtmaq istəyəndə ağlıma gəldiyim yolun çətinliyi düşür. Kənd sakinlərindən öyrənirəm ki, Balaxanıya gəlmək çətin olsa da, geri qayıtmaq asandır.
“Tıxac olmayanda qəsəbədən “Koroğlu”ya 15-20 dəqiqəyə getmək olur. Amma bura gələndə, hələ tıxac da varsa, qalırsan yolda. Şəhər istiqamətindən gələn geniş yolumuz vardı, üç-dörd il olar ki bağlayıblar. İndi oradan şəhər istiqamətinə ancaq çıxış var, girmək qadağandır. Qalmışıq kəndin dar küçələrinin ümidinə. O yollarda da avtobuslar güclə hərəkət edir. Ona görə Balaxanıya gələndə avtobus tapılmır”, – sakinlərdən biri deyir.
Başqa bir qəsəbə sakini Fariz Əlizadənin sözlərinə görə, yerli icra orqanları söz versə də, yol problemi həll edilmir.
“Balaxanıya gəlmək üçün çox əzablı yolardan keçməlisən. Niyə qəsəbənin əsas yolunu bağlayıblar? Dəfələrlə Balaxanı sakinləri yolun açılmasını xahiş ediblər. Sabunçu rayon İcra Hakimiyyəti başçısı sakinlərlə görüşdə qəsəbənin əsas yolunun açılacağına dair söz versə də, yol hələ də bağlıdır. Yorulmuşuq artıq saatlarla tıxaclarda qalmaqdan”, – deyə Fariz Əlizadə narazılıq edir.
Hazırda Balaxanı qəsəbəsinin əsas yolu yeni Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun inşası ilə əlaqədar bağlıdır. 2017-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə bu yolun tikintisi üçün büdcədən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,3 milyon manatı ayrılıb. Tikintinin nə zaman başa çatacağı, yeni yolun nə zaman istifadəyə veriləcəyi isə hələ məlum deyil.
Qısası, sakinlər deyir ki, Balaxanı kəndinin gəzməli-görməli yerləri nə qədər cəlbedicidirsə, bura gəlmək bir o qədər çətindir.
Avtobusla Balaxanıdan “Koroğlu”ya doğru yola düşürəm. Canlı və maraqlı kənd meydanı, yenə boş və cansıxıcı düzənliklərlə əvəzlənir…