“Borclu borclunun sağlığını istəyər”. Azərbaycan və Fransa münasibətləri haqda
Azərbaycan və Fransa münasibətləri haqda
Bu günlərdə Bakıda “Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Bakıda Qurultayı” keçirilir. Tədbirdə Fransanın dəniz kənarındakı ərazilərinin – Korsika, Melaneziya, Polineziya, Karib hövzəsi və Antil adalarının müstəqilliyi uğrunda 15-dən çox siyasi partiya və hərəkatın liderləri iştirak edir.
Azərbaycanlı politoloq Hacı Namazov hesab edir ki, Fransanın dəniz kənarındakı ərazilərinin nümayəndələrinin səylərinin əlaqələndirilməsi “rəsmi Bakının Parisin son bir neçə ildəki hərəkətlərinə bir növ cavabıdır”.
- “Nişanlanana qədər xalam qızı ilə çox yaxşı dost idik” – Azərbaycanda qohum evlilikləri
- Avropa Məhkəməsi tanınmış hüquq müdafiəçilərinin Azərbaycana qarşı şikayətləri ilə bağlı qərar çıxarıb
- Yay və domofonlar: Azərbaycanda deputatlığa namizədlərin problemləri haqda
Politoloq Hacı Namazov JAMnews-un Azərbaycan redaksiyası üçün “Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayı”nın Bakıda keçirilməsini şərh edib.
Bakı və Paris niyə yola getmirlər?
“Azərbaycanla Fransa arasında münasibətlər diplomatik əlaqələri kəsmək ərəfəsindədir, lakin tərəflər hələlik belə radikal addım atmağı düşünmürlər. Bu yaxınlarda olmasa da, Fransanın Bakıdakı səfiri məsləhətləşmələr üçün Parisə çağırıldı, lakin bir müddət sonra o, rəsmi vəzifələrini yerinə yetirmək üçün geri qayıtdı.
Bakı və Paris niyə yola getmirlər? Bunun çox açıq səbəbləri var.
Hələ 2020-ci ildə Azərbaycan ikinci Qarabağ müharibəsi nəticəsində işğal olunmuş ərazilərini qismən qaytarmamışdan əvvəl Fransa rəsmi səviyyədə Qarabağdakı separatçı rejimə ciddi dəstək verirdi. Müharibədən sonra bu dəstək daha da qabarıq şəkildə özünü büruzə verdi və Fransa paytaxtının meri Ann Hidalqo bu məsələdə xüsusilə fərqləndi.
“Dağlıq Qarabağ Respublikasının müstəqilliyinə” dəstək haqqında Parisdən gələn hər cür bəyanatlara əhəmiyyət vermədən, Hidalqonun son illərdəki məsuliyyətsiz davranışının bəzi konkret nümunələrini qeyd edə bilərik. Mən “məsuliyyətsiz” deyəndə onun beynəlxalq hüququn bütün prinsiplərinə zidd olan addımlarını nəzərdə tuturam”.
Ann Hidalqo və Qarabağ
“Beləliklə, 2022-ci ilin əvvəlində, Xankəndidəki qanunsuz separatçı rejim hələ də fəaliyyət göstərdiyi vaxt Hidalqo Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyini açıqlayıb. Düzdür, o zaman rəsmi Bakı kəskin şəkildə bəyan etmişdi ki, heç bir xarici rəsminin öz suveren ərazilərinə səfərinə icazə verməyəcək. Paris merinin də hazırda Bakı həbsxanasında məhbus olan Arayik Harutyunyanla Qorisdə, yəni Ermənistan ərazisində görüşməkdən başqa çarəsi qalmamışdı.
2023-cü ilin aprelində Azərbaycan Laçın rayonunda nəzarət-buraxılış məntəqəsi qurduqdan sonra həmin Hidalqo öz bəxtini yenidən sınamaq və onlarla yük maşınını humanitar yüklə Xankəndiyə göndərmək qərarına gəlib. Amma yenə də Ermənistan ərazisindən. Bu kortecin taleyi hələ Yerevandan yola düşməmişdən əvvəl məlum idi və Azərbaycanla sərhəddə bir neçə gün dayandıqdan sonra Paris merinin şəxsən müşayiəti ilə gələn yük maşınları gəldikləri yerə qayıtdılar.
Dövlət paytaxtı merinin belə hərəkətləri özü-özlüyündə, təbii ki, ölkənin ali rəhbərliyi ilə razılaşdırılmaya bilməz”.
“Borclu borclunun sağlığını istər”
“Azərbaycan ərazi bütövlüyü problemini tam həll etdikdən sonra Fransa Ermənistanı silahlandırmaq qərarına gəlib. Təbii ki, hər bir ölkənin silahlanmaq və istənilən xarici dövləti özünə tərəfdaş seçmək hüququ var. Amma rəsmi Bakının bu məsələdə mövqeyi ifrat dərəcədə aydındır: Ermənistan üç onillikdir ki, qonşu dövlətin geniş ərazisini işğal altında saxlayıb və belə bir ölkənin silahlanması sual doğurmaya bilməz.
Təbii ki, Bakı artıq danışdıqlarımın hamısını unutmayıb. Necə deyərlər, borclu borclunun sağlığını istər.
Fransa günahsız quzu deyil və onun tarixi yad ərazilərin işğalı və bütöv xalqların müstəmləkələşdirilməsi faktları ilə doludur. Azərbaycanın Fransadan müstəqil olmaq uğrunda mübarizə aparan dənizsahili ərazilərin siyasi partiyalarının nümayəndələrinin qurultayı üçün platforma təqdim etməsi isə tfmsmilə məntiqə uyğundur.
Rəsmi Bakının hətta dəmir-beton arqumenti də var – ölkə uzun müddət Qoşulmama Hərəkatının sədri olub və Fransanın dəniz kənarındakı ərazilərinin nümayəndələrindən ibarət Bakı Təşəbbüs Qrupu məhz həmin vaxt yaradılıb. 28 ildir özünü heç bir şəkildə göstərməyən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu hər kəsin yadındadır. Bu qrup Minskdə görüşməyib, sadəcə orada yaradılıb, ona görə də belə adlandırılıb. Bakı Təşəbbüs Qrupunun adı da həmin operadandır.
Fransanın dəniz kənarındakı ərazilərinin nümayəndələrinin səylərinin əlaqələndirilməsi isə rəsmi Bakının Parisin son bir neçə ildəki hərəkətlərinə bir növ cavabıdır. El arasında deyildiyi kimi, dəmir qapının döyülməsini istəmirsənsə, taxta qapımı döymə”.