Azərbaycanda taksi tarifləri kəskin artıb
Azərbaycanda taksi tarifləri
Azərbaycanda taksilərdə iyunun 1-dən minimal gediş haqqının 4 manat 50 qəpik olacağı iddia edilir. Bu barədə iddiaları bəzi taksi sürücüləri əməkdaşlıq etdikləri şirkətlərə istinadən yayırlar. Hazırda minimal gediş haqqı 2 manat 50 qəpikdir və deyilən artım olarsa, bu, 50 faizdən çox artım sayılacaq.
İndinin özündə belə taksilərdə qiymətlərin əvvəlki aylara nisbətən artması ilə bağlı şikayətlər eşidilir. Bütün bunlar da hökumətinin son qərarlarından sonra taksi sayının azalması ilə əlaqələndirilir.
- Qubad İbadoğlunun işi üzrə istintaq 13 ay davam edəcək
- Azərbaycanın strateji balansı nə deməkdir? Ekspert şərhi
- Avropa Məhkəməsi Azərbaycanı üç iş üzrə 14 700 avro cərimələyib
Martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Sənədə əsasən, iyulun 1-dən taksi avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır. Üstəlik, istehsal tarixindən səkkiz ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə buraxılış kartı verilməyəcək.
Ötən il oktyabrın 1-də “Avtomobil nəqliyyatı haqqında” Qanun qüvvəyə minmişdi. Oradakı dəyişiklərə əsasən, taksi operatoru kimi icazə almaq üçün 3 min manat rüsum müəyyən edildi. Eyni zamanda, taksilərə taksometr və videoreqistrator quraşdırılması tələbi yer aldı.
Artıq indi taksilərin sayında azalma müşahidə olunur. Hələlik bununla bağlı rəsmi statistika açıqlanmasa da, taksi sürücüləri deyir ki, taksi sayında 2 minə yaxın azalma var.
Bu ilin əvvəlində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qeyd edib ki, Bakıda taksilər həddən artıq çoxdur və bu say azaldılmalıdır.
“Yaydan bu yana taksilər 67 mindən 60 minə qədər azalıb. Bakıda olan adam sayına görə isə 20 minə qədər taksi bəs edər”, – nazir müavini bildirib. Yəni taksilərin sayının daha 40 min ədəd azaldılması nəzərdə tutulur.
Bakıda taksi fəaliyyəti ilə məşğul olan Elnur Məmmədov deyir ki, hazırda taksilərə tələbat əvvəlki kimi qalıb:
“Hətta maşınların sayı azaldığına görə sifarişlərin sayı çoxalıb. Amma sərnişinlərin çoxu qiymət artımından narazıdırlar. Deyirlər ki, minimal gediş haqqı 4.50 olacaqsa, taksidən istifadə etməyəcəklər”.
Onun fikrincə, bu, onların qazanclarına da təsir edəcək:
“Heç kim taksi ilə getməsə, mən evə çörək apara bilməyəcəm”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Turana bildirilib ki, bugünədək 800-dən çox şəxs onlara müraciət edərək taksi fəaliyyəti üçün icazə alıb.
Minimal gediş haqqının 4 manat 50 qəpiyə qədər artırılacağı ilə bağlı deyilənlərə gəldikdə isə, qurumdan vurğulanıb ki, taksi minik avtomobilləri ilə daşıma qiymətləri tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur:
“Hazırda fəaliyyət göstərən taksi operatorları tərəfindən qiymət rəqabət şəraitində formalaşır”.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə Azadlıq Radiosuna deyib ki, süni surətdə, bazarın tələbatı olmadan qiymət ilə belə oynamaq düzgün deyil:
“Taksi sahəsində həyata keçirilən tədbirlər uğurla davam etsə, ictimai nəqliyyatın vəziyyəti yaxşılaşsa, taksi xidmətinin qiymətinin artması gözləniləndir. Amma birdən-birə qiymətini 60-70 faiz artırmaq. Bu, artıq süni artırmaq deməkdir”.
Ekspertin fikrincə, taksi sifarişi operatorları buna getməməlidir:
“Buna getsələr, birinci növbədə müştərilərini itirəcəklər. Adamlar başqa variantları axtarmağa, imkan daxilində, ümumiyyətlə, taksi xidmətlərindən istifadə etməməyə başlayacaqlar. Bu isə nə həmin taksi xidməti operatorlarına, nə də taksi sürücülərinə yaxşı nəsə vəd edir”.
Onun sözlərinə görə, Bakıda ictimai nəqliyyat bərbad vəziyyətdədir:
“Biz əhəmiyyətli dəyişiklikləri görmürük və yaxın perspektivdə də radikal dəyişikliklər gözlənilmir. Bu da problemə çevriləcək. Taksi xidmətlərindən istifadə etməyə ehtiyacı olan adamlar, ictimai nəqliyyat tapa bilməyən adamlar çətin vəziyyətə düşəcəklər. Bu da qeyri-leqal taksi fəaliyyətinə təkan verə bilər”.
Ekspert şərhi
ASTNA analitik mərkəzinin rəhbəri Mehman Əliyev hesab edir ki, problemin həlli iş yerlərinin saxlanmasını təmin edən, nəqliyyat vasitələrindən istifadə standartlarını yüksəldən, xidmətin keyfiyyətini artıran və ekoloji davamlılığı təşviq edən kompleks yanaşma tələb edir.
“Perspektivli həllərdən biri elektrik və hibrid nəqliyyat vasitələrinə keçid ola bilər. Həddindən artıq avtomobil istehsalı (ildə 17 milyona yaxın) ilə üzləşən Çin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin etibarlı mənbəyini təklif edir. Çindən elektrik və hibrid taksilər idxal etməklə Bakı öz taksimotor parkını modernləşdirə bilər, eyni zamanda iki problemi – ətraf mühitin çirklənməsi və iqtisadi gərginliyi həll edə bilər”, – ekspert deyir.
O, qeyd edir ki, bu keçidi taksi sürücüləri üçün mümkün etməkdən ötrü avtomobilləri səkkiz ilədək müddətə 5%-dən çox olmayan illik faiz dərəcəsilə lizinqə satmaq mümkündür:
“Çinin 400 kilometrdən çox gediş ehtiyatına malik elektromobilinin Bakıya çatdırılması 35 000 manat həcmində qiymətləndirilir. Hazırda Bakıda taksi sürücüləri öz nəqliyyat vasitələrini adətən gündə 25 manata icarəyə götürürlər. İldə 7500 manat ödəmək üçün altıgünlük iş həftəsində sürücü kifayət qədər qazana bilər. Beləliklə, məqbul maliyyə planı olduğu təqdirdə sürücülər altı- səkkiz il ərzində öz nəqliyyat vasitələrinin xərcinin yerini tamamilə doldura bilərdi ki, bu da onlara maliyyə yükünün olmamasına zəmanət verərdi”.
“Belə yanaşmanın bir çox üstünlüyü var:
1. Məşğulluq zəmanəti: Müasir nəqliyyat vasitələrinin alınması üçün əlverişli maliyyələşdirmə variantları təqdim etməklə, taksi sürücüləri işsiz qalmaq qorxusu olmadan pul qazanmağa davam edə bilərlər.
2. Avtoparkın modernləşdirilməsi: Yeni elektrik və hibrid taksilərin tətbiqi Bakı taksomotor parkını yeniləyəcək ki, bu da sərnişinlərə xidmətin keyfiyyətinin və etibarlılığın yüksəldilməsinə gətirib çıxaracaq.
3. Ekoloji üstünlüklər: Elektromobillər sıfır tullantı səviyyəsini təmin edir ki, bu da şəhərdə havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldır. Bu, iqlim dəyişikliyilə mübarizə və şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması üçün qlobal səylərə uyğundur.
4. İqtisadi faydalar: Dövlət nəqliyyat vasitələrinin satışından və idxalından faydalana bilər, elektromobillər üçün istismar xərclərinin azaldılması (yanacaqla müqayisədə daha ucuz elektrik enerjisi) vətəndaşlar üçün taksi tariflərinin azalmasına səbəb ola bilər.
5. İctimai rahatlıq: Sərnişinlər daha rahat və müasir taksi xidmətlərindən istifadə edə biləcəklər ki, bu da şəhər nəqliyyatından ümumi məmnuniyyəti artıracaq.
Bu həllin tətbiqi hökumətin, maliyyə institutlarının və özəl sektorun koordinasiyalı səylərini tələb edir. Elektromobillər üçün subsidiyalar və stimullar, bankların dəstəkləyici kredit strukturları və Çinin avtomobil istehsalçıları ilə əməkdaşlıq bu istiqamətdə vacib addımlardır.
Bundan əlavə, bu model Bakı ilə məhdudlaşmır. Ölkə boyunca taksi sənayesinin modernləşdirilməsi üçün miqyaslana bilən həll təqdim edərək bunu bütün Azərbaycana şamil etmək olar. Bakı bu addımları ataraq mühüm taksi problemini həll edə biləcək, sürücülərin işə cəlb olunmasına, ətraf mühitin qorunmasına zəmanət verəcək, şəhər sakinləri isə daha keyfiyyətli nəqliyyat xidmətlərindən istifadə edə biləcəklər”.