Ərdoğanın partiyası sarsıdıcı məğlubiyyətə uğradı. Bu necə oldu?
Türkiyədə bələdiyyə seçkilərinin nəticələri
31 mart günü Türkiyədə növbəti dəfə bələdiyyə seçkiləri keçirildi. Ənənəvi olaraq bələdiyyə və şəhər idarəetməsi məsələlərinin yox, iqtisadiyyat, ümumi ideoloji və siyasi məsələlərin danışıldığı seçkilər dövründə ən böyük diqqət 2019-cu ildə müxalifətin qazandığı, ancaq Ərdoğanın geri almaq istədiyi İstanbul və Ankara şəhər bələdiyyələrinə yönəlmişdi.
Ancaq, demək olar ki, heç kimin gözləmədiyi qədər böyük bir sürprizlə müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) 1977-ci ildən bəri tarixində ilk dəfə Türkiyənin birinci partiyası olaraq seçkilərdə qalib gəldi. Beləliklə, həm də iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) qurulduğu gündən bəri ilk dəfə bir seçkidə birinciliyi əldən verdi.
- Türkiyədə həbs olunan sosial şəbəkə fenomenlərinin işində Gürcüstan izi
- Ermənistan-Türkiyə sərhədi açılacaqmı? Ermənistanın sərhəd kəndindən reportaj
- Ankara və Yerevanın yaxınlaşması fonunda Bakının mövqeyi. Bakıdan şərh
%37,76 səslə qalib gələn CHP İstanbul, İzmir, Ankara, Antalya, Eskişehir, Adana kimi böyük şəhərlərdən əlavə Bursa, Balıkesir, Kastamonu, Giresun, hətta Adıyaman kimi daha mühafizəkar olduğu bilinən və AKP-nin keçmiş seçkilərdə qalib gəldiyi vilayətlərin də bələdiyyəsini ələ keçirdi.
Bu necə baş verdi?
Bəs bütün bunlar necə baş verdi? 10 ay əvvəl qəti bir qələbə qazanmış Ərdoğan bu gün necə siyasi karyerasının ən böyük məğlubiyyətini yaşadığını qəbul etməyə məcbur oldu?
Burada əsas faktorlardan biri Ərdoğanla eyni siyasi kökdən gələn və keçən il də Ərdoğanı dəstəkləmiş Yenidən Rifah Partiyası (YRP) hesab edilir.
Ərdoğanın siyasi müəllimi Nəcməddin Ərbakanın oğlu Fateh Ərbakan tərəfindən yaradılan partiya girdiyi ilk bələdiyyə seçkilərində %6,2 kimi gözlənilməz bir səs alaraq Türkiyənin 3-cü partiyasına çevrildi.
YRP artıq AKP-ni öz yaradılış xəttindən uzaqlaşmaqda, neoliberal və qlobalist siyasətə təslim olmaqda günahlandırır.
Xüsusilə, seçkiyə az qalmış bir vaxtda jurnalist Metin Cihanın Türkiyə ilə İsrail arasında ticarətin yüksələrək davam etdiyi, türk limanlarından İsrailə hər gün onlarla ticarət gəmisinin getdiyi ilə bağlı faktları faş etməsi burada ciddi bir təsir yaratdı.
Ərbakan Ərdoğanı İsrailə qarşı dik durmamaqda, fələstinliləri unutmaqda ittiham etdi. Bundan əlavə, əsasən, mühafizəkar əhali sayılan pensionerlərin iqtisadi problemlərini də seçki kampaniyasında əsas vasitələrdən birinə çevirən YRP tarixi bir nailiyyət əldə etdi və AKP-nin ikinciliyə düşməsinə birbaşa səbəb oldu.
İqtisadi siyasət uğursuzluğun səbəbi kimi
AKP-nin seçkini uduzmasının başqa ciddi bir səbəbi də iqtisadi siyasət sayılır.
Bu məsələ olduqca müzakirəli idi, çünki 2023-cü il prezident və parlament seçkilərində də Türkiyə iqtisadiyyatı indikindən çox daha yaxşı deyildi, amma Ərdoğan öz səslərini qorumağı bacarmışdı.
Burada tənqidçilər diqqəti, əsasən, 2023 seçkilərindən sonra iqtisadi böhrandan çıxmaq üçün IMF-in də tövsiyyə etdiyi neoliberal, ortodoks iqtisadi siyasətə qayıdılmasına verirlər.
Yeni kabinetdə İqtisadiyyat naziri təyin edilən Mehmet Şimşekin gəlişi ilə eynilə IMF proqramına bənzər bir iqtisadi böhran siyasəti yeridən AKP “kəmər sıxma siyasəti”ni tətbiq etməyə məcbur oldu.
Bu məsələyə əvvəldən bəri ən çox diqqət çəkənlərdən biri də iqtisadçı, akademik İlhan Döğüş idi.
Dünənki seçkilərdən sonra iqtisadçı İlhan Döğüş öz tvitter səhifəsindən yazıb ki, keçən il müxalifətin uduzmasına səbəb olan şey “kəmər sıxma siyasəti”ni dəstəkləməsi idi. Bu il həmin siyasəti AKP tətbiq edəndə bu dəfə də AKP uduzdu.
İqtisadçı akademik Tansel Güçlü də belə yazır: “Ortodoks iqtisadçılar və geniş işçi kütlələrinin qarşısında dayanan kəmər sıxma siyasətini kim dəstəkləsə, seçkilərdə bunun nəticəsini çox pis alır. Bundan sonra bunu hesablayaraq davranmaq lazımdır”.
İqtisadçı Ali Alper Alemdar da öz səhifəsində “ortodoks iqtisadçıların məsləhətləri sayəsində AKP uduzdu, bundan sonra da AKP sizə qulaq asmağa davam edər deyə ümid edirəm” deyə yazıb.
Ərdoğan çox uzun müddətdir ki, dünyada ciddi tənqid olunan iqtisadi siyasət yeridirdi. Uçot dərəcəsini aşağı saxlayır, dollar məzənnəsinin yüksəlməsinə göz yumur, istədiyi kimi pul çap edirdi.
Bunun sayəsində vəziyyət nə qədər pisləşsə də, orta sinif əhali nə qədər kasıblaşsa da, ölkədə həmişə təqaüdlər artır və işsizlik nisbətən aşağı səviyyələrdə qalırdı.
Ortodoks siyasətin tətbiq olunmağa başladığı 2023 yayından etibarən isə, uçot dərəcələri yüksəldildi, qeyri-ənənəvi miqdarda pul çapı azaldıldı və artıq dövlət işçilərinə, pensionerlərə əvvəlki maaş artımları verilmədi.
İqtisadçılar fikirləşir ki, məhz bu faktor AKP-yə seçkini uduzduran şey oldu.
Millətçilərin məğlubiyyəti
Seçkinin ən gözlənilməz, sürpriz nəticələrindən biri də yüksəldiyi düşünülən ultra-sağ siyasətin çöküşü oldu.
Siyasətini milliyyətçilik və anti-miqrasiya üstündə quran İYİ Partiya və Zəfər Partiyası seçkiqabağı edilən analizlərdən fərqli olaraq çox ciddi səviyyədə səs itirdilər.
Keçən il %9 səs alan İYİ Partiya %3,7, ən azından %5-i keçə biləcəyi deyilən Zəfər Partiyası isə sadəcə %1,74 səs qazandı.
Bununla bağlı jurnalist Ruşen Çakır yazır ki, milliyyətçiliyin yüksəlişdə olduğu mifi artıq dağıldı. Çünki milliyyətçi partiyalar birlikdə heç %10 da səs ala bilməyiblər.
Siyasi elmlər üzrə akademik Yaşar Altundağ isə, bu fikirlə razı deyil.
O yazır ki, milliyyətçiliyin zəiflədiyini düşünmək müxalifət üçün çox böyük səhv olar. Çünki, onsuz da, milliyyətçilik bələdiyyə seçkilərində həmişə nisbətən zəif olub, onun gücü “milliliyin” və “qeyri-milliliyin” sərhədlərini ictimai rəydə müəyyən etmək, düşmən obrazını yaratmaq qabiliyyəti olub.
Beləliklə, son nəticədə müxalifətin əsas simaları sayılan Əkrəm İmamoğlu İstanbulda ən yaxın rəqibinə %12, Mansur Yavaş Ankarada ən yaxın rəqibinə %29 fərqlə qalib gələrək öz postlarını qorudular.
Bundan əlavə, keçən 5 il ərzində iqtidarın hakim olması səbəbilə bəzi işlərdə sədrlə qarşıdurma yaşayan İstanbul və Ankarada bələdiyyə məclislərinin də çoxluğu CHP-yə keçdi.
Müxalifətin uduza biləcəyi düşünülən Antalya, Eskişehir, Adana kimi vilayətlər yenə müxalifətdə qaldı, eyni şəkildə AKP-nin uduza biləcəyi düşünülən Bursa, Balıkesir, Manisa kimi vilayətlərdə də həqiqətən müxalifət qalib gəldi.
Bununla da psixoloji üstünlük artıq tamamilə müxalifətin lehinə çevrildi. Bundan sonra CHP növbəti seçkilərə qədər bu üstünlüyünü qoruya biləcəkmi, ölkə üzrə populyarlıq səviyyələri Ərdoğanla yarışan İmamoğlu və Yavaş necə bir siyasət yeridəcək, bunu yaxın gələcəkdə izləyəcəyik.