Xədicə İsmayılova “Toplum TV işi” ilə bağlı dindirilib
“Toplum TV işi” – istintaq davam edir
Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova “Toplum TV işi” üzrə ifadə vermək üçün istintaqa dəvət olunub. Çoxları onun dindirilmə zamanı saxlanılmasından ehtiyat edirdi. Lakin o, vəkili ilə birlikdə Bakı Şəhər Baş Polis İdarəsinin binasından çıxaraq doğmalarını və həmkarlarını sevindirib. O, jurnalistlərə istintaqa ifadə verməkdən imtina etdiyini bildirib.
- “Toy və yas mərasimlərinə birgə gedirik”. Gürcüstanda ermənilərlə azərbaycanlıların yan-yana yaşadığı kənddən hekayələr
- “Zəngəzur dəhlizi və səkkiz kəndin müqabilində Bakı Yerevana nə təklif edə bilər?” Şərhlər
- Azərbaycan polisi bu ilki “8 Marş”ı dağıtmayıb
Martın 14-də Toplum TV-nin baş redaktoru Xədicə İsmayılova Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə İsmayılova Facebook səhifəsində məlumat verib.
“Bu gün saat 15:00-da məni gözləyirlər”, – jurnalist yazıb.
Bundan əvvəl, martın 10-da şəhər polisi jurnalistlə əlaqə saxlayıb və onun “Toplum TV işi” ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində ifadə verməyə çağırılacağı barədə xəbərdarlıq edib.
“Əslində nə barədə ifadə verəcəyimi bilmirəm, çünki Toplum TV hər hansı cinayət işinə əsas ola biləcək heç bir fəaliyyət göstərməyib. Toplum TV ancaq jurnalistika və gənc jurnalistlərin təlimi ilə məşğul olub. Əgər bu cinayətdirsə, buyursunlar. Bilmirəm, cinayət işini necə əsaslandıracaqlar”, – Xədicə İsmayılova BŞBPİ-yə daxil olmazdan əvvəl jurnalistlərə bildirib.
“Bir media qurumunun ofisini möhürləmək, əməkdaşlarını saxta ittihamlarla həbs eləmək dövlət adına ayıbdır. Ölkədə doğruyla yanlışın eri o qədər dəyişib ki, biz hər gün milyonlarla, hətta bəzən milyardlarla korrupsiya əməllərindən söhbət açılan cinayət işlərində insanlar haqqında həbs qətimkan tədbirinin seçilmədiyi barədə xəbərlər oxuyuruq. Amma jurnalistləri qondarma ittihamlarla məhkəməyə qədər aylarla, məhkəmədən sonra da qondarma hökmlərlə həbsdə saxlaya bilirlər. Bu, dövlət adına çox ayıbdır!” – deyə o əlavə edib.
Xədicə İsmayılova vəkili ilə birlikdə üç saatdan çox polis idarəsində qalıb. Oradan çıxandan sonra isə həmkarlarına istintaqa ifadə verməkdən imtina etdiyini bildirib.
Xədicə İsmayılova artıq bir dəfə, 2014-cü il dekabrın 5-də həbs olunub. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən qanunsuz sahibkarlıq və vergidən yayınmada ittiham olunan jurnalist 3 il rəhbər vəzifə tutmamaq şərti ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İki ildən artıq həbsdə qaldıqdan sonra Ali Məhkəmə kassasiya şikayəti əsasında Xədicə İsmayılovanın cəzasının qalan hissəsini 3 il yarım şərti cəza ilə əvəz edib və onu azadlığa buraxıb. 2019-cu ildə onun şərti cəza müddəti başa çatıb.
2022-ci ilin may ayından Xədicə İsmayılova Toplum TV-nin baş redaktorudur.
Martın 6-da Bakıda polis Toplum TV müstəqil internet televiziyasına qarşı əməliyyat keçirib. Həmin gün Daxili İşlər Nazirliyindən birldirilib ki, daxil olan məlumat əsasında onlayn televiziyanın redaksiyasında və digər ünvanlarda axtarışlar aparılır.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Əməliyyat zamanı iyirmiyə yaxın şəxs saxlanılıb. Onların əksəriyyəti sərbəst buraxılsa da, beşi, o cümlədən Toplum TV-nin həmtəsisçisi, həmçinin Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, Platforma III Respublikanın həmtəsisçisi Akif Qurbanov həbs edilib, daha iki nəfər isə istintaq altında olsalar da, polis nəzarətinə buraxılıb.
Martın 8-də eyni iş üzrə Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının təsisçilərindən biri Ruslan İzzətli saxlanılaraq haqlarında cinayət işi açılıb. Daha sonra onlar məhkəmə qərarı ilə həbs ediliblər.
Qondarma “Toplum TV işi” Akif Qurbanovla əlaqəli hər üç qurumu – eyni adlı onlayn televiziyanı, Demokratik Təşəbbüslər İnstitutunu və III Respublika Platformasını əhatə edir. Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin hamısı bu üç təşkilatın əməkdaşlarıdır.
Toplum TV bəyanat yayaraq hadisənin onların peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib və bunu müstəqil mediaya hücum kimi qiymətləndirib. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edərək, hakimiyyəti dərhal onları azad etməyə çağırıb.