Ermənistan parlamenti yeni hökumətin proqramını təsdiq edib
Ermənistan Milli Məclisi bu gün Nazirlər Kabinetinin proqramını müzakirə edərək təsdiq edib. Proqramın əsas müddəalarını Ermənistanın baş naziri Nikol Paşinyan təqdim edib.
Növbədənkənar parlament seçkiləri
Nikol Paşinyan çıxışının əvvəlində bəyan edib ki, indiki hökumətin qarşısında tarixi bir missiya var – inqilabdan sonra uğurlara nail olmaq. Və hər şeydən əvvəl bunu xalqın azad, ədalətli iradəsi əsasında etmək zəruridir.
“İllər boyu Ermənistanın inkişafına mane olan əsas amil və bütün sistem problemlərinin səbəbi seçkilərdə xalqın iradəsinin təhrif olunmasıdır. Biz bunu Üçüncü Respublikanın əsas pisliyi hesab edirik. Müstəqillik dövrü ərzində Ermənistanda 1991-ci il prezident, 1999-cu il parlament seçkiləri istisna olmaqla bütün parlament və prezident seçkiləri saxtalaşdırılıb.
Bizim əsas vəzifəmiz növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Və bu seçkilərin əsas məqsədi xalqa vicdanlı, ədalətli, şəffaf seçki mexanizminin qaytarılmasıdır”
Paşinyan seçki kodeksində radikal dəyişikliklərin baş verməsinin zəruriliyini bəyan edərək, növbədənkənar parlament seçkilərinin tələsmədən bu il keçiriləcəyini deyib.
“Bu nəinki seçki kodeksini yaxşılaşdıracaq, hətta bəzi siyasi qüvvələrə seytnotdan çıxıb, seçkilərə hazırlaşmağa da imkan yaradacaq”.
Korrupsiyaya qarşı mübarizə
Baş nazir bildirib ki, onun başçılıq etdiyi hökumət korrupsiyaya qarşı sərt mübarizəyə başlayır və uğur qazanmaq da çətin olmayacq, çünki dövlətin başçısı korrupsiyaya uğramayıb. Paşinyan əmindir ki, bu məqam korrupsiyanın aradan qaldırılması üçün əsas şərtdir.
“Mən heç vaxt korrupsiya sövdələşmələrində iştirak etməyəcəm. Mənim heç vaxt əmlakım, biznesim, qiymətli kağızlarım olmayacaq. Və mən bunu hökumətin hər bir üzvündən tələb edirəm”.
Yeni hökumət inhisara qarşı da mübarizəyə və investitsiya cəlb etməyə, biznes üçün bərabər şərait yaratmağa da can atır.
“Ermənistanda işləmək istəyən bütün investorlar özünü müdafiə qorunmuş hesab etməlidirlər. Mən Ermənistana qoyulan hər bir investitsiyaya şəxsən zaminəm. Mən artıq Milli Təhlükəsizlik Xidmətinə investitsiyaların təhlükəsizliyinin təmin edilməsiylə bağlı göstəriş vermişəm”.
Paşinyan erməni diasporasına da müraciət edərək onları tarixi vətənlərinə investitsiya qoymağa çağırıb. O, əmin edib ki, onun hökuməti hakimiyyətlə biznesi bir-birindən ayırmaq üçün addımlar atmağa hazırlaşır, investitsiya qoyanlar üçün Ermənistanda heç bir maneə olmayacq.
Ermənistanın iqtisadi inkişafı
Nikol Paşinyan bəyan edib ki, inqilabdan sonra bir çox beynəlxalq təşkilatlar və ölkələr Ermənistanı dəstəkləməyə hazır olduğunu bəyan edib, ölkə hakimiyyəti də bu dəstəkdən faydalanmaq niyyətindədir.
İqtisadi siyasətlə bağlı məsələlər sırasında Nikol Paşinyan yeni iş yerlərinin yaradılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını, əməkhaqqıların və müavinətlərin qaldırılmasını, insanların rifahının davamlı yüksəldilməsini qeyd edib.
Xarici siyasət
Hökumət proqramına əsasən, Ermənistan Rusiyanın egidası altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində qalacaq. Hökumətin bir nömrəli məsələsi həm Rusiya, həm də ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşməsidir.
“Bizim siyasətimiz amerikayönlü olmaylb və olmayacaq. Bizim siyasətimiz avropayönlü olmayıb və olmayacaq. Bizim siyasətimiz anti-amerika, anti-avropa, anti-rusiya olmaylb, olmayacaq da. Bizim xarici siyasətimizin əsas hədəfi dövlətimizin və maraqlarımızın suverenliyini və təhlükəsizliyini təmin etməkdir”, – baş nazir bildirib.
Ermənistanın xarici siyasətinin əsas istiqamətləri kimi İran, Gürcüstan və Çin elan olunub. Paşinyan bu vəziyyəti izah edib:
“Biz Çinlə münasibətlərə xüsusi əhəmiyyət veririk və hesab edirik ki, Çinin bizim regionda fəallığı İran, Ermənistan və Gürcüstanla münasibətlərə yeni məzmun vermək üçün yeni stimul ola bilər”.
Qarabağ problemi
Qarabağ münaqişəsini şərh edərkən Nikol Paşinyan növbəti dəfə qeyd edib ki, danışıqlar prosesi Dağlıq Qarabağın iştirakı olmadan tam ola və nətic verə bilməz:
“Mənn Artsax xalqı adından danışıq aparmaq haqqını mənimsəyə bilmərəm, çünki bunun üçün mənim nə hüquqi, nə siyasi, nə də mənəvi əsasım yoxdur. Dağlıq Qarabağ xalqı Ermənistanda keçirilən seçkilərdə və hakimiyyətin formalaşdırılmasında iştirak etmir. Bunun əvəzində bu xalqın öz hakimiyyəti, öz parlamenti, hökuməti və prezidenti var. Və bu xalqı yalnız legitim və qanuni nümayəndə təmsil edə bilər”.
O, həmçinin bəyan edib ki, Qarabağ probleminin güc yolu ilə həlli yoxdur, amma lazım olduğu təqdirdə ordu layiqli müqaviməti göstərəcək.
Müxalifət rolunda çıxış edən keçmiş hakimiyyətdən gələn tənqid
Təqdim olunmuş proqramın əsas problemi konkretliyin və rəqəmlərin olmamasıdır. Bu fikri hazırda müxalifət rolunda çıxış edən keçmiş iqtidar partiyasının – Ermənistan Respublikaçılar Partiyasının nümayəndələri səsləndiriblər.
“Bu, məqsədlərin əldə edilməsi mexanizmi, atılacaq konkret addımların ardıcıllığı, müddəti və gözlənilən göstəricilərin olmadığı hədəf və arzular haqda memorandumdur. Bizim hökumət sizin hökumətinizə minimum 7,5 faiz iqtisadi artım təhvil verib. Bu sənəddə mən iqtisadi artıma dair heç bir müddət və müəyyən edilmiş templə bağlı məlumat tapa bilmədim”, – Şarmazanov bildirib.