Cənubi Qafqaz üçün iki ssenari: Sülh, yoxsa münaqişə?
Danışıqların ikitərəfli formatı
Bu gün Azərbaycan və Ermənistan sərhədində delimitasiya komissiyasının iclası keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər ikitərəfli formatda görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CSSC) azərbaycanlı analitikləri regionda yaradılmış şəraitdə ikitərəfli danışıqlar formatının alternativsiz olduğunu hesab edirlər. Mərkəzin analitik hesabatında deyilir: “Şərti sərhəd üzrə delimitasiya komissiyasının bugünkü iclası bu istiqamətdə mühüm addım ola bilər”.
- “Google maps”in belə tanımadığı “Məzunlar evi”nə yolüstü səfər
- Azərbaycanda son 10 ildə diabet xəstələrinin sayı 3 dəfə artıb
- “Kanal 13”ün direktoru saxlanılıb
“Ermənistan – Azərbaycan arasında davam edən sülh prosesində müəyyən durğunluq müşahidə olunur. İkitərəfli formatda nizamlanma üzrə təmaslar elektron məktub mübadiləsi, şərti sərhəddə gözlənilən görüş kimi müxtəlif formalarda davam etsə də, beynəlxalq müstəvidə vasitəçilərin iştirakı ilə aparılan yüksəksəviyyəli danışıqlarda fasilə yaranıb”, – Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlilində deyilir.
Ermənistan Rusiyadan, Azərbaycan Qərbdən narazıdır
Ermənistan öz qonşularına qarşı ərazi iddialarının əsassızlığını və aqressiv xarici siyasətinin yanlışlığını etiraf etmək əvəzinə cari uğursuzluğunun səbəblərini daxildə deyil, kənarda axtarır. Rəsmi Yerevan Rusiyanı ikinci Qarabağ müharibəsindəki məğlubiyyətinin və bütövlükdə Azərbaycana qarşı işğalçı niyyətlərinin iflasa uğramasının əsas baiskarı kimi göstərir.
Digər tərəfdən, Moskva 2022-ci ilin sentyabrında Azərbaycan ordusunun öz nəzarətini bərpa etdiyi şərti sərhəddəki yüksəklikləri Ermənistan ərazisi kimi tanımır. Məhz bu məqamlara görə də hazırda Ermənistan Azərbaycanla sülh prosesində Kremlin vasitəçiliyindən boyun qaçırır və Qərbin simasında öz qondarma iddialarını dəstəkləyəcək yeni qüvvələr tapmağa çalışır.
Azərbaycan isə öz milli maraqlarından çıxış edərək, Qərbin vasitəçilik səylərindən hələ ki imtina edir. Həm Vaşinqton, həm də Brüsselin bölgədə cərəyan edən hadisələrə Ermənistanın mövqeyindən yanaşması vasitəçilərin tərəfsizliyi prinsipilə bir araya sığmır. Qərb Qarabağın Azərbaycan ərazisi olmasını açıq şəkildə bəyan etmir və bölgədəki Rusiya sülhməramlılarını öz hərbi qüvvələri ilə əvəz etmək istəyini gizlətmir.
Vaşinqtonun Qarabağı könüllü tərk edən ermənilər arasında təhqiqat aparmaq məqsədilə Ermənistana araşdırma missiyaları göndərməsi ABŞ-ın Azərbaycana münasibətdə xoş niyyətini şübhə altına alır. Aİ isə Fransanın destruktiv təsiri altına düşərək sülh prosesinə birtərəfli yanaşma sərgiləməklə Brüsselin vasitəçilik imkanlarını məhdudlaşdırır.
Alternativsiz ikitərəfli format
Belə olan şəraitdə İrəvan və Bakı arasındakı nizamlanmaya dair ikitərəfli format alternativsiz olaraq qalır. Azərbaycan artıq xeyli müddətdir ki, Ermənistana ölkələrarası münasibətləri məhz ikitərəfli əsasda müzakirə etmək barədə çağırışlar etsə də, bu təklif İrəvanda nisbətən soyuq qarşılanır. Lakin tərəflərin vasitəçilərdən narazılığı şəraitində Paşinyan hakimiyyəti deyəsən artıq ikitrəfli görüşlərin alternativsizliyini anlayır və hər zaman olduğu kimi istər-istəməz Azərbaycanın təkliflərini tədricən və ehtiyatla da olsa qəbul etməyə məcbur qalır.
Noyabrın 30-da şərti sərhəddə keçirilməsi planlaşdırılan delimitasiya komissiyasının görüşü bu istiqamətdə atılmış mühüm addım ola bilər. Tərəflərdən hər hansı birinin bu və ya digər səbəblərdən, o cümlədən də kənar təzyiqlərdən dolayı sözügedən görüşdən imtinası isə heç şübhəsiz ki, Cənubi Qafqazdakı sülh prosesini bir müddət daha yubadacaq.
Sülh, yoxsa münaqişə?..
Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş beş prinsip əsasında sülh müqaviləsinin imzalanması, ilk növbədə hər iki ölkənin subyektivliyini artıracaq və regional gərginliyi azaldacaq. Mümkün anlaşma həmçinin tərəflər arasında etimadı artırmaqla qarşılıqlı asılılığı formalaşdıracaq ki, bu da öz növbəsində bölgədə davamlı sülhü təmin edəcək.
Sülh sazişinin imzalanmaması isə regionda silahlanma yaraşını sürətləndircək, dinc inkişaf məqsədlərinə xidmət edə biləcək resursların hərbi məqsədlərə yönəlməsinə gətirib çıxaracaq. Bununla yanaşı, beynəlxalq təşkilatlar və məhkəmələrdə hüquqi-diplomatik mübarizə daha da kəskinləşəcək, tərəflər bir-birinin mövqelərini zəiflətmək üçün hər fürsətdən istifadə edəcəklər. Həmçinin, sülh müqaviləsinin yoxluğu Cənubi Qafqazda növbəti eskalasiyalar üçün də şərait yaradacaq.
Nəticə
Beləliklə də, beynəlxalq vasitəçilik müstəvisindəki durğunluğa baxmayaraq, hesab edirik ki, Ermənistan və Azərbaycan sülh prosesini ikitərəfli səylər əsasında müsbət sonluğa çatdırmaq iqtidarındadır. Bakı müvafiq təşəbbüslərlə çıxış edərək İrəvana barışıq üçün əlini uzadıb. İndi bu əli sıxmaq və ya rədd etmək artıq Ermənistanın seçimidir.