Müharibənin izlərilə
Sirun Ohanyan Qarabağ müharibəsindən sonra qalan minaların zərərsizləşdirilməsi ilə məşğul olan “The Halo Trust” təşkilatında çalışan üç qadından biridir.
Martın 29-da minadan təmizləmə zamanı Sirunun üç həmkarı həlak olub, ikisi isə ağır xəsarət alıb. Təşkilatın yaydığı məlumata əsasən, bədbəxt hadisə zamanı “The Halo Trust” təşkilatının istehkamçıları avtomobildə olub.
1995-ci ildən bu günə qədər 376 bədbəxt hadisə qeydə alınıb: mina və ya döyüş sursatının partlaması nəticəsində 296 adam qəlpə yarası alıb, əzalarını və ya gözlərini itirib, 80 nəfər isə həlak olub.
“The Halo Trust” Britaniyanın qeyri-hökumət təşkilatıdır, Qarabağda 2000-ci illərdən fəaliyyətdədir. Təşkilatın məlumatına görə, münaqişə zonasındakı ərazilərin 90 faizi minadan təmizlənib. Maliyyə olarsa, minadan təmizləmə işləri 2020-ci ilə qədər başa çata bilər. Hazırda ərazilərin minadan təmizləmə işində 150 nəfər səfərbər olub.
Sirunun həmkarlarının başına gələn bədbəxt hadisədən sonra o, bir neçə həftə ərzində bizimlə yaşadıqlarını bölüşə bilmədi.
“The Halo Trust” nümayəndəsinin sözlərinə görə, bu, Qarabağda minadan təmizləmə işlərində istehkamçıların həlak olması ilə nəticələnən ilk bədbəxt hadisədir.
“Biz bu minalı sahənin yaxınlığında idik. Partlayışdan sonra hadisə yerinə gələndə uşaqların parça-parça olmuş bədənlərinin ətrafa səpələndiyini gördük. Həlak olmuş istehkamçıları üzlərindən tanıdım, oğlanlardan biri ilə dostluq edirdim”, – Sirun danışır.
“Partlayışdan sonra məndən soruşanda ki, işə qayıda biləcəksənmi, cavab verdim ki, bunu sahədə anlayacam. Səhəri gün sahəyə çıxanda anladım ki, bacaracam”.
Sirun 2017-ci il iyunun 12-də istehkamçılar qrupuna qoşulub, baxmayaraq ki, evdəkilər bunun əleyhinə olub.
“Qardaşımın təklifi ilə bu işlə məşğul olmaq qərarına gəldim, o da burada işləyir. Atam etiraz edirdi, amma… mənim üç azyaşlı uşağım var və mən evin tək çörək gətirəniyəm”, – o deyir.
Həmkarları Sirunu “The Halo Trust” təşkilatının üzü adlandırırlar. “Bizim Sirun [erməni dilindən tərcümədə “gözəl”] çox gözəldir”, – onlar deyir.
Əvvəlcə aralarında qadınların olmasını kişilər yadırğayırmış, sonra isə onlar da anlayıblar ki, cinsiyyətin məsələyə dəxli yoxdur, əsas məsələ peşəkar yanaşmadır.
“Oğlanlarla iş bir qədər fərqli gedir. Dəstəyə qadınlar gəldiyi zaman düzənlik olmayan, yüksək dağlıq ərazilərdə minalardan təmizləmə işi aparırdıq. Qadınlar üçün bir qədər çətin idi, amma indi onlar ən mürəkkəb sahələrdə də işləməyə alışıblar. Qadınlar kişilərlə bərabər işləyə bilir, sadəcə qadınların yanında biz leksikonumuza fikir verməli, söyüşdən çəkinməli oluruq”, – istehkamçılar qrupunun rəhbərlərindən biri Araik Marqaryan deyir.
Bir iş dövriyyəsi 50 dəqiqə çəkir, daha sonra 5 dəqiqəlik fasilə olur. “Bizim söhbətə vaxtımız yoxdur, biz səssizcə və diqqətlə qaydalara əməl etməliyik ki, minaaxtaranın ən xırda siqnalını da ötürməyək”, – Sirun izah edir.
Onun sözlərinə görə, onlar dəfələrlə son partlayış yerindən maşınla keçiblər və indiyə qədər bunun necə baş verdiyini anlamırlar.
“Qadınların zəif” olduğu, “müdafiəyə ehtiyac duyduğu” haqda stereotiplər makiyajlı və bər-bəzəkli qadınların meşə və dərələrdə, yağış və şaxtada çiyinlərində ağır bel çantası ilə kişilərlə birlikdə işə başladığı zaman dağılıb yox olur.
Sirun deyir ki, [qadınlar] həmişə işə makiyajla gəlmir.
“Hörmət makiyajdan və bər-bəzəkdən önəmlidir, kişilər arasında hörmət qazanmaq lazımdır”.
İstehkamçının kolleksiyası
Torpaq çox vaxt istehkamçıları minalarla yox, bəzək əşyaları, qədim dolça və sikkələrlə “mükafatlandırır”. 9 ay ərzində Sirun artıq kiçik kolleksiya toplaya bilib. İran sikkələri, tam barmağına biçilmiş kimi mis üzük. Əvvəllər təzyiq problemi olanlar mis üzük taxırdı. Sirunun belə problemi yoxdur, amma onun sözərinə görə, torpaq sürprizlər bəxş edəndə xoş olur.
“Bir dəfə siqnal elə güclü oldu ki, komandirsiz yönü müəyyən etmək çətin oldu. Biz düşündük ki, orada böyük mina var, onu çıxarmaq çətin olacaq. Mina əvəzinə oradan tava çıxarmaq həm təəccüblü, həm də gülməli oldu”, – Sirun xatırlayır.
Sirunun anası Qarabağa 1980-ci ildə köçüb. Müharibə zamanı Sirunun 8 yaşlı bacısı həlak olub. “Müharibə bizim ailəmizin üzərində öz qara izini buraxıb”, – o deyir.
Artıq 24 il keçib, amma müharibənin izləri hələ də buradadır. Hələ də minalanmış ərazilər var, orada insanlar gəzir, öz təbiətlərinə uyğun olaraq torpaqdan məhsul almağa çalışırlar.
“Yayda bir sahənin minadan təmizlənməsi ilə məşğul idik, orada çoxlu çiyələk vardı. Yerli sakinlərlə münaqişə dərəcəsinə çatdıq, onlar deyirdilər ki, on illiklər boyu bu ərazidə çiyələk yığıblar və başlarına heç bir iş gəlməyib. Minanın adamlara və onların yaşına fərq qoymadığını, xəbərdarlıq etmədən partladığını izah etmək çətin olur”, – Sirun danışır.
O qadınların minaların zərərsizləşdirilməsində iştirakının vacibliyini vurğulayır: qadınlar daha ehtiyatlı və diqqətlidirlər.
“Minanı görəndə, adamın bədənindən ürpərti keçir, həmin an bitməmiş müharibənin ruhunu hiss edirsən”, – istehkamçı danışır.
37 yaşlı Sirun pəncərəyə yaxınlaşır, uniformasının quruyub-qurumadığını yoxlayır. Bazar ertəsi səhər yenidən minalı sahəyə qayıtmalıdır.
İki gün sevgi və rahatlıq içində
Atəşkəs bağlanandan sonra təmir olunan yol və nisbətən təzə asfalt Kaqartsi kəndinin girişində bitir, buradan yol Stepanakert-Martunu şosesindən sola burulur.
Daşlıq yol Qarabağın cənub-şərqindəki Martuni rayonunun kiçik Kaqartsi kəndinə gedir (Stepanakertdən 31 km. məsafədə), Sirun Ohanyanın ailəsi orada yaşayır. Kələ-kötür yol üzündən sərnişinlər maşında silkələnir.
Dar küçələr, sıx düzülmüş evlər. Sirun ikimərtəbəli evin eyvanında dayanıb: uniforma və dəbilqəsiz onu çətin tanımaq olur. Hələ iki yaşı tamam olmamış oğlu Artyom qucağındadır.
Evdə və kənddə Sirunu hamı Nonna Ohanyan kimi tanıyır. Uşaqlıqda nənəsi onu əzizləyərək “Nanka” çağırırmış, beləcə Sirunun adı Nonna qalıb. Sənəddə və işdə isə adı Sirundur.
Balaca Artyomun 2 yaşı olacaq, hələ demək olar ki, danışmır, amma doğmalarının sözlərinə görə, hər dəfə cümə günü küçəyə boylanır, maşın səslərinə qulaq verir və anasını gətirən maşının səsini digərlərindən dərhal seçir. Deyirlər ki, hərdən darıxmaqdan istiliyi də qalxır.
Sirun üç övladını valideynlərinin himayəsinə qoyub. Atası hərbçi pensiyası alır, əri Rusiyadadır.
Həftədə beş gün Sirun Stepanakertdə qalmaq məcburiyyətindədir, doğmaları və uşaqları ilə ancaq istirahət günləri birlikdə olur.
“Evə girən kimi əvvəlcə uşaqları, sonra anamı qucaqlayıram. O, həyatımda çox böyük rol oynayır”, – Sirun həyəcanını gizlətməyə çalışaraq danışır. Evin o biri ucundan Sirunun anası bizim söhbətimizi eşidir, atası isə sükut içində növbəti siqareti yandırır.
Sirunun ortancıl oğlu, Artur anasını həvəskar kameraya çəkir, hər anı qeydə alır ki, növbəti günlərdə çəkdiyi kadrlara baxaraq, həsrətini az da olsa söndürsün.
“Artur mənə oxşayır”, – Sirun deyir. – “O, hiss etdikləri haqda danışmır. Silva zəng vurub deyir ki, darıxır. Onlar bilirlər: Silva mənim ümidimdir, Artur inamım, Artyom isə sevgim. O hələ balacadır, təəssüf ki, məni az görür”.
Sirun yuxudan səhər 5-də oyanır, uşaqları sakitcə öpür və növbəti şənbə evə qayıdacağının əminliyi ilə işə yollanır.
“İstəyərdim ki, uşaqlarım daha yaxşı yaşasın, onların tərbiyəsinin yükü valideynlərimin çiyninə düşməsin”, – o deyir.
“Eşidilməyən səslər” layihəsi International Alert təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.