Tənha fermer. Cənubi Osetiyada biznesi necə qurmalı?
Cənubi Osetiyada bu ticarət markasını hamı tanıyır. Sxinvaldakı iki “Fermer” mağazasında ərzaqlar taxçalarda qalmır. Bu kiçik süd və ət imperiyasını fermer Robert Siukayev yaradıb. Deyir ki, hazırda təsərrüfatında yüzdən çox inək var.
Amma cəmi beş il əvvəl bunlardan heç biri yoxuydu. Amma sonradan hər şey quruldu.
34
yaşlı Sima Robertin həyat yoldaşıdır. Robert ondan on yaş böyükdür. Sima Vladiqafqazda, Şimali Osetiyada doğulub. Şəhər qızı olan Sima öz valideynləri ilə Eltura kəndində yaşayan Robertə ərə gedir.
Bir vaxtlar bu gözəl mənzərəli yer böyük yaşayış məntəqəsi olub. Amma doqquz il əvvəl Sima bura köçəndə onun yeni ailəsi kənddə yaşayan yeganə ailəydi. Bu illər ərzində heç nə dəyişmədi – işıq ancaq Sima ilə Robertin həyətində yanır, kəndin qalan yerlərində isə yiyəsiz evlər və anbarlar var.
Siukayevlərin onda səkkiz inəyi vardı, amma bu inəkləri ancaq özləri dolanmaq üçün saxlayırdılar. Biznes isə təsadüfən və qeyri-adi şəkildə başlayıb.
“Hər şey faciədən başlayıb”, – Robert deyir.
2012-ci ildə Siukayevlərin evi yanır və onlar sözün hərfi mənasında küçədə qalırlar.
Robert yaxınlıqda yayladaydı. Ailəsi evdəydi.
“Dostlarım yanıma qaçdı, həmin vaxt kəndə gəlmişdilər. Evin yanır, evin yanır! – deyə qışqırırdılar. Var gücümlə qaçıb, Allaha yalvarırdım ki, təki uşaqlara heç nə olmasın. Uzaqdan yanan evin yanında qucağında kiçik oğlumuzu tutan Simanı gördüm. Qızım da böyründəydi. Qalan hər şey həmin an əhəmiyyətini itirmişdi”, – Robert danışır.
Yanğından sonra onlar dəmir vaqonda qalmağa başladılar və necəsə dolanmaq lazımıydı. Valideynlər artıq təsərrüfatda kömək edəcək yaşda deyildilər, yanğından sonra isə şəhərə köçdülər. Robertlə Sima isə fermerliyi biznesə çevirmək fikrinə gəldilər.
“Onda bizə hökumət kömək etdi – fin evi tipində bir ev bağışladılar bizə: iki yataq otağı, qonaq otağı, mətbəx və hamam. Təbii ki, evi qaydaya salmaq üçün xərcə düşməli olduq. Onu kərpiclə hördük. Hələ görüləsi çox iş var, amma əsası odur ki, su və isitmə sistemi var”, – Robert deyir.
Elə həmin 2012-ci ildə Siukayevlər borca düşdülər, kredit götürdülər və ilk dəfə özlərinə deyil, bazara işləməyə başladılar.
İlk dəfə bir neçə baş da inək aldılar. Və ayılardan müdafiə olunmağa başladılar.
“Deyirlər ki, mənim yaşımda olan qadınlar adətən özləri üçün başqa həyat istəyirlər. Mənəsə burada yaxşıdır, öyrəşmişəm. Bircə ayılardan qorxuram. Bir dəfə səhər qapının ağzına çıxdım, həmin vaxt Robert maşına südü yükləyirdi. Birdən eşidirəm ki, səhər sakitliyində dağdan xırda daşlar diyirlənib düşür. Baxdım ki, 50 metr aralıda, təpənin başında ayı oturub. Lap adam kimi oturub. Bu, bala ayılarla dişi ayı idi. Sonra da durub, geri meşəyə qayıtdı. Gecə yağış yağmışdı və ayı deyəsən islanmışdı – ayağa duranda silkələndi, mən hətta tükündən damcıların necə hər tərəfə səpələndiyini gördüm”, – Sima danışır.
Robert deyir ki, burada çaqqal da, canavar da nadir hal deyil, amma ayılarla vəziyyət daha ağırdır.
“Dəfələrlə yayda ayı inəklərimi parçalayıb. Durub, baxırsan, heç nə də edə bilmirsən. Buna görə də indi it saxlayırıq. Ərazi hələ çəpərlənməyib, ancaq inəklərin qışda qaldığı tövlə bağlıdır. Yayda isə onlar harada gəldi otlayır”, – Robert danışır.
İ
nəklərin sayı ildən ilə, şəhərdə mallarına tələbatın artmasına proporsional olaraq artıb. İşləri də getdikcə çoxalırdı – vaxtında qış yemini almaq, artıq yaydan onun üçün pul ayırmaq, səhər erkən yuxudan durmaq, süd məmulatlarını şəhərə aparmaq.
Robertlə Simanın əmək bölgüsü aşağıdakı kimidir.
Robert inəklərə baxır, hazır məhsulu şəhərə aparır və iki mağazanın bütün işinə nəzarət edir. Hər gün böyük qızını məktəbə, kiçik oğlunu da bağçaya aparmaq da onun öhdəsindədir.
Sima isə inəkləri sağır və bütün məmulatları – pendir, süd, xama, yağ, ət məmulatlarını hazırlayır. Evdə səliqə-sahman yaratmaq, ailə üçün yemək hazırlamaq da onun boynundadır.
“İndi daha rahatdır, – o deyir, – indi cürbəcür texnikamız: sağma aparatı, sterilizatorumuz var”.
Robert uşaqları da dərsə, məmulatları da soyuducu kamera quraşdırdığı “Niva”da daşıyır. Deyir ki, başqa maşın bura gəlib çıxa bilməz. Yollar çox pisdir. Qışda qar, yayda və yağışlı havada palçıq olur.
Mağazalarını məmulatlarının növünə görə ayırıb – birində süd məmulatları və yumurta, ikincidə ət və ət məhsulları satılır.
“Ətə böyük tələbat olanda inəkləri Cənubi Osetiyadan kənarda alıb, gətiririk. Dekabrda, Yeni il ərəfəsində də bir neçə inək alıb, sallaqxanaya apardıq. Amma onların beşi gözlənilmədən balaladı. Görünür, satıcının özü də bundan xəbərsizdir. Biz də təbii ki, onları kəndə qaytarıb, saxladıq. Yeni ilə belə bir hədiyyə oldu – beş inək aldıq, onunu qazandıq”, – Robert danışır.
Siukayevlər bizneslərini bir az da genişləndirməyi hələlik planlaşdırmırlar. Hələlik onlar gəlmə mallarla rəqabət aparırlar:
Robertin mağazasında bir kilo mal ətinin qiyməti 300 rubldur [5 dollardan bir az çox], gətirmə ət 350 rubldur [təxminən $6].
Təxminən belə bir fərq süd məmulatlarındadır – Robertdə bir litr südü 60 rubla [təxminən $1] almaq olar, gətirmə südün qiymətisə 70 rubldan 100 rubla qədərdir [təxminən $1.50].
R
obert Siukayev Cənubi Osetiyada nadir insanlardandır. Burada demək olar ki, heç kim süd məmulatları istehsal etmir, hər şey Rusiyadan gətirilir. Robert əmindir ki, biznesinin perspektivləri var:
“Bütün çətinliklərə və problemlərə baxmayaraq, bu, perspektivli bazardır. Həm də çox gözəl işim var – insanlara təzə, təbii, faydalı ərzaqlar hazırlamaq”.