Qorxunc Çernobıl Ukrayna üçün ekoloji təmiz enerji mənbəyi olacaq
Ukraynanın Çernobıl şəhəri insanlıq tarixində atom enerjisi sahəsində ən iri miqyaslı faciə məkanı olsa da, yaxın zamanda yenidən böyük həcmdə enerji istehsal edilən yerə çevliləcək. Amma bu dəfə ekoloji təmiz – günəş enerjisi.
Çernobıl Atom Elektrik Stansiyası Sovet İttifaqında ən nəhəng AES olub və bütün ölkənin elektrik enerjisi tələbatının əhəmiyyətli hissəsini təmin edib. 1986-cı ilin aprelində Çernobıl Atom Elektrik Stansiyasının reaktorlarından biri partlayıb, bu da böyük həcmdə radiasiya yayılmasına səbəb olub. Faciə nəticəsində yaxınlıqda yerləşən yaşayış məntəqələrindən yüz mindən çox insan evakuasiya edilib, ərazi isə izolyasiya olunub.
200 min kilometrdən çox ərazi çirklənməyə məruz qalıb, çirklənən torpaqların 70 faizi Belorus, Rusiya və Ukrayna ərazisinə düşür. Faciənin real nəticələri və ondan ziyan çəkənlərin sayı hələ də məlum deyil.
Pripyat şəhəri Çernobıl AES-in iki kilometrliyində yerləşir. Qəzadan sonra bütün şəhər sakinləri evakuasiya olunub. İndi orada dağılmış evlər, bomboş kafe və mağazalar, hətta tərk edilmiş əyləncə parkı qalır. Vaxtilə 50 min insanın yaşadığı böyük şəhərdə bu gün heç kim yoxdur.
Amma bu tərk edilmiş təhlükəli əraziləri faydalı etmək istəyən mütəxəssislər qrupu ortaya çıxıb, Bloomberg xəbər verir.
Ukraynanın Solar Chernobyl şirkəti ukraynalı biznesmen Yevgeni Varyaginin Rodina Energy Company şirkəti və Hamburqun Enerparc AG şirkətinin müştərək layihəsidir. Vaxtilə Çernobıl Atom Elektrik Stansiyasının yerləşdiyi ərazidə Solar Chernobyl 1,6 hektar torpaq sahəsini ayda cəmi 450 dollara icarə edib. Həmin sahədə şirkət günəş enerjisi hasil edən dörd minə yaxın fotoqalvanik panel yerləşdirib.
Bərpa olunan mənbələrdən enerji hasilatı Ukraynanın Rusiyadan kömür və qaz asılılığının azaldılması üzrə planın əsas maddələrindən biridir. Ukrayna Milli İnvestisiya Şurasının rəhbəri Yuliya Kovaliv bildirib ki, Ukraynanın qarşısında duran əsas məsələ yaxın iki ildə ölkənin eneji balansında bərpa olunan mənbələrin payını 11 faizə qaldırmaqdır.
Artıq bu gün Ukrayna fotoelektrik stansiyası gücünün artım tempinə görə Avropada lider yerlərdən birini tutur. Solar Chernobyl layihəsi sayəsində günəş enerjisi hasil edən stansiyaların ümumi gücü iki dəfə artmalıdır.
Bu, 20 minə yaxın təsərrüfatı enerji ilə təmin etməyə yetməlidir.
“Reallıq ondan ibarətdir ki, böyük ərazilər çox sayda nəsillər üçün istifadısiz qalacaq. Bəlkə də milyon il. Belə olduğu halda otlaq və ya əkin üçün yararlı olan torpaqlarda günəş panelləri yerləşdirək? Axı bu axmaqlıqdır. İnsan fəaliyyəti ilə korlanmış ərazilər yenidən insanlara xidmət edəcək. Bizim üçün bu layihə sosial məsuliyyətin bir hissəsidir. Bu, həyata keçirilməyə dəyər”, – layihə müəlliflərindən biri Yevgeni Varyagin deyir.