Slovakiya: jurnalistin qətli siyasi böhran doğurub
Martın əvvəlindən Slovakiyada jurnalist və rəfiqəsinin səs-küylü qətli ilə bağlı mitinq və yürüşlər davam edir. 1989-cu il Məxməri inqilabdan bəri bu qədər rezonanslı ictimai çıxışlar olmayıb. Bazarertəsi Slovakiyanın daxili işlər naziri Robert Kalinyak istefa verib. Etirazçılar məhz onun istefasını tələb edirdi. Jurnalistin qətlinə görə Slovakiya niyə siyasi böhran astanasına gəlib?
Ölkənin bütün postsovet tarixi boyunca ilk sifarişli jurnalist qətli və öldürülmüş jurnalistin hazırladığı məqalənin dərcindən sonra ortaya çıxan hökumətin kriminal əlaqələri slovakları sarsıdıb. Cümə günü bütün Slovakiya üzrə 100 mindən çox insan cinayətin araşdırılması ilə bağlı hökumətin hərəkətsizliyinə etiraz etmək üçün küçələrə çıxıb. Bratislavanın mərkəzində keçirilən mitinqə 60 min etirazçı toplaşıb.
Nə baş verib?
Jurnalist Yan Kutsiak və rəfiqəsi Martina Kuşnirova 2018-ci il fevralın 25-də qətlə yetiriliblər. Onların güllələnmiş meyitləri Slovakiyanın qərbindəki Qalanta şəhərinin yaxınlığında yaşadıqları evdə tapılıb. Qətl dərhal Yanın peşəkar fəaliyyətilə əlaqələndirilib.
O, Ringier Axel Springer nəşriyyat evinə məxsus Aktuality.sk portalında çalışırdı. Jurnalist dövlətdə korrupsiya halları və vergi maxinasiyaları haqda yazırdı. Onun ölümündən sonra dərc edilən son məqaləsi Slovakiya siyasətçilərinin İtaliyanın cənubunda Kalabriyada fəaliyyət göstərən “Ndranqetta” mafia klanı ilə əlaqələri və onların Avropa İttifaqının kənd təsərrüfatının inkişafına ayırdığı pulları mənimsəmələri haqdadır.
Etirazlar niyə başladı?
Slovaklar hesab edirlər ki, jurnalistin qətli sivil ölkədə yolverilməzdir, cinayət araşdırılmalı, sifarişçilər isə cəzalandırılmalıdır. 2018-ci il martın 2-də Bratislavada minlərlə insan qətl edilən gənclərin xatirəsini anmaq üçün dinc yürüşə çıxıb. 25 min nəfərə yaxın insan şəhər boyu addımlayaraq, improvizə edilmiş memorialların önündə şam yandırıblar. Yan və Martinanın şəkillərini hökumət evi qarşısındakı 1989-cu il üsyanının xatirə lövhəsinə və şəhərin mərkəzimdə bir neçə yerə qoyublar.
Bir həftə sonra, martın 9-da insanlar növbəti etiraz aksiyasına çıxıb. Bütün Slovakiya üzrə 17 şəhərdə mitinqlər baş tutub, diaspora nümayəndələri isə dünyanın bir sıra ölkəsində aksiyalar keçiriblər. Birinci yürüşdən fərqli olaraq, etirazçılar qətlin müstəqil istintaqını və daxili işlər naziri Robert Kalinyakın istefasını tələb ediblər. Çoxları hesab edir ki, hazırkı hökumət və şəxsən baş nazir Robert Fitso korrupsiyaya bulaşıb və qətldə əlləri var.
Amma aksiya iştirakçıları vurğulayırlar ki, zorakı yolla hakimiyyəti devirmək niyyətləri yoxdur, sadəcə dinc yolla demokratik cəmiyyətlərdə olduğu kimi olayın araşdırılmasını tələb edirlər. Etirazlar zamanı insanlar əllərində topa açarları havaya qaldırıb, onları cingildədiblər. Bu rəmzdən 1989-cu ildə baş verən dinc etirazlar, cəmiyyət keçmiş Çexoslovakiyanın kommunist rəhbərliyindən dəyişikliklər tələb etdiyi zaman istifadə olunub.
Slovakiyada siyasi böhran?
Qətldən dərhal sonra polis bir sıra reydlər keçirib və yüzlərlə insan saxlanılıb. Saxlanılanlardan çoxu Slovakiyada bizneslə məşğul olan italyanlar olub. Amma tezliklə hamısı azad edilib.
Baş nazir Robert Fitso gənclərin qətli ilə bağlı qəzəbini ifadə edib və cinayətin üstünü açmağa yardım edəcək şəxsə milyon avro ödəyəcəyinə söz verib. O, pulun bir hissəsini mətbuat konfransına gətirib ki, jurnalistlərə niyyətinin ciddiliyini sübut eləsin. Fitso onu da bildirib ki, etiraz aksiyalarının təşkilində tanınmış amerikalı biznesmen və filantrop “Sorosun əlini” görür və etiraz aksiyaları zamanı təxribatların ola biləcəyi haqda xəbərdarlıq edib.
Slovakiya prezidenti Andrey Kiska öz növbəsində vəziyyəti gərginləşdirməməyə və hər şeyi gizli sui-qəsdlərin ayağına yazmamağa çağırıb. O bildirib ki, hökumət ölkədə yaranmış vəziyyətə götə vətəndaş məsuliyyəti daşıyır və baş nazirə könüllü istefa verməyi və növbədənkənar seçki keçirməyi təklif edib.
Ötən həftə Fitso hökuməti bir neçə məmuru vəzifədən azad etməklə kifayətlənib. Amma artıq bazarertəsi 2018-ci il martın 12-də daxili işlər naziri Robert Kolinyak könüllü istefasını elan edib. O deyib ki, vəzifəsini ölkədə sakitliyi qorumaq üçün tərk edir. Etirazçılar korrupsiyanın tüğyan etməsində onu günahkar bildiyi üçün məhz onun istefasını tələb edirdi.
Bəzi politoloqlar hazırkı aksiyalarla 1989-cu il Çexoslovakiyası arasında paralellər görürlər. O zaman hər şey 1939-cu ildə Çexoslovakiyanın işğalına qarşı çıxan və həlak olan çex tələbənin dəfninin ildönümündə tələbə nümayişləri ilə başlamışdı, amma kommunist rejiminin süqutu ilə bitdi. Hazırkı dinc aksiyalarda çoxları yaxşıya doğru dəyişiklik olacağı ümidini görür. Axı məhz xalq hökuməti seçir, bu səbəbdən də öz demokratik azadlıqlarının təminatını tələb etmək haqqı var. Ola bilər ki, iyirmi il sonra ölkədə vəziyyət təkrarlanır.