“DQR prezidentinin bəyanatı təhlükəli və anlaşılmazdır”. Yerevandan şərh
Arayik Harutyunyan oturaq aksiyaya qoşulub
“Bu, siyasi fəaliyyətdən daha çox vətəndaş aksiyasına bənzəyir ki, bu da vəziyyətin geri dönüş nöqtəsinə yaxınlaşdığını göstərir. Mən Artsaxın subyektliyinin tamamilə dağıdılmasını nəzərdə tuturam”, – politoloq Areq Koçinyan tanınmamış “DQR” prezidentinin oturaq aksiyaya qoşulmaq qərarı ilə bağlı deyib.
Ötən gecə Arayik Harutyunyan indiki vəziyyətdə başqa, daha effektiv çıxış yolu tapmadığını və “ifrat addım atmaq – “Stepanakertin İntibahı” meydanında keçirilən oturaq aksiyaya qoşulmaq” qərarına gəldiyini bəyan edib. Parlamentin sədri də ona qoşulub.
Bu cür addımlar sübut edir ki, bu məmurlar üçün “siyasi fəaliyyət müəyyən qədər başa çatıb”, politoloq Areq Koçinyan hesab edir.
İyulun 14-də Dağlıq Qarabağda açıq ümumxalq aksiyası başlayıb. Həmin gün Xankəndidəki “Stepanakertin İntibahı” meydanında oturaq aksiya başlayıb. Məqsəd tanınmamış respublikanın ərazisini blokadadan çıxarmaqdır.
Azərbaycan tərəfi ötən ilin dekabrından Dağlıq Qarabağı xarici dünya və Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizinin qarşısını kəsiblər. İyunun 15-dən Azərbaycan hətta humanitar malların idxalına qadağa qoyub. Beynəlxalq tərəfdaşların dəhlizin bağlanması ilə bağlı çağırışlarına cavab olaraq, Bakı bəyan edir ki, erməni sakinlərin öz ehtiyaclarını ödəmələri üçün Ağdam-Xankəndi marşrutundan istifadə etmələri üçün şərait yaratmağa, yəni bu ehtiyacı öz ərazisi vasitəsilə təmin etməyə hazırdır. Ermənistan və Azərbaycan liderləri arasında Brüsseldə keçirilən son danışıqlarda da Azərbaycanın “ermənilərin inteqrasiyası gündəliyi” təbliğ olunub. Avropa Şurasının rəhbəri görüşün yekununda Dağlıq Qarabağın təchizatını Azərbaycanın Ağdam rayonunun ərazisi vasitəsilə həyata keçirməyə hazır olduğunu bəyan edib.
- “Danışıqlar prosesi Xankəndi və Bakının daxili işi olmalıdır”. Bakıdan baxış
- İranla sərhəddə: “Nəzarət var, amma alver də gedir”
- Gürcüstanda bu ilin 5 ayı ərzində 75 halda yetkinlik yaşına çatmayanlar cinsi zorakılıq qurbanı olub
“Daha sərt tədbirlərə əl atacağıq”
Arayik Harutyunyan müraciətində Dağlıq Qarabağda 7 aylıq blokada nəticəsində yaranmış humanitar böhrandan danışıb. O, “gözlənilən humanitar və təhlükəsizlik fəlakətini nəzərə alaraq” oturaq aksiyaya qoşulmaq qərarına gəldiyini vurğulayıb.
“Bu, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, oları öz öhdəliklərini əməli şəkildə yerinə yetirməyə çağırmaq, erməni xalqını və bütün dostlarımızı fəal və təxirəsalınmaz fəaliyyətə sövq etmək üçün əlavə səy və oyanış çağırışıdır. Əminəm ki, müxtəlif ölkələrdə oturaq aksiyalar və etiraz aksiyaları keçirməklə nəzərəçarpacaq nəticələr əldə etmək olar”.
Harutyunyan oturaq aksiyada iştirakını konstitusiya öhdəliklərini yerinə yetirmək üçün son çarə kimi bəyan edib.
“Beynəlxalq müdaxilə nəticəsində Artsax xalqının vəziyyəti az-çox tanış kursa qayıtmasa, biz həm Artsaxda, həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq”, – deyə o bildirib, amma bu tədbirlərin nədən ibarət olacağını açıqlamayıb.
Şərh
Politoloq Areq Koçinyan tanınmamış Dağlıq Qarabağ Respublikası prezidentinin oturaq aksiyaya qoşulmaq qərarını “siyasətsizlik” kimi qiymətləndirir.
Bu addım sübut edir ki, [Harutyunyanın] Azərbaycanın tələblərini yerinə yetirməmək üçün konkret ssenari və ya planı yoxdur”.
Analitik JAMnews-a bildirib ki, Arayik Harutyunyanın hansı sərt tədbirləri nəzərdə tutduğu ona aydın deyil:
“Mən bunun təhdid olduğunu düşünmürəm. Ola bilsin ki, o, aclıq aksiyası kimi daha şiddətli vətəndaş aksiyasını nəzərdə tutur”.
Bununla yanaşı, Koçinyan hesab edir ki, daha sərt tədbirlərin tətbiqi ilə bağlı bəyanat “aydın olmadığı üçün təhlükəlidir”. Politoloqun fikrincə, bu cür strateji bəyanatlar daha düşünülmüş olmalıdır.
Ekspert inanmır ki, bu vəziyyətdə mülki addımlarla hansısa nəticə əldə etmək mümkün olacaq. Eyni zamanda Koçinyan qeyd edir ki, bu cür tədbirlər heç bir şəkildə mane olmur və ya zərər vermir, DQ-də baş verənlər barədə məlumatları dünyanın müxtəlif yerlərindəki insanlara çatdırmaq, onların diqqətini cəlb etmək lazımdır.
Eyni zamanda, onun fikrincə, Laçın dəhlizinin açılması nə Ermənistan, nə də tanınmamış DQR hakimiyyətinin iqtidarında deyil.
“Əgər bu baş verərsə, bu, yalnız çox ciddi beynəlxalq təzyiq nəticəsində olacaq” deyən ekspert hətta BMT-nin beynəlxalq məhkəməsinin qanuni qüvvəyə malik qərarının hələ də icra olunmadığını xatırladır.
Laçın dəhlizinin bağlanması Azərbaycan üçün Ermənistan və Dağlıq Qarabağla münasibətlərdə mühüm alətə çevrilib, Koçinyan Bakının könüllü olaraq bundan imtina etməyəcəyini vurğulayır və bunu istisna edir:
“Yəqin ki, azərbaycanlılar insanlara psixoloji təzyiq göstərmək üçün vaxtaşırı dəhlizi açıb-bağlayacaqlar. Ya da yalnız Dağlıq Qarabağı tərk etməyə icazə verəcəklər”.
Koçinyanın fikrincə, Ermənistan tərəfi bu məqamda diqqətini iki məsələyə yönəltməlidir:
- Ermənistanın ərazi bütövlüyünün təmin edilməsi,
- subyektliyindən və statusundan asılı olmayaraq Dağlıq Qarabağda erməni əhalisinin qalması.