Vaşinqton Qarabağda əks-terror əməliyyatı ilə təhdid edirmi? Yerevan və Bakıdan şərhlər
RİA Novosti: Vaşinqton DQ-ı danışıqlara məcbur edir
“Vaşinqton ultimatum formasında Dağlıq Qarabağ nümayəndələrini yaxın gələcəkdə Azərbaycan tərəfi ilə “üçüncü ölkədə” amerikalı kuratorun iştirakı ilə görüşə razılaşmağa məcbur edir”. Bu məlumatı Rusiya mətbuatı “diplomatik mənbəyə” istinadən yayıb. Xəbərdə o da bildirilir ki, “Qarabağ rəhbərliyi imtina etdiyi təqdirdə Azərbaycanın regionda əks-terror əməliyyatı keçirəcəyi ilə təhdid edilir”.
“Qərb Dağlıq Qarabağa qarşı heç bir “hərbi müdaxiləyə” xidmət etmir və bunu dəstəkləmir”, – Ermənistandan olan siyasi şərhçi deyir. “Guya Vaşinqtondakı diplomatik mənbədən gələn mesaj Kremldən yayılan saxtakarlıqdan başqa bir şey deyil”, – deyə azərbaycanlı ekspert əlavə edir.
- “Qobu Park” sakinlərinin həyatı təhlükədədir?
- Gürcüstanda əlillərə qarşı zorakılıqla mübarizə üçün nə lazımdır? Tədqiqat
- “Azərbaycanı Brüsseldə daha yaxşı görür və eşidirlər” – erməni politoloq
Moskvadan informasiya
Səhər saatlarında Rusiyanın dövlət xəbər agentliyi “RİA Novosti” sensasion məlumat yayıb. Vaşinqtonun məqsədinin bölgəyə nüfuz etmək olduğu vurğulanıb.
Bir az sonra həmin agentlik Rusiya Xarici İşlər Nazirliyinin bu mesaja reaksiyasını dərc edib:
“Rusiya ABŞ-ın Bakı və Stepanakert arasında dialoqda (o cümlədən hədələr vasitəsilə) vasitəçilik xidmətlərini tətbiq etməyə çalışdığı məlumatlardan narahatdır, bu, amerikalı vasitəçilərin adekvatlığı ilə bağlı suallar yaradır”.
JAMnews bu xəbərləri şərh etmək üçün Bakı və Yerevandakı siyasi icmalçılara müraciət edib.
Bakıdan şərh
“Vaşinqtondakı “mənbə” əslində Moskvada oturub”
“Guya Vaşinqtondakı diplomatik mənbədən gələn xəbər Kremldən yayılan saxtakarlıqdan başqa bir şey deyil”, – siyasi şərhçi Hacı Namazov bildirib.
“Bunu bir neçə faktor göstərir.
Birincisi, məlumatı Rusiya hakimiyyətinə aid agentlik yayıb. Orada Kremldəki kuratorların xəbəri olmadan belə xəbərlər dərc olunmur.
İkincisi, dəqiq mənbə göstərilmir. Bu “diplomatik mənbə” çox güman ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində oturur”, – deyə o bildirib.
Namazov xəbərin strukturunun da özlüyündə müəyyən fikirlərə yol açdığına da diqqət çəkir:
“Xankəndidəki qeyri-qanuni rejimin Bakı ilə əlaqə saxlamaqdan və hakimiyyətə təslim olmaqdan imtina edəcəyi təqdirdə Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlayacağı uzun müddətdir ki, sirr deyil. Bunu prezident İlham Əliyev özü də açıq şəkildə bildirib.
Üstəlik, Rusiya hakimiyyət orqanları yaxşı bilirlər ki, Vaşinqton Əliyevin Qarabağdakı separatçı rejimin liderləri üçün amnistiya ilə bağlı bəyanatını dəstəkləyib.
Amerikalıların antiterror əməliyyatı ilə Qarabağın erməni əhalisini qorxutmağa ehtiyacları yoxdur. Bu, hadisələrin məntiqindən irəli gəlir”.
Bu nisbətən kiçik məlumatda başqa bir maraqlı məqam da var. Belə çıxır ki, Vaşinqtonun məqsədi regiona sızmaqdır. Bu gülməlidir.
ABŞ-ın onsuz da regiona böyük təsiri var. Amerika qoşunlarının Qarabağa yeridilməsi isə iki səbəbdən mümkün deyil. Hazırda orada Rusiya sülhməramlıları yerləşdirilib. 2025-ci ildə getsələr də, Azərbaycan heç vaxt başqa ölkələrin qoşunlarının yerləşdirilməsi ilə razılaşmayacaq. Çünki ölkə ərazisində xarici hərbi bazaların olması Azərbaycan qanunlarına ziddir”, – deyə siyasi müşahidəçi vurğulayıb.
“Bəs bu xəbər kimə lazım idi? Əlbəttə, Moskvanın özünə. Beləliklə, Kreml Xankəndi ilə Bakı arasında danışıqların əleyhinə olduğuna, həm də Qarabağda antiterror əməliyyatının qarşısını almağa çalışacağına açıq-aşkar eyham vurur. Çünki Azərbaycanın bütün Qarabağ ərazisi üzərində suverenliyi bərqərar olduqdan sonra Rusiya sülhməramlılarının orada başqa işi yoxdur. Rusiyanın isə 2025-ci ildə regionu tərk etmək planı yoxdur. Baxmayaraq ki, rəsmi Bakı artıq bütün səviyyələrdə bu barədə danışır.
Düşünmürəm ki, Rusiya Azərbaycanın planlarında nəyisə dəyişməyə qadirdir. Bu yayın sonuna kimi Xankəndidəki separatçı rejim başa çatacaq. Bakıda demək olar ki, heç kim buna şübhə etmir”, – deyə Namazov fikrini yekunlaşdırıb.
Yerevandan şərh
“Rusiyanın regionda heç bir işi qalmayıb”
Politoloq Qurgen Simonyan hesab edir ki, “RİA Novosti”nin xəbərində informasiya müharibəsinin elementləri var. Onun sözlərinə görə, sitat gətirilən “diplomatik mənbə” inandırıcı deyil, bu, “vəziyyəti sarsıtmaq” cəhdidir.
“ABŞ ultimatum tələbi irəli sürə bilər, amma bunu etdiyini düşünmürəm. Ştatların siyasi alətlərinə gücdən istifadə və ya güc tətbiqi ilə təhdid daxildir. Amma bunu edib-etmədiklərini bilmirəm. Mən əks istiqamətdə danışıram – Azərbaycanı konstruktiv yola yönəltmək lazımdır”, – deyə o, JAMnews-a bildirib.
Simonyan əmindir ki, Qərb Dağlıq Qarabağa qarşı heç bir “hərbi müdaxiləyə” xidmət etmir və bunu dəstəkləmir. O, xatırladır ki, Vaşinqtonda aparılan danışıqlar zamanı tərəflərə “ev tapşırığı” verilib – onlar Dağlıq Qarabağ ermənilərinin təhlükəsizlik probleminin həllini necə təsəvvür edirlər.
Politoloqun fikrincə, Moskva “sərmayəsini Ermənistanın xeyrinə sərf etməyib».
“Öz rəsmi, sənədlərlə təsdiqlənmiş hərbi-siyasi müttəfiqinin maraqlarına zidd olaraq, Rusiya Azərbaycan gündəmini Ermənistan üçün ən təhlükəli və dağıdıcı şəkildə təbliğ edir. O həddə qədər ki, bu, Ermənistanın mövcudluğuna təhlükə yaradır”.
İcmalçı hesab edir ki, Rusiya Federasiyası Bakı ilə Dağlıq Qarabağ erməniləri arasında dialoq məsələsində Azərbaycanın maraqlarını rəhbər tutur:
“Bu dialoq Stepanakertə subyektivlik verir. Rusiya Federasiyası isə Ermənistana qarşı təcavüzünü davam etdirməsinin əvəzi kimi Dağlıq Qarabağı qurbangah üzərinə qoydu. Əgər uğur qazanarsa, Rusiya öz mövcudluğunu artıracaq, həmçinin sövdələşmə predmetində Ermənistan Respublikasının subyektivliyini də qatacaq. Heç bir halda buna imkan verməməliyik”.
Simonyan vurğulayır ki, Rusiyanın regionda başqa heç bir işi yoxdur, çünki o, üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirə bilməyib və indi “səhv siyasətinin bəhrəsini görür”.
“Qoy Moskva Ermənistanın öz milli təhlükəsizliyini qorumaq, regionda tarazlığı bərpa etmək və milli maraqlarının pozulmasının qarşısını almaq üçün hansı mexanizmlərlə çalışacağı barədə narahat olmasın”, – deyə o, fikrini yekunlaşdırıb.