Ermənistan-Türkiyə sərhədi açılacaqmı? Ermənistanın sərhəd kəndindən reportaj
Marqarada Türkiyə ilə sərhədin açılması haqqında
Türkiyə ilə həmsərhəd Ermənistanın Marqara kəndində sərhədin açılma ehtimalına “ehtiyatlı nikbinliklə” yanaşırlar. Deyirlər ki, “Ermənistan-Türkiyə sərhədinin açılmasının mənfi tərəfləri qədər müsbət tərəfləri də var”. Yerli sakinlər yalnız bir dəfə “30 il əvvəl möhürlənmiş sərhəd qapılarını” açıq görüblər. Məhz 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələdən sonra Ermənistana məxsus yük maşınlarının sərhədi keçməsinə və zərərçəkənlərə humanitar yardım aparmasına icazə verilib.
SSRİ-nin dağılmasından sonra, 1991-ci ildə Türkiyə Ermənistan Respublikasını rəsmən tanıyıb. Lakin iki ölkə arasında diplomatik əlaqələr qurulmayıb. 1993-cü ildə Türkiyə Ermənistanla hava və quru sərhədlərini birtərəfli qaydada bağlayıb. 2021-ci ildə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi başlayıb. Tərəflər üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması məsələsinə yaxınlaşıblar. Və bu məsələ ilə bağlı yekun qərar hələ verilməsə də, Marqarada hazırlıq işləri gedir.
JAMnews sərhəd zonasında nə baş verdiyini, yerli sakinlərin sərhədin açılması ehtimalı ilə bağlı fikirlərini öyrənməyə çalışıb. Onlar təşviş içində görünürdülər və əksər hallarda məqalənin müəllifi ilə danışmaqdan imtina edirlər.
- Berlində azərbaycanlı, erməni və gürcü yenidən görüşəcək – “Dolma gündəlikləri” serialı davam edir
- Xatirələrdə qalmış “fotolar”
- Ümid yolu. Qrız sakinləri həm kəndlərini, həm dillərini xilas etməyə çalışırlar
“Bütün bu müddət ərzində türklərlə heç bir problemimiz olmayıb, amma sərhəd açılanda nə baş verəcəyini bilmirik”
Hazırda kəndə gedən yol əsaslı şəkildə təmir olunur, genişləndirilir, maşın saxlamaq üçün yerlər tikilir. Artıq Dövlət Gəlirləri Komitəsi gömrük-keçid məntəqəsinin tikintisi layihəsini sifariş edib və yerli icra hakimiyyəti bu bina üçün otel və iki hektara yaxın torpaq sahəsi ayırıb.
Marqara kəndinin sakinləri intizardadırlar. Eşitdik ki, yayda sərhəd üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılacaq.
Marqara ilə həmsərhəd olan türk kəndi bir neçə yüz metr aralıda yerləşir. Kəndləri bir-birindən Araz çayı ayırır. Ermənistan-Türkiyə sərhədi açılsa, bütün daşımalar iki sahili birləşdirən körpü ilə həyata keçiriləcək.
Kəndlər bir-birinə o qədər yaxındır ki, Ermənistan tərəfdə televizorlar türk kanallarını mükəmməl tutur. Tez-tez telefon zəngləri ilə bağlı çətinliklər olur, çünki Türkiyənin mobil operatorlarının siqnalı müdaxilə edir. Namaz səsinə oyanmaq Marqarada çoxdan adi haldır.
“Mən bu kənddə doğulmuşam, 60 yaşım var. Bütün bu müddət ərzində türklərlə heç bir problemimiz olmayıb. Amma sərhəd açılanda biz hardan bilək ki, nə olacaq. Qonşu ilə münaqişə edəndən sonra içində inciklik qalır və onunla əvvəlki kimi mehriban ünsiyyət qurmursunuz. Ona görə də indi türklərlə necə mehriban ünsiyyət quracağımızı təsəvvür edə bilmirəm”, – evi sərhəddən 200 metr aralıda yerləşən Hakob Hovhannisyan deyir.
Marqar sakinlərinin fikrincə, sərhədin açılmasının müsbət tərəfləri
Yerli sakinlər yaşayış səviyyəsindən narazıdırlar. Onlar əsasən əkinçiliklə, xiyar, pomidor, bibər yetişdirməklə məşğuldurlar. Çox az adamın mal-qarası var, bütün kənddə ancaq bir neçə ailənin inəkləri var.
Deyirlər, hər ailədən kimsə Yerevana və ya Rusiyaya işləməyə gedib. Ancaq bunun sayəsində yoxsulluq içində yaşamırlar. Onlar bütün ailəni dolandırmaq məsuliyyətini öz üzərlərinə götürüblər.
Marqar sakinləri hesab edirlər ki, sərhədin açılmaq ehtimalının müsbət tərəfi odur ki, necə deyərlər, “qarşılıqlı ticarət” başlayacaq, nəsə qazanmaq mümkün olacaq.
“Biz onlara gedəcəyik, onlar da bizə gələcək, çox şey ucuzlaşacaq və bundan biz və bütün insanlar faydalanacaq. Hər şey günü-gündən bahalaşır. Pomidor yetişdirmək üçün kimyəvi maddələrə və hər şeyə satmaqdan qazandığımız puldan daha çox pul xərcləyirik”, – Seda nənə deyir.
Marqar sakinlərinin qorxuları
Ən çox məktəbli anaları narahatdır. Məktəb binasının sərhədə çox yaxın olduğu bildirilir. Sərhəd açılarsa, uşaqlar üçün narahat olacaq.
“İndi biz gecələr qapıları bağlamırıq, açıq qoyub yatırıq. Sonra kilidləməli olacağıq. Biz narahat olacağıq, gərginləşəcəyik – nə olursa olsun, uşaqları hardasa tək qoya bilməyəcəyik. Belə şəraitdə necə dinc yaşamaq olar?”, – Hasmik Samsonyan deyir.
Onun ailəsinə məxsus torpaq sahəsi sərhəddən bir neçə metr aralıda yerləşir. Deyir ki, hər gün torpağı əkirlər, ağacları sulayırlar, amma türk görməyiblər.
“Ən yaxşısı nədirsə, elə də olsun. İndi dediklərimdən nə dəyişəcək? Bununla belə, onlar [hakimiyyət] özləri qərar verəcək, bizim rəyimiz nəzərə alınmayacaq”, o əlavə edir.
Diplomatiya, danışıqlar öz yerində, amma kənd camaatı yaxın gələcəkdə sərhədlərin açılacağına inanmır. Onlar bildirirlər ki, Türkiyə hakimiyyətinin bəyanatları “türklərin ermənilər üçün normal qonşu olmaq niyyətində olduğuna şübhə etməyə əsas verir”.
“Biz erməni soyqırımını unutmamışıq və indi görürsən Qarabağda nələr edilir – onlar insanları məhv etmək istəyirlər, yeni soyqırım törətmək istəyirlər. Belə şəraitdə sərhədi necə aça bilərik? Gəlib bizi də kəssinlər deyə? Bir neçə qəpik qazanmaq üçün açın? Yox, bu mümkün deyil”, – adının çəkilməsini istəməyən kənd sakinlərindən biri deyir.
Ermənistanla Türkiyə arasında başlayan danışıqlar prosesi nəticəsində sərhədin açılıb-açılmayacağı hələ də bəlli deyil. Kənd camaatı deyir ki, nəyin müzakirə olunduğunu, tərəflər arasında hansı razılaşmaların, fikir ayrılıqlarının olduğunu heç bilmirlər. Beləliklə, Marqara sakinləri bir şeydə razılaşırlar: onlara hakimiyyətin qərarını gözləmək və ən yaxşısına ümid etmək qalır.