Qalayçılar və misgərlər Bakıda – unudulmuş sənətləri yaşadanlar
Bakıdakı qalayçılar və misgərlər
Bakıdakı qalayçılar və misgərlər müştəri azlığından şikayətlənirlər. Onların sözlərinə görə, gənclər bu sənətlərə maraq göstərmir və daha gəlirli peşələr axtarırlar. “Cəmiyyətin sənətkarlara qiymət verməməsi gənc nəslin seçiminə mənfi təsir göstərir, onlar bizim işimizi davam etdirmirlər”, – deyə usta Zahid Eyvazov gileylənir.
- Qaranlığı udan işıq – Foto-hekayə
- “Qulağı, zövqü şikəst nəsil yetişdiriblər”. Cavanşir Quliyev “arzuolunmaz” mahnılar siyahısı haqda – VİDEO
- Şəraitdən şikayət edən uşaq evi sakini ətrafında hadisələr ciddiləşir
Bakının məşhur “Kubinka” adlanan ərazisində “Qalayçılar məhəlləsi” yerləşir. Bakıda bu məhəlləyə ilk qalayçıların gəlişi 1960-cı illərə təsadüf edir. Hal-hazırda burada bir neçə qalayçı emalatxanası var.
Qalayçılığın kökü İsmayıllının Lahıc qəsəbəsinə dayanır. Oradan Bakıya köç edən insanlar bu sənəti şəhərdə də davam etdirməyə başlayıblar.
Mehman Eyvazov da İsmayıllı rayonunun Lahıc kəndindən Bakıya köçən sənətkarlardan biridir. O iyirmi iki ildir ki, Bakıda qalayçılıq və misgərliklə məşğul olur. Mehman usta Dərbənddən də sifariş aldığını, vaxtaşırı Dərbəndə gedib oradakı məscidlərin samovarlarını, mis qazanlarını təmir etdiyini deyir.
Mehman Evazovun qardaşı Zahid usta isə iyirmi yeddi ildir ki, bu məhəllədə sənətkarlıqla məşğuldur. Qohumlarından da müxtəlif rayonlarda bu sənətdə çalışanlar olduğunu bildirir. Amma gənc nəsildən sənətə maraq və tələbatın olmamasından gileylənir:
“Çox az insan bu sənətlə maraqlanır, cəmiyyətin sənətə dəyər verməməsi bu sənətin davam etdirilməsinə də mənfi təsir göstərir. Gənc nəsil daha gəlirli peşələrə meyillidirlər”, – deyir.
Müştəri əvvəlki illərə nisbətən azalıb. Buna səbəb insanların müasir, daha ucuz və daha yüngül əşyalara meyilli olmasıdır. Zahid Eyvazov bildirir ki, əvvəllər mis qablardan cehiz verilirdi. İndi isə buna tələbat yoxdur, bu da gəlirlərinin azalmasına səbəb olur.
Mehman Eyvazov özünün və atasının cavanlıq şəkillərinə baxır. Onun ata-babaları da sənətkar olub, odur ki, gözünü açandan bu sənətin içindədir. Xatirələrindən danışır – sovet dönəmində çətin keçən uşaqlığından, babaları ilə tez-tez Dərbəndə getməyindən, əsgərlik xatirələrindən və s.
Misgərlik sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib
Ramiz Soltanov Ağdamdan məcburi köçkündür. On beş yaşından qalayçılıqla məşğuldur. Sənəti atasından öyrəndiyini deyir. Birinci Qarabağ Müharibəsi zamanı doğma evini tərk edərək ailəsi ilə birlikdə Bakıya köçüb. Artıq otuz ildir ki, bu məhəllədə qalayçılıq edir.
“Qalayçılıq sənəti səbr və dəqiqlik tələb edir”, – deyə bildirir Şamil usta.
Yaşlı sənətkarların əsas istəyi bu sənəti davam etdirən gənclərin yetişməsi və sənətin vətənimizdə, əsas da Qarabağda yenidən yaşadılmasıdır.
Sənətkarlar mis əşyaların köhnə olsa da sağlam qidalanma üçün daha faydalı olduğunu bildirirlər. Mis qablar qidanın tərkibindəki zərərli mikrobları öldürür, suyun içindəki daşları əridir. Həm də yeməklər daha dadlı olur.
Gün ərzində müştəri az olduğundan boş vaxtlarında kimisi kitab oxuyur, kimisi krossvord həll edir, kimisi də söhbət edərək müştərisini gözləyir.