Əvəz Hafizli qətlinin birinci ildönümündə yad edildi
Jurnalist-bloqer, kuir fəal Əvəz Hafizlinin qətlindən bir il ötür. O, 22 fevral 2022-ci il tarixində Bakının Balaxanı qəsəbəsində öz əmisi oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Əvəz Qobustan rayonunda dəfn edilib. Dostları pul toplayıb, qəbir daşı düzəltdirmək istəsələr də, ailəsi icazə vermədiyi üçün bu mümkün olmayıb. Bu gün dostları, jurnalistlər və ictimai fəallar onun məzarını ziyarət ediblər.
- Bəxtiyar Hacıyevə azadlıq tələb edən iki fəal həbs edilib
- “Sərhədləri bağlı olan yeganə ölkə”. Azərbaycanda karantin müddəti uzadılıb
- Saakaşvili: səhhəti, həbsxana şəraiti, onu nələr gözləyir? Video və suallara cavab
İki saatlıq yoldan sonra qəbiristanlığa çatan ziyarətçilər Əvəzin məzarının başında onunla bağlı xatirələrindən danışıb.
“Əvəz özü də homofobiya və transfobiyanın qurbanına çevrilib…”
Kuir fəal Əli Məlikov deyir ki, Azərbaycanda LGBTI+larla işləyən insanlar az olduğundan, biz bir-birimizlə daimi olaraq əlaqədə idik:
“Əvəzlə bağlı xatirələrim çoxdur. Bir dəfə Əvəz Hökumət evinin qarşısında aksiya keçirəndə məndən LGBTI+ bayrağı istəmişdi. Tapıb ona göndərmişdim. Həmin dövrdə bir söhbətimiz olmuşdu. O söhbəti gizli saxlamaq üçün bütün mesajları qarşılıqlı silmişdik. Təəssüf ki, sözügedən mesajlar qalmır.
Əvəz icmada çox məşhur idi. Çünki tez-tez etirazlar edirdi, xüsusilə translara fokuslanan fərqindəlik kampaniyaları təşkil etməyə çalışırdı. Ümumiyyətlə, bunları tək yox, transları da həvəsləndirərək edirdi. Sevinc Hüseynovaya qarşı transları təşkilatlandırmağa çalışırdı, hüquqlarını tələb etməyi öyrədirdi. Jurnalistlərlə, kuirlərlə tanış idi deyə, bundan istifadə edərək, kifayət qədər fərqindəlik yaradırdı və bunlar effektiv olurdu.
Trans qətllərini paylaşan beynəlxalq bir sayt var ki, orada Azərbaycandan yalnız iki nəfərin problemi arxivlənib. İkisini də Əvəz işıqlandırmışdı. Təəssüf ki, artıq Əvəz özü də homofobiya və transfobiyanın qurbanına çevrilib”.
“Əvəzin qətli ilə bağlı məhkəmə prosesində çox əziyyət çəkdik”
Dostları xatırlayırlar ki, Əvəzin qatilinin məhkəməsində xeyli fəallıq göstərməli olublar:
“Qatilə minimum cəza verilirdi. Ona görə də, Əvəzin məhkəməsini daim nəzarətdə saxlamalı idik”.
Onların sözlərinə görə, Əvəzin dostlarını məhkəmələrin gözləmə otaqlarına buraxmaq istəməyiblər.
“Qapıları döyürdük, zorla içəri girmək istəyirdik. Çünki bizim haqqımız idi ora daxil olmaq. Deyirdilər ki, tək-tək daxil olmalısınız. Niyə? 20 nəfər yerləşən otağa niyə 5 nəfər girməliyik?
Hər gün yeni plakatlar, şüarlar hazırlamağa çalışırdıq. Artıq dostumuzu itirmişdik və ona ədalət tələb etmək üçün son şansımız idi deyə heç nədən çəkinmirdik.
Bizim etirazlarımız qatilin 9 il 6 ay həbs cəzası almasına səbəb oldu”, – deyir onlar.
“Onu qəbul etməyən ailəsinin sevgisini, qayğısını istəyirdi…”
Əvəz Hafizli ilə bir müddət iş yoldaşı, daha sonra isə yaxın dost olmuş Fatimə Mövlamlı qeyd edib ki, Əvəz çox gülərüz idi, onu uzun müddətə əsəbiləşdirmək çox çətin idi:
“Maskulin xitabları heç sevmirdi. Kimsə ona “bəy”, “qardaş” deyəndə əsəbiləşirdi. Bir dəfə onunla hansısa rayona çəkilişə getmişdik. Marketə girdik ki, özümüzə yol üçün azuqə alaq. Kassada bir kişi növbəsiz keçmək istədi. Əvəzə dedi ki, qardaş, icazə ver keçim. Əvəz çox acıqlandı. Çıxışda ona sataşmaq üçün Əvəz də onun qoluna toxunaraq dedi ki, qardaş, qoy keçək. Özü də keçə bilərdi, amma ona sevmədiyi şəkildə xitab olunduğu üçün sataşdı. Belə xasiyyətləri var idi.
Əvəz soyadını sevmirdi. Bir dəfə pandemiyanın əvvəlində çəkiliş edirdik. Polis əməkdaşları bizi bölməyə apardı. Çıxanda polis işçisi mənə dedi ki, Şıxməmmədovu da çağırarsınız. Mən də məəttəl qaldım ki, axı elə adam tanımıram. Məlum oldu ki, Əvəzin əsl soyadı Şıxməmmədov imiş. Heç xoşu gəlmirdi, çox maskulin səslənirdi. Amma ailəsinə çox bağlı idi. Həmişə istəyirdi ki, ailəsindəki homofob insanlar onu sevsinlər…
Ailəsi ilə tez-tez mübahisələri olurdu. Səbəb də əsasən oriyentasiyası idi. Məcbur olub evdən çıxıb gedirdi, dostlarıgildə gecələyirdi. Amma yenə də ailəsinin yanına qayıdırdı. Çünki onu qəbul etməyən ailəsinin sevgisini, qayğısını istəyirdi…
Əvəz ailəsi üçün çox şey edib. Bir dəfə onun ad günü idi. Məclisdə dostları, kuir, jurnalist həmkarları var idi. Qardaşı məclisə gəldi. Kaş orada Əvəzi görərdiniz. O qədər fərəhləndi, o qədər xoşbəxt oldu ki… Hamımıza təqdim etdi ki, bu mənim qardaşımdır!
Amma təəssüf ki, Əvəzin qətli də elə ailəsinin həyətində baş verdi. Həmin gecə səhərə qədər o məhəllədə gözlədik. Qorxurduq ki, Əvəzi kimsəsizlər qəbiristanlığında, ya da mərasimsiz, bizdən gizli şəkildə atasının yanında dəfn edəcəklər. Əvəzi kişi saymırdılar deyə, öz “kişi”lərinə göstərdikləri hörməti onun ölüsünə belə göstərmək istəmirdilər. Elə vəziyyət idi ki, həm dostumuz öldürülüb, həm də dostumuzun ölüsünü bizdən gizlədə bilməsinlər deyə, səhərə qədər küçədə gözlədik. Ailəsi o qədər nifrət dolu idi ki, dostumuz üçün kədərlənməyə vaxt tapa bilmirdik. Düşünürdüm ki, bu cür qəlbi nifrət, kinlə dolu olan ailədə Əvəz kimi pozitiv, şən biri necə yetişib?!
Əvəz bacısının toyunu etmişdi, cehizini almışdı, qardaşı üçün nələr etmişdi! Onlar isə gecə boyu gəlib bizə sataşırdılar, bizi uzaqlaşdırmağa çalışırdılar… Səhər 6-da cənazə maşını yola çıxdı, biz də arxasınca getdik. Əvəzi tez-tələsik dəfn etdilər”.
“Azərbaycan məhkəmələri bu qətlə haqq qazandırır”
Bloqerin məzarını ziyarətə getmiş hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Əvəz dəfələrlə hüquq-mühafizə orqanlarına həyatının təhlükədə olması ilə bağlı müraciət etmişdi:
“Əvəzin ölümündə təkcə Əvəzi qətlə yetirən şəxs deyil, həm də hüquq sistemi, hüquq-mühafizə orqanları, bütövlükdə cəmiyyət təqsirlidir. Xüsusi amansızlıqla qətlə yetirilmiş şəxsin qatili barəsində 10 ildən aşağı müddətdə azadlıqdan məhrumetmə onu göstərir ki, Azərbaycan məhkəmələri bu qətlə haqq qazandırır.
Çox təəssüf ki, biz Əvəz kimi cəsur, həqiqətən də qaynar nöqtələrdən xəbərləri yaymağa çəkinməyən, şücaətli bir jurnalisti itirdik”.