Ermənistan: Dağıdıcı zəlzələdən 29 il sonra Gümridə hələ də 2500 müvəqqəti ev qalır
Uzun illər dekabrın 7-də bir-birini əvəzləyən Ermənistan prezidentləri və hökumət nümayəndələri zəlzələ qurbanlarının xatirəsini yad etmək üçün Gümridəki bu abidənin qarşısına gəlib. Hər dəfə də şəhərin tam bərpa olunacağı günlə bağlı yeni tarix səsləndirilib.
İndi rəsmi şəxslər dekabrın 7-də başqa abidə önünə çələng qoyur, xalq isə yenə də fəlakət qurbanlarını burada yad edir. Abidə müəllifi əməkdar rəssam və heykəltəraş, Gümri sakini Zaven Koştoyandır. O bildirir ki, hər dəfə əlində alətlərlə daşa yaxınlaşanda həmin gün itirdiyi doğmalarının ağrısını təkrar-təkrar yaşayıb. Gümri sakinləri də onun işini dəyərləndirib, hiss ediblər.
Ancaq Şirak vilayətində minlərlə ailə ev-eşiksiz qalıb. 22 678 ev və mənzilə ziyan dəyib ki, onların da 20612-i Gümrinin payına düşür. Zəlzələdən dərhal sonra SSRİ rəhbərliyi Gümrinin iki il ərzində bərpa ediləcəyinə söz verib. Evsiz qalanlar üçün yeni kvartallar tikilənə qədər insanlar müvəqqəti yaşayış yeri ilə təmin edilib. Sovet İttifaqı dağılandan sonra müstəqil Ermənistan şəhərin bərpasını öz gücünə davam etdirməli olub.
“Fəlakət zonası”, “Bərpa zonası”, “İnkişaf zonası” – hökumətin bu və digər proqramları bir-birinin ardınca sıralanıb, bərpa prosesi isə bu günə qədər uzanıb.
Müvəqqəti evlərə yerləşdirilmiş insanlar bu müddət ərzində mübarizə aparmaq və cəmi iki il istifadə üçün nəzərdə tutulmuş həmin evlərin dağılıb, tökülən divarlarını öz gücləri hesabına təmir etmək məcburiyyətində qalıblar. Və onların bu mübarizəsi indiyə qədər davam edir.
Bir həftə əvvəl gözləyənlər siyahısında ən son sırada olan daha iki ailəyə mənzil sertifikatı verildi. İndi artıq dövlət hesab edir ki, evsiz qalan vətəndaşları qarşısında öz borcunu yerinə yetirib.
Belə çıxır ki, Şirak vilayətində fəlakətin dağıtdığından daha çox mənzil inşa edilib və zəlzələ qurbanlarına verilib. Amma Gümridə hələ də 2500 müvəqqəti ev qalmaqdadır. Bəs bu nə məsələdir, görəsən?
Bu sualın cavabını almaq üçün JAMnews ilk növbədə bu müvəqqəti evlərin sakinləri ilə görüşmək qərarına gəlib.
Aroyanlar ailəsi hər il evin bir hissəsini təmir edir. Gah döşəmə çürüyür, gah tavan damır, gah pəncərələrdən yel vurur. Zəlzələ baş verəndə Vladimir Aroyanın 9 yaşı vardı. Onun gəncliyi müvəqqəti evdə keçib, indi isə “doğma alaçıqda” uşaqları böyüyür. Əgər əvvəl bu evin təmiri ilə onun valideynləri məşğul olurdusa, indi bu işi o və həyat yoldaşı görür:
“Ərə gedənə qədər fərdi evdə yaşayırdım. Vladimirlə görüşməyə başlayanda, ondan soruşdum ki, bəs siz harda yaşayırsız? O, dedi ki, ikimərtəbəli evin ikinci mərtəbəsində yaşayırlar. Gələndə gördüm ki, bu, ikimərtəbəli müvəqqəti evcikdir”, – Vladimirin həyat yoldaşı Marine gülümsəyir.
2012-ci ildə Aroyanlara mənzil ayrılıb, amma ailə üzvlərinin sayı bu zamana qədər artdığı üçün gənc cütlük müvəqqəti evdə qalmalı olub. Və belə edənlər təkcə onlar deyil. Çoxları hələ də bu “evciklərdə” (burda onları belə adlandırırlar) qalır. Hər kəsin də bununla bağlı öz səbəbi var.
“Bəziləri öz evini satıb, bəzilərinə isə ümumiyyətlə ev verilməyib. Ona verilən evi satıb borclarını qaytaran, tələbə övladlarının xərcini ödəyən və ya səhhətilə bağlı problemləri həll edənlər də var”, – Vladimir Aroyan deyir. Özü müvəqqəti evdən nə vaxtsa köçəcəyinə artıq ümid etmir və çətinliklərə uyğunlaşmağa məcbur olub.
Şirak vilayət administrasiyasının şəhərsalma idarəsinin rəisi Albert Marqaryan başqa bir səbəbdən söz açır:
“Problem ondadır ki, ilk zamanlarda müvəqqəti evlərin sökülməsinə nəzarət olunmurdu. Müxtəlif kənd icmalarından gəlib həmin evlərdə məskunlaşıblar. Mənim fikrimcə, insanlar müvəqqəti evlərdə keflərindən yaşamır və o şəraitə də xoş gündən alışmırlar. Sadəcə onlar ya evsiz qalan vətəndaşlar olaraq artıq kompensasiya alıblar, ya da zəlzələdən ziyan çəkənlər sırasında deyillər”.
Üstəlik, heç kim üçün sirr deyil ki, çoxları bir deyil, bir neçə mənzil ala bilib. Bu haqda çox danışılıb, məsələ ciddi araşdırılıb, amma heç kim cəzalandırılmayıb.
Daha sonra dövlət yeni şərt irəli sürdü: müvəqqəti ev sökülmədiyi müddətcə həmin evin sakinləri onlara verilən yeni mənzili özəlləşdirə bilməz. Amma bu şərt də Gümrini müvəqqəti evlərdən azad edə bilmədi. Yerli hakimiyyət yenə də yetəri qədər qətiyyətli olmadı.
“Minə yaxın ailə müvəqqəti evlər sökülməsin deyə aldığı mənzili özəlləşdirməyib. Axı evciklərdə onların böyük ailələrinin bir hissəsi yaşayır. Buna görə də bu evciklərdən qurtulmaq üçün hökumət hazırda yeni qərar üzərində işləyir. Ailələrin bir hissəsinə kompensasiya ödəmək, bir hissəsini kirayə mənzillə təmin etmək planlaşdırılıb, başqa bir hissəsinə isə ümumiyyətlə heç nə verilməyəcək, müvəqqəti evlər isə söküləcək”, – Albert Marqaryan deyir.
Zəlzələ günündən bəri 29 il ötüb, amma yerli rəsmilər əmindirlər və açıq bildirirlər ki, Gümri yaxın gələcəkdə müvəqqəti evlərdən qurtula bilməyəcək. Deyirlər ki, bunun üçün 10-15 ilə ehtiyac var.