Gürcü adı olan erməni küçəsindən video və foto
Qriqryanların evindəki 1870-ci ilə aid fransız saatını uzun-uzun seyr etmək mümkündür. Xəyallar isə adamı uzaq keçmişə apara bilər.
“Bu saat anamın cehizidir”, – Arşak Qriqoryan deyir və indi də yaşadığı köhnə ailə evinin divarından asılmış saatın fotosunu göstərir. Babasının balkonlu və ümumiyyətlə üslubu o zamankı Aleksandropol [Gümrinin əvvəlki adı] arxitekturasına uyğun olan evi 1883-cü ildə inşa edilib. 1988-ci il zəlzələsi zamanı həmin ev dağılıb, indi o evi ancaq kitablarda dərc olunmuş fotolar xatırladır.
“Zirzəmilərimiz ev hündürlüyündə idi. Zəlzələ zamanı evin döşəməsi çökdü və bütün ev zirzəmiyə uçdu. Ancaq bir tərəfdən divar qalıb, üstündə də bu saat. Qalan hər şey məhv oldu. Dağılmış evimizin yerində müvəqqəti ev qurduq, ailə evimizi bərpa etmək niyyətindəydik”, – Saakanuş Qriqoryan deyir və fotoda nəyin harda yerləşdiyini göstərir, ev sakinləri haqda danışır.
Qriqoryanların evi Rustaveli küçəsində – “Kumayri” tarixi-memarlıq qoruğunun küçələrindən birində yerləşir. Bu muzey 1980-ci ildə yaradılıb. Bura Ermənistanın ikinci şəhərinin tarixi mərkəzi, qəlbidir. Burada 18-ci əsrə aid binalar tapmaq mümkündür. Ermənistanın yeganə qoruq muzeyi müxtəlif dövrlərə aid tarixi və memarlıq dəyəri daşıyan 1200 tikilini özündə birləşdirir.
Amma Qriqoryanların evi kimi bəzi binalar güclü zəlzələ zamanı zədələnib və ya dağılıb. Daha sonra bu evlər uzun müddət diqqətdən və qayğıdan kənar qalıb, çünki şəhər sakinlərinin yaşayış yeri ilə təmin olunması prioritet məsələ olub. Amma ötən ildən hökumət “Gümrinin qəlbini əməliyyat etmək” və şəhərə yeni nəfəs vermək qərarına gəlir. Hektarlarla ərazini tutan köhnə Gümridə bir küçə seçib, bərpa işlərinə həmin küçədən başlayıblar. Şota Rustavelinin adını daşıyan küçə “Kumayrinin canlanması” layihəsinin başlanğıcı olub.
“Bu küçə 1834-cü ildən xəritədə qeyd olunub. Keçmişdə küçələr nömrələnirdi. Bu, 14 saylı mərkəzi küçə idi. Dzori maylada [hərfi mənası “dərə məhəlləsi”] xırda küçələr bir-birinə dolaşaraq, Surb Nşan kilsəsinə çıxır. 14-cü küçə şəhər tikililərinin olduğu vacib hissədir”, – Gümrinin keçmiş arxitektoru Rafiq Yeqoyan danışır.
“Burada tarixi və memarlıq əhəmiyyəti kəsb edən müxtəlif binalar var, musiqi məktəbi keçmişdə adi məktəb olub, 1800-cü illərdə açılıb. Bu küçədə Gümrinin məşhur sənətkarlarının zövqlə, Avropa və Rusiyanın memarlıq üslubundan istifadə olunmaqla inşa edilən evlərini tapmaq mümkündür”, – “Kumayri” qoruq-muzeyinin direktoru Stepan Ter-Marqaryan deyir.
1950-ci illərdə bir çox sovet şəhərlərində olduğu kimi Leninakanın [Gümrinin sovet dövründəki adı] bu küçəsinə Şota Rustavelinin adı verilib.
“Amma küçə ancaq rəsmi sənədlərdə Rustavelinin adını daşıyıb: xalq arasında buranın adı 14-cü küçə olaraq qalıb. Rustavelidə yox 14-cü küçədəki musiqi məktəbi, 14-cü küçədəki restoran, 14-cü küçədəki yanğınsöndürmə stansiyası”, – küçənin köhnə sakinlərindən Hovannes Hovannisyan deyir.
“Kumayrinin canlanması” fondu yaradılıb, bu fondunun vasitəçiliyi ilə tarixi-memarlıq dəyəri olan binalar sərmayəçilərin vəsaiti hesabına bərpa olunacaq. Abidə-evləri alıb, qonaq evləri, kafe, istirahət məkanlarına çevirmək məqsədilə bərpa edəcəklər. Bütün bunlar Gümridə turizmin inkişafına təkan verəcək.
Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın təşəbbüsü ilə bu ilin yazında Rustaveli küçəsinin əsaslı təmiri başlanıb. Köhnə daş plitələri yeniləri ilə əvəz ediblər, elektrik xətləri və yeraltı borular çəkilib. Küçə yeni görkəm alıb.
Amma Gümri sakinləri deyirlər ki, yenə də nə isə çatmır: küçəyə baxdığın zaman yaşıl rəngin əskik olduğunu görürsən, tarixi tikililəri təbiətin gözəlliyi ilə birləşdirməyin bir yolunu tapmaq lazımdır.
Rustaveli küçəsinin rekonstruksiyası bu ilin oktyabrında 2017. Tarixi ab-havanın bərpası üçün gələn il Hovannes Şiraz adına paralel küçənin bərpasına başlanacaq. Rustaveli kimi burada da gəzmək və görməli yerlərdən həzz almaq mümkündür. İki əsr öncə tikilən köhnə binaların yanında isə yeniləri ucaldılıb.
“Yaxşı ki, bu küçə bərpa olunub, küçə yenidən canlanıb sanki. Xaricdən, Ermənistanın başqa vilayətlərindən turistlər gəlir. Onlar bizim memarlığımızla tanış ola bilərlər. Bizim üçün evlərimiz adidir, amma qonaqları təəccübləndirə bilər. Çox sevinirəm ki, bizdə nəhayət, tikməyə başlayacaqlar, daha uçurmayacaqlar. Düzdür, bu, onların biznesidir, amma inkişaf olacaq, gözəllik olacaq”, – Rustaaveli küçəsində baş verənlərə diqqətlə nəzarət edən Andranik baba öz Gümri ləhcəsində deyir.