“Laçın dəhlizi kompromislər nəticəsində açıla bilər” – politoloq
Sankt-Peterburqda Paşinyan-Putin görüşü
Rusiya prezidenti ilə görüşdə Ermənistanın baş naziri ilk növbədə ona DQ-dəki vəziyyəti xatırladıb, bağlanmış Laçın dəhlizi və Rusiya sülhməramlılarının öz məsuliyyət zonasındakı öhdəlikləri barədə danışıb. Ermənistan, Rusiya və Azərbaycan başçılarının imzaladığı üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yoldan maneəsiz keçidi təmin etməyə borcludur. “İndi məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Mən bu vəziyyəti müzakirə etmək istərdim, hansı variantlar var”, – Nikol Paşinyan Sankt-Peterburqda ikitərəfli görüş zamanı deyib.
Vladimir Putin də “Qarabağla bağlı olan hər şeyin” vacibliyini vurğulayıb və yeri gəlmişkən bildirib ki, bir gün əvvəl Cənubi Qafqazda vəziyyətin tənzimlənməsi haqqında “üçlükdə danışmaq imkanları” olub. Bununla da Rusiya prezidenti məsələnin Sankt-Peterburqda Paşinyan-Əliyev-Putin tərkibində üçtərəfli müzakirəsinin aparıldığını açıqlayıb.
Ermənistanın baş naziri Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammitində iştirak edib. Moskva əvvəlcə Paşinyan-Əliyev-Putin arasında üçtərəfli görüşün mümkünlüyünü istisna etməyib. Lakin dekabrın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinlə Ermənistan və Azərbaycan liderləri arasında yalnız ikitərəfli görüşlər gözlənilir, üçtərəfli danışıqlar planlaşdırılmır.
Paşinyan Sankt-Peterburqa getdikdən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi ölkəyə edilən təzyiqlərdən danışıb. Xüsusilə, o, “təzyiqlər edilir ki, [Azərbaycana Ermənistanın cənubundan keçməklə] ekstraterritorial dəhliz təmin etsin və [Rusiya-Belarus] birlik dövlətinin bir hissəsi olsun”.
Siyasi analitik Suren Surenyants deyir ki, ittifaq dövləti haqqında danışmaq “Ermənistanı təhdid edən real riskdən” daha çox təbliğat xarakteri daşıyır. O deyir ki, hakimiyyət onlardan kimdən və nə tələb olunduğunu açıq şəkildə göstərməlidir – istər hər hansı birliyə qoşulmaq məsələsində, istərsə də dəhlizlə bağlı.
Paşinyanla Putinin Sankt-Peterburq görüşü ilə bağlı məlum olan hər şey, Ermənistan Təhlükəsizlik Şurası katibinin Ermənistana təzyiqlərlə bağlı izahatları, yəni bu qeyri-rəsmi görüşün mümkün məzmunu, eləcə də ekspert şərhi.
- Zərdüşt Əlizadə: “Nə Ermənistan, nə Azərbaycan cəmiyyəti qərar qəbul etmir”
- Ağdamda qardaşının məzarını axtararkən
- Qarabağdakı yataqlarda iş dayandırılıb: bu nə deməkdir? Bakıdan şərh
Paşinyan: “Əsas məsələ Laçın dəhlizindəki vəziyyətdir”
Ermənistanın baş naziri Putinlə görüşdə deyib ki, Ermənistan üçün ən aktual məsələ Laçın dəhlizindəki böhrandır:
“Laçın dəhlizi 20 günə yaxındır bağlanıb. Bu, Dağlıq Qarabağdakı rus sülhməramlılarının məsuliyyət sahəsidir. Xatırlatmaq istəyirəm ki, Rusiya Federasiyası Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin üçtərəfli bəyanatına [9 noyabr 2020-ci il] əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır. Azərbaycan Respublikası isə Laçın dəhlizi ilə sərnişinlərin, yüklərin, insanların maneəsiz keçməsinə zəmanət verib”.
Paşinyan vurğulayıb: “İndi məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində deyil”.
Putin: “Üçlükdə danışa bildik”
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Sankt-Peterburqda keçirdiyi üçtərəfli müzakirələrin təfərrüatları barədə məlumat verilmir. Yalnız Putinin özünün dediyinə görə, onların baş verdiyi məlumdur.
“Əlbəttə, əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri, Qarabağla bağlı hər şeydir. Beləliklə, razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edəcəyik”, – Rusiya prezidenti bildirib.
Paşinyanla əvvəlki ikitərəfli görüşdə olduğu kimi, bu dəfə də Vladimir Putin Paşinyanın kameralar qarşısında qaldırdığı suallara cavab vermədi və yalnız Ermənistanla Rusiya arasında iqtisadi əməkdaşlığın “pozitiv dinamikasını” vurğuladı:
“Bu ilin on ayı ərzində ticarət dövriyyəsi 73 faiz artıb. Bu, yaxşı nəticədir”.
“Ermənistan ekstraterritorial dəhliz yaratmağa və İttifaq dövlətinə qoşulmağa məcbur edilir”
Paşinyanın MDB-nin qeyri-rəsmi sammitində iştirakının mümkünlüyü məlum olan gündən Ermənistanda Ermənistanın baş nazirinin bu dəfə hansı təzyiqlərə müqavimət göstərməli olacağı, Putinlə görüşdə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı müzakirələr başlayıb.
Bu suallara faktiki olaraq dekabrın 26-da axşam İctimai Televiziyaya müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan cavab verib.
O, söhbətə Azərbaycanın cavabdeh olduğu, lakin Rusiyanın həll etmək səlahiyyətinə malik olan Laçın dəhlizindəki böhrandan başladı.
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Türkiyə və Azərbaycanda “Zəngəzur” adlanan Ermənistan ərazisindən ekstraterritorial dəhliz əldə etmək üçün Laçında təzyiqlər edilir. Armen Qriqoryan bəyan edib ki, Ermənistana təzyiq həm də Rusiya-Belarus İttifaqı dövlətinə qoşulmağa məcburiyyətlə bağlıdır.
“Bu arada, Birlik Dövləti suverenliyin mütləq pozulmasıdır. İttifaq dövlətinə qoşulmaq məsələsi Ermənistanın gündəmində deyil”.
Onun sözlərinə görə, Ermənistanda gedən demokratik proseslər hətta bu məsələnin müzakirə imkanını da məhdudlaşdırır.
Laçın dəhlizinin blokunun açılmasına gəlincə, Qriqoryan əmin edib ki, Ermənistan hökuməti sərbəst və maneəsiz gediş-gəlişi təmin etmək üçün “ixtiyarında olan bütün imkanlardan” istifadə edəcək. O, bu nöqtədə “əsas alətlərin diplomatik olduğunu” söyləyib.
Şərh
Paşinyan-Əliyev-Putin görüşü klassik mənada danışıqlar formasında baş tutmayıb, Rusiya prezidentinin sözlərindən yola çıxsaq, görüşün sammit çərçivəsində pərdəarxası söhbət olduğunu deyə bilərik – politoloq Suren Surenyants hesab edir.
“Təbii ki, müzakirə mövzusu mövcud vəziyyət, Laçın dəhlizi ilə bağlı problemlər və ya böhrana səbəb olan problemlər olmalı idi”, – deyə o, JAMnews-a bildirib.
Ekspert vurğulayıb ki, Sankt-Peterburqda keçirilən görüşlər haqqında məlumat çox azdır və bu, onların məhsuldarlığına qiymət verməyə imkan vermir. Lakin onun proqnozuna görə, Laçın dəhlizi tezliklə açılacaq, Dağlıq Qarabağda humanitar fəlakətin qarşısı alınacaq:
“Güman edirəm ki, yaxın bir-iki günə dəhliz açılacaq. Amma onun dekabrın 12-dən əvvəl, blokadadan əvvəl olduğu rejimdə fəaliyyət göstərəcəyinə həqiqətən də ümid etmirəm. Funksional olaraq bu, rusların yanında Azərbaycan nəzarətinin bəzi elementlərinin də göründüyü yol kimi olacaq”.
Paşinyanın Putinlə görüşdə dediyi – “variantlar nələrdir” sözlərini xatırlayan politoloq belə qənaətə gəlir ki, dəhlizin blokunun açılması “bir növ kompromislərin nəticəsi” ola bilər.
Surenyants Təhlükəsizlik Şurası katibinin “ekstraterritorial dəhliz və ittifaq dövləti” ilə bağlı bəyanatlarına da münasibət bildirib. Deyir ki, Laçın dəhlizi ekstraterritorial deyil ki, onu bağlamaqla həmin dəhlizi Ermənistandan çıxarmağa çalışsınlar. Bundan əlavə, o, hesab edir ki, Ermənistan hakimiyyəti bu mövzuda ziddiyyətli bəyanatlar verir, eyni zamanda Moskva və Bakının onlardan konkret olaraq nə tələb etdiyini – ekstraterritorial dəhliz və ya nəqliyyat əlaqələrini açıq şəkildə ifadə etməlidir.
Politoloqun fikrincə, “İttifaq dövlətinin üzvü olmağa məcbur edilməsi” ilə bağlı da obyektiv əsaslandırmalar təqdim edilməlidir. O xatırladır ki, Moskva əvvəllər belə iddiaları təkzib edib.
Surenyants hesab edir ki, Ukraynada müharibə getdiyi bir vaxtda “yeni birlik ideyası Rusiya üçün aktual ola bilməz”:
“Bu birlik ideyası o zaman dəyərli ola bilər ki, Ukrayna da ona qoşulsun. Və belə bir perspektivi indi müzakirə etmək belə mümkün deyil. Ona görə də mən belə söhbətləri Ermənistanı təhdid edən real riskdən daha çox təbliğat xarakterli hekayə hesab edirəm”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube