Laçın dəhlizində etiraz aksiyası nə vaxt və necə bitəcək? Bakıdan şərh
Qarabağda aksiya nə vaxt bitəcək?
Azərbaycanlı fəalların Laçın dəhlizində etiraz aksiyası doqquzuncu gündür ki, davam edir. Azərbaycanlı politoloq Fərhad Məmmədovun sözlərinə görə, Laçın dəhlizində etirazlara cavab olaraq Qarabağda yaşayan ermənilər Ağdərə-Kəlbəcər yolunu azərbaycanlılar üçün bağlayıblar. Siyasi icmalçı Aqşin Kərimov vəziyyətin sabitləşməsi üçün Bakı ilə Moskva arasında razılaşma əldə edilməli olduğunu bildirir.
- Mixail Saakaşvilinin görüntülərini Gürcüstan Penitensiar Xidməti yayıb
- ABŞ Azərbaycanda ilk dəfə rəsmi şəxsə qarşı sanksiya tətbiq edib
- “Azərbaycan mərhələ-mərhələ Xankəndiyə yön alır”. Bakıdan şərh
“Ağdərə-Kəlbəcər yolu bağlanıb“
Azərbaycan ictimaiyyəti və ətraf mühit fəallarının Laçın dəhlizində etirazlarının doqquzuncu günü sakit şəraitdə keçib. Səhər saatlarında Rusiya sülhməramlı kontingentinin daha bir avtomobil karvanı dəhlizdən keçib. Qarabağın sülhməramlıların nəzarətində olan hissəsinin “blokadaya alınması” ilə bağlı erməni tərəfinin iddialarına Azərbaycan tərəfi Xankəndini Ermənistanla birləşdirən yol boyu sülhməramlıların kolonnalarının keçməsini nümayiş etdirməklə cavab verib.
Günün əsas xəbəri politoloq Fərhad Məmmədovun Qarabağ ermənilərinin Ağdərəni Kəlbəcərlə birləşdirən yolu bağladığı haqda açıqlaması olub. Bu yol Qarabağın erməni əhalinin yaşadığı hissəsindən keçir. Qışda şimal dağ yolu ilə Kəlbəcərə getmək demək olar ki, mümkün deyil və Azərbaycanın bu rayonuna yeni alternativ yolun inşası hələ başa çatmayıb.
Məmmədovun sözlərinə görə, ermənilər Laçın dəhlizində etiraz aksiyasına son qoyulmasını tələb edirlər və bunun müqabilində Kəlbəcərə yolun açılmasının mümkünlüyünü bildirirlər.
“Top Bakıdadır”
“Beləliklə, Laçın yolunda daha bir akt… Sülhməramlılar baryerləri sökdü və nümayiş etdirdi ki, yolu bağlayan onlar deyil. Yəni, Rusiya yolun azərbaycanlı fəallar tərəfindən deyil, Rusiya sülhməramlıları tərəfindən bağlanması haqda Azərbaycan narrativini tamamilə tərksilah etməyə çalışır.
Bununla yanaşı, ermənilər Ağdamdan Kəlbəcərə və Ağdərəyə gedən yolu bağlayıblar və Laçın yolunda nəqliyyatın hərəkəti bərpa olunmayınca açmayacaqlarını bildirirlər.
Top Bakıdadır, o isə yumrudur”, – deyə politoloq Fərhad Məmmədov Qarabağda baş verənləri şərh edib.
Ekspertin fikrincə, Rusiya sülhməramlı kontingentinin və Qarabağ ermənilərinin davranışı onu göstərir ki, Bakı ilə Moskva arasında “erməni siyasi icmalçılarının daim təkrarladığı” kimi “razılaşma” yoxdur:
“Bu şəraitdə nə etmək olar?! İmzalanandan sonra üçtərəfli bəyanatın şərtləri çərçivəsində, xüsusən də şifahi razılaşmalar çərçivəsində qalmalıyıq, yoxsa yox?!
Bu şifahi razılaşmalar olub. Postfaktum məlum olan razılaşmalardan yadımda qalanlar haqda danışacağam:
- Ermənistanın rəsmi şəxslərinin və xarici vətəndaşların Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisinə getməməsi. Sülhməramlılar razılaşmaya seçici yanaşma sərgiləyiblər, çoxlu nümunələr var;
- Azərbaycan Silahlı Qüvvələrinin ərazidən keçidinin təmin edilməsi – hazırda pozulur;
- Qeyri-yerli ermənilərin Qarabağda daimi yaşamasının qarşısının alınması – Vardanyan ortaya çıxdı.
Orada başqa məqamlar da var, amma şifahi razılaşmalar nəticə vermir”.
Məmmədov Laçın dəhlizində etiraz aksiyasının necə və nə ilə bitəcəyi haqda sualı belə cavablandırıb:
“Xarici reaksiya aydındır, daha yaxşı olmayacaq. Rusiya sülhməramlıları Qarabağ ermənilərinin subyektliyi üçün daha çox iş görüb və şifahi razılaşmalar şəraitində qalmaq heç bir nəticə vermir.
- nə olursa olsun aksiya davam etdirilməlidir… hədəf mədəndir. Orada iş dayandırılmalıdır;
- Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı hərbi infrastrukturunun məhv edilməsi yolu ilə ərazidən keçidin təmin edilməsi mümkün ola bilər;
- Aksiya iştirakçıları sülhməramlıların avtomobillərini yoxlamalıdırlar – “xalq nəzarəti”, Volkov və Moskvada sovet keçmişinə nostaljisi olan insanlar üçün bu termin tanışdır;
- bütün infrastrukturun Azərbaycana verilməsi (elektrik və qaz) və Ermənistandan Azərbaycan ərazisinə maliyyə köçürmələri imkanlarının kəsilməsi;
- Şərti sərhəddə – sülhməramlıların məntəqələri qarşısındanəzarət keçid məntəqəsi – bu, artıq üçtərəfli bəyanatın müəyyən təftişidir, lakin bunun da vaxtı artıq yetişib. Bundan daha pis olmayacaq”.
“Bakı və Moskva arasında razılaşma tələb olunur”
Siyasi icmalçı Aqşin Kərimov hesab edir ki, hazırda Laçın dəhlizi boyu keçirilən etiraz aksiyaları “vacibdir, çünki dövlətin strateji müdafiə reflekslərinə xalqın dəstəyini göstərir”.
Onun sözlərinə görə, Qarabağda keçirilən etira aksiyasının hansı istiqamətdə getməsi “Azərbaycan və Rusiyanın hansı razılaşmalara gələcəklərindən” asılıdır:
“Birinci, Bakı ilə Moskva Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki təbii sərvətlərin birgə istismarına dair razılığa gələ bilər.
İkinci, Azərbaycanb Ruben Vardanyanın öz ərazilərindən getməsini tələb edir və Moskva bu çağırışa cavab verməlidir.
Üçüncü, Rusiya qanunsuz erməni dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasında iştirak etməlidir, çünki Bakı 10 Noyabr Bəyanatının 4-cü maddəsinə tövsif edərək belə tələb səsləndirir.
Üç istiqamət və ya bunlardan biri üzrə həlledici razılaşmaların olacağı təqdirdə aksiyalar dayanacaq”.