“Bu, Putinin Paşinyana təzyiqidir”. Qarabağdakı hadisələrlə bağlı Bakıdan şərh
Laçın dəhlizində etirazlar
Azərbaycanlı fəalların Laçın dəhlizində keçirdiyi etiraz aksiyasının dördüncü günü aksiya iştirakçılarının bəzi tələblərinin əlavə olunması ilə yadda qalıb. Rusiya sülhməramlı kontingentinin komandanı ilə görüş və azərbaycanlı mütəxəssislərin Qarabağın qızıl-mis yataqlarının monitorinqinə buraxılması ilə bağlı ilkin tələblərə Xankəndini Ermənistanla birləşdirən yola Azərbaycan sərhədçiləri və gömrükçülərinin yerləşdirilməsi tələbləri də əlavə olunub.
- ABŞ Azərbaycanda ilk dəfə rəsmi şəxsə qarşı sanksiya tətbiq edib
- “Atamın həbsdə ölməsinə imkan verməməliyik” – Gürcüstanın eks-prezidentinin oğlu
- Rusiya və Azərbaycan arasında qalan kəndlilər
Bazar ertəsi, 12 dekabr səhər saat 10:30-da azərbaycanlı ictimai və ekoloji fəalların Laçın dəhlizində başlatdığı etiraz aksiyası dördüncü gündür ki, davam edir. Hadisə yerindən hər iki istiqamətə gedən yol Rusiya sülhməramlı kontingenti tərəfindən bağlanıb.
Sülhməramlıların bu gün səhər saatlarında hadisə yerinə səsgücləndiricilər gətirmələri istisna olmaqla, hərəkətlərində ciddi dəyişiklik olmayıb. Ancaq niyə orada olduqlarını hələ heç kim bilmir. Şahidlərin sözlərinə görə, gündüzlər səsgücləndiricilər vasitəsilə sülhməramlılar İkinci Dünya Müharibəsindən bəri məşhur olan “Katyuşa” mahnısını səsləndirirlər. Etiraz edən azərbaycanlılar fit çalaraq mahnının səsini batırmağa çalışıblar.
Etirazçıların yeni tələbləri
İlkin olaraq etirazçılar yalnız iki tələb səsləndiriblər: Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun onlarla görüşə gəlməsi və Rusiya sülhməramlılarının nəzarətində olan ərazidəki qızıl və mis yataqlarının monitorinqi üçün azərbaycanlı mütəxəssislərin buraxılması. Hələlik bu tələblərin heç biri sülhməramlı kontingent tərəfindən yerinə yetirilməyib.
Dekabrın 15-də etirazçılar yeni tələblər səsləndiriblər.
Belə ki, aksiya iştirakçıları Qarabağın erməni əhalisinin yaşadığı hissəsinə Rusiya sülhməramlıları və Azərbaycanın dövlət orqanları tərəfindən birgə nəzarət tələb ediblər.
Tələblər siyahısına Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin nəzarətinin bərpası da yer alıb.
“Üçtərəfli bəyanatın müddəaları tam yerinə yetirilmədiyinə görə Ermənistanla sərhəddə Laçın istiqamətində Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrı-ayrı postları yaradılmalıdır”, – deyə fəalların bəyanatında bildirilib.
“Rusiya sülhməramlılarına alternativ haqda söhbət belə gedə bilməz”
Laçın dəhlizində etiraz aksiyası başlayandan sonra Ermənistan rəsmiləri Qarabağda beynəlxalq sülhməramlı kontingentin yaradılmasının zəruriliyini bəyan ediblər. Bu barədə xüsusilə Ermənistan parlamentinin spikeri Alen Simonyan danışıb.
Milli Məclisin deputatı Arzu Nağıyevin sözlərinə görə, Qarabağda Rusiya sülhməramlı kontingentinə hər hansı alternativdən danışmaq mümkün deyil:
“10 noyabr 2020-ci il bəyanatı var və buna uyğun olaraq, Rusiya sülhməramlıları bölgədədir. Həm də sülhməramlı qüvvələr Qarabağ ermənilərini qorumaq üçün ora gəlməyib, onlar münaqişə edən tərəflərin arasında dayanmaq üçün gəlib”.
Nağıyev “Azadlıq Radiosu”na müsahibəsində vurğulayıb ki, Yerevan Avropa Birliyinin missiyasının sərhəddə monitorinqinin davam edəcəyini düşünürdü, amma əksinə oldu:
“İkincisi, separatçı Araik Arutunyanın da Paris səfəri ciddi nəticələrlə bitmədi.
Bütün bunları götürdükdə Ermənistanın məqsədi Rusiyadan uzaqlaşmaqdır. Çünki son hadisələr zamanı sülhməramlıların azərbaycanlılara qarşı ciddi addımlar atacaqlarını hesab edirdilər. Lakin sülhməramlıların rəhbərliyi Azərbaycan ərazisində olduqlarını başa düşür”.
“Bu, Putinin Paşinyana təzyiqidir”
Müxalif siyasətçi Azər Qasımlı əmindir ki, ermənilərin Laçın dəhlizinin əslində kim tərəfindən bağlandığının fərqindədirlər:
“Ermənistan bir neçə gün öncə Laçın dəhlizini Bakının bağlamadığnı yaxşı bilir. Sadəcə Putin son hadisələrlə Paşinyan hökumətinə təzyiq göstərir, necə ki, əvvəllər də oxşar təzyiqlər olub”.
Qasımlının sözlərinə görə, ki, əgər gələcəkdə hansısa sülhməramlı kontingentin Qarabağda yerləşdirilməsi gündəmə gələrsə, Skandinaviya ölkələrinə üstünlük verilməlidir:
“Çünki onların bölgədə heç bir maraqları yoxdur, neytraldırlar. İkincisi, gələcək sülhməramlı missiyada rusların gətirdiyi ağır silahlardan olmamalıdır. Üçüncüsü, bu missiya müvəqqəti xarakter daşımalıdır, konkret dönəm olmalıdır. Dördüncüsü, “yol xəritəsi” hazırlanmalıdır ki, kontingent gəlib gedənə qədər bölgənin Azərbaycana inteqrasiyası hansı mərhələlərdən keçəcək. Yeri gəlmişkən, ABŞ-nın sabiq prezidenti Tramp demişdi ki, Qarabağda Skandinav ölkələrinin sülhməramlı kontingenti yerləşdirilsə, məqsədəuyğun olar”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube