Sevgi hekayələri
Birinci hekayə: Lamiyə
Bütün qonşular bir-birinə dəyib. Zarafat deyil, nişanlı qız toyuna bir həftə qalmış başqa oğlana qoşulub qaçıb. Həm də quda olacaq ailələr arasında onilliklərin dostluğu var. Amma betərin betəri olur: ailələr üçün ən dəhşətlisi odu ki, erməni qız öz erməni nişanlısını qoyub, bir azərbaycanlıyla qaçıb.
Hadisə 1986-cı ilin yayında əsasən ermənilərin yaşadığı Xutor qəsəbəsində cərəyan edirdi.
Qalmaqalın səbəbkarı Lusine atdığı addımdan qətiyyən peşman deyil:
“Qrayrla bir məhəllədə doğulub, böyümüşdük. Bir məktəbdə oxumuşduq. Ailələrimiz uşaqlıqdan bəri bizi bir-birimizə yaraşdırmışdılar. Mən də gözümü açıb Rayiki [Qrayrın qısaldılmışı – müəllif qeydi] gördüyüm üçün onu sevdiyimi sanırdım. Odu ki, evlənmək təklifi alanda heç düşünmədən razı oldum. Çox gəncdim, indiki ağlımla anlayıram ki, sevgi ilə dostluğu qarışıq salmışdım. Amma Rasimi tanıyandan sonra əsl sevginin nə olduğunu anladım”, – Lusine danışır.
Lusine Rasimlə birlikdə musiqi peşə məktəbində oxuyub. O da gözəl erməni qızına aşiq olub. Nəinki fərqli millətlərdən, dinlərdən olmaları, heç qızın nişanlı olması da vecinə olmayıb Rasimin. Amma dərdlərini ailələrinə açıb deyə bilməyiblər.
“Rasim Lənkərandan gəlmişdi Bakıya. Cənub bölgəsində isə insanlar çox mühafizəkardı. Başqa dindən, başqa millətdən, üstəlik də nişanlı qızı oğullarına layiq görmədilər. Mən isə ümumiyyətlə məsələni açıb anama deyə bilmədim. Anam Nina xala ilə [Qrayrın anası] rəfiqə yox, bacı idi. Atam rəhmətə gedəndən sonra Vazgen əmi [Qrayrın atası] öz uşaqları ilə birgə bizə də atalıq etmişdi. Odu ki, səsimi çıxarıb, nişanı qaytarmaq istədiyimi deyə bilmədim”.
Bu vəziyyətdə gənclər üç ailəni qarşılarına alıb gizlincə rəsmi nikah bağlayıblar, sonra da qoşulub qaçıblar.
“Hər ikimizin ailəsi xeyli müddət bizimlə danışmadı. Bir yandan da Rayikin ailəsi”, – Lusine deyir.
Yeni evli cütlük kiçik otaq tutub yaşamağa başlayıb. Rasim həm işləyir, həm oxuyurmuş. Əl-ələ verib ailələrin dəstəyi olmadan bir təhər dolanırlarmış.
Az sonra Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı münaqişənin qığılcımları görünməyə başlayır. İlk övladları dünyaya gələn il – 1988-ci ildə Lusinenin bütün ailəsi, qohum-əqrəbası Azərbaycanı tərk etməli olur.
Vəziyyət ciddi idi, artıq umu-küsü zamanı deyildi. Anası nəvəsini görmək bəhanəsi ilə ilk dəfə Lusine ilə Rasimi ziyarət edir.
“Nə yalan deyim, məsələnin bu həddə çatacağını heç ağlımın ucundan da keçirmirdim. Düşünürdüm ki, başlanan bu problemlər mütləq bitəcək, indi köçməyə məcbur olan adamlar sonra yenidən öz evlərinə qayıdacaqlar. Əslində elə anam da bütün bunların müvəqqəti olduğunu fikirləşirdi. Amma yenə də məni qoyub getmək istəmirdi, deyirdi, uşağı da götür, gedək. Razlaşmadım. Müvəqqəti sandığımız vəziyyət isə 30 ilə yaxındır ki davam edir”.
Anası bütün digər qohumları ilə birlikdə Bakını tərk edib. Gedərkən də Xutordakı iki evlərindən birini onlara bağışlayıb.
“Anamgil Rostova yerləşdilər. Müharibə bitəndən xeyli sonraya qədər görüşmədik, amma məktublaşırdıq. Anamdan qohumlarımızı, qonşularımızı da soruşurdum. Bir gün Qrayrın kiçik qardaşı Robertin (biz ona Robik deyirdik) müharibədə öldüyünü yazdı. Çox pis oldum, o mənim kiçik qardaşım kimi idi. Sonralar yoldaşımın xətrini dünyalar qədər istədiyim dayısı oğlu da müharibədə həlak oldu, qaynım yaralandı. Onlar üçün də, Robik üçün də eyni cür yandığımı hiss edəndə müharibənin nə qədər əbəs olduğunu bir daha anladım”.
Ermənilər qəsəbəni tamam tərk edəndən sonra onları Ermənistandan gələn azərbaycanlı qaçqınlar əvəz eləmişdi.
Lusine adını rəsmən dəyişərək “Lamiyə” eləmişdi. Amma buna baxmayaraq, yeni qonşular onun erməni olduğunu öyrənib:
“İlk vaxtlar mənə əyri-əyri baxırdılar, yoldan ötəndə dalımca danışdıqlarını eşidirdim. Onları da anlamaq olar, ev-eşiklərindən olmuşdular. Amma bu münasibət uzun çəkmədi. Bir-birimizi yaxından tanıdıqca, münasibətlərimiz yaxşılaşdı. Hətta bir ermənistanlı azərbaycanlı qadınla elə dostlaşdıq ki, anamla Nina xalanın dostluğu yalan oldu bizimkinin yanında”.
1990-cı ilin lap əvvəlində Rasimin böyük qardaşı Rauf da həyat yoldaşı Rəfiqə ilə birlikdə Xutorda ev alır və Bakıya köçür. O zaman Rasimlə Lamiyənin artıq ikinci qızları dünyaya gəlir. Rauf və Rəfiqə isə onlardan çox əvvəl evlənsələr də, övlad sahibi ola bilmirlər.
“Onlar çox istəyirdilər övlad sahibi olmağı, amma Allah vermədi. Biz də ikinci qızımızı onlara verdik.
Adını Əminə qoydular. Daha sonra bizim iki qızımız və bir oğlumuz da oldu. Amma nə qədər övladı olsa da, ana üçün hər birinin yeri ayrıdı. Çox peşman oldum. Övladlıq məsələsi rəsmiləşdirilmişdi, geri ala bilməzdim. Bu səbəbdən hətta qaynımla münasibətlərimiz də gərginləşdi. Evimizi satıb 1996-da Lənkərana qayınanamgilin yanına köçməyimizin əsas səbəbi də elə bu idi”.
İkinci hekayə: Əminə
Əminə 19 yaşına qədər Raufla Rəfiqəni doğma valideynləri bilir:
“Atam da, anam da bir övladın dada biləcəyi ən böyük sevgini veriblər mənə. Onların doğma övladı olmadığımı ağlımın ucundan belə keçirə bilməzdim. Təəssüf ki, Allah atamı bizə çox gördü, ürək çatışmazlığından vəfat edəndə hələ 14 yaşım vardı. Anamla biz-bizə qaldıq. Daha möhkəm bağlandıq bir-birimizə”.
19 yaşında Əminə özü haqda həqiqəti öyrənir, deyir ki, bu, həyatının ən dəhşətli dövrü olur. Niyəsini anlatmaq üçün o, ilk sevgi hekayəsini danışmalı olur.
“Mənim 17, Əlinin 20 yaşı vardı. Qonşumuzun oğlu idi. Vurulmuşduq. Anası ilə nənəsi bizə elçi gəldi. Anamın cavabı nə “hə”, nə də “yox” oldu. Dedi ki, gəncdilər, qızım oxumalıdı, oxusun, sizin oğlan da işinə-gücünə baxsın. Əgər bir neçə ildən sonra öz fikirlərində qəti olsalar, etiraz etmərəm. Çox ağıllı hərəkət idi. Etiraz etsəydi, daha da dirəşəcəkdik, qoşulub qaçmaq da olsa, evlənəcəkdik, sonrası isə mütləq peşmanlıq olacaqdı. Çünki anamın dediyi kimi bir neçə il keçəndən sonra nə qədər fərqli olduğumuzu anladıq, yollarımız ayrıldı. Həm də aramızda heç bir inciklik olmadan. İndi o da evlidi, mən də evliyəm, hərə öz həyatında xoşbəxtdi”, – Əminə deyir.
Sonra da əlavə edir ki, sevgiləri yarım qalsa da, insan kimi Əlinin dəyəri onun üçün böyükdür. Həyatının ən böyük şokunu yaşadığı gün Əlinin əslində onu onun özündən daha yaxşı tanıdığını anlayıb.
“19 yaşım vardı. Əli ilə ayrılmışdıq, amma dost kimi, qonşu kimi yenə də yaxşı münasibətimiz qalırdı. Bir gün dərsdən qayıdanda, qonşuluqda ermənistanlı qoca kişi vardı, ağızdan betər adamdı, yetənə yetib, yetməyənə daş atanlardan, saxladı məni. “Ay erməni qızı, anan necədi?” dedi.
Bir şey anlamadım, “qoca kişisən, danışığını bil, erməni də özünsən dedim”. Səsə Əli çıxdı evlərindən. Kişinin üstünə qışqırdı, mənə də qışqırdı ki, qulaq asma, get evə. Lap çaşıb qalmışdım, heç nə anlamırdım. Kişi də heç susmurdu – “Anan ermənidi də, yalan deyirəm bəyəm?”
Anam erməni deyil, tatardı, nə axmaq-axmaq danışırsız, dedim. “Rəfiqəni demirəm, o əmin arvadıdı. Lamiyəni deyirəm, sənin əsl anan odu, özü də ermənidi, səni Rəfiqəyə verib”, dedi. Elə bildim yer ayağımın altından qaçdı, şok içində donub qalmışdım. Səs-küyə qonşular tökülüşdü, hamısı düşdü bu kişinin üstünə, məni də evə apardılar”.
Bu hadisədən sonra Əminə uzun müddət müalicə, psixoloji dəstək almalı olub.
“Həyatımın ən ağır dövrünü yaşadım. Eyni günün içində özüm haqda təsəvvür belə etmədiyim iki şey öyrəndim. Mən həm övladlıq idim, həm də yarı erməni idim. Amma mən özüm bunu bilməsəm də, Əli də, ailəsi də bilirmiş. Onlar məhəllənin köklü sakinləri idi, ermənilərin vaxtından yaşayırdılar orada. Amma Əli heç vaxt bunu mənə hiss elətdirməmişdi, məni mən kimi sevmişdi”.
Əminə də bioloji anası və atası kimi musiqiçidi. Piano ifaçısı və müəllimidi.
Anasına gəlincə, Əminə deyir ki, onun bircə anası var, o da onu böyüdən qadındı. Bacılarını və qardaşını isə əmiuşaqları kimi qəbul edir. Çox istəsə də, doğma bacı-qardaş yerinə qoya bilmir.
İndi Əminənin özü də anadı, iki övladı var. Hazırkı ailəsi övladlıq olduğunu bilsələr də, bioloji anasının erməni olduğunu bilmirlər.
“Bəlkə bilsələr, onlar da bunu problem etməzdilər, amma anam çəkindi, deyə bilmədi, məni də qoymadı deyim”.
Əminə deyir ki, münaqişənin qızğın vaxtında körpə olduğu üçün bu haqda çox az şey bilir, ümumiyyətlə bu məsələ onu az maraqlandırırmış. Amma hər iki münaqişə tərəfinə aid olduğunu öyrənəndən sonra məsələyə tamam ayrı nöqtədən baxmağa başlayıb.
“Bioloji atamla anam bir-birlərini seviblər, neçə yaşları var, hələ də sevirlər. Əli də mənim yarı erməni olduğumu bilərək sevib. Deməli, millətlərin fərqliliyi insanların bir-birini sevməsi üçün maneə deyil. Amma təəssüf ki, insanlar çox vaxt sevgini yox, nifrəti, kini seçirlər. Halbuki müharibələrin siyasətçilərdən başqa heç kimə heç bir xeyri yoxdu, kaş ki, insanlar bunu anlasalar və heç vaxt unutmasalar”.
Xutorda görüşdüyümüz Lamiyə köhnə məhəlləsinə çox nadirən gəldiyini deyir.
“Gələndə sanki doğma məhəlləmə yox, tamam yad bir yerə gəlirəm. Burda hər şey çox dəyişib, tikililər artıb, boş yer qoymayıblar qalsın. Bu sıxlıq adamın üstünə gəlir. Bir yandan da köhnə məhəlləmiz, gözəl qonşuluqlar, erməni, müsəlman fərqi qoymadan mehribanca yaşadığımız zamanlar üçün çox darıxıram. Novruzu da, Pasxanı da birlikdə qeyd edə bilməyin necə böyük xoşbəxtlik olduğunu o zamanlar təsəvvür belə edə bilmirdik.
Desəm ki, indi burda mənə pisdi yalan olar. Yoldaşımın ailəsi bircə dəfə mənə “ermənisən” deyib, pis münasibət göstərməyib. Yoldaşımla ilk gün kimi sevirik bir-birimizi, həyatımdakı ən böyük dayağımdı. İldə, iki ildə bir dəfə Rostova gedib anamı, bacı-qardaşlarımı da görə bilirəm. Amma əgər ailədən kənarda erməni olduğumu gizlətməyə məcburamsa, deməli, heç də hər şey qaydasında deyil. Bax, bunu etdi bizə müharibə!”