İran Azərbaycanla gərginlik yaratmaqla nə əldə etdi? – Bakıdan şərh
İran və Azərbaycan arasında gərginlik
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ölkəsinin Yerevan və Bakı ilə münasibətləri tərəflərdən birinin hesabına tənzimləməyəcəyini bildirib. O qeyd edib ki, Tehran tərəflərin heç birinə üstünlük vermir. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin ekspertlərinin fikrincə, İranın Azərbaycanla gərginlik yaratmaqda əsas məqsədi regionda Təl-Əviv – Ankara – Bakı üçbucağını məhv etmək olub. Lakin hər şey Tehranın hazırda daxili problemlərlə daha çox məşğul olması ilə başa çatıb – azərbaycanlı analitiklər vurğulayıblar.
- Fransanın Azərbaycana qarşı şantaj siyasəti nəyə xidmət edir? Bakıdan təhlil
- Azərbaycanın keçmiş xarici işlər naziri: “Hərbi əməliyyatların bərpası getdikcə reallaşır”
- “Siz qəzəbli və paxılsınız” – Gürcüstanın baş naziri parlamentdə müxalifətə qarşı ittihamlarla çıxış edib
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian yerli jurnalistlər üçün keçirdiyi brifinqdə ölkəsinin Yerevan və Bakı ilə münasibətləri tərəflərdən birinin hesabına tənzimləməyəcəyini bildirib.
“Tehran Ermənistan və Azərbaycanı İranın iki qonşusu hesab edir və tərəflərin heç birinə üstünlük vermir”, – XİN rəhbəri bildirib.
“İran üçün prioritet bütün qonşularla münasibətlərdir. Həmçinin, Tehranın Azərbaycan da daxil olmaqla qonşularının ərazisində heç bir planı yoxdur. İran regionda istənilən geosiyasi dəyişikliyə reaksiya verəcək”, – deyə “Farsnews” nazirdən sitat gətirib.
Gərginlik İranın nəyinə lazımdır?
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) ekspertlərinin fikrincə, İbrahim Rəisi hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələr gərginliklə müşaiyət olunurdu. İran Ermənistan sərhədlərini qırmızı xətt adlandırıb, iki dəfə sərhədlərimiz yaxınlığında təlimlər keçirib.
“Lakin, irəli sürülən ittihamların arxasında real əsas yoxdur. Praqa və Soçi bəyannamələrində Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını tanıdıqlarına dair, ilin əvvəlində isə Bakı və Tehran Şərqi-Zəngəzur-Naxçıvan dəhlizinin açılması ilə bağlı razılıq əldə etmişdilər.
İranın süni gərginlik yaratmaqda əsas məqsədi Rusiyanın zəifləməsindən istifadə edərək regionda nüfuzunu artırmaq, Zəngəzur dəhlizinin (ZD) açılmasına imkan verməmək və Ankara-Bakı-Tel-Əviv üçbucağını zəiflətmək idi”, – azərbaycanlı politoloqlar qeyd ediblər.
Bakının cavabı nə oldu?
Ekspertlər vurğulayırlar ki, təzyiqlərə rəğmən İran təmamilə əks nəticələr əldə etdi.
“Bakı Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə yiyələnib, mövqe üstünlüyü qazandı. Hazırda Azərbaycan silahlı qüvvələri Ermənistanın İrana gedən strateji yollarını vizual nəzarətdə saxlayır.
Zəngəzur Dəhlizi Ermənistanın 10 noyabr razılaşması üzrə yerinə yetirməli olduğu öhdəlikdir. Buna görə də İranın təhdidlərinə rəğmən Bakı ZD ilə bağlı mövqeyindən geri çəkilmədi. Əksinə, beynəlxalq təşkilatların rəsmi sənədlərinə bu məsələni daxil edir”, – deyə analitiklər bildiriblər.
İranın əməllərinə beynəlxalq cavab
“İranın təlimlərinə cavab olaraq Azərbaycan xüsusi təyinatlıları İranla sərhəddə təlimlər keçirdilər. İranla problemli münasibətlərə malik ölkələrin Bakıya diqqəti artdı. Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu İran xarici işlər nazirinə, Pakistanın rəhbəri və İsrailin müdafiə naziri isə Azərbaycanlı həmkarına zəng etdi”.
CQTM xatırladır ki, Çavuşoğlu Azərbaycanla dostluq əlaqələrindən, İsrailin müdafiə naziri Hants isə Azərbaycanla hərbi əlaqələrin inkişafından danışıb. Elə həmin günlərdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın təhdidləri qarşısında Azərbaycana dəstəyini davam etdirəcəyini bildirib. Baş qərargah rəisi Kərim Vəliyev ABŞ-ın ölkəmizdəki hərbi attaşesi və NATO-nun kontr-admiralı ilə ayrı görüşlər keçirib.
Casus şəbəkəsinin ifşası
“Eyni zamanda DTX İran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını xəricdə hərbi təlimlərə cəlb etməsi, maliyyələşdirməsi və təhlükəsizlik maraqlarımıza zidd istifadə etməsi halları ilə bağlı kompleks araşdırma, ifşa və yaxalama tədbirləri həyata keçirdi.
Black Rewards haker qrupu İranın yanvar və mart aylarında Bakıdakı casus şəbəkəsinə €47.158 (Avro) və €75.000, Naxçıvandakı casus şəbəkəsinə isə €15.083 və €30.000 pul köçürdəcəyini isbatlayan sənədlər yaydı.
Azərbaycan xüsusi xidmət orqanları ilə paralel olaraq Gürcüstanın təhlükəsizlik orqanları bu ölkədə mövcud İran casus şəbəkəsinin ifşa edilib, yaxalanması istiqamətində əməliyyatlar apardı”, – azərbaycanlı politoloqlar qeyd ediblər.
İran nəyə nail oldu?
Onların sözlərinə görə, İranın destruktiv siyasəti Aİ tərəfindən yeni sanksiyaların qəbul edilməsinə və İsraildə Binyamin Netanyahunun yenidən hakimiyyətə qayıtmasına təsir göstərdi:
“Azərbaycan İsraildə səfirlik, Fələstində isə nümayəndə ofisinin açılması haqqında qərar qəbul etdi. Həmçinin İsrailin dəstəyi ilə Azərbaycanda kibertəhlükəsizlik mərkəzi açılacaqdır. İsrailin xarici işlər nazirliyi və ABŞ-da AİPAC və AJC kimi nüfuzlu yəhudi təşkilatları səfirliyin açılmasını “tarixi qərar” adlandırdılar.
Azərbaycan prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənd sammitində güney azərbaycanlılar daxil türkdilli xalqların hüquqlarının və milli kimliyinin (dil hüququ) qorunması kimi məsələlərin təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağı təklif etdi.
Məqsədlərinə çata bilməyən İran, Bakıya Xamneyinin müşaviri Əli Əkbər Vilayəti vasitəsi ilə barışıq məğzli siqnallar göndərdi. Vilayəti İranın hücuma keçmək fikrində olmadığını və Azərbaycan xarici ölkə tərəfindən hücuma məruz qaldığı təqdirdə onun yanında olacağını bildirdi.
Beləliklə, İran bu gərginlikdən qazanmadı, əksinə, İranın daxilində daşlar yerindən oynadı, qarşısı alınmayan proseslər başladı və bu proseslərin nəticələri yaxın gələcəkdə özünü biruzə verəcəkdir”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube