Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımır – Bakıdan şərhlər
Putinin Valdaydakı çıxışı, şərhlər
Valday forumunda Ermənistan nümayəndəsinin sualına cavab verən Rusiya prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Rusiya variantının Qarabağın RF sülhməramlılarının müvəqqəti yerləşdirildiyi hissəsi üzərində Azərbaycanın suverenliyini nəzərdə tutmadığına açıq şəkildə eyham vurub. Putinin sözləri Azərbaycanın ekspertlər çevrəsində böyük rezonans doğurub.
- Gürcüstan parlamentinin spikeri: “Rusiyanın Ukraynaya hücumunu pisləyirik”
- Azərbaycan Gürcüstanla müttəfiqliyə can atır. Əliyevin Tbilisi səfərinə sözardı
- Rusiyanın yerinə – Türkiyə və Azərbaycan. Bəs Gürcüstan? Gürcüstanlı ekspertin şərhi
Rusiya prezidenti Vladimir Putinin Valday forumunda çıxışı Azərbaycan siyasətçilərinin və siyasi icmalçılarının diqqətindən kənarda qalmayıb.
Ermənistan nümayəndəsinin sualına cavab verən Putin Rusiyanın vaxtilə mərhələli nizamlama planı təklif etdiyi, Ermənistanın isə imtina etdiyi və bu gün bunun nəticəsini gördüyü haqda məlum tezisi təkrarlayıb.
Daha sonra PF prezidenti mühüm dəqiqləşdirmə edib: “Ermənistan qoy özü qərar versin ki, münaqişəni kimlə həll edir – Qərblə, yoxsa Rusiya ilə”. Onun sözlərinə görə, Qərb variantı Qarabağın Azərbaycanın tərkibinə aid olduğunu nəzərdə tutur. “Özünüz qərar verin”, – Putin deyib.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube
“Putin Paşinyanı hədəf seçib”
Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, Putinin sözlərindən aydın olur ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı ABŞ tərəfindən təklif olunan (Avropa Birliyi tərəfindən də dəstəklənən) “Vaşinqton variantı” mövcud imiş:
“Putin bildirib ki, “Vaşinqton variantı” Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur.
Onun “əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik”, – sözlərində narazı ton açıq hiss olunur. Aydındır ki, Rusiya Qərbin təklif etdiyi sülh anlaşmasına dəstək verməz. Həmin cümlənin bəsit dilə tərcüməsi budur ki, əgər siz – ermənilər bütün Qarabağ üzərində Azərbaycanın hakimiyyətinə razısınızsa, onda özünüz bilərsiniz, qərar sizindir, bu halda Moskvadan bir şey gözləməyin. Yəni “günah bizdən getdi…”
Şahin Cəfərli qeyd edir ki, Rusiyanın mövqeyinə görə, Qarabağ sülh razılşmasında əksini tapmalı olan müəyyən “özünəməxsus xüsusiyyətlərə” malikdir:
“Putin Azərbaycanın maraqlarını nəzərə aldıqlarını, lakin əhəmiyyətli dərəcədə məhz müttəfiq Ermənistanın nə təklif edəcəyinə diqqət edəcəklərini söyləməklə Paşinyanı hədəf taxtasına qoyur. O, erməni xalqına mesaj verir ki, əgər ortaya sizi qane etməyən sülh variantı çıxacaqsa, bunun günahkarı Paşinyan olacaq, ondan hesab sorun, biz Rusiya olaraq sizə dəstək verməyə hazır idik”.
Ekspert bildirir ki, indi böyük ehtimalla Ermənistan müxalifəti Putinin sözlərinə istinad edərək Paşinyanı Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınmasını (və təbii ki, ərazi iddialarından rəsmən imtina olunmasını) ehtiva edən sülh müqaviləsinə imza atmaqdan çəkindirmək üçün ona basqı quracaq. Putinin mövqeyi fərqli alternativin də mümkünlüyü ilə bağlı ermənilərdə ümid yaradır. Bu, şübhəsiz ki, Paşinyanın işini çətinləşdirəcək.
“Şübhə yoxdur ki, “Vaşinqton variantı”nda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəlar da var, bunsuz zatən sülh müqaviləsi olmaz. Muxtariyyət statusu Azərbaycan üçün qəbulolunmazdır, amma yerli hakimiyyət orqanları çərçivəsində özünüidarəetmə modelinə (təbii ki, bütün ölkə miqyasında) və Qarabağ erməniləri üçün müvəqqəti beynəlxalq təhlükəsizlik təminatlarına razılaşmaq olar”, – Şahin Cəfərli əlavə edib.
“Sülh müqaviləsinin imzalanması ehtimalı Putini narahat edir”
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu bildirib ki, Putinin Valday forumundakı çıxışından “ən azı 7 nəticə çıxarmaq olar”:
- Vaşinqton Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edir;
- Putin Vaşinqton planının Ermənistan tərəfindən qəbul olunacağından və iki ölkə arasında sülhün yaranacağından narahatlığını ifadə edir;
- Putin yenə təxribat törədərək məsuliyyəti tərəflərin üzərinə atmağa hazırlaşır;
- Putin Ermənistandan seçim tələb edir, əgər bu seçim Rusiyanın imperialist maraqlarına uyğun olmazsa, onda müxalifəti yenidən hakimiyyətin üzərinə qaldıracağı ilə bağlı Paşinyana xəbərdarlıq edir;
- Putin Azərbaycanı Qarabağı öz nəzarətində saxlayacağı ilə təhdid edir;
- Putin Azərbaycan xalqının da, hakimiyyətinin də rəyini heç nə sayır;
- Putin deyir ki, biz erməni xalqının seçimini dəstəkləyəcəyik.
“Əminəm ki, bizim öz planımız var”
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da Vladimir Putinin Valday forumundakı çıxışı ilə bağlı fikirlərini bölüşüb:
“Beləliklə “Valday”…
Birinci növbədə nə ilə maraqlıdır? O, sadəcə Minsk Qrupunda “gizli” baş verənləri ictimailəşdirdi.
Xarici oyunçuların münaqişəni idarə etməsi və deməli, münaqişə vasitəsilə Ermənistan və Azərbaycanı idarə etməsi üçün iki mövzu prinsipial vacibdir:
- danışıqlar prosesinin moderasiyası – idarə olunması;
- “sülhün dəstəklənməsi üzrə qüvvələrin” moderasiyası – idarə olunması.
2020-ci il 10 noyabrdan sonra hər iki mövzuda Türkiyənin ciddi rolu ilə birlikdə Rusiya dominantlıq edirdi. Bu, Qərb və Ermənistanı qətiyyən təmin etmirdi.
İndi vəziyyət qismən dəyişib. Qərb sistemli şəkildə, siyasi təsir vasitəsilə danışıqlar prosesinə de-fakto qayıtmasını təmin edib və “sülhməramlı qüvvələr”də iştirak mövzusunu “itəkləməkdə” davam edir. Düzdür, Ermənistandan şərti sərhəddə Rusiya ilə paralel faktiki mövcudluğuna nail olmaqla. Ehtimal etmək lazımdır ki, həm Qərb, həm də Rusiya Azərbaycan hakimiyyəti ilə “yerli ermənilər” arasında format yaratmaq və danışıqlarda iştirak etmək üçün çox çalışacaqlar.
İndi status mövzusunda Qərb və Rusiya Federasiyasının mövqelərindəki “fərqlər” haqqında. Bu fərqlər yoxdur, Minsk Qrupunun 25 illik təcrübəsinin göstərdiyi kimi, mənasızdır, çünki hamını qane edəcək nəticə əldə etmək mümkün deyil… onda bu elan edilmiş mövqelər asanlıqla dəyişəcək.
Ən son isə… zəifləyən Rusiyanın Qarabağı tərk etməsi ehtimalı çox yüksəkdir, ola bilsin ki, öz tandem tərəfdaşı Türkiyəyə de-fakto yol versin. Amma Qərb Qarabağa “girsə”, o zaman uzun müddətli olacaq, çünki hər cür makron və pelosi optimizmi ruhlandırmır…
Ümumiyyətlə, Minsk Qrupu parça-parça dirçəlməyə və qayıtmağa çalışır.
Bütün yazdıqlarım bizim “qatı” vasitəçi dostlarımızın etmək niyyətində olduqlarıdır. Ancaq əminəm ki, bizim də öz planımız var…”
“Azərbaycan Rusiya qoşunlarının çıxarılmasını tələb etməlidir”
Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli Vladimir Putinin Valday forumundakı çıxışını “yaşlı nənələrin məhəllədə binaların qarşısında gəlib-gedənlərin arxasınca qeybət qırmasına” bənzədib.
Siyasətçinin sözlərinə görə, Putin ermənilərə açıq bildirib ki, Rusiya hələ Qarabağla bağlı qəti qərar qəbul etməyib:
“İndi Azərbaycan tərəfi Rusiya XİN-nə məktub göndərərək Moskvanın Qarabağın Azərbaycan ərazisi olduğu ilə bağlı rəsmi və imzalanmış bəyanatını tələb etməlidir və deməlidir ki, əks halda Xankəndi və ətrafında yerləşən “rusməramlılar” 72 saata ərazini tərk etməlidirlər.
Putin “stavkanı” qaldırır, elə ona görə də “oynamaq” lazımdır və yaxın günlərdə Türkiyə ilə Azərbaycan ərazisində bir neçə Hərbi Tədris və Təlim Mərkəzlərinin (mütləq deyil ki, adını “baza” qoyasan) açılması ilə bağlı müqavilə imzalanmalıdır.
Faktiki olaraq Putin iki planın olduğunu, Qərbin planında Qarabağın suveren Azərbaycan ərazisi, Rusiyanın planında isə bu məsələnin dondurulması yer aldığını elan etdi. Vəziyyət qəlizləşir, tarixi diplomatik/hərbi “Çanaqqalamıza” hazır olmalıyıq”.