Azərbaycanda media reyestri qeydiyyata başlayıb. Müstəqil jurnalistlərə bunun hansı təsiri olacaq?
Azərbaycanda media reyestrində qeydiyyat
Azərbaycanda jurnalistlərin və KİV orqanlarının vahid reyestrdə qeydiyyatı başlayıb. Proses altı ay davam edəcək. Məmurların sözlərinə görə, əgər hər hansı nəşr qeyd olunmuş müddətdə qeydiyyatdan keçməsə, onun gələcək fəaliyyətilə bağlı məsələyə məhkəmədə baxılacaq. Ekspertin fikrincə, bu, çox sərt tələbdir və jurnalistlərin həyatını çox çətinləşdirəcək.
- Bakıda jurnalist və vəkil həbs edilib
- Azərbaycanlı jurnalist Gürcüstanın “kölgə hakimi”nə qarşı
- Baş Prokurorluqdan media azadlığı və sosial şəbəkələrdəki paylaşımlara müdaxilə
Ötən həftənin sonundan, oktyabrın 14-dən Azərbaycanda kütləvi informasiya vasitələrinin və jurnalistlərin vahid reyestrdə qeydiyyatı prosesi başlayıb. Bu, 2022-ci ilin fevralından qüvvəyə minən “Media haqqında” qanunun tələbidir.
Medianın İnkişaf Agentliyinin (MEDİA) Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli bildirb ki, qeydiyyat reyestr.media.gov.az portalında ASAN Login sistemi vasitəsilə həyata keçirilir.
MEDİA Azərbaycan prezidentinin fərmanı ilə yanvarın 12-də medianın inkişafı sahəsində siyasətin həyata keçirilməsi məqsədilə yaradılıb. “Media haqqında” qanun 2021-ci il dekabrın 30-da parlament tərəfindən qəbul edilib və 2022-ci il fevralın 8-də prezident fərmanı ilə təsdiqlənib.
Media reyestri nəyə lazımdır?
“Bizim təqdim edəcəyimiz vəsiqə şəxsin jurnalist olduğunu təsdiqləmir, sadəcə, onun haqqında qanunla nəzərdə tutulan məlumatların Media Reyestrində olduğunu göstərir”, – “Turan” agentliyi Həsənlidən sitat gətirib.
MEDİA Kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyeva əlavə edib ki, qeydiyyatdan keçməyən jurnalistlər əvvəlki kimi işləyə, istənilən dövlət orqanlarından sorğularına cavab ala biləcəklər. “Reyestrlər informasiya bazası olaraq onları heç nədə məhdudlaşdırmır”, – o deyib.
Bu jurnalistlərə nə verəcək?
Cahangir Həsənli qeyd edib ki, media reyestrində qeydiyyat özlüyündə “jurnalistlər üçün cəlbedicidir”.
Qeydiyyatdan keçmiş KİV əməkdaşları güzəştli ipoteka kreditləri və digər imtiyazlar ala biləcəklər.
“Gələcəkdə media subyektlərində dövlət sosial reklamlarının yerləşdirilməsi, bu mediaların sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının yaxşılaşdırılması və sairə güzəştlər nəzərdən keçirilir”, – məmur bildirib.
Səidə Şəfiyeva dəqiqləşdirib ki, söhbət ev almaq üçün 4 faizli güzəştli ipotekadan gedir. Media reyestrində qeydiyyatdan keçməyən jurnalistlər bu imkanlardan yararlana bilməyəcəklər.
Bəs qeydiyyatdan keçməsələr?
Həsənli vurğulayıb ki, media reyestrində qeydiyyatın olmaması jurnalistləri heç bir şeydə məhdudlaşdırmır. Amma müvəqqəti olaraq.
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, qanuna əsasən, qeydiyyatdan keçməmiş KİV-lərdə çalışam jurnalistlər reyestrdə qeydiyyata alınmayacaqlar.
“Bəs KİV qeydiyyatdan keçməsə (ləngisə, ya da ideya baxımından keçmək istəməsə), yaxud MEDİA-dan rədd cavabı alsa?” sualının cavabında Şəfiyeva bildirib ki, “Media haqqında” qanuna əsasən, altı ay ərzində qeydyyat üçün müraciət etməyən media subyektlərinin fəaliyyətinin qanuniliyi məhkəmədə araşdırılacaq.
Hüquqşünas Məmmədlinin fikrincə, bu, kifayət qədər sərt tələbdir və jurnalistlərin həyatını çox çətinləşdirəcək.
Ekspert rəyi
JAMnews-un Azərbaycan redaksiyasının redaktoru Hüseyn İsmayılbəylinin sözlərinə görə, vahid media reyestrində qeydiyyatdan keçmək tələbi müstəqil KİV-lərə yaxşı heç nə gətirməyəcək:
“Belə hal ola bilər ki, MEDİA sadəcə hansısa nəşri qeydiyyata almaqdan imtina edəcək. Lazım olsa, bunun üçün səbəb tapa bilərlər. Altı ay keçəndən və qeydiyyat müddəti bitəndən sonra bu nəşri sadəcə qanunsuz elan edəcəklər. Onun fəaliyyətinə son qoyulacaq.
Doğrusu, mən bu işd müsbət heç nə görmədim. Reyestrdə qeydiyyat əvəzində jurnalistlərə nə təklif edirlər? aşağı faizli ipoteka. Başqa sözlə, onlar hətta real pulla da yox, gələcəkdə hansısa virtual ipoteka vədi ilə satın alırlar.
Həmçinin vahid jurnalist vəsiqələri məsələsinə də toxunmaq istəyərdim. Onların forması təsdiqlənib, bu yerə diqqət, şəxsən ölkənin baş naziri tərəfindən! Bilmirəm, başqa hansı ölkədə dövlət bu qədər yüksək səviyyədə KİV-lərin fəaliyyətini tənzimləyir. Üstəlik təsəvvür edin, bu vəziqələrə görə jurnalistlər 20 manat ödəməli olacaqlar. MEDİA-dan bildirirlər ki, bu, vəsiqələrin hazırlanma xərcidir. Üzr istəyirəm, amma adicə beycik belə baha ola bilməz. Bir də ki, heç olmasa bunu pulsuz eləmək olmazdı?
Azərbaycanda təsdiqlənmiş vahid jurnalist vəsiqəsinin forması
Bir sözlə, demək olar ki, ölkə daxilindəki bütün müstəqil ekspertlər, hətta beynəlxalq təkilatlar tərəfindən kəskin tənqid olunan “Media haqqında” qanun işləməyə başlayır. Bu da Azərbaycan jurnalistikasına yaxşı heç nə vəd etmir”.