Ölüm hökmü – sovet ənənəsidir?
Belarus Avropada ölüm hökmünün tətbiq olunduğu yeganə ölkədir. Bu Belarusun Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlarda əsas mövzusu olaraq qalır. “Euroradio” Belarus hakimiyyətinin niyə ölüm hökmünü ləğv etmək istəmədiyinin səbəbini araşdırmağa çalışıb.
Hüquq müdafiəçisi və Belarus Helsinki Komitəsinin sədri Harri Poqonyaylo Belarusun ölüm hökmündən rahatlıqla imtina edə biləcəyini deyir.
“Ölüm hökmünün 2-3 prosesdə [ildə] tətbiq olunduğu bir ölkə üçün bu məsələ böyük əhəmiyyət kəsb etmir. Ömürlük həbs kimi alternativ var, bu alternativ məhkəmələr tərəfindən geniş tətbiq olunur və tam olaraq ölüm hökmünə moratorium tətbiq edə bilər. Amma bu, bir insanın iradəsindən asılı olan məsələdir”.
Hüquq müdafiəçisi hesab edir ki, ölüm hökmü alver predmetindən başqa, həm də Lukaşenkonun populist siyasətinin bir hissəsidir. 1996-cı ildə ilk dəfə ölüm hökmünün yol verilməsi məsələsi referenduma çıxarıldı. O vaxt Belarus vətəndaşlarına 4 sual verildi, onlardan ən əsası da yeni konstitusiyanın qəbulu ilə bağlı idi, hansı ki Lukaşenkonun hakimiyyət dövrünü uzatdı və prezidentlik səlahiyyətlərini gücləndirdi.
Poqonyaylo ölüm hökmü məsələsinin populist olduğunu hesab edir
“İndi hətta İtaliyada və ya Almaniyada terroristlərə qarşı ölüm hökmünün tətbiqi məsələsi qoyulsa hamı “lehinə” səs verəcək. Hətta demokratiyanın bərqərar olduğu ölkələrdə belə bu cür məsələlərin həllini ictimaiyyətin ixtiyarına buraxmaq olmaz. Dövlət xadimləri çoxluğun fikrinin arxasınca getməli deyil, xalqı öz arxaları ilə aparmalıdır. Belarusda isə bu, Lukaşenkonun şəxsi diktaturası ilə bağlıdır. O, şəxsi edam və ya əfv etmək seçimindən möhkəm yapışıb. Onun üçün bu, istifadə edə biləcəyi və əldən buraxmaq istəmədiyi vəziyyətə təsir alətlərindən biridir”.
“Hökumət, ölüm hökmünün statistikaya güclü təsir etdiyini, guya ölüm hökmü olan yerdə cinayətin az olduğunu deməyi sevir. Amma bu, belə deyil”, – uzun illər ölüm hökmünə məhkum olunmuş belarusların işləri ilə məşğul olan hüquq müdafiəçisi Andrey Poluda deyir.
Statistika Belarusda son doqquz il ərzində ölüm hökmünə məhkum olanların sayının demək olar ki, dəyişmədiyini göstərir. Milli Statistika Komitəsinin məlumatına görə, adətən ildə üç ölüm hökmü olur. Amma keçən il kəskin bir sıçrayış müşahidə olundu – yeddi ölüm hökmü çıxarıldı.
Hər il yeddiyə yaxın Belarus vətəndaşı ömürlük həbs cəzası alır və bu statistika da son on il ərzində dəyişməyib. 2013-cü il istisna oldu, bu vaxt cəmi iki belarus ölüm hökmü, eyni sayda adam ömürlük həbs cəzası aldı.
Qətl statistikasında isə vəziyyət başqa cürdür. Əgər 2007-ci ildə Belarusda 791 qətl baş vermişdisə, növbəti illərdə onların sayı nisbətən azalmağa doğru getdi – 2008-ci ildə 645, 2010-cu ildə 486, 2016-cı ildə 437.
Ölüm hökmünün tətbiqi ilə qətl hadisələri arasında heç bir əlaqənin olmadığını Gürcüstanın timsalında görmək olar. Bu ölkədə ölüm hökmü qadağasını Eduard Şevardnadze hələ 1996-cı ildə gətirdi, rəsmi olaraq isə ölüm hökmü 2007-ci ildə Saakaşvili tərəfindən ləğv olundu. Gürcüstanda bu müddət ərzində qətl hadisələri sıçrayışlarla dəyişirdi və Mixail Saakaşvilinin hakimiyyətə gəlişindən sonra əhəmiyyətli şəkildə azaldı:
1998 il ― 243, 2005 ― 403, 2006 ― 325, 2008 ― 263, 2009 ― 210, 2010 ― 187, 2011 ― 107, 2016 ― 60 qətl hadisəsi.
“Dövlət bizdə ölüm hökmünün profilaktik, tərbiyəvi xarakter daşıdığını bildirir. Onda niyə onun ətrafında bu qədər müəmmalıq var?” – belarus hüquq müdafiəçisi Poluda deyir.
Onun sözlərinə görə, ölüm hökmü çıxarılan şəxsin adının belə açıqlanmaması nadir hal deyil, başqa detallar barədə danışmağa belə dəyməz: məhkəmələr adətən qapalı keçirilir.
“Belarusda ölüm hökmünün həyata keçirilməsi proseduru ciddi məxfilik pərdəsi arxasındadır. Cənazələri verilmir, əşyaları, dəfn olunduqları yerlər açıqlanmır. Bu, bir sovet ənənəsidir. Onlar hökumətin repressiyaların miqyasını gizlətmək istədikləri vaxtlardan gəlir”, – hüquq müdafiəçisi əmindir.