Cənubi Osetiya: veteranlar siyasətə üz tutur
Cənubi Osetiyada Gürcüstan-Osetiya münaqişəsinin veteranları sosial təminatsızlıqlarından şikayətçidirlər. Onlar dövlətdən hər hansı kömək və ya imtiyaz almır və ancaq veteran təşkilatlarına ümid edirlər.
“Seçkiqabağı kampaniyalar zamanı nüfuzlu veteranların dəstəyi bu və ya digər namizədin reytinqini əməlli-başlı qaldırır. Amma indiyə qədər heç bir Cənubi Osetiya prezidenti statusumuzu qanunla təsbit etməyib”, – veteranlardan biri JAMnews-a deyib.
Kokoytıdan Bibilova qədər – kimin vaxtında həyat daha yaxşıydı?
Bəziləri bunda siyasi motiv axtarır. Gürcüstan-Osetiya münaqişəsinin veteranlarından biri olan Aslan şikayət edir ki, Leonid Tibilovun (2012-2017) prezidentliyi dövründə veteranları bilərəkdən iqnor edirdilər.
“Niyəsə bizə qarşı mənfi münasibət var. Ola bilsin, bu, çoxlarımızın keçmiş prezident Kokoytıya [respublikaya 2001-2011-ci illərdə rəhbərlik edib – JAMnews] sədaqətini saxladığına görədir, – özünü Aslan kimi təqdim edən veteranlardan biri deyir. – Hakimiyyət başında olanların çoxu çətin zamanlarda respublikanı tərk edib, Şimali Osetiyada və ya Moskvada oturanlardır. Onlar yalnız Rusiya müstəqilliyimizi tanıyandan və Gürcüstanla kövrək sülh bərqərar olandan sonra qayıtdılar və bütün “çörəkli yerləri” tutdular. Biz isə işsiz oturmuşuq, dərman ala, ailələrimizi dolandıra bilmirik”.
O xatırlayır ki, Eduard Kokoytı 2008-ci il müharibə veteranlarının çoxunu ali dövlət ordeni olan “Uatsamonqa” ilə təltif edib ki, bu ordenin kavaleri yüksək pensiya almalıdır. “Güc qurumlarının işçiləri Kokoytının dövründə xeyli daha yaxşı yaşayırdılar”, – o deyir.
“Deyə bilmərək ki, onda da biz hamının diqqət mərkəzində idik, amma mütəmadi olaraq kimisə istirahətə, kimisə müalicəyə göndərirdilər. Son altı il ərzində isə heç nə yoxdur”.
2008-ci il avqust müharibəsindən sonra o vaxtlar prezident olan Kokoytı respublikanın müdafiəsi iştirakçılarına yüz milyonlarla rubl ayırdı. Bəziləri alınan pulla özünə iş aça bildi, kimsə “sadəcə xərclədi”, kimsə ailə qurdu.
Bundan başqa, 200-dən çox ailə cütlüyü müalicəyə göndərildi:
“Bir çox döyüşçülər səngərlərdə möhkəm soyuqladı və sonsuz qaldı”, – Aslan izah edir.
A mma bu fikri heç də bütün veteranlar bölüşmür. “Ayeqdau” veteranlar təşkilatının təsisçisi Koba Qaqloyev “Exo Kafkaza” media portalına müsahibəsində deyib ki, “Kokoytının dövründə sıravi əsgərləri qəribə şəkildə iqnor edirdilər. Biz küçədə qaldıq”.
Koba Qaqloyev növbəti prezident – general Leonid Tibilova ümidlərini bağlayırdı. Amma onun prezidentliyi dövründə bütün veteranlar narazı qaldı – nə status, nə pensiya, nə də sosial müavinət aldılar.
Veteran təşkilatlarının siyasi rəqabəti
Cənubi Osetiyada rəsmi olaraq bir neçə veteran təşkilatı var. “Osetiyanı müdafiə edənlər birliyi”, “Uatsamonqa” ordeninin yeganə qadın kavalerinin başçılıq etdiyi “Cənubi Osetiyanın yaralıların müdafiəsi fondu” veteranlara bacardıqları köməyi göstərirlər.
Bir neçə il əvvəl həm də “Cənubi Osetiya xalqının 1989-1992-ci illərdə Vətən müharibəsi veteranlarının “Aqdau” (“Qeyrət”) birliyi” yaradıldı. Təsisçiləri 1989-92-ci illər Gürcüstan-Osetiya münaqişəsinin iştirakçıları, hazırda məşhur yazıçılar Tamerlan Tadtayev və Koba Qaqloyevdir. Amma bu təşkilatın praktiki fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur. Tamerlan Tadtayevin özü 2008-ci ilin avqust ayında kontuziya alıb, görmə qabiliyyəti kəskin şəkildə pisləşib, əməliyyata ehtiyac varıydı, amma dövlətdən axıra qədər də yardım almayıb.
Bu və bir neçə digər təşkilatla bağlı problem ondan ibarətdir ki, onlar bir-biriylə müəyyən rəqabət şəraitində yaşayır, çünki liderləri müxtəlif siyasi düşərgələrin üzvüdür.
Misal üçün, 2012-ci il prezident seçkiləri zamanı bir qrup döyüşçü “Osetiyanın dirçəlməsi” təşkilatını yaratdı. Onları məşhur edən yeganə şey həmin vaxtlar artıq prezidentlikdən uzaqlaşan Eduard Kokoytının tənqidi oldu.
Siyasi tərəfkeşlik nəticəsində də hakimiyyətin “favoritləri” çox qısa müddətdə “çıxdaş” ola bilir. “Ayeqadau”nun təsisçiləri Koba Qaqloyev və Tamerlan Tadtayev indiki prezident Anatoli Bibilovun namizədliyini dəstəklədilər və onun komandasının üzvləri oldular.
Bu yaxınlarda isə Cənubi Osetiyada siyasi qalmaqal nəticəsində daha bir veteral təşkilatı meydana çıxıb. Onu “Uatsamonqa” ordeni veteranı Dmitri Tasoyev yaradıb.
Tasoyev parlamentin vitse-spikeri və müdafiə və təhlükəsizlik komitəsinin başçısı vəzifələrini tuturdu, həm də hakim “Vahid Osetiya” partiyasının siyasi şurasına rəhbərlik edirdi. Amma 2017-ci ilin yayında o, elə həmin partiyanın üzvü Pyotr Qassiyevin parlament spikeri seçilməsinə qarşı çıxdı və partiya yoldaşlarının ünvanına bir neçə tənqidi bəyanat səsləndirdi, nəticədə də bütün vəzifələrdən azad edildi.
İndi isə Dmitri Tasoyev “Hərbi birlik” adlı yeni veteran təşkilatının yaradıldığını bildirib. Hələlik siyasi proseslərdə iştirak etməsə də, çoxları hesab edir ki, onun bu “susqunluğu” 2019-cu il parlament seçkilərinə hazırlaşması ilə bağlıdır.
Məqalə müəllifinin istifadə etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır