Gürcüstanda yerli özünüidarə seçkisi ən əsas seçkidir
Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər olacaq. Beş özünüidarə orqanlı şəhərə və 59 bələdiyyəyə mer və yerli şura – sakrebulo seçiləcək.
Lidersiz seçkilər
Gürcüstanda ən son seçki 2016-cı ilin oktyabrında baş tutub. O zaman ölkə parlament seçirdi. O zamandan etibarən sadəcə bir il ötüb, amma Gürcüstanın siyasi müstəvisində çox şey dəyişib.
Əsas dəyişiklik müxalifət cərgələrində baş verib. Partiyaların bir qismi parçalanıb, bəzi müxalif liderlər ümumiyyətlə siyasətdən gedib.
Müvafiq olaraq, bu seçkilərdə ötən seçkilərdən fərqli olaraq iqtidar partiyasının narahat olması üçün səbəb azdır.
Parlament seçkilərindən sonra əsas müxalif qüvvə – keçmiş prezident Mixail Saakaşvilinin “Milli Hərəkat” partiyası iki yerə bölündü. Çox sayda lider bu partiyanı tərk edib, “Avropa Gürcüstanı” adlı yeni siyasi hərəkat yaratdı.
“Milli Hərəkat”ın bu seçkilərdə fərdi lideri yoxdur. Partiyanın lokomotivi hələ də Mixail Saakaşvili olaraq qalır, amma Gürcüstanda hazırda keçiriləcək olanbələdiyyə seçkiləri onun vecinə deyilmiş kimi görünür – onun siyasi gündəmində Ukrayna daha önəmli yer tutur. Oktyabrın 17-də o, siyasi tərəfdaşları ilə birlikdə Kiyevdə növbədənkənar parlament seçkiləri tələbi ilə nəhəng mitinq keçirmək niyyətindədir.
Bu, “Milli Hərəkat” parçalanandan sonra ilk seçkidir və müvafiq olaraq, keçmiş tərəfdaşlar üçün öz güclərini sınamaq və bir-biri ilə rəqabətə girmək sarıdan ilk imkandır.
Ötən seçkilərdən başqa fir fərqli cəhət ondan ibarətdir ki, “Gürcü arzusu” iqtidar partiyasının qeyri-rəsmi lideri, keçmiş baş nazir, milyarder Bidzina İvanişvili bu dəfə öz partiyasının seçkiqabağı kampanoyasının tamam kənara çəkilib.
Kampaniya sona çatır, İvanişvili isə bircə dəfə də olsun, ictimaiyyət qarşısına çıxmayıb. Deyilənlərə görə, vaxtının böyük hissəsini o, dəniz kənarındakı iqamətgahında keçirir və orada dendroloji parkın salınması ilə məşğul olur. Siyasi tədbirlərdə görünmür, jurnalistlərə şərh də vermir. Seçkiqabağı kampaniyada fəal iştirak etdiyi ötən ildən fərqli olaraq.
Başlıca intriqa – Tbilisi
Bələdiyyə seçkilərinin əsas intriqası Tbilisi meri kürsüsü uğrunda mübarizədən ibarətdir.
Bunun bir neçə səbəbi var. Birincisi, Tbilisi ölkənin ən iri şəhəridir, bütün əhalinin üçdə birinə yaxını burada yaşayır. Üstəlik Tbilisi sakinləri siyasi cəhətdən daha fəaldırlar.
İkinci və ən əsas səbəb – ötən həftə Gürcüstan parlamenti Konstitusiyaya dəyişkiliyi təsdiqləyib və bu dəyişikliklərə əsasən Gürcüstan əhalisi birbaşa prezident seçməyəcək. Bu o deməkdir ki, Tbilisi meri ölkədə ən əsas seçilmiş fiqur olacaq, bu da ona ən yüksək legitimlik səviyyəsini təmin edəcək.
Tbilisi merini seçicilər birbaşa bələdiyyə seçkilərində üç il müddətinə seçirlər. Birinci turda seçilə bilmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əgər heç bir namizəd o qədər səs tolamasa, ikinci tur təyin olunur və ikinci tur birincidən iki həftə sonra keçirilir (“Gürcü arzusu”nun nümayəndəsi olan hazırkı Tbilisi meri avid Narmaniya ikinci turda seçilib).
Gürcüstanda cəmi 3 milyon 500 min seçici qeydiyyatdan keçib, onlardan milyona yaxını Tbilisidə yaşayır.
Namizədlər
İqtidar partiyası Tbilisi meri vəzifəsinə energetika naziri Kaxa Kaladzenin namizədliyini irəli sürüb. Keçmiş futbolçu – İtaliyanın “Milan” klubunun müdafiəçisi artıq beş ildir ki, siyasətlə məşğul olur. O, İvanişvili ailəsinə yaxındır və milyarderin oğlu Bera ilə dostdur
Siyasəgtə gəldiyi ilk gündən bu günə qədər 39 yaşlı Kaladze əhəmiyyətli dərəcədə transformasiya keçib – bu gün o özünə daha çox əmindir. O, heç vaxt öz siyasi iddialarını gizlətməyib, hətta hələ futbolçu olduğu zamanlarda belə. Kaladze yetəri qədər imkanlıdır və “Gürcü arzusu”nun bütün digər üzvlərindən fərqli olaraq maddi cəhətdən İvanişvilidən asılı deyil. Bu vəziyyəti nəzərə alaraq, iqtidar partiyasının məhz onun namizədliyini irəli sürməsi çoxlarını təəccübləndirdi. Çünki beşillik təcrübə göstərir ki, İvanişvili iddialı və müstəqil liderləri sevmir, ölkənin idarə edilməsini də daha “rəngsiz” və göz önündə olmayan kadrlara etibar edir.
NDI-ın iyul ayında keçirdiyi sorğuya əsasən Kaladze namizədlər arasında populyarlığına görə liderlik edir – sorğuda iştirak edənlərin 37 faizi onun xeyrinə səs verib.
Həmin sorğunun nəticələrinə görə, ikinci yeri (22 faizlə) müstəqil, bitərəf namizəd Aleko Elisaşvili tutur. Keçmiş tele-aparıcı 39 yaşlı Elisaşvili Tbilisi Sakrebulosunun müstəqil deputatıdır. Son üç il ərzində o, nəhəng developerlərə və korrupsiyaya qarşı mübarizə aparan şəxs kimi nüfuz qazanıb.
Namizədliyi təqdim olunan zaman Elisaşvili bəyan edib ki, o, heç bir partiyaya və ya iri biznesin təsirinə tabe olmur və seçkilərdə qələbə qazarsa, sadəcə xalqa hesabat verəcəyini vəd edib.
Elisaşvilini həm “Milli Hərəkatı”, həm də “Gürcü arzusunu” sevməyən seçicilər dəstəkləyir.
Bütün çətinliklərə rəğmən əsas müxalif qüvvə olaraq qalan “Milli hərəkat” 45 yaşlı Zaal Udumaşvilinin namizədliyini irəli sürüb. 25 illik stajlı televiziya aparıcısı Gürcüstan siyasətində yeni simadır. Udumaşvili bəyan edib ki, o, “qəzəblənmiş tbilisililərin namizədi” olacaq.
“Milli Hərəkat”dan qopan “Avropa Gürcüstanı”nın seçkilərdəki namizədi 38 yaşlı parlament deputatı Yelena Xoştariya olacaq. 2007-2012-ci illərdə o, Avro-Atlantika üzrə dövlət nazirinin birinci müzvini vəzifəsini tutub, 2016-cı ildə isə “Milli Hərəkat”ın namizədlər siyahısına öndərlik edib.
Tbilisi meri kürsüsü uğrunda Rusiya yönlü “Vətənpərvərlər Alyansı”nın namizədi İrma İnaşvili, “leyborist” Georgi Quqava, “mühafizəkar” Kaxa Kukava və digərləri də mübarizə aparır. Ümumilikdə 14 namizəd qeydiyyatdan keçib.
Şəhər planlaşdırılması, ekologiya, yollarda tıxac problemləri – bunlar demək olar ki, bütün namizədlərin öz proqramında ön plana çəkdiyi məsələlərdir.
Əlbəttə, sosial problemlər, işsizlik, pensiyaların az olması və yoxsulluq hələ də ölkə üçün aktual olaraq qalır, amma Tbilisi seçiciləri üçün urbanizasiya ilə bağlı konkret məsələlər – məsələn, şəhərin abadlaşdırılması, infrastruktur problemləri, ictimai nəqliyyat və ekologiya – getdikcə daha da prioritetləşir. Bunlar da hazırkı seçkilərin yeniliklərindəndir.