Üç nəsil qadın: alt-üst olmuş həyat
Bura Bakı Humanitar Kollecinin yataqxanasıdır. Bakıdakı “qaçqın yataqxanaları”ndan biri. İçərisinə iki çarpayının güclə yerləşdiyi bu kiçik otaqda üç qadın yaşayır. İllərdir yataqda olan xəstə nənə, özünü ona baxmağa həsr etmiş qızı və bu darısqallıqda dərs oxumağa belə, yer tapmayan 18 yaşlı nəvə.
Qadınlar Qarabağ münaqişəsi nəticəsində 1993-cü ildə Ağdamın Abdal-Gülablı kəndindən məcburi köçkün düşüblər.
87 yaşlı Cahan Qasımova nə danışa bilir, nə də yeriyə. O, 8 uşaq anasıdır. İki oğlunu və həyat yoldaşını hələ doğulduğu Ağdamda yaşayarkən -xəstəlik ucbatından itirib. 23 yaşlı gəncləri- oğlu Xaliq Qasımov və bacısıoğlu Sadiq Əliyevi isə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid verib. Ölüm xəbərlərindən sonra qadın ağır insult keçirib.
O, ömrünün son 17 –ilini yataq xəstəsi olaraq yaşayır. Sağ qalan yeganə oğlu şəkər diabet xəstəsidir. Ailəsi ilə birgə Ağdamın Azərbaycan tərəfində qalan kəndlərindən birində yaşayır. Cahan Qasımovanın 3 qızı isə uzun illərdir Rusiyada məskunlaşıb.
Xəstə anaya baxan yeganə övlad – qızı Gülnarə Qasımovadır.
Gülnarə Qasımova həyatının 25 ilini Ağdamın Abdal-Gülablı kəndində keçirib. İndi həmin günləri əlçatmaz yuxu kimi xatırladığını deyir qadın:
“19 yaşımdan Ağdamın Abdal-Gülablı kəndində sanatoriyasında tibb bacısı işləməyə başlamışam. Bunun üçün keçmiş Stenapakertdə (indiki Xankəndi-İ.A.) ilin 6 ayı kurs keçirdim. 6 il bu sanatoriyada işlədim. Əlbəttə ki, mən Ağdamda daha xoşbəxt idim. Gözəl günlərimiz var idi”.
Bu qayğısız günlərinin atasının xəstəliyi ilə bitdiyini söyləyir Gülnarə Qasımova. O, uzun müddət xəstə atasına baxıb. Onun vəfatından sonra isə müharibə şiddətlənib. Gülnarə anası ilə birgə məcburi köçkün kimi Bakıda – yataqxanada məskunlaşır. 31 yaşında elə bu yataqxanada toysuz – gəlinliksiz ailə qurduğunu deyir:
“Yoldaşım da Füzuli rayonundan məcburi-köçkün idi. Onun da evi yox idi. Bizim bu dar otaqda cəmi 7 il qala bildik. Bir yandan evimizin yoxluğu, bir yandan anamın xəstəliyi. Qızım da böyüyürdü. Bir otağa sığmırdıq əlbəttə ki. Vəziyyətin ağırlığını mən də görürdüm. Münasibətlərimizi mədəni şəkildə bitirmişik.
İndi yoldaşım qızını yoxlamağa gəlir.
Hərdən düşünürəm ki, əgər qaçqın gəlməsəydik, mənim taleyim belə olmayacaqdı. Heç ailəm də dağılmayacaqdı”.
Təhminə Zeynalovanın 18 yaşı var. Onun ən böyük arzusu rahat evdə yaşamaq və təhsil almaqdır:
“İkinci ildir kollecə ödənişli təhsilə qəbul oluram. Pulsuzluqdan oxuya bilmirəm. Əslində, az bal yığmağımın səbəbi şəraitsizlikdir. Bir dar otaqdır. Məsələn, gecələr dərs oxumaq istəyirəm, işığı yandırıram, nənəm işarə edir ki, söndürün. İşıq ona maneə olur. Gündüzlər isə anamla birgə nənəmə baxırıq. İstəyərəm, ən azından iki otaqlı evimiz olsun ki, rahat dərslərimi oxuyum”.
Kollecin mühasibat uçotu və audit fakultəsinə qəbul olan Təhminənin hər hansı bir peşəyə sahib olmaq kimi xüsusi arzusu yoxdur. Hansı ixtisasa qəbul olsa, oxumağa hazırdır. Bircə, ödənişsiz təhsil olsun.
Anasının ən böyük qorxusu isə qızının da onun taleyini yaşayacağı ehtimalıdır:“Mən çox əzab-əziyyət görmüşəm. O qədər şəaritsizliklər çəkmişəm ki. İstəmirəm qızım da əziyyət çəksin. Onun həyatı hələ qarşıdadır. O, oxumalıdır, ailə qurmalıdır. Həm qızım, həm anam üçün ev istəyirəm. Onsuz da anam yaralıdır. Ona şəhid yarası vurulub. Heç olmasa, o öləndə, mən onu öz evində ağlaya bilim”.
Gülnarə Qasımova:
“Müharibə bizlər üçün hər şeyi yarımçıq qoydu. O olmasaydı, bizim və minlərlə başqalarının ailəsi belə didərgin düşməyəcəkdi.Evimiz-eşiyimiz çox gözəl idi öz torpaqlarımızda. Rahat, geniş, təmiz evimizdə yaşayacaqdıq. Vallah, Abdal-Gülablıda elə bir həyətimiz var idi ki, bu başından girəndə, çıxmağa yolu itirirdin. O qədər geniş idi. Hündür, ikimərtəbli evimiz vardı. İndi gəlib, kiminsə tualetinin içinə sığınmışıq burda.
Hər şey bir yana, ən əsası, müharibə olmasaydı, qardaşım, xalam oğlu və yüzlərlə başqa övladlarımız şəhid olmayacaqdı. Kim bilir, o 23 yaşlı şəhid qardaşımın nə gözəl ailəsi olacaqdı əgər müharibə olmasaydı. Övladları olacaqdı bəlkə də. Amma nə edə bilərik ki? Reallıq budur ki, müharibə bizim həyatımızı alt-üst elədi”.
Gülnarə Qasımova anası və qızı ilə birlikdə pensiya və müavinətlər hesabına yaşayır. Hazırda bu ailənin büdcəsi 455 manatdır (266 dolar). Cahan Qasımovanın şəhid oğluna görə aldığı müavinət, onun pensiyası və üç qadının aldığı “çörək pulu”. Qadın onu da deyir ki, anası daha çox ət yeməkləri yeyir. Odur ki, bahalı da olsa, ən az ayda üç dəfə ət almalı olur. Büdcələrinin təxminən 10 faizi isə yataq xəstə üçün gigiyenik vasitələrə xərclənir.
Onlar ev çətinliyindən çıxış yolu kimi Ağdama –öz evlərinə qayıtmağa və ya məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunması üzrə dövlət proqramına ümid edirlər.
Sonuncu ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov bildirib ki, yataqxanaların köçürülməsi məsələsi mərhələli şəkildə həyata keçirilir:
“Həmin yataqxana kompakt yaşayış yeridir. Oradan yalnız bir ailəni köçürmək mümkün deyil. Yataqxanaların köçürülməsi məsələsi gündəmdədir. Amma konkret vaxt demək olmur. Bu proses əvvəlcə daha çox qəzalı vəziyyətdə olan binalardan başlayaraq, həyata keçiriləcək”.
• BMT-nin Qaçqınlarla İş üzrə agentliyinin məlumatına görə, Qarabağ münaqişənin nəticəsi kimi Azərbaycanda 1994 cü ildə azı 750 min qaçqın və məcburi köçkün qeydə alınmışdı.
• 2004-cü ildən Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi üzrə Dövlət Proqramı” haqda sərəncam imzalanıb. Həmin ildən məcburi köçkünlər üçün ilk evlərin inşasına başlanıb.
• Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəsmi məlumatına görə, bu günədək 50 min ailə- 250 min nəfər üçün 96 müasir qəsəbə salınıb.
• 340 min nəfər məcburi-köçkün isə hələ də mənzillə təmin olunmayıb.
“Eşidilməyən səslər” layihəsi International Alert təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır və International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.