Gürcüstanda kilsə və cəmiyyət – diktat həddi aşmırmı?
Belə düşünürəm ki, tarixin bizə öyrətdiyi dərslərdən biri də odur ki, dəyişikliklər ayrı-ayrı insanların etdiklərinin nəticəsidir, itaətkarcasına əksəriyyətin fikrinə uyğun hərəkət etmək isə heç də yaxşı nəticələr vermir.
Martin Lüter Kinq özünün vətəndaşların hüquqları uğrunda hərəkatı ilə, ondan onilliklər öncə isə sufrajistlər öz nümunələri ilə bu ideyanın doğruluğunu sübut ediblər. Gürcü cəmiyyətinin Gürcü Pravoslav Kilsəsinə münasibətini görəndə də bu təcrübə insanın ağlında müəyyən fikirlər yaradır.
Təbii ki, patriarxata qarşı mübarizəni doktor Kinq və Emili Pankxerstin fəaliyyət göstərdiyi şəraitlə müqayisə etmək ədalətli olmazdı. İlk növbədə də ona görə ki, Gürcü Pravoslav Kilsəsinin təsirinə qarşı dura bilən heç bir mütəşəkkil qrup yoxdur. Kilsə əvvəlki kimi də əhalinin heyrət doğuran dərəcədə böyük hissəsi tərəfindən dəstəklənir (bu rəqəmin 95 faizə çatdığı güman edilir). Onlarla qarşı-qarşıya duranlar seksual azlıqlar, hüquq müdafiəsi təşkilatları və liberal düşünən vətəndaşlardır – amma vahid hərəkat yoxdur.
Əksəriyyət sosial və siyasi diskursda dəhşətli ziddiyyəti görmür: kilsə az qala açıq-aşkar Rusiya yönlü mövqe tutur və Moskva ilə barışıqlığa çağıraraq, səbəb kimi də söhbətin iki pravoslav millətdən getdiyini göstərir. Bu mövqe də əksəriyyətin özünün şimaldakı qonşusundan qorxduğuna və ona nifrət etməsinə baxmayaraq, Gürcüstan cəmiyyətində demək olar ki, tənqid edilmir.
Cəmiyyət də kilsə xadimlərinin seksual azlıqlara qarşı və abortların qadağasını dəstəkləyən anti-Qərb ritorikasını rahatca dinləyir, bu zaman da anlamır ki, kilsəni dəstəkləməklə Vladimir Putinin siyasətinin dəstəklənməsinin bir addımlığında dayanırlar.
A mma heç bir mətn və ya video şəxsi təcrübə ilə müqayisə oluna bilməz. Bu təcrübə şəxsən mənə deyir ki, gürcülərin kilsə ilə ziddiyyətli münasibətlərinin kökündə sağlam düşüncənin olmaması dayanır.
Bir neçə il əvvəl tanış olduğum qız mənə dedi ki, tez-tez məsləhət üçün keşişə müraciət edir. Necə məsləhət? – deyə maraqlandım, düşündüm ki, söhbət din mövzusunda məsləhətlərdən gedir.
Məlum oldu ki, o, keşişin bütün məsələlər üzrə fikrini öyrənir – iş yeri seçməkdən tutmuş sevgilisi ilə münasibətləri necə qurmalı olduğuna qədər.
Ola bilsin, həmin o konkret keşiş müxtəlif sahələrdə təcrübəsi olan çox dindar bir insan idi, amma yenə də nəsə buna şübhəm var.
Sual verdim və bu sualın cavabını eşitmək mənə həqiqətən də maraqlıydı: bu qız ömrünü kilsədə keçirən insandan özünün peşə sahəsindəki istəkləri ilə bağlı hansı məsləhət eşidəcəyini gözləyir? Məgər İncildə belə bir qeyd var ki, İsa peyğəmbər səhabələrinin karyerasına rəhbərlik edib? Sonra da – nikahsızlıq əhdi edən kəs necə sevgili ilə münasibətlərlə bağlı məsləhətlər görə bilər? Həm də bu zaman nəzərə almaq lazımdır ki, Gürcü Pravoslav Kilsəsi gənc qadınlara doğmaq və mümkün qədər çox uşaq doğmaq çağırışı ilə müraciət edir, amma əvvəlcə mütləq ərə getmək lazımdır.
O qız inadla cavab verdi: o (keşiş), müdrik insandır, çox ağıllıdır. Bir neçə dəfə təkrar etdi və getdi.
Bir neçə həftə öncə isə biz həyat yoldaşımla onun dostlarının qızının xaç suyuna salınması mərasiminə getmişdik. Valideynləri qıza Noel adı qoymağa qərar vermişdilər.
Başqa bir ölkədə bu əla ad olardı, xüsusən də Gürcüstanda – çünki nəhayət ki, uşağa orijinal bir ad seçmişdilər. Gürcüstanda artıq yeddi il yaşayandan sonra da təəccüblənməkdə davam edirəm ki, burada hamı övladlarına eyni adlar qoyur və fikir vermirlər ki, bununla öz uşaqlarının unikallığını itirirlər.
Haqqında bəhs etdiyim xaç suyuna salma mərasimində keşiş saqqalı uçuş-eniş zolağı uzunluğunda olan yaşlı bir adamıydı. Ona Gürcüstanın İsa Məsih sevərlər klubuna yeni namizədi təqdim etdikdə, keşiş qıza nə ad qoymaq istədiklərini soruşdu. Məlum olanda ki, qoymaq istədikləri gürcü adı deyil, ab-hava dərhal gərginləşdi.
Keşiş bu adın onun xoşuna gəlmədiyini dedi və valideynlərdən başqa ad seçməyi tələb etdi. Valideynlər, anlaşılan qədər bu çətinliyə hazır idilər və dərhal Tinatin adını təklif etdilər. Amma buna rəğmən evdə onu əsl adıyla çağıracaqlarını qərarlaşdırdılar.
Tərəflər nəhayət razılığa gəldi və mərasim davam etdi.
Mən insanların şəxsi həyatına bu cür müdaxilədən heyrət və qəzəb içində idim və valideynlərdən niyə tabe olub, etiraz etmədiklərini soruşdum. Onlar çiyinlərini çəkdilər və hadisələrin bu cür gedişatını gözlədiklərini və buna baxmayaraq, evdə qızı Noel çağıracaqlarını dedilər.
Mən anladım ki, valideynlər qonaqlar dəvət olunandan, hamı gələndən və bu qədər vaxt sərf edəndən sonra qalmaqal yaratmaq istəmədilər. diklərini.
Amma mən insanların öz prinsiplərinin üzərində durmalı olduğunu düşünürəm. Və hətta Noelin valideynləri kimi bu cür liberal gürcülər bunu etməsələr, heç kim etməyəcək.
Keşiş onun fikrinə görə düz ad seçilmədiyini düşünərək, uşağı xaç suyuna salmaqdan imtina etdiyi an din kulta çevrilir.
Çoxları tam haqlı olaraq məni riyakar adlandıra bilər, çünki mənim öz toyumda keşiş mənim xanımıma baxaraq: “Niyə bütün bizim gözəl qızlar xaricilərə ərə gedir?”, – deyə donquldanmışdı.
Özümə bəraət qazandırmaq üçün deyə bilərəm ki, xanımım bu sözləri mənə çox-çox sonra dedi. Amma axı mən də o vaxt mənim Fransadan, İngiltərədən gələn dostlarımın, qohumlarımın bu qeyri-adi mərasimdən zövq almalarını istəyərdim.
Biz, Gürcüstanda yaşayanlar cəmiyyətin dövlət qurumlarının telefonlarımızı dinləməsini, yazışmalarımızı oxumasını təsdiq edən faktlardan necə narazı olduğunu və buna qarı çıxdığını bilirik.
Amma burda qəribə bir ziddiyyət də var ki, Gürcüstanda heç kim, hətta liberal köklənmiş insanlar belə, elə mənim özüm də eyni şeyləri kilsədən tələb etmirik: insanların şəxsi həyatına müdaxilə etməyi dayandırmasını.
Tim Oqden, Tbilisidə yaşayan britaniyalı jurnalist