11 sentyabr böyük ekranda
11 sentyabr 2001-ci il tarixində 3 min nəfər həlak olub. Bu gün təkcə həmin adamların yaxınlarının deyil, həm də bütün müasir dünyanın həyatını dəyişdi, baxışları dəyişməyə vadar etdi və yeni reallığı açdı. Bir qayda olaraq, bu miqyasda hadisələr təkcə siyasi deyil, həm də mədəni həyatda öz əks-sədasını verir: mahnılar, bədii əsərlər yaranır, filmlər çəkilir.
Baş verənlərin əvvəlcə kağıza, sonra da kino plyonkasına yazılması əkiz qüllələrin yerində yaranan biçimsiz quyudan son insan qalıqları çıxarılandan dərhal sonra başlandı. 11 sentyabr mövzusunda çəkilən filmlərdə müəlliflərin əsasən baş verənlərə öz münasibətini göstərmək, hadisələri faktoloji təsvir etmək və ölənlərin xatirəsini ehtiramla yad etmək istəyi görünürdü. Bu, anlaşılan idi, çünki bu cür geniş miqyaslı hadisənin təhlili daha çox vaxt tələb edir.
Britaniyalı Stiven Doldri üçün həmin vaxt düz 10 il uzandı və 2011-ci ildə o, “Çox ucadan və inanılmaz yaxın” (Extremely Loud and Incredibly Close) dramını çəkir. Filmdə nə partlayış səsləri eşidilir, nə də qurbanların qışqırıqları. Tamaşaçı ancaq əkiz qüllələrdən birinin xarabalıqları arasına düşən və sonuncu dəfə öz övladı ilə əlaqə yaratmağa cəhd edən insanın səsini eşidir, onun son zəngi dağılan ikinci qüllənin gurultusunda itib-batır.
2006-cı ildə Oliver Stoun tərəfindən çəkilən və baş rolda Nikolas Keycin oynadığı “Dünya Ticarət Mərkəzi” (World Trade Center) filmi daha bəsitdir. Burada hər şey Amerika filminin ənənələri ilə çəkilib: polislər əkiz qüllələrin xarabalıqları içində insanları xilas etməyə çalışır, bu zaman özləri dağılan divarların arasında qalır və həyat, ailə, siyasət və gələcəklə bağlı asta söhbətlər gedir. Polisləri xilas edəcəklər, amma dağıntıların arasından onlar artıq fərqli insan kimi çıxacaqlar, onların əvvəlki dünyagörüşləri, arzuları, gözləntiləri elə əkiz qüllələr kimi dağılıb.
“Dünya Ticarət Mərkəzi” filmindən kadr
Həyat dəyərlərinə yenidən baxmaq, şəxsiyyətin transformasiyaya uğraması nümunəsi elə həmin ildə ekranlara çıxan Piter Marklın “Reys 93” (Flight 93) filmində göstərilir. Hadisələr əsasən göydə, uçuş edən təyyarənin göyərtəsində cərəyan edir. Film real hadisələrə əsaslanır: “United Airlines” aviaşirkətinin 93-cü reysi sentyabrın 11-də səhər terrorçular tərəfindən ələ keçirilən laynerlərdən biridir. Təxmin edilir ki, məhz bu təyyarə Vaşinqtona uçmalı, Ağ Ev və Kapitoliyə hücum çəkməli idi. Ola bilsin, terrorçuların planı 93-cü reysin sərnişinlərinin cəsarətli addımları sayəsində pozulub, çünki terrorçular tərəfindən ələ keçirilən təyyarələrdən məhz bu layner mənzil başına çatmayıb və səhralıqda yerə düşüb. Deyilənlərə görə, “Reys 93”ün ssenarisinin böyük hissəsi təyyarədəki “qara qutu”dakı yazıların əsasında yaradılıb. İstənilən halda film çox emosionaldır.
Maraqlıdır ki, 93-cü reysin tarixçəsi daha bir filmin yaradılmasına səbəb oldu. Söhbət Pol Qrinqrasın “United 93” filmindən gedir. Bu film daha keyfiyyətli alındı və tənqidçilərdən müsbət şərhlər aldı. Ssenari üzərində işdə Qrinqrasa ölənlərin ailə üzvləri kömək edib. Rejissor bütün detalları, qəhrəmanların geyim üslubu, sevdiyi yeməyi nəzərə almağa çalışıb. Nəticədə film o qədər real alınıb ki, premyeradan sonra ictimaiyyət onun televiziyada anonsunun qadağan edilməsini tələb edib, Manhettenin bir neçə kinoteatrı isə filmi nümayiş etmək istəməyib.
11 sentyabr faciəsindən bir il sonra ekranlara çoxseqmentli “11 sentyabr” (11’09’01) filmi çıxıb, bu film müxtəlif rejissorların qısametrajlı kinolarından ibarətdir. Əslində bu, bir ölkənin faciəsinin necə müxtəlif millətlər, dinlərə aid, müxtəlif sosial statusu və dərisinin rəngi olan insanlar üçün ümumi bir faciəyə çevrilməsi haqqında ilk layiqli film idi. Bu, Ken Louç, Amos Qitay, Alexandro Qolsales-İnnaritu, Klod Leluş, Samirə Mahmalbaf və digərlərinin filmlərində məğlub olunmaz dövləti ruhlandırmaq üçün Hindistan, İran, Böyük Britaniya, İsrail, Misir, Yaponiya, Fransa, Meksika və Bosniya-Herseqovinadan ifadə olunan başsağlığıdır. Amma 11 qısametrajlı film arasında yenə də ən yaxşısı Şon Penin filmi oldu:
yaşlı Nyu-York sakini balaca qaranlıq evdə yaşayır. Xatirələrindən, mərhum xanımının donlarından, dibçək güllərindən başqa heç nəyi yoxdur, hərçənd gülləri də düz-əməlli bitmir – göydələnlərə görə onlar neçə illərdir ki, günəş işığına həsrətdirlər. Gündən günə güllərin vəziyyəti bir az da pisləşir. Amma bir səhər pəncərəyə gur işıq saçır, qoca yuxudan oyanıb günəşə həsrət güllərin necə çiçək açdığını görür. Sevincli halda bu xəbəri ölən xanımına da danışır, amma çox keçmir, anlayır ki, bu cür xoşbəxtlik ancaq böyük qurbanlar hesabına ola bilər.
Mayk Baynderin “Tərk edilən şəhər” (Reign over me) filminə də baxmağa dəyər. Filmin maraqlı tərəfi ondadır ki, müəllif tamaşaçını ancaq 11 sentyabr hadisələrinin izləri ilə istiqamətləndirir. Bu sırf insan hekayəsidir. Həmin gün bütün yaxınlarını itirən gənc oğlanın tam bir xoşbəxt ailədə yaşayan dostu ilə münasibətləri – bu, bir çox Nyu-York sakinlərinin həyatının bir hissəsinə çevrilən bir məqamdır – əkiz qüllələr partlayandan sonra boşluq təkcə Manhettendə yaranmadı. Allen Kulterin “Məni unutma” filmi də bir o qədər pafosludur, bircə fərqlə, onun qəhrəmanları sentyabrın 11-də ayrılmır, yavaş-yavaş yaxınlaşırlar.
Təbii ki, bu miqyasda hadisə kino sənayesinin diqqət mərkəzinə çevrildi. Və bir o qədər də qanunauyğundur ki, bu mövzu ilə qiyamçı, xuliqan Maykl Mur maraqlandı və “Farenqeyt 9/11” (Fahrenheit 9/11) filmini çəkdi. Amerikanın həyat qaydalarına, onun hökumətinə və siyasətçilərinə özünün tənqidi münasibəti ilə məşhur olan rejissor əsas zərbəni o vaxtkı prezident Corc Buşa endirir, onu İraq və Əfqanıstandakı müharibələrdə suçlayır və 11 sentyabr faciəsinə görə məsuliyyəti birbaşa onun üzərinə atır. Nəzərə alsaq ki, “Farenqeyt 9/11” sənədli filmlər arasında ən çox gəlir gətirən film oldu və ona sənədli kino janrı üçün rekord sayda tamaşaçı baxıb, demək olar ki, insanlara acı həqiqət, düzgünlük həqiqətə yaxın olsa da uydurulan faciələrdə aktyorlar tərəfindən oynanılan rollardan daha çox lazımdır.