“Şəxsiyyət pozuntusudur deyib, dispanserə yolladılar”. LGBTI+ icması Azərbaycandakı problemlərini dilə gətirib
Səkkiz illik fasilədən sonra Azərbaycanda LGBTI+ icması “Qürur ayı” ilə bağlı mətbuat konfransı keçirib. Fəallar – Cavid Nəbiyev, Əli Məlikov, Rəbiyyə Məmmədova brifinqdə icmanın məruz qaldığı ayrıseçkilikdən, fiziki və psixoloji zorakılıqdan, nifrət cinayətlərindən və bir sıra problemlərdən söz açıb.
Hər il iyun ayında dünyanın dörd bir yanında LGBTI+ icması kökü onilliklərə dayanan ayrıseçkilik, qərəz, sosial, iqtisadi, mədəni və siyasi həyatdan təcridolunmaya qarşı mübarizə aparmaq üçün bir araya gəlir. Bu ayda özünə sevgi və öz kimliyinlə qürur duymağı təşviq etmək əsas şərtdir.
- Bakıda ilk dəfə LGBTQİ+ problemlərindən bəhs edən yerli bədii film nümayiş olunub
- Azərbaycan regionlarında kuir fərdlər: onlar kimdir və necə yaşayırlar
- Bakıda LGBT cütlüyünün real həyatı – VİDEO
“Bu ay etiraz, dirəniş, siyasiləşmə ayıdır”
LGBTI+ fəalı Cavid Nəbiyev vurğulayır ki, bu ay həm də icmanın problemlərini, çətinliklərini dilə gətirmək, tələblərini irəli sürmək üçün fürsətdir:
“2017-ci ildə polis zorakılığına məruz qalmış 100-dən çox kuiri, məktəbdə qısnamaya məruz qalmış və intihar etmiş Elinanı, amansızca qətlə yetirilmiş jurnalist və LGBTI+ fəalı Əvəz Hafizlini, trans qadın və seks işçisi Aysunu, Nurayı və onların timsalında Azərbaycanda nifrət cinayətlərinin qurbanı olmuş hər kəsi yad etmək və onlara ədalət tələb etmək üçün buradayıq.
İcmanın problemləri çoxdur. Biz iş yerində, terapiyada, təhsil müəssisələrində, səhiyyə sahəsində, polis bölmələrində, mediada qısnamaya, ayrıseçkiliyə, zorakılığa məruz qalırıq”.
“Hakimiyyətdə və müxalifətdə olan siyasi təşkilatlar bizi görməzdən gəlirlər”
Fəal Rəbiyyə Məmmədovanın fikrincə, siyasi partiyalar elə davranırlar ki, sanki bizim seçki hüququmuz yoxdur, sanki biz səs verməyəcəyik:
“Ölkədə çox uzun müddətdir nifrət niqti hökm sürür. Bununla bağlı heç bir dövlət qurumunun, bilavasitə Gender Bərabərlik Komissiyasının heç bir fəaliyyətinə şahid olmamışıq. Nəinki fəaliyyətini görmürük, hətta onların nifrət nitqlərini eşidirik”.
Rəbiyyə Məmmədova bəzi deputatların çıxışlarından nümunələr sadalayıb:
“Milli Məclisin deputatı Eldar Quliyev deyir ki, üzdəniraqları ya tərbiyə etmək, ya da ölkədən çıxarmaq lazımdır.
Milli Məclisin nümayəndəsi, Yeni Azərbaycan Partiyasının üzvü Cavid Osmanov bildirir ki, cəmiyyət LGBT nümayəndələrini, feministləri tamamilə təcrid etməlidir.
Milli Məclisin deputatı Tahir Kərimli bəyan edir ki, üzdəniraqlar. cəmiyyətin “atxodlar”ı təqib edilməli, izolyasiya olunmalıdırlar”.
“Qətllərlə bağlı polis heç bir tədbir görmür”
“İcmaya qarşı dəfələrlə nifrət nitqi səsləndirən, cinayət çağırışları edən bloqer Sevinc Hüseynova haqqında dəfələrlə polis orqanlarına yazılı surətdə müraciət edilmişdi. Cəzalandırılmasını istəyirdik, lakin onunla bağlı heç bir tədbir görülmədi. Nəticədə, təəssüf ki, bu gün Əvəz Hafizli aramızda yoxdur. Əvəz dəfələrlə vurğulamışdı ki, Sevinc Hüseynovanın nitqlərindən sonra ailəsi tərəfindən təhdidlərə məruz qalıb.
Bıçaq zərbələri və boğularaq öldürülən Aysu… Aysunun öldürülməsindən iki gün sonra daha iki trans qadın boğaz və çiyin nayihələrindən bıçaqlandı. Nuray adlı trans qadın yandırılaraq öldürüldü. Əvəz Hafizli boğazı kəsilərək öldürüldü.
Bu insanların ölümündə bilavasitə günahı olan insanlar bu gün azadlıqdadır və nifrət nitqi yaymağa davam edir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bununla bağlı heç bir tədbir görmək niyyətində deyil.
Nazirlər Kabinetinin 19 fevral 2019-cu ildə qəbul olunmuş siyahısı var ki, kimlər pedaqoq kimi çalışa bilər. Həmin siyahıda ciddi xəstəliklər yazılsa da, 29-cu yerdə belə bir cümlə var: “Seksual seçim pozuntusu olan şəxslər ölkədə pedaqoq kimi işləyə bilməz”. Biz bunun səbəbini öyrənmək istəyirik. Biz niyə bu ölkədə pedaqoq ola bilmirik? Niyə biz nifrət nitqinin qurbanı oluruq? Niyə biz yandırılırıq?
Bu sadaladıqlarım bizim bildiklərimizin sadəcə kiçik bir hissəsidir”, – Rəbiyyə Məmmədova deyib.
Rəbiyyə Məmmədova: “Azərbaycan universitetlərinin birində fəaliyyət göstərən bir gey müəllimlə söhbətim olmuşdu. Müəllim deyirdi ki, dərs zamanından kənarda küçədə dostları ilə gəzib. Dostları feminen olduqları üçün ona universitet rəhbərliyindən xəbərdarlıq edilib ki, səni pedaqoji fəaliyyətinə uyğun olmayan insanlarla görüblər”.
Əmlak hüquqlarının pozulması haqqında
LGBTI+ aktivisti Əli Məlikov əlavə edir ki, buna bənzər qayda hərbi komissarlıqda da tətbiq olunur:
“Buna keçməzdən qabaq vurğulamaq istəyirəm ki, biz məcburi hərbi sistemə və militarizasiyaya qarşıyıq.
Hərbi komissarlıqda kuirlər hərbi həkim ekspertizası haqqında əsasnamədə şəxsiyyət pozuntusu olaraq qeydiyyata alınırlar. Bir trans qadın öz kimliyini bəyan etdikdən sonra onu psixoloji dispanserə göndəriblər. Bunun belə yazılması əmlak toxunulmazlığımıza da çox ciddi təsir edir. Çünki şəxsiyyət pozuntusu olaraq qeydə alınan şəxsin sabah ailəsi belə məhkəməyə verib onun əlindəki əmlakı ala bilər.
Həmçinin bu ay Rəbiyyə Məmmədova təhqir olunub, anası fiziki hücuma məruz qalıb. Deyiblər ki, sənin qızın lesbiyandır, pozğundur. Bununla aydın görürük ki, LGBTI+ aktivistləri hansı şəraitdə mübarizə aparırlar”, – Əli Məlikov danışıb.
Son olaraq fəallar “İcmamızın qürur bayramını təbrik edirik. Tək deyilsiniz. Mübarizəmizi davam etdirəcəyik” sözləri ilə tədbiri yekunlaşdırıblar.