“Siyasi iradə yoxdur”. Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulubmu?
Rusiyaya qarşı sanksiyalar
Gürcüstan hökuməti bildirir ki, ölkə Qərb dövlətlərinin Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaq – bu, Gürcüstanın “milli maraqlarına” ziddir. Eyni zamanda prezident və müəyyən qurumlar bunun əksini iddia edirlər – Gürcüstan Qərb dövlətlərinin tətbiq etdiyi bütün sanksiyalara əməl edəcək və onlardan yan keçmək üçün öz ərazisindən istifadə olunmasına imkan verməyəcək.
Bəs əslində vəziyyət necədir? JAMnews gürcü ekspertlərlə birlikdə bu mövzunu anlamağa çalışıb.
2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən bəri bir çox ölkələr – ABŞ, Aİ ölkələri, Böyük Britaniya, Yaponiya, Avstraliya və s. – Rusiyaya qarşı həm kollektiv, həm də birtərəfli bir neçə sanksiya paketi tətbiq edib.
Sanksiyalar maliyyə, enerji və nəqliyyat sektorlarına, ixrac və idxala, viza siyasətinə aiddir. Sanksiyalar məmurları, oliqarxları və Rusiya prezidenti Putinə yaxın şəxsləri əhatə edir.
Qərb dünyası ümid edir ki, Rusiya hökuməti bu təzyiqlərə tab gətirməyəcək və Ukraynaya qarşı müharibəni dayandırmayacaq.
- “Le Figaro”: “Gürcüstan Moskva orbitinə qayıtmaq üçün Aİ-ni tərk edir”
- Ukrayna kəşfiyyatı: Rusiya Gürcüstanla reeksport üzrə danışıqlar aparır. Tbilisi bunu təkzib edir
- Transparency International: gürcü oliqarx İvanişvili Rusiyada biznesə sahibdir
Gürcüstan Rusiyaya qarşı öz sanksiyalarını tətbiq etməyib. Üstəlik, fevralın 24-dən Gürcüstan hökumətinin üzvləri Gürcüstanın Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmayacağını vurğulayırlar. Ukrayna Gürcüstanın mövqeyindən narazıdır və bu barədə açıq danışır.
Eyni zamanda, Gürcüstan prezidenti və ayrı-ayrı qurumlar dəfələrlə vurğulayıblar ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalara əməl edir və onlardan qaçmaq üçün vasitəçi olmaq niyyətində deyil.
Əslində nə baş verir?
Rusiyaya qarşı sanksiyalar və Gürcüstanın mövqeyi
Soyuq müharibədən sonra Rusiya ilk dəfə belə sərt sanksiyalarla üzləşib.
Maliyyə sanksiyaları nəticəsində Rusiya Mərkəzi Bankının aktivləri dondurulub. Rusiya 630 milyard dollarlıq ehtiyatdan istifadə edə bilmir, Rusiyanın yeddi ən böyük bankı SWIFT beynəlxalq bank köçürmə sistemindən çıxarılıb, bu səbəbdən pul vəsaitlərinun köçürülməsi ləngiyir.
Bundan əlavə, Aİ hava məkanı bütün Rusiyaya məxsus təyyarələr, limanlar isə Rusiya gəmiləri üçün bağlıdır. Rusiyaya ikili təyinatlı malların ixracı da qadağandır.
Rusiyalı oliqarxlar, Dövlət Dumasının deputatları və Putinə yaxın şəxslər xaricdəki daşınmaz əmlaklarına çıxışı itirib, onlara Avropa və ABŞ-a səyahət qadağası qoyulub.
Aİ indi sanksiyaların altıncı paketi üzərində işləyir və bu, daha sərt olacaq. Paket çərçivəsində Aİ Rusiyaya qarşı neft embarqosu tətbiq etməyi, Rusiya üçün neft daşıma və sığorta xidmətlərini qadağan etməyi və üç dövlət telekanalının yayımına qadağa qoymağı planlaşdırır. “Sberbank” və daha iki böyük bankın SWIFT-dən çıxarılması nəzərdə tutulub. Sanksiya siyahısına Ukraynanın Kiyev yaxınlığındakı Buça şəhərində hərbi cinayətlər törətmiş hərbçilər də daxil ediləcək.
Rusiyaya qarşı ilk sanksiyalar paketi fevralın 24-də qüvvəyə minib. Ertəsi gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstanın bu sanksiyalara qoşulmayacağını bildirib:
“Açıq və birmənalı şəkildə bildirmək istəyirəm ki, Gürcüstan bizim milli maraqlarımızı və xalqımızın mənafeyini nəzərə alaraq maliyyə və iqtisadi sanksiyalarda iştirak etmək fikrində deyil, çünki bu, ölkəmizə və əhalimizə ancaq böyük ziyan vuracaq”.
O vaxtdan bəri Gürcüstanın baş naziri bu bəyanatı bir neçə dəfə təkrarlayıb. O əlavə edib ki, ölkə iqtisadi cəhətdən Rusiyadan çox asılıdır. Qaribaşvili bildirib ki, son yeddi-səkkiz ildə Rusiyadan Gürcüstana 12 milyard dollar daxil olub və hakimiyyət “əhali üçün bu gəlirləri azaltmayacaq”.
Moskva Gürcüstanın baş nazirini mövqeyinə görə alqışlayıb:
“Yaxşı. Belə bir qərarı ancaq alqışlamaq olar”, – Rusiya Federasiya Şurası Beynəlxalq Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib.
“Gürcüstanın sanksiyalarla bağlı mövqeyi diqqətdən kənarda qalmayacaq”, – Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.
Gürcüstanın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyinə görə, Ukrayna prezidenti Zelenski Ukrayna səfirini Tbilisidən geri çağırıb.
Ölkə prezidenti Salome Zurabişvilinin bəyanatları baş nazirin bəyanatlarından köklü şəkildə fərqlənir. Prezident beynəlxalq mediaya müsahibəsində, yəni əsasən ölkədən kənarda olan auditoriyaya xitabən sanksiyalar məsələsinə münasibət bildirib.
Salome Zurabişvili martın 2-də “France 24” telekanalına müsahibəsində “Səmimi deyirəm ki, belə bir bəyanat verməzdim” dedi. Daha sonra o, CNN-ə deyib ki, Gürcüstanın sanksiyalara qoşulmadığı iddiası doğru deyil və problem “hökumətin istifadə etdiyi leksikada” ola bilər:
“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak edirik və bu, Gürcüstanın maliyyə sektoru üçün xüsusi bir şeydir… Eyni zamanda, biz [Gürcüstan] Ukraynanı dəstəkləyən bütün beynəlxalq qətnamələrə qoşulmuşuq… Biz [Ukrayna ilə birlikdə] iki əsrlik Rusiya təcavüzü tarixini yaşamışıq və biz bunun nə olduğunu bilirik”, – Salome Zurabişvili Kristian Amanpurun sanksiyalarla bağlı sualını cavablandırıb.
Hökumət üzvləri sanksiyalara qoşulmaq zərurətindən danışan hər kəsi “müharibə tərəfi” adlandırır və onları “Gürcüstanı müharibəyə çəkmək” istəyində ittiham edirlər.
Maliyyə amili
Rusiyaya qarşı sanksiyaların ən mühüm paketlərindən biri maliyyə sektoruna tətbiq edilən sanksiyalar – SWIFT sistemindən çıxarılma, köçürmələrə, xarici valyutadan istifadəyə məhdudiyyətlər, banklara qarşı sanksiyalardır.
Gürcüstanda bu sanksiyalar Rusiyanın VTB bankının filialına təsir edib. Onun transferləri məhdudlaşdırılıb. Nəticədə bank fəaliyyətini dayandırıb. Müştərilərə – VTB Bankın fiziki şəxsləri, əmanətçiləri və borcalanlarına indi Basis Bank, hüquqi şəxslərə isə Liberty Bank xidmət göstərir.
Gürcüstan Milli Bankından JAMnews-a verilən açıqlamaya görə:
- ödəyici və ya alıcı, yaxud da onun bankı sanksiya siyahısına düşmədiyi halda Gürcüstanın və ya xarici dövlətin vətəndaşı Rusiyaya pul köçürə bilər;
- eyni şey Rusiyadan köçürmə zamanı da keçərlidir;
- sanksiya tətbiq edilmiş banklara pul köçürmək üçün heç bir yol və imkan yoxdur;
- pul köçürmə sistemlərinin özləri tərəfindən müəyyən edilən pul köçürmələrində məhdudiyyətlər var;
- bütün əməliyyatlar xüsusi nəzarət altındadır və sanksiyalardan yan keçmək fiziki cəhətdən mümkün deyil.
“Milli Bank beynəlxalq qətnamələrlə müəyyən edilmiş standartlara uyğun hərəkət edir və sanksiyalardan yan keçməyəcək etməyəcək , hətta istəsə belə keçə bilməyəcək”, – Gürcüstan Milli Bankı sanksiyaların qüvvəyə minməsindən qısa müddət sonra, fevralın 27-də deyib.
Sanksiyalar pul köçürmələrinə şamil edilmir.
Gürcüstan Milli Bankının məlumatına görə, 2022-ci ilin aprelində Rusiyadan Gürcüstana ötən ayla müqayisədə beş dəfə çox pul köçürülüb. Mart ayında Rusiyadan Gürcüstana 27 milyon dollar, apreldə isə 133 milyon dollar, keçən ilin aprel ayı ilə müqayisədə 300 faiz çoxdur.
Maliyyəçilərdən bu göstəricilərin nəyi ifadə etdiyini soruşduq Bu, sanksiyalardan yayınmağın hər hansı dolayı yolla olduğunu göstərirmi?
“Cəmiyyət və Banklar” təşkilatının İdarə Heyətinin sədri Giorgi Kepuladze deyir ki, bu, mart ayında transferlərlə bağlı problemlərə görə ola bilər:
“Ola bilsin ki, sanksiyaların birinci mərhələsi baş verəndə soydaşlarımız pul köçürməsi edə bilməyiblər, ona görə də bunu apreldə ediblər”.
“Rondeli” Fondunun baş elmi işçisi, Avropa Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili bunu Rusiyadan miqrasiyanın artması ilə əlaqələndirir:
“Biz on minlərlə məcburi köçkünü, qaçqını və ya sadəcə müvəqqəti olaraq Gürcüstana köçən vətəndaşları qəbul etmişik və hesab edirəm ki, onlar çoxlu pul alırlar”.
Maliyyə sanksiyaları nöqteyi-nəzərindən Gürcüstanı “qara dəliyə” çevirmək ehtimalı mövcud deyil, Giorgi Kepuladze əlavə edir:
“Gürcüstan bank sisteminin özü qlobal maliyyə sisteminin bir hissəsidir və bu sanksiyalara əməl etməmək mümkün deyil. Hakimiyyət nə deyirsə desin ki, biz sanksiyalara qoşulmuruq, maliyyə və bank baxımından biz onlara qoşulmuşuq”.
Ticarət
Ukraynanın işğalına cavab olaraq Qərb də Rusiya ilə ticarəti ciddi şəkildə məhdudlaşdırdı. Məsələn, Aİ Rusiyaya metallurgiya məhsullarının, avtomobillərin və ehtiyat hissələrinin, eləcə də bahalı geyimlərin ixracını qadağan edib. Demək olar ki, bütün nəhəng şirkətlər Rusiya bazarını tərk edib. ABŞ Rusiya neftindən, Litva isə Rusiya qazından imtina edib. Avropa İttifaqı Rusiya neft və qazının istehlakını tədricən azaltmağa və 2027-ci ildə tamamilə imtina etməyə başlayacağını bildirib.
Bunun fonunda martın əvvəlində Rusiya öz süd məhsulları bazarını Gürcüstana açacağını bəyan edib. Hökumət bu məlumatı təkzib etməyib. Əksinə, kənd təsərrüfatı naziri bəyan edib ki, “bu, Gürcüstan şirkətləri üçün bir fürsətdir”.
Ümumilikdə süd məhsulları istehsal edən 15 Gürcüstan şirkəti müzakirə olunub.
Bu əhvalat həm Gürcüstanda, həm də Ukraynada böyük hiddət doğurub.
“Bu, çox pis bir zamanda çox pis bəyanat idi”, – “Rondeli” Fondunun tədqiqatçısı Kaxa Qoqolaşvili deyir. Ekspert Rusiyanın bunu qəsdən etdiyini güman edir. – “Bu qədər gözlədi, sonra müharibə başlayanda bazarı açdı”.
Onun fikrincə, burada problem Gürcüstan hökumətinin mövqeyi idi:
“Biz müvəqqəti olaraq geri gəkilə və deyə bilərdik ki, Rusiya bizə bu bazarı verib, amma Ukraynada müharibə getdiyi müddətcə, biz Rusiyaya ixrac etməyəcəyik”.
Bununla belə, Gürcüstandan Rusiyaya süd və pendir getmədi – Ukraynada baş verən hadisələr fonunda hökumətin əvəzinə Gürcüstan şirkətləri Rusiya bazarına çıxmaqdan imtina edirdilər.
Gürcüstan Rusiya iqtisadiyyatından necə və nə dərəcədə asılıdır?
Gürcüstan Rusiyadan satdığından daha çox məhsul alır. Təcavüzkar ölkədən iqtisadi asılılıq artır, lakin hələ də Gürcüstan hökumətinin təsvir etdiyi qədər deyil.
Məsələn, “Transparency International Georgia” təşkilatının məlumatına görə, 2021-ci ildə Gürcüstanın ixracdan, turizmdən və Rusiyadan pul köçürmələrindən əldə etdiyi gəlir 1,3 milyard dollar (ÜDM-in 6,7 faizi) təşkil edib.
Gürcüstan Rusiyaya ən çox ferroərinti satır (ötən il ümumi ixracın 610 milyon dollarından 172 milyon dolları ferroərintilər olub). Rusiya həm də gürcü şərabının böyük bazarıdır. Ötən il Gürcüstan şərabının ixracının 55 faizi Rusiyaya gedib.
Gürcüstan Rusiyadan taxıl alır. Məsələn, ötən il Gürcüstan Rusiyadan 87 milyon dollara 319 min ton buğda alıb ki, bu da bütün buğda idxalının 94 faizini təşkil edir. Təbii qaz idxalı nisbətən aşağı olub, ümumi həcmin 23,1 faizini təşkil edib.
Gürcüstan hökuməti hər dəfə bu məlumatlara istinad edəndə inadla təkrar edir ki, o, tətbiq edilən sanksiyalara qoşulmur və öz sanksiyalarını tətbiq etmək niyyətində deyil.
İnformasiya İnkişafı İnstitutunun (IDFI) məlumatına görə, Gürcüstanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl edib-etməməsindən asılı olmayaraq, indiki böhran səbəbindən təxminən 114 milyon dollar itirəcək. Gürcüstan isə öz sanksiyalarını tətbiq etsə, itki 500 milyon dollardan çox olmayacaq.
Nəqliyyat əlaqəsi
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Ukraynada müharibə başlayandan sonra Rusiyadan Gürcüstana təxminən 94 min nəfər (martda 45 068, apreldə 48 797) daxil olub.
2019-cu ildə Rusiya tərəfindən uçuşlar ləğv edildikdən sonra Gürcüstanın Rusiyaya birbaşa uçuşu yoxdur. Ukraynadakı müharibə səbəbindən Avropa Birliyi Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. Gürcüstan bunu etməyib və bunu qonşu Ermənistanın maraqları ilə izah edib.
Eyni zamanda, Gürcüstan Rusiya ilə çox liberal viza siyasəti aparan nadir ölkələrdən biridir – Rusiya vətəndaşlarının vizaya ehtiyacları yoxdur, onlar ölkədə qanuni olaraq bir il qala bilərlər.
Bu siyasətə yenidən baxılmalıdır, çünki Gürcüstan üçün risklər xeyli artıb -Gürcüstan Milli Bankının keçmiş rəhbəri, maliyyəçi Giorgi Kadagidze deyir:
“Liberal viza siyasəti, Rusiya ilə artan ticarət əlaqələri, coğrafi yaxınlıq, Rusiya vətəndaşlarının axınının artması, Gürcüstanda açılan şirkətlərin sayı [müharibədən sonra Gürcüstanda 3400 rusiyalı fərdi sahibkar kimi qeydiyyatdan keçib – JAMnews] – bütün bunlar Gürcüstanın yüksək riskli ölkə olduğunu göstərir. Bu məsələyə yenidən baxmaq lazımdır”.
“Qara dəlik” və “qara silahı”
“Bəzi insanların sanksiyaları aşaraq pul qazanması ədalətsizlikdir. Təəssüf ki, bəzi Asiya ölkələrinin bu işə qarışdığını görürük. Bu qara siyahıda Gürcüstan kimi ölkələri görmək çox təəssüf doğurur”, – Atlantika Şurasında müzakirələr zamanı Ukrayna administrasiyasının rəhbəri Andriy Yermak bildirib.
Bu, Ukraynanın sanksiyalardan yan keçmək üçün Gürcüstandan “qara dəlik” kimi istifadə oluna biləcəyini açıq şəkildə bildirdiyi ilk hal deyil.
Mayın 1-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, Rusiya öz məhsullarının beynəlxalq bazara təkrar ixracı üçün Gürcüstan, Ermənistan və Azərbaycanla danışıqlar aparır. Bundan əvvəl, aprelin 4-də Ukrayna kəşfiyyatı Rusiyanın Gürcüstan ərazisindən qaçaqmalçılıq marşrutu qurduğunu bildirmişdi.
Hər iki halda Gürcüstan hökuməti ittihamları yalan adlandırıb və Ukraynadan izahat və sübut tələb edib.
Gürcüstanın baş naziri bəyan edib ki, “Gürcüstan sanksiya tətbiq edilən malların daşınmasına icazə verməyəcək”.
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bu açıqlamadan məmnun olduğunu bildirib, lakin əlavə edib: “Əlbəttə, biz bu məsələni yaxından izləyirik”.
“Gürcüstan həqiqətən “qara dəlik” ola bilərmi” sualına cavab olaraq ekspert Giorgi Kadagidze bildirib ki, bunu etmək çox sadədir və bir qayda olaraq, bununla fərdi şəxslər məşğul olur:
“Hər zaman faydalanmağa çalışan insanlar və qruplar var. Bu, keçmişdə olub və gələcəkdə də olacaq. Məsələ burasındadır ki, dövlət öz yurisdiksiyasında belə halların baş verməməsi üçün təşviqat aparırmı və ya qabaqlayıcı tədbirlər görürmü? Hansısa dövlətin sanksiyalara qoşulub-qoşulmamasından danışanda əsas maraq doğuran mövzu budur”.
Kadagidze bunun necə edilə biləcəyinə dair praktiki nümunələr də verir:
“Ən çox yayılmış forma vasitəçi şirkət şəklində yeni bir əlaqənin meydana gəlməsi ilə məhsulların təyinat ölkəsində dəyişiklikdir. Məsələn, çipslər Tailanddan Rusiyaya daşınmır, ona görə də Gürcüstanda qeydiyyatdan keçmiş şirkət onları alma yüklü maşınla alıb Rusiyaya aparır. Bu mümkündürmü? Bəli!”.
Onun fikrincə, reputasiya və digər daha ciddi risklərin qarşısını almaq üçün ölkədə ixrac və idxala, tranzit və maliyyə axınlarına nəzarət edən monitorinq qrupu yaradılmalıdır:
“Bütün bunlar müttəfiq/dost ölkənin etməli olduğu standart proseslərin natamam siyahısıdır. Ən əsası isə bu məlumat ictimaiyyətə açıq olmalıdır. Bəs biz nə edirik, tərəfdaşlarla işləyirik? Biz məlumat mübadiləsi aparırıq? Beynəlxalq sanksiyalar məsələsi “inan və ya inanma”, yaxud “sübut et və ya üzr istə” məsələsi deyil. Bu, ölkənin fəlakətli proseslərə qarışmasının qarşısını almaq üçün həyata keçirməli olduğu konkret tədbirlərin siyahısıdır”.
Gürcüstan hökuməti ölkənin “qara dəliyə” çevrilməsinə imkan verməyəcəyi barədə bəyanatlardan başqa nə edir? Bu sualın cavabı yoxdur. İndiyə qədər heç kim açıq şəkildə, məsələn, malların sərhəddən keçirilməsini tənzimləyən hər hansı qaydaları görməyib.
“Onlar hələ rəsmi olaraq Putinin Rusiyasının sanksiyalardan yayınmaq üçün istifadə edə biləcəyi hərəkətləri məhdudlaşdıran qanun qəbul etməyiblər”, – Müxalif Avropa Gürcüstanı Partiyasının lideri Giga Bokeria deyir.
“Onlar nə demək istəyirlər?” – deyə o, sorğulayır. – “Əgər sanksiyalardan yayınmamaq üçün hökumətin rəhbər tutmalı olduğu əsasnamələri qəbul etmirlərsə, nəyə əsaslanaraq nəyisə məhdudlaşdırırlar? Onlar qanundan kənar tədbir görürlər? Bu rejimin Putin Rusiyasına qarşı qanunsuz addımlar atmasına kim inanacaq?“
Müharibə başlayandan bu günə kimi Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti vaxtaşırı açıq bəyanatlarla çıxış edir və gömrük üzərində nəzarəti gücləndirdiyini iddia edir:
“Hərbi və ikili təyinatlı mallar, eləcə də sanksiyalarda iştirak edən ölkələrin sanksiya siyahısına daxil edilmiş bütün məhsullar ciddi gömrük nəzarətindən keçir”, – nazirliyin açıqlamasında bildirilir. Həmçinin deyilir ki, “sanksiyaya məruz qalan şəxslərə və şirkətlərə də diqqət yetirilir”.
JAMnews Gəlirlər Xidmətindən hansı göstəricilər əsasında yüklərə nəzarətin gücləndirildiyinə dair suala cavab ala bilməyib.
Lakin gömrük xidmətindəki mənbənin JAMnews-a verdiyi məlumata görə, qurum müəyyən edilmiş qaydaları alıb və həmin qaydalar bütün idarələrə göndərilib. Bu fərmana əsasən, sanksiya tətbiq edilən şəxslərin siyahıları və məhsul kodları var. Gömrük işçiləri mallara baxış keçirərkən bu siyahıları rəhbər tuturlar.
Hər dəfə belə sanksiyalaşdırılmış yük sərhədə gələndə və ya göndərən, yaxud alan sanksiya altında olduqda, xüsusi şöbə cəlb olunur. Mənbənin sözlərinə görə, elə hal olub ki, göndərən sanksiyaya məruz qalıb, lakin yük qara siyahıda olmayıb və uzun müzakirələrdən sonra yük buraxılıb. Onun sözlərinə görə, bütün bunlar daha çox tranzit yüklərə aiddir və tranzit daşıma indi o qədər artıb ki, gömrük postları ikiqat yüklənmə ilə işləyir.
Əgər Gürcüstan rəsmi şəkildə sanksiyalara qoşulmayıbsa, bəs niyə digər ölkələrin tətbiq etdiyi məhdudiyyətlərə əməl edir? Yaxud Gürcüstan hər şeyi edirsə, niyə hökumət deyir ki, biz sanksiyalara qoşulmuruq – bu, cavabı olmayan sualdır. Hökumət susur.
İki həftə ərzində JAMnews hökumət administrasiyasının mətbuat xidmətindən bu sadə suala cavab almağa çalışıb.
Mütəxəssislərdən bu qeyri-müəyyən vəziyyətə aydınlıq gətirmələrini istədik.
Burada qorxu faktoru var, hakimiyyət Qərbdən qorxaraq etdiklərini Rusiyadan qorxduğu üçün səsləndirmək istəmir – Kaxa Qoqolaşvili hesab edir.
Hökumət iki kresloda oturmağa cəhd etməkdə davam edir: “gəlin Rusiyanı qıcıqlandırmayaq, eyni zamanda Qərb kursunu elan edək” – Giorgi Kadagidze deyir.
Nə etmək lazım idi?
Kaxa Qoqolaşvili hesab edir ki, Gürcüstan təkcə sanksiyalara qoşulmamalı, həm də öz sanksiyalarını tətbiq etməlidir:
“Məsələn, ilk növbədə, açıq şəkildə bəyan etmək lazım idi ki, biz ikili təyinatlı və hərbi malları buraxmayacağıq.
İkincisi, açıq şəkildə bəyan etmək mümkün idi ki, məsələn, Rusiya bayrağı altında üzən gəmiləri limanlara buraxmayacağıq, çünki bu, təhlükəsizlik məsələsidir.
Üçüncüsü, məsələn, Rusiya vətəndaşları üçün vizasız gediş-gəliş artıq ləğv edilməli idi.
Dördüncüsü, danışıqlar olub ki, Rusiya Gürcüstanla özünün ləğv etdiyi hava əlaqəsini bərpa edir. İndi bunu özümüz qadağan etməliyik. Biz Ermənistan üçün istisna edə bilərik, lakin [Rusiya təyyarələrinin] [Gürcüstanın hava məkanından] istifadə edərək başqa hər hansı üçüncü ölkəyə uçmasını qadağan etməliyik.
Nəhayət, məsələn, mən Rusiya şirkətlərinə Gürcüstan şirkətlərində nəzarət səhmlərini əldə etməyi qadağan edərdim”.
Amma nə Qoqolaşvili, nə də digər müsahiblərimiz Gürcüstan hökumətindən bunu gözləmirlər. Çünki hesab edirlər ki, hakimiyyətin bunu etmək üçün siyasi iradəsi yoxdur.
“Mediaşəbəkə”nin dəstəyilə
Rusiyaya qarşı sanksiyalar