Suriyalı ermənilərin biznes-fenomeni. Dörd miqrantın hekayəsi
Suriya münaqişəsinin sürdüyü beş il ərzində Ermənistana 22 min suriyalı erməni köçüb. Bu dövr ərzində onlar burada özünəməxsus şərq çaları ilə yeni biznes mədəniyyətini, yeni ənənələri formalaşdıra biliblər.
Ermənistana köçən 500 suriyalı erməni artıq öz biznesini qura bilib. Bir neçə il ərzində onların çoxu ən müxtəlif sahələrdə böyük uğur qazana bildilər. Yerevanda suriyalı ermənilərin restoran və kafeləri yarandı. Suriyadan köçən sahibkarların müəssisələrində istehsal olunan ayaqqabı, cins, trikotaj və mebel də çox populyardır. Paytaxtın mərkəzində məmulatların satıldığı Hələb bazarı açıldı.
40
yaşlı Şant Xayalyan Ermənistana 2013-cü ildə köçüb və artıq üç ildir ki, üzvi sabun istehsalı ilə məşğul olur. Xammal kimi o ancaq Ermənistanın dağlarında və tarlalarında bitən çobanyastığı, gicitkən, cəfəri, qızılgül, həm də üzüm tumlarından istifadə edir. Sabunun tərkibinin əsasını zeytun yağı təşkil edir. Ay ərzində təxminən 8000 ədəd sabun, təxminən eyni həcmdə də şampun və yağlar istehsal edir.
• Gürcüstan fındığı üçün əsas bazar Avropa əvəzinə Rusiya bazarı olub
• Rəssam emalatxanasında yeni il hədiyyələri paradı
“Ermənistan bazarına çıxmaq və burada öz yerimi tapmaq üçün çox orijinal ideya təqdim etməliydim. Məhsulum Avropa İttifaqının “Beauty products” lisenziyasını alıb. Düzgün menecment çox vacibdir. İşinin uğurunun əsasında böyük arzu və məqsədinə çatmaq üçün mübarizə durmalıdır. Çoxları deyir ki, Ermənistanda bizneslə məşğul olmaq mümkün deyil, amma mən bu fikrə qarşı getdim, bilirdim ki, işim alınacaq. Və daha çox şey edə bilərəm. Nə vaxtsa böyük sabun istehsalı zavodu açmağı arzulayıram”, – sahibkar deyir.
Xayalyan işə dörd sabun növündən başlayıb, bu gün o, 25 növ sabun və 16 növ şampun istehsal edib, İsveçrə və Gürcüstana ixrac edir, tezliklə Rusiyaya da göndərəcək.
Şant Xayalyan öz biznes proqramlarının realizəsi üçün xüsusi olaraq suriyalı ermənilər üçün işlənib hazırlanan imtiyazlı kredit proqramından istifadə edən 110 sahibkardan biridir. Layihəni Ermənistan Milli kiçik və orta biznesin inkişafı mərkəzi və BMT-nin qaçqınlar üzrə ali komissarının Ermənistan ofisi birlikdə həyata keçiriblər.
Xayalyan proqram çərçivəsində 12 min dollar həcmində 4%-lə kredit alıb, halbuki yerli banklar biznes kreditlərini 10 və ya daha artıq faizlə verirlər.
BMT-nin qaçqınlar üzrə ali komissarının Ermənistan ofisinin xarici əlaqələr üzrə koordinatoru Anait Hayrapetyan qeyd edir ki, suriyalı ermənilər özlərini biznesdə yaxşı göstərir, onların sahibkarlıq bacarıqları proqram təşkilatçılarında uğura inam yaratdı.
“Biz Ermənistan iqtisadiyyatının dirçəlişi üçün suriyalı erməni amilinin nə demək olduğunu anladıq. Onların hər biri klassik biznesmen nümunəsidir. Ermənistanın 26 illik müstəqilliyi əsl sahibkarların yaranması, sovet mentalitetinin öhdəsindən gəlmək üçün kifayət qədər uzun müddət deyil, suriyalı ermənilərin isə artıq üçüncü nəsli bizneslə məşğuldur və burada onlar özünü suda balıq kimi hiss edirlər. Eynşteynin sözləri ilə desək, insanlar Ermənistana təkcə əşyalarını deyil, həm də beyinlərini və əllərini də gətiriblər”, – Hayrapetyan deyir.
Ç
oxu Suriyaya ötən əsrin əvvəllərində, ermənilərin Osmanlı İmperiyasında soyqırımı zamanı köçüblər. Burada onlar müstəqil şəkildə ayağa duraraq, milli özgürlüklərini saxlaya bildilər. Suriyada ermənilər kifayət qədər imkanlı idi. Hazırda onlar ikinci köçünü yaşayır və içlərində özlərinin hesab etdiyinə görə, genetik səviyyədə elə həmin mexanizm işə düşdü: ancaq öz gücünə arxalanmaq.
Aleksan Karadanyan əmindir ki, Ermənistanda qalmaq qərarını verən suriyalı ermənilər özləri özlərinə güvənə bilərlər.
“Bu mübarizə bizə əcdadlarımızdan keçib. Biz özümüz öz işimizi yaratdıq, heç kim bizə heç nə verməyib. Türkiyədən Suriyaya qaçan əcdadlarımızın da başqa əlacı qalmamışdı. Onlar işləməyə başladılar, işin bünövrəsini qoydular, öz bizneslərinə çoxlu zəhmət qoydular və uğur qazandılar. Onlar yad ölkədə sıfırdan başlayırdı, biz isə öz vətənimizdə XXI əsrdə. Niyə bizdə nəsə alınmasın axı? Hər şey insanın özündən asılıdır. Burada çoxlu çətinliklər var, blokadanı unutmaq olmaz, hər şeyi ən xırda detallara qədər xaricdən gətirmək lazım olur. Amma bütün problemləri həll etmək olar”, – Karadanyan deyir.
Faktiki olaraq suriyalı ermənilər qaçqınlardır, amma vəziyyəti bu cür qəbul etmir, bu cür qiymətləndirmirlər. Əksinə, şüurlu şəkildə nümayiş etdirirlər ki, istənilən mühitdə, xüsusisən də Ermənistanda, öz vətənlərində ayağa dura bilərlər.
Aleksan Karadanyan Hələbdə paltar üçün printlə məşğul olub, üç mətbəə mərkəzi və şəxsi dizayner ofisi olub. Ermənistana ailəsi ilə birlikdə 2012-ci ilin yayında gəlib və artıq payızdan Ermənistan Milli kiçik və orta biznesin inkişafı mərkəzi və BMT-nin qaçqınlar üzrə ali komissarının Ermənistan ofisinin proqramından istifadə edərək, əvvəlki işi ilə məşğul olmağa başlayıb.
“Diaspora nazirliyində bizi, yəni trikotaj ustalarını yerli istehsalçılarla tanış etdilər. Onlardan biri elə həmin gün mənə Yerevanda mərkəz açıb, dizayn, köynəklərin üzərində printlə məşğul olmağı təklif etdi. Bu, məni çox ilhamlandırdı. Hazırda ayda 4 min köynəyin üzərində erməni tematikası ilə təsvirlər çap edirəm. Əlbəttə, bu saydan başlamamışdıq. Alıcılarımız turistlərdir və daha çox köynək yay aylarında satılır”, – “Sona-Print” MMC-nin direktoru Aleksan Karadanyan deyir.
Karadanyanlar başqa bi iş də açdılar – fincan, açar və kitabçaların tərtibatı ilə məşğul olan “Aleksan Art” dizayner şirkətini.
Y
erevanın mərkəzində Sonik Karçikyan və Yeran Balmanukyan kiçik Suriya restoranı açdılar. Bu, balaca restorandır, cəmi 30 kvadrat metr sahəsi var. Amma burada müştəri əlindən tərpənmək olmur. Hər iki sahibə də daima mətbəxdədirlər – Suriya yeməklərini özləri hazırlayırlar. Ermənistanda iş açmağın asan olmadığını deyirlər və dərhal da əlavə edirlər: “Harada asandır ki?”
“Hara getsəydik: Avropaya, Kanadaya, Amerikaya” – heç yerdə asan olmayacaqdır, çünki yeni mühitə, yeni bazara düşürsən. Bu, həmişə bir sınaqdır. Mən hətta Suriyada da yeni işə başlasaydım biznesimi ayağa qaldırana qədər bir ya iki il dözməliydim.
Karıxdıran ancaq vergi, həm də biznes üçün sahəyə, evə, uşaqların təhsilinə görə pul ödəməli olmağımızdır – bütün bunlar bir yerdə böyük puldur. Qışda biznesdə xüsusilə çətindir, həyat sanki hava ilə birlikdə donur”, – ailəsinin Latakiyada bir neçə mağazaya sahib olduğu Sonik Karçikyan danışır.
“İstənilən halda Ermənistanın üstünlüyü ondadır ki, bura bizim ölkəmizdir. Ürəklə işləyirik, bu restoranla yaşayırıq, keyfiyyəti yüksək səviyyədə saxlayırıq, sorğulamağa özümüzdən başlayırıq və özümüzü aldatmaqla məşğul olmuruq”, – Sonik deyir.
O, gidlər üçün kurs keçib və sifariş olanda ərəb turist qruplarını müşayiət edir. Onun “Facebook”dakı “Yerevan turu” səhifəsi ərəbdilli turistlər üçün nəzərdə tutulub. O, Ermənistanda tibbi turizm təşkil etməyə çalışır.
“Bu fəaliyyət sahəsi ilə əsaslı şəkildə məşğul olmaq, Ermənistanda turistlərə istirahəti müalicə, xüsusilə də stomatoloji müalicə ilə birləşdirməyi təklif etmək istəyirik. Həm də Ermənistanda çox ucuz olan ən müxtəlif kosmetoloji xidmətlər – dərinin təmizlənməsi, botoks da təklif edəcəyik… Bütün bunlar insanları maraqlandırır, xüsusən də bu xidmətlərin qiymətlərini xaricdəki qiymətlərlə müqayisə etsək”, – Sonik Karçikyan planları haqda danışır.
F
acebook dakı Maqi Xorozeana aid “Magie’s sweet Delicacies” səhifəsi artıq hamıya tanışdır. Onun arzusu Yerevanda şirniyyat mağazası açmaqdır.
“Hələlik alınmır, sifarişlə toylar, ad günləri üçün işləyirəm. Süfrəni bəzəmək üçün tamamilə yeni, burada hələ olmayan texnologiya ilə şirniyyat hazırlayıram, mağazalara satmağa çalışıram. Dubayda kurs keçmişəm, orada artıq müştərilərim də varıydı, amma qızım Ermənistana gəlməyi çox istəyirdi, ona görə də bura köçdük. Ümid edirəm ki, bu iş mənə həyatımızı burada qurmağa imkan verəcək”, – Maqi deyir.
Suriyalı ermənilər artıq anlayıblar ki, ölkə iqtisadi cəhətdən varlı deyil, bazar kiçikdir, biznes çətinliklə işə düşür. Amma bütün bunlara baxmayaraq işləyirlər.
“Eyni səyləri Suriyada göstərsəydik, artıq milyonçu olardıq. Hər şeyimiz də varıydı. Xaricdə işə bu qədər zəhmət qoyanda, var-dövlət sahibi olursan, burada isə ancaq ölməmək üçün çalışırsan. Yəni bu, yanaşma məsələsidir: varlanmaq istəyirsən, amma alınmırsa, köçüb gedirsən, yox, əgər vətənində yaşamaq, övladlarının həyətdə ermənilərlə oynamasını, erməni danışığını eşitməyini istəyirsənsə Ermənistanda qalırsan”, – Aleksan Karadanyan deyir.
Anayit Hayrapetyan suriyalı ermənilərdə onların müstəsna vicdanlılığını qiymətləndirir:
“Biznes onlar üçün həm təmiz adları, həm də gəlir mənbəyidir. Bu da onları sovet tərbiyəsi alan insanlardan fərqləndirən cəhətdir. Onların biznes mədəniyyəti, işə münasibəti, servisə münasibəti – bütün bunlar bir nümunədir”.