İlham Əliyev: “Minsk Qrupu 28 il fəaliyyət göstərib. Nəticə göz qabağındadır - sıfır”
Azərbaycan prezidentinin fikrincə, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupuna verilən mandat de-yure qüvvədə qalsa da, de-fakto qüvvədən düşmüş sayıla bilər. İlham Əliyev bildirib ki, Minsk Qrupu 28 il fəaliyyət göstərib və “nəticəsi göz qabağındadır – sıfır”.
O, həmçinin Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında problemlərin həllindəki rolu, rəsmi Bakının təklif etdiyi beş prinsip, o cümlədən də Zəngəzur dəhlizinin inşası üzrə işlərin başlanmasının zəruriliyi haqda fikrini bildirib.
- “Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri ola bilər”. Bakıdan şərh
- “Qərb Cənubi Qafqazı Rusiyanın maraq zonası hesab etmir”. Bakıdan şərh
- Brüsseldə Ermənistan-Azərbaycan danışıqları. Avropa İttifaqı Moskvanın önünə keçməyə çalışır?
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclas baş tutub.
İclasdakı nitqinin siyasi hissəsində Əliyev Ermənistanla danışıqlar prosesində hazırkı vəziyyət haqda danışıb. Azərbaycan prezidenti ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı məsələlərə, Avropa İttifaqının vasitəçilik səylərinə toxunub. Həmçinin o, Zəngəzur dəhlizinin inşasına başlamağın zəruri olduğunu bildirib, Qaqrabağın RF sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi hissəsində təbii qaz təminatının dayandırılması ilə bağlı vəziyyət haqda danışıb.
“Minsk Qrupu 28 il fəaillət göstərib. Nəticə göz qabağındadır – sıfır”
İlham Əliyevin sözlərinə görə, Minsk Qrupuna mandat verən ATƏT yeni reallıqları tam qəbul edib:
“ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi.
…Biz bu münaqişəni özümüz həll etdik. Minsk Qrupu ikinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır.
…Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk Qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”.
Azərbaycan prezidenti vurğulayıb ki, ötən il ərzində ölkə ATƏT MQ sədrlərindən heç bur təklif almayıb:
“Bizim xarici işlər nazirimiz Minsk Qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək.
Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz”.
Avropa İttifaqının vasitəçilik səyləri haqda
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə 2021-ci ilin dekabrında və 2022-ci ilin aprelində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştiakı ilə görüşlər keçirilib.
“Həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub.
İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir”, – Əliyev iclasda bildirib.
O, həmçinin Brüsseldə rəsmi Bakının Ermənistan tərəfinə təklif etdiyi beş prinsipin müzakirə olunması məsələsinə də toxunub:
“Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir.
Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, – bu, aprel görüşündə təsdiqləndi, – bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir.
Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın.
Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk”.
“İki ölkə arasında münasibətləri bu ölkələr həll etməlidir”
“İki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir.
Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır.
Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil”, – Əliyev qeyd edib.
Zəngəzur dəhlizi haqda
İlha Əliyev bildirib ki, ötən ay Azərbaycan və İran arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini eksklavı Naxçıvanla birləşdirəcək avtomobil yolunun və dəmiryolu xəttinin inşası ilə bağlı memorandum imzalanıb.
“Əlbəttə, bu, Zəngəzur dəhlizinin açılmasını inkar etmir. Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır”, – Azərbaycan prezidenti qeyd edib.
“Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq”, – Əliyev əlavə edib.
Qarabağda qaz kəmərinin bərpası haqda
“İndi Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşmüşdür və bir müddət qaz yox idi. Dünyaya hay-haray qaldırmışdılar ki, Azərbaycan burada humanitar fəlakət törədir.
Naxçıvan qazını onlar 15 il kəsib belə vəziyyətdə saxlamışdılar. Naxçıvanda isə qış daha sərtdir. Haradasa şaxta mənfi 30 dərəcəyə çatır. Yaxşı, naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Kim məhrum etmişdi onları? Ermənilər və Ermənistan rəhbərliyi, Ermənistan dövləti.
Bir adam, bir təşkilat, bir ölkə səsini qaldırmışdı? Yox! Biganə idilər. Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin – Amerikadan tutmuş Avropaya qədər.
Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur, ümumiyyətlə yoxdur, qazlaşdırma aparılmayıb. İndi mən ad çəkmək istəmirəm. Elə ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Orada humanitar fəlakət hökm sürür? Bunlar bir həftə qazsız qalıblar, bu, humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə humanitar fəlakət deyildi. Sualdır bu. Bu suala cavab var? Var! İkili standartlar və ayrı-seçkilik.
Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq”, – Əliyev bildirib.