Azərbaycanlı deputatlar Yerevanda: etiraz aksiyaları fonunda “Avronest” iclası
“Avronest” Parlament Assambleyasının büro və komissiya iclasları Ermənistanda baş tutub. İclaslarda Avropa Parlamentinin, o cümlədən də Ukrayna, Gürcüstan və Azərbaycan deputatları iştirak ediblər. Yerevanda paralel olaraq azərbaycanlı deputatların gəlişi ilə bağlı etiraz aksiyaları keçirilib. Aksiyaları 2020-ci il 44 günlük Qarabağ müharibəsinin iştirakçıları, hərbi əməliyyatlar zamanı həlak olanların doğmaları və müxalifətçi fəallar təşkil ediblər.
Bu arada azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədov “Avronest” iclasının əvvəlində isti qarşılandıqlarına görə minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, rəsmi Bakıdan müsbət siqnallar gətiriblər.
“Avronest” Assambleyası 2003-cü ildə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin siyasi və iqtisadi inteqrasiyasına dəstək üçün yaradılan parlament meydançasıdır. Aİ-nin Şərq Tərəfdaşlığı layihəsinə Ermənnistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir. Onlar özlərində rotasiya prinsipi üzrə Parlament Assambleyasının iclaslarını keçirirlər. İndi Ermənistanın növbəsi idi.
Buna qədər “Avronest” Yerevanda 2015-ci ildə toplaşmışdı, o zaman Azərbaycan nümayəndə heyəti iclaslarda iştirakdan imtina etmidi.
Niyə Yerevanda etiraz aksiyaları keçirilib, azərbaycanlı deputatlar öz çıxışlarında nə bildiriblər, Ermənistanın hakim siyasi qüvvəsinin Azərbaycanla münasibətlərlə əlaqədar cəmiyyəti narahat edən məsələlərə münasibəti.
- Ermənistanda casus qalmaqalı: erməni zabitlər sosial şəbəkələrdə işbirliyinə cəlb olunublar
- Azərbaycan və Ermənistan XİN-lərinin “dialoqu”: tərəflərin son bəyanatları
- “KTMT Qazaxıstana hərbi kontingent göndərdi, Ermənistana isə gəlmədi”
Azərbaycanlı deputat: “Qarabağ münaqişəsi nizamlanıb”
İclaslar zamanı azərbaycanlı deputatlar bəyanat səsləndiriblər və bu, Ermənistan cəmiyyətində əlavə gərginlik yaradıb. Soltan Məmmədov bildirib ki, bütün hərbi əsirlər vətənə qaytarılıb:
“İndi beynəlxalq hüquq çərçivəsində müharibədən sonra həbs edilənlər haqda müzakirə aparılır”.
Ermənistan tərəfi bununla qətiyyən razı deyil. Həm hakimiyyət, həm də hüquq müdafiəçiləri bildirirlər ki, beynəlxalq konvensiyaya əsasən, müharibə zamanı və sonra götürülən əsirlər arasında heç bir fərq yoxdur. Üstəlik onlar vurğulayırlar ki, 2020-ci ilin noyabrında imzalanmış atəşkəs haqda sənəd bütün əsirlərin istisnasız qaytarılmasını nəzərdə tutur.
Məmmədov Azərbaycan prezidentinin Qarabağ münaqişəsinin nizamlandığı haqda tezisini də təkrarlayıb. Ermənisranda bununla da nə hakimiyyət, nə cəmiyyət razı deyil.
Eyni zamanda azərbaycanlı deputat Ermənistan-Azərbaycan dialoqunun vacibliyi haqda danışıb. O vurqulayıb ki, sülhün bərqərar olması üçün iki ölkə arasında Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq da lazımdır. Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sərhədin demarkasiyası üzrə məsələlərin müzakirəsinə başlamağa hazırdır.
“Azərbaycan ölkələrimiz arasında sülh və təhlükəsizlik, rifah və iqtisadi inkişaf gətirəcək bütün münasibətlərin buzunu əridib”.
Digər azərbaycanlı deputat Tahir Mirkişili öz çıxışında qonşu ölkələrin ərazi bütövlüyünə və xalqların hüquqlarına hörmətdən danışıb. O bildirib ki, ötən il Dağlıq Qarabağda öz evini ziyarət edə bilib:
“Siz görsəydiniz ki, orada nələr baş verib, mənim evim nə vəziyyətdədir, bütün bunların necə kədərli olduğunu anlayardınız. Qafqazın Xirosimasıdır. Siz görsəydiniz ki, sizin əsgərləriniz mənim vətənimi bə günə qoyublar”.
Mirkişilinin sözlərinə görə, gələcəkdə münaqişələrin qarşısını almaq üçün addımlar atılmalıdır, çünki bu, insan itkilərinə gətirib çıxarır:
“Bizim irqçi meyillərimiz yoxdur, biz gələcəkdə güc tətbiq edilməsini istəmirik. Bütün bunlar artıq keçmişdə qalıb, indi gələcək haqda danışmaq lazımdır. Məsələn, sülh sazişi bu münasibətləri qurmaq üçün yaxşı şans ola bilər”.
O bəyan edib ki, həm Avropa İttifaqı çərçivəsində, həm də Türkiyənin təşəbbüsü ilə ötən ilin sonunda formalaşdırılmış “3+3” formatında Ermənistan-Azərbaycan əməkdaşlığı üçün imkanlar görür.
Yerevanda etirazlar: “Azərbaycanlılarla dostluq etmək niyyətində deyilik”
Etiraz aksiyası azərbaycanlı deputatlar ölkəyə gəlməmiş başlayıb. Fevralın 21-də bir qrup müharibə iştirakçısı “Zvartnots” aeroportu yaxınlığında yolu kəsib. Onlar Azərbaycanın nümayəndə heyətinin ölkəyə buraxılmamasını tələb ediblər:
“Yüz minlərlə erməninin Bakıda öz evlərinə qayıtmaq imkanı olanda, o zaman biz onların [azərbaycanlıların] Yerevanda tədbirlərdə iştirak imkanını müzakirə edərik”.
“Biz bura toplaşmışıq, çünki türklərlə [azərbaycanlılarla] dostluq etmək niyyətində deyilik. Əsgərlər hərbi mövqelərdə dayanıblar ki, onlara irəliləməyə imkan verməsinlər, burada isə onlara gəlib, kofe içməyə icazə verirlər”, – aksiya iştirakçılarından biri deyib.
Bir neçə uğursuz cəhddən sonra polis yolu aça bilib.
Daha sonra Yerevanda, azərbaycanlı deputatların qaldıqları “Armenia Marriot” oteli qarşısında aksiya təşkil olunub. Aksiya iştirakçıları bildiriblər ki, azərbaycanlı deputatların təhlükəsizliyini təmin etmək əvəzinə hakimiyyət Yerevanda “Avronest” keçirilməsindən imtina etməliydi.
Fevralın 22-də onlarla etirazçı iclasın keçirildiyi idman-konsert kompleksinin qarşısında toplaşıblar. Ermənistan parlamentinin keçmiş deputatı Naira Zohrabyan da etirazçılara qoşulub.
O bildirib ki, azərbaycanlı deputatlar “Azərbaycanda erməni hərbçilərin olmadığı” haqda yalan danışırlar. Naira Zohrabyanın sözlərinə görə, onun özünə Azərbaycan həbsxanasında əsirlərin işgəncəyə məruz qaldığını əks etdirən videolar göndərilib:
“Azərbaycan həbsxanalarında indiyə qədər onlarla hərbçi saxlanılır, azərbaycanlılar isə bildirirlər ki, həbsxanalarda hərbi əsirlər artıq yoxdur, onlar qanun pozucularıdır”.
Keçmiş deputatın fikrincə, Ermənistan tərəfi “Avronest” gündəliyinə aşağıdakı məsələləri salmalı idi:
- əsirlərin qayrtarılması,
- 44 günlük müharibə zamanı Azərbaycanın törətdiyi cinayətlər,
- Azərbaycanın nəzarətində olan ərazilərdə erməni mədəni irsinin qorunması.
Zohrabyan güman edir ki, bu çətin olardı, çünki gündəlik artıq təsdqi olunmuşdu. Amma onun fikrincə, cəhd edilməli idi, Ermənistan tərəfindən isə belə bir səy baş verməyib.
Daha bir aksiya axşamın gec saatlarında, Parlament Assambleyasının işi artıq bitdikdən sonra, yenə də azərbaycanlı deputatların yaşadıqları otelin qarşısında keçirilib. Polis “Daşnaksütun” partiyasının gənclər qanadının təşkil etdiyi aksiya iştirakçılarını dağıtmağa çalışıb. On nəfərdən çox etirazçı saxlanılıb.
“Biz problemləri həll etməyə çalışmalıyıq”
“Avronest”də Ermənistanın nümayəndə heyyətinin rəhbəri, Vətəndaş Sazişi iqtidar fraksiyasının təmsilçisi Mariya Karapetyan jurnalistləri əmin edib ki, Ermənistan-Azərbaycan münasibətlərinə dair cəmiyyəti narahat edən problemlər hakimiyyət üçün də vacibdir.
O, iqtidar partiyası üçün də prioritet hesab olunan məsələləri sadalayıb. Onun sözlərinə görə, birinci növbədə regional kommunikasiyaları açmaq lazımdır:
“İkinci mühüm məsələ Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıdır. Biz hesab edirik ki, Azərbaycanın silahlı qüvvələri Ermənistan Respublikasının ərazisindən geri çəkilməlidir, bundan sonra bu məsələ ilə bağlı buzlar əriyəcək. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, o, hələ nizamlanmayıb”.
Prioritetlər sırasında Mariya Karapetyan həmçinin əsirlərin qaytarılması və Azərbaycanın nəzarəti altında olan ərazilərdə qalan mədəniyyət abidələrinin qorunması haqda danışıb.