Azərbaycanda “Media haqqında” qanun qəbul edilib: bu nə deməkdir? Müstəqil jurnalistlərin şərhləri
Müstəqil jurnalistlərin etirazlarına baxmayaraq, Azərbaycan parlamenti üçüncü – son oxunuşda “Media haqqında” qanunu qəbul edib. Bu sənəd ölkədə müstəqil KİV-lərin fəaliyyətini praktiki olaraq qadağan edir. JAMnews müstəqil jurnalistlərin “qanundan kənar” elan olunandan sonra işlərinə necə davam etmək niyyətində olduqları ilə bağlı fikirlərini öyrənib.
Milli Məclis “Media haqqında” qanun qəbul edib. Sənəd ölkə prezidenti tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.
Bu qanun ölkədə bütün müstəqil KİV-lərin fəaliyyətini qadağan edir. Beləcə, sənədin maddələrinə əsasən, o qüvvəyə mindikdən sonra Azərbaycanda yalnız MEDİA dövlət agentliyində qeydiyyatdan keçmiş nəşrlər kütləvi informasiya vasitəsi hesab ediləcək. Bu KİV-lər və onların bütün əməkdaşları “media reyestri”nə daxil ediləcək.
- Avropa Məhkəməsi Azərbaycanda ilk dəfə informasiya almaq hüququnun pozulmasını tanıyıb
- Azərbaycanda 19 yaşlı tələbə təhsil hüququndan məhrum ola bilər
- “Avtoritarizm əlamətləri, biz buna dözməyəcəyik” – Gürcüstanda hakimiyyətin telekanala hücumu haqda hər şey
Bu reyestrə daxil edilməyən KİV-lər və onların əməkdaşları müvafiq olaraq rəsmən media subyektləri və jurnalistlər hesab edilməyəcəklər. Başqa sözlə, onlar “qanundan kənar” elan olunurlar. Qeyd etmək lazımdır ki, jurnalist vəsiqələri də sözügedən dövlət agentliyi tərəfindən mərkəzləşdirilmiş şəkildə veriləcək.
JAMnews qəbul olunmuş qanun haqda müstəqil jurnalistlərin fikrini öyrənib və onlara sualla müraciət edib: “Bu şərtlər altında fəaliyyətinizi necə davam etdirməyi planlaşdırırsız?”
Hüseyn İsmayılbəyli:
“Qəbul olunmuş qanun söz azadlığı və informasiya əldə etmək hüququ haqda bütün konvensiyalara ziddir. Ümid edirəm ki, bu problemi hüquqi müstəvidə həll etmək mümkün olacaq. Məsələ ölkənin Avropa Şurasından çıxarılması təhlükəsinə gedib çıxa bilər, biz bundan artıq keçmişik. Əlbəttə, əgər bunu Avropa Şurası özü istəsə. Son zamanlar demokratiya anlayışı bir qədər deformasiyaya uğrayıb və bəzən demokratik institutların atacaqları addımları təxmin etmək çətin olur.
Bu gün parlamentin qəbul etdiyi sənəd faktiki olaraq medianı hakimiyyətin əlində cəmləşdirir. Amma bizim zamanımızda bu, təcrübədə qəti mümkün deyil. İnformasiya texnologiyalarının bu cür inkişafında KİV-ə total nəzarət imkanı haqda danışmaq gülüncdür.
Bircə fakt nəyə desəniz dəyər: hakimiyyət Azərbaycanda hamıya məlum olan saytı bloklayıb. Həmin portala hələ də VPN-siz daxil olmaq mümkün deyil. Amma bununla belə, hakimiyyət həmin portalın əməkdaşlarını mətbuat konfranslarına, azad edilmiş ərazilərə səfərlərə dəvət edir. Bura Azərbaycandır, burada çox şeyi proqnozlaşdırmaq asan deyil. Yaşayarıq, görərik.
Öz işimizi isə əlbəttə ki, davam etdirəcəyik. Bizim üçün belə bir sual yoxdur”.
Aynur Elgünəş:
“Əslində, qeyri-qanuni şəkildə bu qaydalar bizə tətbiq olunurdu. Akkreditasiya etmirdilər, mətbuat konfranslarına buraxmırdılar və s. İllərdir necə işləmişiksə, elə də davam edəcəyik.
Bir ara bizə heç münasibət də bildirmirdilər. Yenə elə olacaqsa, əvvəlki qaydada “cavab ala bilmədik” şəklində yayımlamaq məcburiyyətində qalacağlq.
Nə olursa olsun, heç bir halda fəaliyyətimizdə hökumətin istəyinə uyğun dəyişiklik etməyəcəyik”.
Şahin Rzayev:
“Anlaya bilmirəm, bu Drakon qanunu hakimiyyətin nəyinə lazımdır? Yeni qanunlar qəbul etmək və ya köhnələrə dəyişikliklər etmək avtoritar rejimə rəğmən az-çox müstəqil məhkəmələri olan ölkələr (məsələn, Türkiyə) üçün aktualdır. Azərbaycanda isə azad məhkəmədən söhbət belə gedə bilməz.
Əgər media haqqında köhnə qanun zamanında da saytlar asanlıqla bloklanırdısa, qəzetlər bağlanırdısa, jurnalistləri uydurma ittihamlarla həbs edə bilirdilərsə, daha sərt qanun qəbul etmək və bununla da bütün dünyanın diqqətini çəkmək nəyə lazım idi?
Bu qanunun Qarabağdakı bütün erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasına dair zəmanət haqda bəyanatla paralel qəbul edilməsi xüsusilə məyus edir. Doğma dildə qəzet nəşr etmək üçün onlar yerli hakimiyyətdən razılıq almalı və Bakıda sözügedən “reyestr”ə düşməlidirlər. Düşünürəm ki, qarabağlı ermənilərin əlinə gələcək danışıqlarda yaxşı kozır düşdü və onlar israrla bildirəcəklər ki, bu cür qanunlarla Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq mümkün deyil”.
Adının çəkilməsini istəməyən müstəqil jurnalist:
“Qeydiyyatla və vəsiqə ilə leqal işləyən müstəqil media üçün çətin olacaq. Mənə çox maraqlıdır, dünyada tanınan böyük media orqanlarının yerli filialları vəziyyətdən necə çıxacaqlar? Bəzi Azərbaycan mediası yəqin ki, kölgə fəaliyyətinə keçəcək.
Mənə sadəcə onları özünü yol keçərkən təsadüfən çəkirmiş kimi göstərən jurnalistlərdən ibarət kiçik klubumuzda salamlamaq qalır. Biz artıq çoxdan belə işləyirik. Mən həmçinin həmkarlarımı daha kreativ olmağa və yeni məhdudiyyətləri aşmaq üçün qeyri-standart vasitələr tapmağa çağırıram, vəziyyət məhz bunu tələb edir”.
Sevgi İsmayılbəyli:
“Azərbaycanda müstəqil jurnalistlərə həmişə problem yaradılıb. Qanun olmayanda belə jurnalistlər çəkilişlərdə saxlanılır, zorakılığa məruz qalırdı. Buna baxmayaraq, işimizi davam etdirirdik.
Bu qanundan sonra da nə olacaq bilmirik. Lakin bu qanun həm müstəqil jurnalistlərin, həm də cəmiyyətin hüquqlarını əlindən alır.
Konstitusiyada məlumat azadlığı var. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Biz ölkədə baş verən hadisələri qərəzsiz və vicdanlı şəkildə işıqlandırmağa davam edəcəyik”.
Nərgiz Absalamova:
“Həmişə necə işləyirdimsə, elə də işləməyi düşünürəm. Əgər tutub aparsalar da, məhkəməyə müraciət edəcəyəm. Bu qanun imzaladığımız beynəlxalq konvensiyaların hər birinə qarşıdır. Ona görə də, hara qədər lazımdırsa, şikayət edəcəyəm. Lap gizli-gizli də olsa, fəaliyyətim davam edəcək”.
Ülviyyə Əli:
“Bu qanun Konstitusiyaya ziddir. Bizim informasiya əldə etmək azadlığımızı əlimizdən alırlar. Onlar istəyir ki, biz onların istədiyi dillə, istədiyi çərçivədə diqtə etdiklərini işıqlandıraq, amma bürokratik əngəllər yaradaraq müstəqil jurnalistlərin həqiqətləri göstərməsinə mane ola bilməyəcəklər.
Konstitusiyaya zidd olan bu qanunu tanımırıq və fəaliyyətimizi əvvəlkindən də peşəkar, prinsipial və qərəzsiz davam edəcəyik.
Bundan əvvəl də dövlətin xoşuna gəlməyən, müstəqil media orqanlarının saytlarını blokladılar, amma onlar fəaliyyətlərini hələ də davam etdirirlər, eləcə də biz, heç bir əngəl həqiqətləri yazmaqdan bizi çəkindirə bilməz”.
Elməddin Şamilzadə:
“Qanun qəbul olunub, amma qanunun hansı formada işləyəcəyi bəlli deyil. Ümumilikdə hansı formada işləyəcəyindən asılı olmayaraq, bu günə kimi fəaliyyətim necə idisə, bundan sonra da eyni müstəqil şəkildə, qorxmadan, çəkinmədən işləməyə davam edəcəyəm.
Təbii ki, hüquqi çətinliklər olacaq. Düşünmürəm ki, mən jurnalistəmsə, bu hüquqi proseslərə görə fəaliyyətimi məhdudlaşdırmalıyam. Əksinə, mən və həmkarlarım daha da cəsarətlə addımlar atmalıyıq”.
Əminə Məmmədova:
“Bu günə kimi necə, bundan sonra da elə. Bilmirəm tam olaraq qanuna görə nə olacaq. Cərimə, ya inzibati həbs ola bilər.
Buna baxmayaraq, mən işimi görəcəyəm. Bilmirəm necə olacaq, amma mən yenə də işimi davam etdirəcəyəm”.
Samirə Əli:
“Fəaliyyətimi hər zamankı kimi davam etdirəcəyəm. Düşünürəm, bütün müstəqil jurnalistlər əvvəlki tempdə davam etsələr, yeni qanun zamanla öz qüvvəsini itirəcək.
Bizim peşəmiz mirzəlik deyil, yalnız press-relizlərin, qurum sözçülərinin diqtə etdiklərini yazaq. Nə də biz PR işi ilə məşğul olmuruq ki, ancaq yaxşılardan ağız dolusu yazaq.
Biz jurnalistik . Problemləri işıqlandırıb, qaranlıq yolları aydınlatmaq bizim işimizdir”.
Pərvanə Qurbanlı:
“Sözün düzü, əvvəl qanunun necə işləyəcəyinə baxacağam, məhdudiyyətlər hansı səviyyədə olacaq onu bir az müşahidə edəcəyəm. Amma nəzərə alsaq ki, ölkədə müstəqil jurnalistlərin demək olar, əksəri müvafiq orqanda vəsiqə ala bilməyəcək, onda işimiz Allaha qalıb. Ancaq “seçilmiş” jurnalistlər evə çörək aparacaq, bizim taleyimiz heç kimə maraqlı deyil”.