“Yüksək səviyyədə faydalı görüş” – Putin-Paşinyan-Əliyev danışıqlarının bütün iştirakçılarının dəyərləndirməsi
Rusiya, Azərbaycan və Ermənistan liderləri Soçidə üçtərəfli görüşdən sonra bəyanatla çıxış ediblər. Danışıqların bütün iştirakçıları danışıqları yekdilliklə effektiv, “yüksək dərəcədə səmərəli və vaxtında keçirilmiş” görüş kimi dəyərləndiriblər. Danışıqların yekununda birgə bəyanat qəbul edilib. Gələn həftə eyni tərkiblə növbəti üçtərəfli görüş baş tutacaq – bu dəfə Moskvada.
- Əliyev və Paşinyan Brüsseldən əvvəl Soçidə görüşəcəklər. Bu nə ilə əlaqədardır? Şərhlər
- Ermənistana qarşı pressinq: Bakı nə istəyir, Rusiya nə gözləyir? Yerevandan şərh
- Bakıdan şərh: “Ermənistanla sülh sazişi Qarabağ problemini həll etməyəcək”
Bu, ikinci Qarabağ müharibəsindən sonra Nikol Paşinyan və İlham Əliyevin Vladimir Putinin vasitəçiliyi ilə ikinci üzbəüz görüşü idi.
Azərbaycan və Ermənistanda bu danışıqların nəticəsini gərginlikə gözləyirdilər. Səhərdən Azərbaycan və Ermənistanın teleqram kanallarında bildirilirdi ki, hərbi mövqelər döyüş hazırlığı rejiminə gətirilib. Bu arada görüş əvvəlcədən elan olunmuş vaxtdan daha gec başlayıb. Əvvəlcə Rusiya prezidenti azərbaycanlı həmkarı ilə görüşüb. Ermənistanın baş naziri ilə görüş üçtərəfli formatda danışıqlardan sonra baş tutub.
Üç ölkə lideri hansı qərarları verib – bəyanatın mətni, o cümlədən də Yerevan və Bakıdan ekspert şərhləri.
Bəyanatın tam mətni
“Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük, Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında 9 noyabr 2020-ci il tarixli Bəyanatın icrasını, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli Bəyanatı müzakirə etdik.
Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi maraqlarına uyğun olaraq 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların bütün müddəalarına ardıcıl şəkildə və ciddi əməl etməyə sadiq olduğumuzu bir daha təsdiq etdik.
Biz 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlardan irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səyləri gücləndirməyə razılaşdıq. Biz Rusiya sülhməramlı kontingentinin regionda vəziyyətin sabitləşdirilməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd etdik.
Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq.
11 yanvar 2021-ci il bəyanatına uyğun olaraq regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının vacibliyi ilə bağlı yaradılan üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdik. Biz regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğuladıq.
Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması, Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin yaradılması, habelə regionda mehriban qonşuluq münasibətlərinin qurulması maraqları naminə bundan sonra da bütün lazımi yardımı göstərəcək”.
Yerevandan ekspert rəyi
Qarabağ münaqişəsi üzrə ekspert, ANİ Ermənistan Tədqiqatlar Mərkəzinin koordinatoru Tatul Hakopyan hələ üçtərəfli görüşdən öncəki gecə Facebook səhifəsində çıxış edib və keçiriləcək danışıqlar haqda fikirlərini paylaşıb.
Onun fikrinə indi çoxları, o cümlədən də onun nəzər nöqtəsi ilə razı olmayanlar da qulaq verməyə hazırdır, çünki o, hələ oktyabrda bu görüşün planlaşdırıldığı, nəzərdə tutulan tarix və danışıqların gündəliyi haqda məlumat vermişdi. Onun bu məlumatını dəfələrlə təkzib etmişdilər, həm tarixlə, həm də keçiriləcək danışıqların məzmunu ilə bağlı. Amma zamanla məlum oldu ki, onun informasiyası dəqiqdir, nəticədə hətta Ermənistanın baş naziri də bunu təsdiqlədi.
Nikol Paşinyan deyib ki, görüşün noyabrın 9-da – Qarabağda hərbi əməliyyatların başa çatmasının ildönümündə keçirilməsi təklif olunmuşdu, bu gün Ermənistan cəmiyyətində faciə günü kimi qəbul edildiyi üçün o, tarixin dəyişdirilməsini təklif edib.
Bundan başqa, Ermənistanın baş naziri Tatul Hakopyanın daha əvvəl bildirdiyi kimi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası haqda sənədin imzalanması ehtimalını da təsdiqləyib. Amma Paşinyan qeyd edib ki, bu, sadəcə delimitasiya və demarkasiya üzrə komissiyanın yaradılması və bu istiqamətdə işlərə başlanması haqda sənəd olacaq. Baş nazir əmin edib ki, sənəddə sərhədin necə keçəcəyinə dair konkret qərarlar olmayacaq.
Tatul Hakopyan noyabrın 25-də canlı yayımı zamanı bildirib:
“İndi hakimiyyət deyir ki, əgər nəsə imzalanmış olsa da, bu, ancaq demarkasiya və delimitasiya komissiyasının yaradılması haqda sənəd olacaq. Erməni xalqını aldatmağa davam edin. Onsuz da bir səhər biz oyanacağıq və sizin hansısa sənədləri imzaladığınızı öyrənəcəyik”.
Danışıqların ümumi mahiyyətinə və hadisələrin mümkün inkişafı variantlarına gəlincə, ekspertin fikrincə, Ermənistan “fəlakətli, cəhənnəm seçimi” etməli olacaq:
“Bu vəziyyətdən hansı çıxış yolları var? Mən bizdə ola biləcək bir neçə variantı müzakirə etməyi təklif edirəm.
Birincisi. Biz dövlətçiliyi itiririk. Bu haqda indi çox danışırlar.[…] Mən hesab edirəm ki, bu, ən təhlükəli nəzər nöqtəsidir ki, zənnimcə, qorxu və dəhşət yaymaq, hakimiyyəti gözdən salmaq üçün qəsdən yayılır. Siz hakimiyyəti gözdən sala bilərsiz, amma siz erməni xalqını qorxutmamalısız. […]
Əminəm ki, erməni xalqı, biz, məhz Ermənistan sakinləri ilk növbədə bu ölkəni qoruyub saxlayacağıq, Ermənistan məhv edilməyəcək. Bəli, bizim suverenliyimiz və müstəqilliyimiz məhdudlaşdırılıb, 1991-ci ildən bəri heç vaxt belə məhdudlaşdırılmış olmayıb. Amma mən əminəm ki, biz dövlətçiliyimizi qoruyacağıq.[…]
İkincisi. Biz daha çox zəifləyirik, daha çox suverenliyi və müstəqilliyi itiririk, hansısa ittifaqa daxil oluruq. Bu, bizim tariximizdə artıq olub.[…] Başqa sözlə, biz Belarus-Rusiya ittifaqına və ya hansısa başqa adla daxil oluruq. 1922-ci ildə baş verdiyi kimi. […] Biz bunu istəyirikmi? Məsələn, mən istəmirəm.
Mən istəyirəm ki, biz öz imkanlarımızı dərk edək, amma Türkiyə, Azərbaycan, İran və Hgürcüstan arasında yaşamağa məcbur olan müstəqil dövlət olaraq qalaq.
Üçüncüsü. Biz indi Azərbaycanla danııqlar aparmırıq, onlar 1994-cü ildən sonra özlərini apardıqları kimi [birinci Qarabağ müharibəsi başa çatandan sonra]. 2020-ci il sentyabrın 27-ni uzun müddət gözlədilər, müharibə başlatmaq qərarına gəldilər və Türkiyənin, muzdluların köməyilə döyüş meydanında bizə qalib gəldilər – dünya ictimaiyyıtinin ölü sükutunun müşayiətilə. […]
İndi biz Azərbaycan kimi davrana bilərikmi? […] bizim bunun üçün resurslarımız varmı? Bəlkə də var, bilmirəm. Bizim müttəfiqlərimiz kimdir? Rusiya? Bilmirəm. Fransa? Onu da bilmirəm. Birləşmiş Ştatlar? Həqiqətən bilmirəm, hansı köməyi ala biləcəyimizi təsəvvür edirəm, çünki bizim artıq acı 44 günlük müharibə təcrübəmiz, dövlətimizin acı küçmişi var. […]
Üçüncü variant revanşdır. Bizim imkanlarımız varmı? Üçmilyonluq Ermənistan on milyonluq Azərbaycanla və köməyə gələcək 80 milyonluq türklərlə mübarizə apara bilərmi? Gəlin müzakirə edək, mən bilmirəm”.
Tatul Hakopyan hesab edir ki, konstruktiv müzakirə əvəzinə Ermənistan cəmkyyətinə “xəyali ümidlər” yedizdirirlər və bu fikirlər real, ölkənin imkanlarından doğan mülahizələrdən daha populyardır.
Bakıdan ekspert rəyi
Siyasi şərhçi Aqşin Hərimovun fikrincə, Soçi görüşündə qəbul edilən üçtərəfli bəyanat Azərbaycan və Rusiya prezidentlərinin Ermənistan baş naziri Nikol Paşinyana diktəsinin məzmununu özündə əks etdirir.
“Bəyanatın ümumi ruhu 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının məntiqi davamıdır və həmin bəyanatlardakı öhdəliklərin daha tez bir zamanda yerinə yetirilməsi üçün siyasi bazadır.
Üçtərəfli görüşün mətbuata açıq hissəsində yeganə qeyri-konstruktiv mövqe Nikol Paşinyana aid idi, yenidən hərbi əsir məsələsini gündəmə gətirdi və “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətdi.
Onun belə açıqlamasını iki müstəvidə şərh etmək lazımdır:
1. Ya üçtərəfli görüşün qapalı hissəsində öz mövqeyini sənədə saldırmaq istəyir,
2. Ya da Ermənistan cəmiyyətində özünün “mübariz” obrazını yaradır və olacaqlardan özünü sığortalayır.
Yekun bəyanatda isə nə Qarabağ məsələsinə yer verildi, nə də ki, hərbi əsir mövzusuna. Bu o deməkdir ki, Bakı-Moskva xəttində İrəvana güclü təzyiqlər var.
Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azəraycan və Ermənistan ikitərəfli komissiyasının yaradılması məsələsi də sənəddə əksini tapıb. Amma Rusiya prosesə forma və ölçü vermək fürsətlərini də əlindən buraxmır, buna görə də bəyanatda qeyd edilir ki, Rusiya tərəflərin xahişi ilə prosesə yardım edə bilər.
Rusiya lideri Vladimir Putin mətuata birgə bəyanat zamanı dəhliz məsələsinin Azərbaycanın maraqlarına uyğun formada ifadə edilməsinə önəm verdi. Nəqliyyat dəhlizindən danışarkən həm dəmir yolu, həm də avtomobil yolundan bəhs etdi. Bu o deməkdir ki, Rusiya Zəngəzur dəhlizinə dəstək verir və bunun açılması üçün Ermənistana təzyiqlər edir.
Bəyanatdan çıxara biləcəyimiz nəticvə budur ki, növbəti ayda və növbəti ildə sülhyaratma prosesinin yaranması üçün vacib qərarlar qəbul ediləcək.
Bəyanatda tərəflər Rusiya sülhməramlı kontingentinin rolunu qeyd edirlər, bu, daha çox Rusiyanın maraqlarının ifadəsidir. Rusiya sülhməramlı qüvvələri Kremlin bölgədə təsir rıçaqlarını saxlamaq üçün vasitələrdən biridir, Moskva bu alətdən məhrum olmaq istəmir.
Ümumilikdə bəyanatı müsbət qiymətləndirmək olar, güman edirəm ki, Azərbaycan tərəfi bu bəyanatın mətnindən razı qalıb”, – o, qeyd edib.