Zərqavanın sirri: qəribə və xəlvət ənənəsi olan Azərbaycan kəndi
Zərqava Azərbaycanın şimalında kiçik yüksək dağlıq kənddir. Bu kənd yəqin ki, ölkədə ümumi qəbiristanlığı olmayan yeganə kənddir. Burada insanlar öz doğmalarını həyətlərində dəfn edir və ya “ailə məzarlıqları” yaradırlar. Amma bu ənənə çox xəlvət saxlanılır, biz də kəndə gedərək yerindəcə bu sirri çözməyə çalışdıq.
- Gürcü şərabı: uğurun arxasında nə dayanır?
- Türkiyə “xarici düşmən” axtarışında – Mövqe
- “Avropaya” çörək dalınca. Ukraynada cəbhəyanı kəndin həyatı
Zərqava kəndi Azərbaycanın Quba rayonu ərazisində yüksək dağlar arasında yerləşir. Əhalisi min nəfərdən bir qədər çoxdur.
Kəndə getmək üçün yol tapmaq çətin məsələ imiş. Bu yollar Google Maps-də də yoxdur. Biz qonşu Çiçi kəndinə qədər gəlib çıxa bildik, bundan sonra isə ümumiyyətlə yol yox idi.
Yerli sakinlər bizə məsləhət gördülər ki, maşını orada qoyub, piyada gedək. “Zərqava bax orada, dağın o biri tərəfindədir”, – bizə yolu belə göstərdilər, biz də yola düzəldik.
Bir saatlıq əsl ekstrimdən sonra bütün maneələri müvəffəqiyyətlə aşıb, mənzilbaşına gəlib çatdıq.
Sirrə bürünmüş ənənə
Səfərimiz müəyyən mənada bu kənd haqda niyə bu qədər az məlumat olduğunu izah etmiş oldu. Burada jurnalistlər çox nadir qonaqlardır.
Çınqıllı kənd yolu boyunca dəmir tordan çəpər çəkilib. Arxasında kiminsə bağlı, bostanlı böyük həyəti, arxa fonda isə evi görünür. Həyətdə, noyabr ayı olsa da, hələ də yaşıl olan otun üzərində toyuqlar gəzişir, boynundan iplə bağlanmış dana otlayır.
Amma bu ənənəvi kənd mənzərəsində gözlənilməz detallar da var. Elə oradaca həyətin ortasında iki qəbir var. Mərmər başdaşılarında mərhumların şəkilləri və adları həkk olunub. Ətraf çiçəklikdir.
Kəndin ortasıyla gedən küçədə irəlilədikcəeynu mənzərəni digər həyətlərdə də görmək olur. Zərqava kəndində sakinlərin çoxu həyətlərində meyvə ağaclarının altında, kələm və soğan ləklərinin yanında ailə məzarlıqları qurublar.
Bu ənənə Azərbaycan üçün o qədər qeydri-adidir ki, daha sonra bu haqda dostlarla və həmharlarla danışdığımız zaman çoxları kənddən çəkilən videonu görənə qədər bizə inanmırdı.
İlk olaraq bu ənənənin haradan qaynaqlandığını kənd icra nümayəndəsinin müavini Zamiq Cəbrayılovdan soruşduq. Hündürboy, orta yaşlı, gözəl bədən quruluşlu və zərif geyinmiş Cəbrayılov gülümsəyirdi və məmnuniyyətlə bizimlə söhbətə hazır idi, amma “ailə məzarlıqları” haqda sualı eidənə qədər.
“Bu yalandır!” – ən başından Cəbrayılov qəti şəkildə bildirdi. Bunun kifayət etmədiyini düşünərək ciddi sifət ifadəsiyə davam etdi:
“Bugünlərdə bir kanaldan gəlmişdilər. Qəbirlərdən söz düşən kimi yerli sakinlər az qala bu kurnalistləri döyəcəkdilər”.
Rəsmi şəxsdən cavab ala bilməyəndən sonra onun xəbərdarlıqlarına baxmayaraq, yenə də kənd sakinləri ilə danışmaq üçün kəndi dolaşmağa başladıq.
Çoxsaylı qıfıllı məzarlıqlar
Bir çox digər ölkələrdə olduğu kimi Azərbaycanda da kənd yerlərində adətən uzağı iki məzarlıq olur – köhnə və yeni.
Amma Zərqavada evlərin həyətlərində onlarla məzarlıq var. Bəzilərində yeddi-səkkiz məzar var, hamısı da bir ailənin üzvlərinə aiddir. Demək olar ki, bütün məzarlar nisbətən yenidir.
Burada 2020-ci ilin payızında yaşanmış ikinci Qarabağ müharibəsində həlak olmuş bu kəndin yeganə şəhidinin məzarını da gördük. O da ailə məzarlığında digər ailə üzvləri ilə birlikdə dəfn olunub.
Azərbaycanda qəbiristanlıqlar adətən hər tərəfdən açıqdır, ora hər kəs daxil ola bilər. Amma bu kiçik məzarlıqlar hündür tor çəpərlər və ya daş divarlarla hasarlanıb.
Qapılarına ya qıfıl vurulub, ya da iplə möhkəm bağlanıb. İçəriyə ancaq ev sahiblərinin evinə qonaq getsən, əsas darvazadan girmək mümkündür.
Kənd ərazisində biz sonra çox sayda köhnə məzar gördük. Onlar yenilərdən fərqlidir, üzərində heç bir yazı olmayan sadə böyük daşdan ibarətdir.
Belə daşları kəndin müxtəlif yerlərində, bəzən hətta qrup şəklində görmək mümkündür. Onların kimə məxsus olduğu bilinmir. Amma ilk tərk edilmişlik və unudulmuşluğ duyğusu yanlış imiş. Daha sonra din xadimi Qadir Rəcəbovun danışdığından anladığımıza görə, bu yanaşma islam adətlərinə tam uyğundur.
Yerli sakin Şöhrətin (soyadını açıqlamaq istəmədi) danışdığına görə, “ailə məzarlıqları” ancaq həyətlərdə olmur. İmkanlı ailələr bu məqsədlə xüsusi torpaq sahələri alırlar.
“Buradakı hasarlar ancaq heyvanların qəbiristanlığa girməməsi üçündür, yoxsa bura hər kəs girə bilər”, – Şöhrət deyir. Hərçənd bizim söhbət etdiyimiz yerin yaxınlığındakı məzarlığın qapısını bağlayan ipin mürəkkəb düyününü açmaq o qədər də asan deyil.
O, niyə bu kənddə dəfn ənənəsinin bu qədər fərqli olduğu və bu xüsusiyyətin nə ilə bağlı olduğu haqda suallara cavab vermək istəmədi.
Digərləri ilə də belə oldu. Sualı eşidən kimi kəndin başqa sakinləri də bizim yanımızdan gedir və ya qapılarını üzümüzə bağlayırdılar.
Əsrlər boyu təcrid əsas səbəbdir?
“Bəzi mənbələr göstərir ki, Zərqavada ailə məzarlıqları ənənəsinin kökü 13-cü əsrə gedib çıxır. Belə çıxır ki, doğmaların və yaxınların həyətyanı sahələrdə dəfn edilməsi artıq min ilə yaxındır ki, davam edir”, – etnoqraf və tarixçi Sevinc Məmmədova deyir.
“Böyük ehtimalla səbəb kəndin ucqar olmasında, yollarının olmamasında, əsrlər boyu digər yaşayış məntəqələrindən təcrid olunmuş vəziyyətdə qalmasındadır.
Bir çox ənənələr təbii şəraitdən asılıdır. Ola bilər ki, sərt dağ relyefi və düzən sahələrin olmaması da Zərqavada ümumi məzarlıqların olmamasında öz rolunu oynayıb.
İnsanların sadəcə öz doğmalarını dinin tələblərinə uyğun dəfn etmək imkanları olmayıb.
Zərqavada bu gün məscid olsa da, molla yoxdur. Axı heç də hamının imkanı çatmır ki, ölüləri dəfn etməzdən əvvəl lazım olan dini ayinləri həyata keçirçmək üçün din xadimini hardansa kənardan dəvət etsin.
Azərbaycanın başqa bir regionundan misal gətirmək istəyirəm. Ölkənin şimal-qərbində, Gürcüstana yaxın rayonlarda, Şəmkir və Qazaxda az əvvələ qədər nə məscid, nə din xadimləri olmayıb.
Sovet dövründə orada ölənləri hətta xristianlar kimi tabutda da basdırıblar. Baxmayaraq ki, bu, islamın tələblərinə tam ziddir”, – etnoqraf deyir.
“İslam məzarların itməsini tələb edir”
Zaqravada ölənlərin qeyri-adi dəfn təcrübəsi islama zidd deyil – JAMnews-a din xadimi Qadir Rəcəbov deyib.
O deyir ki, məsələ məzar yerində deyil. Məsələ ondadır ki, islam məzarların itməsini tələb edir.
“Dini qaydalardan danışsaq, məzardan bircə işarə də qalmamalıdır. Amma vacibdir ki, gələcəkdə heç kim nəşləri narahat etməsin. Məhz buna görə, insanlar öz doğmalarını xüsusi ayrılmış yerlərdə dəfn etməyə başlayıblar – məsələn, gələcəkdə həmin yerdə heç kimin nəsə inşa etməyəcəyinə əmin olmaq üçün.
Amma hər hansı işarə olmadan həmin yerlərdə məzarların olduğunu bilmək çətindir. Bu səbəbdən də islam üçün daha sonrakı məzar daşı ənənəsi bərqərar olub”.
Qadir Rəcəbov deyir ki, qədim zamanlarda Zərqava sakinləri islamın əsas qaydalarından birinə – məzar itməlidir tələbinə ciddi şəkildə əməl ediblər. Buna görə də köhnə məzar daşlarında heç bir yazı yoxdur.
“Sağlar haqda kimsə fikirləşəcək?” Qazsız və susuz
Kənd ağsaqqallarından biri Qədim İsrafilov sualımıza sualla cavab verir:
“Niyə kəndimiz haqda eşidən hər kəs bizdən ancaq qəbiristanlıqları soruşur. Sağlar haqda kimsə fikirləşəcək? Bizi düşünən heç yoxdur”.
Zərqava kəndinə təbii qaz xətti çəkilməyib. “Biz isə qaz ixrac edən ölkədə yaşayırıq”, – Qədim İsrafilov xatırladır.
Bu hələ hamısı deyil, kənddə su xətti də yoxdur.
“Bütün evlərdə odun sobasıdır. Odunun maşını 500 manata [$300 yaxın] yaxındır, əgər çox qənaət etsən, güclə qışın sonuna qədər çatar”, – İsrafilov deyir.
Su işi daha çətindir. İmkanı olanlar həyətində artezian quyusu qazdırır. Kasıblar isə suyu bulaqdan vedrələrlə daşıyır. Ya da ata və ya eşşəyə qoşulmuş arabalarda gətirirlər. Bəziləri isə arabanı özləri çəkməli olur.
Amma məlum olur ki, bulaq təbii deyil. Bu, kəndin ortasında adi su kranıdır, ora su böyük artezian quyusundan gəlir.
Elə oradaca, kəndin mərkəzində məscid var. Bu, kiçik, zərif, bej rəngli, damı boz binadır. Amma həyət qapıları bağlıdır. İnsanların bura gəlməyinin mənası yoxdur, çünki burada molla o qədər uzun müddətdir yoxdur ki, sakinlər artıq nə vaxtsa onun olub-olmadığını da xatırlamırlar.
Bəzi yerli sakinlər dini ayinləri bilir. Onlar dini bayramlarda nadir həyata keçirilən dini ayinlərə rəhbərlik edirlər.
“Mediaşəbəkə”nin dəstəyilə