Gürcüstanda hərbi çağırış – vətənin qorunması yoxsa pulsuz mühafizə?
Gürcüstanda ümumi hərbi xidmət qüvvədədir. Hərçənd əgər pulunuz, hərbi komissarlıqda lazımlı əlaqələriniz, ya da heç olmasa tanış keşişiniz varsa, çağırışdan rahatlıqla yaxa qurtara bilərsiniz. Kasıbların və gərəkli əlaqələri olmayanların bəxtləri bu sarıdan daha az gətirir – onlar vərdiş etdikləri həyat tərzlərindən, işlərindən, ailələrindən bir illik ayrı düşmək məcburiyyətində qalırlar. Bütün bu “qurbanlar”ın əvəzində ola da bilər ki, həqiqi hərbi xidməti başa vurandan sonra hətta odlu silahdan atəş açmağı belə öyrənə bilməyəsən.
İş axtarışına çıxan 19 yaşlı Georgi Bokuçava Tbilisiyə Gürcüstanın qərb hissəsində yerləşən balaca bir şəhərcikdən gəlib. O, tezliklə mənzil təmirinə baş qoşur və az-çox gəlir əldə etməyə başlayır. Georgi qazandığı pulların bir hissəsini valideynlərinə göndərirdi.
Tezliklə orduya çağırış vərəqəsi alır. Digər yaşıdlarından fərqli olaraq, Georginin hərbi hissədə tanışları yox idi, çağırışa on iki aylıq möhlət verilməsi üçünsə 2 min lari (820 dollara yaxın) tapa bilmir. Və nəticədə bir il müddətinə həqiqi hərbi xidmətə çağırılır.
Bu gün o deyir ki, hərbi xidmətdə, demək olar ki, heç bir hərbi işə yiyələnməyib.
“Hər gün bir neçə kilometr qaçmalı olurduq, bir neçə dəfə əlimizə atəş açmaq üçün odlu silah verirdilər, vəssalam. Sonra bizi müxtəlif obyektlərə bölüşdürdülər”, – Georgi deyir.
Georgi qısa müddətli hərbi hazırlıqdan sonra Tbilisinin dövlət xəstəxanalarından birində mühafizə dəstəsinə düşür. O, üç gündən bir iyirmi dörd saatlıq növbəyə çıxırdı ki, bu müddət ərzində də üç saatdan artıq yatmaq imkanı malik olmurdu.
“Bu zaman kəsiyinin bircə müsbət tərəfi olub – anladım ki, bir daha heç vaxt belə bir işə gedən deyiləm. Fiziki əmək qat-qat ürəyimcədir”, – Georgi deyir.
“Öyrət və təchiz et” – peşəkar ordu necə yaradılıb
90-cı illərin əvvəllərində, Gürcüstanın müstəqilliyi bərpa olandan sonra ölkənin hərbi qüvvələri sabiq sovet çağırışı prinsipi ilə təşkil olunurdu. 2002-ci ildə ABŞ-ın maliyyəsi ilə “Öyrət və təchiz et” proqramı həyata keçirilməyə başladı və həmin dönəmdə amerikalı təlimatçılar 2 min gürcü hərbçi hazırladılar. Dəyəri 64 milyon dollar olan məlum proqram nəticəsində Gürcüstan o zaman yaxşı təlim keçmiş əsgərlər əldə elədi. Həmin əsgərlər əmək haqqı alır və öz peşələrini nüfuzlu sayırdılar. Beləcə, Gürcüstanda müqavilə ilə xidmət edənlərdən ibarət ilk bölüklər meydana gəldi.
2003-cü ildə baş vermiş “Qızılgül inqilabı”ndan sonra yeni hakimiyyət hərbi qüvvələrin gücləndirilməsini prioritet məsələlərdən biri kimi elan etdi. Saakaşvili tezliklə ordunu tamamilə peşəkar əsaslarla quracağını vəd elədi. Lakin bu, baş vermədi.
2005-ci ildə Gürcüstanın hərbi qüvvələrində adi çağırışa paralel olaraq ehtiyat sistemi yaradıldı. 18 yaşından 40 yaşınadək bütün hərbi mükəlləfiyyətlilər ildə bir dəfə on səkkiz günlük hərbi toplanış keçirdilər. Məlum toplanışlardan üç dəfə keçən şəxslər həqiqi hərbi xidmətə çağırışdan azad edilirdilər.
Lakin 2008-ci il avqust müharibəsi zamanı ehtiyat sisteminin çatışmazlıqları üzə çıxdı – əsas problem kimi ehtiyatda olanların hərbi hazırlıqlarının aşağı keyfiyyətdə olması və hərbi hissələrin qeyri-mütəşəkkilliyi önə çıxarıldı. Öncəki hökumət bundan nəticə çıxarıb, sistemdə islahatlar aparmağa çalışdı, lakin 2012-ci ildə hakimiyyətə “Gürcü arzusu” gələndən sonra ehtiyat pratiki olaraq aradan qaldırılır və ehtiyatda olanların hərbi toplanışları dayandırılır.
Amma yaxın günlərdə hakim partiyanın nümayəndələri ehtiyat xidmətini bərpa etməyə hazırlaşdıqlarını bəyan ediblər. Müdafiə Nazirliyi artıq “tamamilə yeni” sistemin konsepsiyasını hazırlayıb.
Gürcüstanda hərbi xidmətdə olanların ümumi sayı vaxtaşırı dəyişir. Son səkkiz ildə şəxsi tərkibin sayı stabil olaraq 37 min adam təşkil edir.
Həqiqi hərbi xidmətə çağırılanlardan fərqli olaraq, müqavilə ilə xidmət etmək arzusunda olanlar müsabiqədən keçirlər və yalnız bundan sonra dövlətlə dörd illik müqavilə bağlayırlar. Peşəkar hərbçilərin maaşı min lariyə (400 dollardan bir az çox) yaxındır, buna müxtəlif sosial imtiyazlar da əlavə olunur.
2008-ci ildə avqust müharibəsindən sonra bir çox ekspert bu qənaətə gəlib ki, dövlət ilk növbədə peşəkar orduya arxayın olmalıdır. Hərçənd dövlətin çağırışdan imtina edəcəyinə az adam inanırdı. Və bunun öz əsasları vardı.
Gürcüstanda orduya çağırış və ondan necə yaxa qurtarmalı
Gürcüstan konstitusiyası və qanunvericiliyinə əsasən, bütün kişilər – Gürcüstanın 18 yaşından 27 yaşınadək vətəndaşları orduda on iki aylıq həqiqi hərbi xidmət keçməlidirlər. İstisna buna qanunla nəzərdə tutulmuş konkret səbəbi olanlar üçün edilir. O cümlədən, bu 1) Sağlamlıqla bağlı problemlər, 2) Ağır və ya orta ağırlıqda cinayətlərin törədilməsi, 3) Alternativ əmək xidmətindən keçmə, 4) Əlahiddə istedadın mövcudluğudur. Maraqlı burasıdır ki, hər hansı bir şəxsdə bu cür istedadın varlığını xüsusi sərəncamla baş nazir təsdiqləməlidir.
Çağırışın təxirə salınması mümkündür – məsələn, əgər hərbi mükəlləfiyyətli şəxs ali təhsil müəssisəsində oxuyursa, ya da sağlamlığı ilə bağlı problem yaranıbsa. Həmçinin əgər həmin şəxs keşiş olubsa, ya da onun ikidən çox azyaşlı övladı varsa. Qanuna görə, çağırışa görə pul ödəmək də olar – bu, ildə 2 min lariyə başa gələcək.
Gürcüstandakı çağırışçılar məlum istisnalar siyahısından məharətlə istifadə etməyi öyrəniblər. Məsələn, JAMnews bir gənc tapıb ki, həmin adam tanış keşişin onu orduda xidmətdən necə xilas etdiyini danışıb. “Keşişim mənə kömək elədi, mənim ipodiakon olmağım və ibadət keçirməyim barədə rəsmi məktub yazdı. Bundan sonra məni rahat buraxdılar, daha çağırış göndərmirlər”, – 23 yaşlı gənc deyir.
Digərlərinə hərbi komissarlıqdakı “adamları” çağırışdan yayınmağa kömək edib.
JAMnews-un hərbi komissarlıqda mənbələri danışıb ki, çağırışçılar tez-tez özlərinə xəsarət yetirirlər: “Məsələn, siqaretlə bədənlərinin müxtəlif hissələrini yandırırlar, tibbi komissiyadan keçməzdən öncə çəkilərini azaltmağa çalışırlar, özlərini yalandan psixi xəstə kimi göstərməyə cəhd edirlər. Hər cür olur”.
Hərbi xidmətdən qanuni yolla yayınan İlya Şimşilaşvili bizə həmçinin öz əhvalatını danışıb. İlya Gürcüstanın ən nüfuzlu ali təhsil müəssisələrindən birini – Azad universiteti bitirib və elə orda təhsilini başa vuran kimi digərinə daxil olub. O, ümumilikdə dörd ali təhsil müəssisəsi bitirib. Səbəbsə ordudan yayınmaq istəyi olub.
“Mənim bitib-tükənməyən tələbəliyim 12 500 lariyə (5 min dollardan bir az çox) başa gəlib. Bu məbləğin bir hissəsini öz cibimdən ödəmişəm, digər hissəsinisə dövlət qrant şəklində ödəyib. Əslində mənim bu qədər universitetdə təhsil almağıma lüzum yox idi. Nəticədə mən də ziyana düşmüşəm, dövlət də”, – İlya deyir.
Çağırış müddətinin uzadılması üçün pul ödəyənlər bu məbləği, adətən, bankdan kredit götürməklə əldə edirlər. Bu yük də, şübhəsiz ki, onların ailələrinin çiyinlərinə düşür.
Lakin çağırış vaxtının uzadılmasını təkcə 25 yaşınadək ala bilərsən. Bundan sonra ən effektli “yayınma” saxta təhsil, ən cazibədar üsulsa pulsuz fakültədə iki illik magistraturaya daxil olmaqdır (Gürcüstanda cəmi 10 bu cür fakültə mövcuddur).
Nəticədə belə çıxır ki, orduya nə pulları, nə də lazımlı əlaqələri olmayan ən kasıblar gedir.
Silahlı qarovulçular
Hazırkı sistemə əsasən, həqiqi hərbi xidmətə çağırış hər il 6-7 min adam təşkil edir. Çağırış ildə iki dəfə həyata keçirilir – yazda və payızda. Çağırışçıları öz ehtiyacları üçün üç idarə – Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Cəzaların İcrası Nazirliyi əsgərliyə alır. Çağırışçıların yalnız 25%-i silahlı qüvvələrə düşür. Məsələn, 2015-ci ildə 6400 çağırışçıdan 1600-ü orduya düşüb. Yerdə qalanlar ya DİN yanında mühafizə polisinə, ya da həbsxana mühafizəsinə cəlb olunur. Onlar xidmət müddətini, demək olar ki, hərbi hazırlıq keçmədən başa vururlar və bu zaman kəsiyində o cümlədən şəxsi obyektləri ya havayı, ya da 75 lari (30 dollara yaxın) dəyərində simvolik əmək haqqı qarşılığında qoruyurlar.
“Mən heç odlu silahla ağıllı-başlı davranmağı da bacarmıram, bir il adi qarovulçu kimi işlədim”, – hərbi xidmətdən bir neçə ay əvvəl qayıtmış Nika xatırlayır. “Əmək haqqı” isə ona iş yerinə qədər olan yola, üstəlik bir neçə qutu siqaretə çatırmış.
JAMnews-un Tbilisidə sorğusu. Gənclər hazırkı çağırış modelinə qarşı
Hakimiyyətin arqumentləri: çağırışçılar ucuz başa gəlirlər
Hər hökumət hakimiyyətə gələndən sonra bütünlüklə peşəkar orduya keçidi və çağırışın ləğv edilməsini aparıcı məqsəd kimi təntənəli şəkildə elan edirdi. Hələ 2014-cü ildə sabiq müdafiə naziri İrakli Alasaniya bunun 2017-ci ildə baş verəcəyini bəyan etmişdi. Müdafiə naziri Tinatin Xidaşeli daha radikal çıxış edərək ötən il bəyan edib ki, hərbi qüvvələr çağırışçılardan imtina edir.
Hərçənd onu əvəz edən indiki müdafiə naziri çağırışı yenidən bərpa edib. Hakimiyyətin izah etdiyi kimi, əsas səbəbsə ümumi hərbi mükəlləfiyyət zamanı dövlətin müdafiəyə daha az pul xərcləməsidir. İzoriyanın sözlərinə görə, müqavilə ilə hərbi xidmətə çağırılan şəxs dövlətə ildə 26 min lariyə başa gəlir, halbuki çağırışçıya qat-qat az məbləğ – sadəcə 9 min lari xərclənir.
Parlamentin Müdafiə üzrə Komitəsinin başçısı İrakli Sesiaşvili çağırış təcrübəsinin müdafiəsi kimi İsraili nümunə gətirib. Hərçənd opponentləri ona xatırladıblar ki, İsraildə çağırışçılar qarovulçu olmurlar, keyfiyyətli hərbi hazırlıq keçirlər. Çağırışın xeyrinə daha bir arqument Baltik ölkələrinin təcrübəsidir. Belə ki, Estoniyada hazırda həqiqi hərbi xidmət qüvvədədir, Litvada isə yaxınlarda bərpa olunub.
Müdafiə naziri Tinatin Xidaşeli çağırış sisteminin nəzərdə tutulan islahatları haqqında, 2015-ci il
Müxalifətin arqumentləri – qəsb və pulsuz işçi qüvvəsi
Vətəndaş cəmiyyəti sektoru və siyasi müxalifət bu gün demək olar ki, yekdilliklə mövcud çağırış modelini tənqid edir. İctimaiyyətin bir qismi tam müqaviləli ordunun, bir qismi isə bu modelin təkmilləşdirilməsinin lehinə çıxış edir.
Keçmiş müdafiə naziri Tinatin Xidaşeli JAMnews-la söhbətində mövcud təcrübəni tənqid edib. O hesab edir ki, ilk növbədə xidmət müddəti bir ildən altı aya qədər azaldılmalıdır. Bundan başqa çağırışçıların mühafizədə istifadəsinə son qoyulmalıdır və onlar tam hərbi təlim keçməlidirlər.
“Korrupsiya və pul tələsi mənbələri” – “Qirçi” siyasi hərəkatının lideri Zurab Caparidze JAMnews-la söhbətində hazırkı çağırış modelini belə xarakterizə edib. Onun sözlərinə görə, “dövlət fundamental insan haqlarını pozur və vətəndaşlardan həm büdcəni doldurmaq üçün, həm də pulsuz işçi qüvvəsi kimi” istifadə edir.
Öz qeyri-standart siyasi mübarizə metodları ilə tanınan “Qirçi” müxalifət partiyası yenə də öz istəyinə nail olub – gənclərə məcburi hərbi xidmət keçməməkdə kömək etmək üçün qanunda boşluq tapıb.
“Qirçi” partiyasına aid ən başdan sadəcə gülüş doğuran təşəbbüsün nəticələrini indi müşahidə etmək mümkündür. Təşkilatın ofisindən JAMnews-a bildirildiyinə görə, onların təşəbbüsünün nəticəsində 2017-ci ildə 10 min nəfərə yaxın gəncin ordudan “yayınması” mümkün olub.
Çünki onlar “ruhani” olublar.
Məsələ ondadır ki, “Qirçi” partiyası 2017-ci ildə “Gürcüstanın xristian, yevangilist, protestant kilsəsi – Bibliya azadlığı” təşkilatını rəsmən qeydiyyatdan keçirib.
Ordudan möhlət sxemi çox sadədir. Məcburi hərbi xidmət keçmək istəməyən istənilən adam “Qirçi” partiyasına və onun yaratdığı dini təşkilata müraciət edir, oradan ona yeni Kilsənin ruhanisi olduğu haqda arayış verilir. Bu arayışı çağırış məntəqəsinə təqdim ediləndən sonra ordudan möhlət əldə etmək mümkün olur.
“Ruhani” arayışı tamamən pulsuzdur. Hərçənd Kilsəyə ianə etmək istəyənlər bunun üçün 20 lari (8,2 dollar civarında) ayıra bilər.
Gürcüstanda orduda xidməti “Hərbi öhdəlik və hərbi xidmət haqda” qanun nizamlayır. Qanunun 30-cu maddəsinin “l” yarımbəndinə əsasən, vətəndaş ruhanidirsə və ya dini seminariyada təhsil alırsa, orduda xidmətdən möhlət ala bilər. Bununla belə “ruhani” deyəndə kimlərin nəzərdə tutulduğu aydınlaşdırılmayıb, “Qirçi” partiyası da elə bundan yararlanıb.
“Qirçi” liberal hərəkatı orduya çağırışın ləğv olunması üçün kampaniya təşkil edib, o cümlədən aksiyalar keçirərək, video-kliplər yayıb.
“Girçi” siyasi hərəkatının məcburi hərbi xidmətə qarşı təşviqat videoklipi
İndiki sistem “Hərbi-vətəndaş əlaqələri mərkəzi”nin təsisçisi Georgi Noniaşvilinin də xoşuna gəlmir. O hesab edir ki, çağırış vətəndaşı iqtisadi və sosial həyatdan mümkün qədər az ayırmalıdır. Əslində hərbi xidmət keçməyən 75 faiz çağırışçılara gəlincə, təhlükəsizlik nöqteyi-nəzərindən “onlar tamamilə yararsızdırlar və heç nəyə qadir deyillər”.
“Çıxış yolu yəhudi analoqları ilə yaxşı təşkil olunmuş ehtiyat sisteminin qurulmasıdır. Belə olduqda dövlət daha rasional şəkildə pul xərcləyəcək, vətəndaşlar isə hərbi işə yiyələnmiş olacaqlar”, – ekspert JAMnews-la söhbətində deyib.
https://www.youtube.com/watch?v=4mUlTHpUcIU&feature=youtu.be