Kitabları necə əlçatan eləmək olar? Erməni yazıçı və nəşriyyatlarının rəyi
Ermənistanda kitab mədəni dəyər kimi dominant olaraq qalır. Sosial problemlərə, dəyişən dəyərlər sisteminə və kitabların baha olmasına baxmayaraq. Kitab satıcıları və naşirlər əmindir ki, nəşriyyat sahəsi vergilərdən azad edilsə və müvafiq dövlət siyasəti işlənib hazırlansa, satış artacaq.
Şair Xaçik Manukyan deyir ki, keçmişdə insanlar daha çox oxuyurdu: kitablar daha əlçatan idi, hər bir evin öz kitabxanası varıydı:
“Keçid dövrünün bütün bu çaxnaşması, sonu görünməyən həll olunmamış sosial problemlər, müharibə təhdidi fikrimizi kitablardan ayırır, halbuki mənim kimi, bir çox başqa adamlar da mütaliəsiz qala bilmir”.
Yazıçı, ədəbiyyatşünas Ovik Çarxçyan deyir ki, çoxlarını kitabların qiymətləri qorxudur:
“Ola bilsin, xarici ölkələrlə müqayisədə Ermənistanda kitablar xeyli daha ucuzdur, amma baxın, vətəndaşlarımız nə qədər qazanır. 100 min dram ($205) qazanan adam necə ayda bir-iki kitab almağı özünə rəva bilər?”
O, nəşriyyat üçün maya dəyərini kitab mağazalarındakı qiymətlərlə müqayisə edir və qeyd edir ki, məbləğ az qala üç dəfə bahalaşdırılır:
“Müəllifsənsə və çapa görə pul ödəyirsənsə, hansısa gəlirə ümid edirsən. Kitab mağazasında satıcı qiyməti artırır, sonra da ƏDV. Orta həcmli adi kitabın qiyməti bu gün 7000-8000 dramdır ($15-16). Almaq istədiyin gözəl kitablar var, amma qiyməti görən kimi geri çəkilirsən”.
• Ermənistanda uşaq evindən sonra harada və necə yaşamalı?
• Doğma və övladlığa götürülən əlil uşaqlar haqda
Vaxtıykən həm də nəşriyyat fəaliyyəti ilə məşğul olan məşhur erməni yazıçısı Yeqişe Çarents Ermənistana hamı üçün əlçatan olan “ucuz ədəbiyyat” anlayışını gətirdi. Bunun üçün yazıçı yeni nəşriyyat üsulları axtarır, dövlətin dəstəyini almağa çalışırdı ki, kitabların qiymətini minimuma endirsin. İndi də bu təcrübəni təkrar etmək, ən azı sahəni vergilərdən azad etmək olar, – müasir yazıçılar belə düşünür.
Yerevanda fəaliyyət göstərən “Bürokrat” kitab mağazasının meneceri Anna Naqaşyan deyir ki, kitablar bir az ucuz olsaydı, satış da artardı:
“Eyni zamanda biz nəşriyyatların da vəziyyətini başa düşürük. Biz sahəni daxildən bilirik. İndi böyük tələbat olan tərcümələri götürək. Onlar müəllif hüququnun hesabını, tərcüməçinin haqqını, vergiləri ödəyirlər. Bütün xərcləri nəzərə alsaq, indi yaranan vəziyyət başa düşüləndir. Amma biz kitab alanda əşya deyil, dəyərlər sistemini, mədəniyyətin bir parçasını əldə edirik. İstənilən halda, biz aksiyalar və endirimlər vasitəsiylə alıcılara kömək etməyə çalışırıq”.
Bir çox nəşriyyatlar bu gün yeni kitablar nəşr edərkən, onların fəal reklamı ilə məşğul olur, özünəməxsus aksiyalarla oxucuları cəlb etməyə çalışırlar.
O cümlədən “Antares” Nəşriyyat Evi “Məşhurlar oxuyur”, “Oxumaq seksualdır”, “Qadağan olunmuş ədəbiyyat”, “Kompas”, “Oxunması mütləqdir” kimi orijinal layihələrlə kitablara maraq oyatmağa çalışır. “Antares” əvvəllər Ermənistanda dərc olunmayan yüksək keyfiyyətli ədəbiyyat dərc etməyə çalışır, ildə 150 kitab.
Yerevanda açıq səma altında kitab yarmarkaları da var, burada kitablar mağazadakından daha ucuz satılır, qiyməti salmaq da olar. Az təminatlı insanlar qəpik-quruşa öz kitablarını yarmarka satıcılarına verir. Mağazalardan fərqli olaraq, cüzi miqdarda pul ödəməklə artıq oxunmuş kitabı başqası ilə əvəz etmək olar.
Kitab yarmarkalarından birinin satıcısı Edqar Karapetyan qeyd edir ki, əvvəllər qadağan edilən müəlliflər və əsərləri yenicə tərcümə olunmuş müasir xarici yazıçılar daha böyük maraq oyadır, klassiklər kölgədə qalıb.
Başqa bir satıcı Vram Martirosyan qeyd edir ki, dərslik ədəbiyyatı, dərs vəsaitləri daha yaxşı satılır. Qiyməti 500-dən 1000 drama qədər olan ($10-20) kitablar daha zəif satılır. Vram hesab edir ki, kitablar o qədər də baha deyil, insanlar onları ideologiyanın olmamasına görə daha az oxuyurlar:
“Klassiklərin köhnə nəşrləri 1000 dramdır ($2). Həmin əsərin yeni nəşrləri 4 dəfə bahadır. Amma insanların az oxuması onların sosial problemləri ilə bağlı deyil, onlara məktəbdə nəyin öyrədilməsi vacibdir. Təhsil senzi düşüb. Pulu olan adamlar var, onlar bir kilo artıq, onlara lazım olmayan yemək alacaqlar, amma bir dənə də olsun kitab almayacaqlar. Çoxları üçün ən böyük dəyər “qəşəng” maşın nömrələri ola bilər və onlar buna görə böyük məbləğdə pul ödəyəcəklər, kitaba görə yox”.
Eçmiadzində kiçik kitab mağazasının sahibi Culyeta Xaçatryan deyir ki, satıcılar onun mağazasına hər gün gəlir:
“Əsasən qiyməti min drama qədər ($2) olan nağıl və təmsil alırlar. “Balaca şahzadə” çox populyardır, Nareki [“Narekatsinin “Kədərli dini nəğmələr kitabı”], Uşaqlar üçün İncili alırlar. Qiyməti 5000 olan kitablara isə yaxın belə durmurlar – ancaq müstəsna hallarda”.
Bununla belə, həm kitab satıcıları, həm də yazıçılar deyir ki, indi insanlar 5 il əvvəlkindən daha çox oxuyur.
“Bürokrat” mağazasının kitab məsləhətçisi Aram Avetis deyir:
“Asta addımlarla da olsa irəliləyirik. Əvvəllər oxuyanlar indi də oxuyur”.
O, oxucuları qruplara bölür: ancaq müasir ədəbiyyatı oxuyan insanlar, zamanın sınağından keçmiş klassik əsərləri oxumaq istəyənlər və dünyada populyar olan kitabları oxumağı sevənlər.
“Kitab məsləhətçisi zövqü diktə edir. Mən doğru ədəbiyyatı təklif edirəm. Özünü savadlı və inkişaf etmiş hesab edən insan bu ədəbiyyatı oxumalıdır. Biz stomatoloqa gedəndə, ona dişlərimizi necə müalicə etməli olduğunu demirik, həkimə öz işini görməyə imkan veririk. Bu da həmin şeydir”, – Aram deyir.
Yeri gəlmişkən, il ərzində Ermənistanda 2000 adda kitab nəşr edirlər, bunların 30%-ni bədii ədəbiyyat təşkil edir, ümumilikdə ölkə üzrə 145 nəşriyyat qeydiyyatdan keçib.
“Fəaliyyət göstərsələr də, göstərməsələr də bu, böyük bir rəqəmdir. Nəşriyyatlar yaradılırsa, deməli buna tələbat da var. Təəssüf ki, kitablarla bağlı olan hər şey paytaxtda və bir-iki iri şəhərdə cəmləşib. Regionlarda kitab mağazalarımız yoxdur. Sovet illərində kəndlərdə, vilayət mərkəzlərində kitab mağazaları olub, kitablar da çox ucuz idi”, – Çarçxyan deyir.