İŞİD üçün ən yaxşı hava
Mətn, foto və video JAMnews-un tərəfdaşı, Ukraynanın “Qromadskoye” teleşirkəti tərəfindən hazırlanıb
2014-cü ilin iyununda “İslam Dövləti” qruplaşması Mosulu – İraqın şimal-qərbindəki böyüklüyünə görə ikinci şəhərini ələ keçirdi. 2016-cı il oktyabrın 16-da İraq hərbçiləri Mosul və ətraf ərazilərə hücuma başladılar. Beş ay ərzində onlar şəhərin böyük hissəsini azad etdilər. İŞİD lideri Əbu-Bəkir Əl-Bağdadi məğlubiyyəti qəbul edib Mosuldan geri çəkildi. Hromadske müxbiri İraq Ordusunun İŞİD-çilərlə qarşıdurmasının şahidi olub.
Birmərtəbəli Kürdüstan
İraq Ordusu və AŞİD qarşıdurmasının mərkəzinə səfər İraq Kürdüstanının paytaxtı Ərbil ətrafından başlayır. Biz ən gözdən-qulaqdan uzaq oteldə məskunlaşırıq: girişdə heç bir lövhə yoxdur, bütün tikililər isə birmərtəbədən hündür deyil.
– Bura Ərbilin ən təhlükəsiz məkanıdır, – Harvard nəzdində Belfer elm və beynəlxalq əlaqələr Mərkəzinin araşdırmaçısı Vera Mironova deyir.
Mehmanxana kottecinin pəncərəsindən Kürdüstan prezidenti Məsud Bərzaninin rezidensiyası görünür. Ətrafında yaşıl təpələr var, orada qoyun sürüləri otlayır.
– Əcnəbilər üçün otellər bir qayda olaraq, şəhərin ən hündür binalarıdır və inzibati binaların yanında yerləşir, – Mironova izah edir. – Otellərin son mərtəbəsində İŞİD snayperlər yerləşdirir. Beləliklə terrorçular hökumət obyektləri üzərində nəzarəti ələ alır. Üstəlik, əcnəbilərin yaşadığı yerlərin qarşısında terrorçular suicide attacks (bomba yüklənmiş maşın – red.) vasitəsilə terror aktı törədirlər.
Ərbilin çıxışında kürd blokpostları yerləşir. Bu əraziləri kürdlər tarixi torpaqları hesab edirlər, amma Kürdüstanın rəsmi sərhədi daha əvvəl bitir. Kürdlərdən başqa burada bəzi binalarda yerli könüllü batalyonları yerləşib. Onları ümumi bir sözlə – Hashd adlandırırlar. Bunlar İraq DİN-in nəzarətində olan şiələrdən, sünnilərdən və xristianlardan ibarət yarı-hərbi birləşmələrdir. Bu birləşmələr 2014-cü ildə İŞİD-lə mübarizə məqsədilə yaradılıb.
Artıq burada Mosulun girişində müharibənin gətirdiyi dağıntıların həcmi görünür: pəncərələri qırılmış yaşayış evləri, dağıdılmış mağazalar və yanacaqdoldurma məntəqələri. Səciyyəvi mənzərə – yüzlərlə yandırılmış avtomobilin olduğu dayanacaq.
Qərbi Mosul
Dəclə çayı Mosulu iki hissəyə ayırır. İnzibati binaların, muzeyin, İraqın ən böyük universitetlərindən birinin yerləşdiyi qədim şəhər çayın qərb sahilində qalır. Hazırda Mosulun bu hissəsinin mərkəzi terrorçuların əlindədir. Bu, bütün ərazinin 10 faizidir.
Hərbi əməliyyat zamanı şəhərin körpüləri dağıdılıb. Mosulun döyüşlərin getdiyi qərb hissəsinə müvəqqəti körpülərlə dolanaraq getmək lazımdır.
Körpülərdən birinin arxasında əvvəl İŞİD silahlılarının yerləşdiyi şəxsi evdə indi İraq Federal Polisinin Daxili Çevik Qoşunlarının bazası yerləşdirilib.
Girişdəki pillələrdə mərmi kolleksiyası var. Onların ətrafında yerli uşaqlar dolanır, kalibrlardan baş çıxarmağa çalışırlar.
– Bunları bura ön cəbhədən gətiririk, – istehkamçı izah edir.
Hərbçinin əlində çəhrayı smartfon var. Sözarası istehkamçı qeyd edir ki, ön cəbhədəki mövqelərdə heç nəyə əl vurmaq olmaz: İŞİD geri çəkilərkən, yerlərdə partlayıcı quraşdırılmış məişət əşyaları qoyur.
Ətlə kus-kus, soyutma yumurta və kökə – hərbçilərin səhər yeməyi bundan ibarət olur. Bundan sonra əsgərlər ön cəbhəyə yollanır. Bizi özlərilə aparırlar, uğurlarını nümayiş etdirmək üçün. Bir də necə bəzəyib, şişirtməyi.
– Sizə feyk müsahibə hazırlamaq təklif edirlər, – Tərcüməçi Azad bizə deyir. – Hərbi hissədə döyüşlər zamanı yaralanmış keçmiş jurnalist var. İndi o forma geyinir və özünü hərbçi kimi təqdim edir.
Biz onun bir qədər sonra qarşılaşırıq. Əsa, tünd eynək – partlamış minanın qəlpələri kişini kor eləyib. O, doğum gününü qeyd edir. Hərbçilər tort gətirirlər, “Həppi bözdey tu yu” oxuyurlar və atəşfəşanlıq edirlər. Adama ən böyük hədiyyəni hərbçi qismində müsahibə verdiyi Rudaw kürd telekanalının jurnalistləri edir.
Hərbi əməliyyatların getdiyi zonaya yol aeroportun xarabalıqlarından gedir. Vaxtilə turistləri, biznesmenləri qəbul edən bütün tikililəri, terminalları, gözləmə zallarını Amerika aviasiyası və İŞİD minomyotları darmadağın edib.
İndi cəbhə xətti qərbi Mosulun varlı məhəllələrindən keçir. Orada mütəmadi olaraq atışma və partlayış səsləri eşidilir. Yaxınlıqdan aviasiyanın səsi gəlir. Bütün bunlara baxmayaraq, yerli əhalinin bir hissəsi öz evini tərk etməmək qərarı alıb.
Belə evlərdən birinin darvazasının üstündə ağ mələfə yellənir. Bu ikimərtəbəli, geniş binada üç subay qadın yaşayır. Müəllimə olan iki bacı – Asil və Zinanın yaşı qırxı bir az keçib. Xalaları Zahidə isə onlardan iki dəfə böyükdür.
İŞİD şəhərə gələndən sonra qadınlar müəllimlikdən əl çəkməli olub. Onlar indi də uşaqlara dərs keçmirlər – ətrafda hələ də atışma davam edir, qərbi Mosulun məktəbləri bağlıdır.
Bacılar çoxdan bəri qırağa atdıqları ehtiyat vəsait hesabına yaşayırlar. Deyirlər ki, nə İraq hökumətindən, nə də beynəlxalq təşkilatlardan pul almırlar. Suyu və ərzağı hərbçilər vasitəsilə alırlar.
Eyvanda şirə içib, terrorçular tərəfindən atılan minomyot mərmilərinin partlayış səsini dinləyirik. Zərbənin dalğasından stullar tullanır. Polietilen bərkdən xışıldayır. Burada şüşə yerinə pəncərələri polietilenlə örtürlər. Qadınlar partlayışlara reaksiya vermirlər, sadəcə biz hər dəfə gurultudan dik atılanda gülürlər.
– Bir dəfə qışda Mosulun azad edilməsi ilə bağlı əməliyyat zamanı İŞİD-çilər evimizə soxuldular, – Asil xatırlayır. – Avtomobili onlara verməyi tələb etdilər. Onlar maşınları minalayırdılar, bu, İraq Ordusuna qarşı istifadə etdikləri silahlardan biri idi. Mən dedim ki, maşını verməyəcəm, əgər nəsə olsa xəstəxanaya gedib çıxa bilməyəcəyik. Onlar cavab verdilər: “Onda biz sizi öldürəcəyik. Məgər sən qorxmursan?” Mən düzünü dedim: “Qorxuram, amma avtomobili almayacaqsız”. Hər şey nə ilə bitdi? – Asil şirə süzdü, – Onlar bizdən İŞİD-lə əməkdaşlıqdan imtina etdiyimiz haqda iltizam aldılar.
Asil etiraf edir ki, terrorçuların arvadları daha qəddardır:
– Eşitmişik ki, onlar küçəyə tam qapanmadan çıxan qadınları döyür, dişləyirdilər.
– Onlar bizə hörmət etmirdilər, – Zina təsdiqləyir. – Bir dəfə mən tələsik aptekə çıxdım, əlcəklərimi götürməyi unutdum. İŞİD-in qaydalarına görə, qadının əllərinin açıq olması haramdı, yəni günahdı. Silahlılardan biri məni gördü və söz verdi ki, məni öldürəcək.
Hardasa yaxınlıqda minomyot mərmisi düşdü. Biz növbəti dəfə səksəndik. Qadınlar yenə güldülər. Əynimizdə zirehli canlıq var. Asil, Zina və Zahidənin heç vaxt xüsusi müdafiəsi olmayıb. Bacılar iki ay müdafiəsiz qarşılıqlı atışmanın tam ortasında yaşayıblar. Deyirlər ki, indi buna ümumiyyətlə ehtiyacları yoxdu.
– Hər şey Allahın əlindədir, – Zina gülümsəyir.
Bacıların evinin qonşuluğundakı evin birinci mərtəbəsində hərbçilər yerləşib. İkinci mərtəbədə gənc ailə yaşayır: Rəmzi Kazen, onun həyat yoldaşı Nur Fadel Şalan və iki balaca uşaqları.
Müharibəyə qədər Rəmzi İraqın şəhərlərinə toyuq əti daşıyırdı. 2014-cü ildə qərbi Mosulda qadın geyim mağazası açıb. 10 gündən sonra terrorçular mağazanı bağlayıb. Hazırda ailə ancaq İraq Ordusunun yardımı hesabına yaşayır. Kazen ailəsinin kiçik qızı doqquz aylıqdır. O, şəhərə İŞİD silahlıları nəzarət etdiyi zaman doğulub.
– Adını Mirna qoymaq istəyirdik, – Rəmzi deyir. – Amma İŞİD etiraz etdi: dedilər ki, bu, xristian və yəhudi adıdır.
Silahlılar tələb ediblər ki, uşağın adını Naba qoysunlar, ərəb dilindən tərcümədə “xəbər” mənasını verir. İslam Dövlətinin buraxdığı gündəlik qəzetin adı da Nabadır.
— Qızımıza İŞİD-in doğum haqqında şəhadətnaməsi verilib, – Nur izah edir. – Biz onu normalı ilə dəyişmək istəyirik, İraq hərbçiləri deyir ki, bu, hələ ki, mütləq deyil. Deyirlər, bu, uşağın yeganə sənədidir, onu saxlamaq lazımdır.
Nurun qaldığı xəstəxananın doğum şöbəsində terrorçuları dəstəkləyən xeyli qadın olub. Qadın xatırlayır ki, onların hamısı yeni doğulmuş körpələrinə şəhidlərin – İslam Dövlətinin həlak olmuş əmirlərinin adlarını verirdilər.
Şərqi Mosul
Daracıq küçələr bəzi yerlərdə tikanlı məftillərlə haşiyələnib. Mərmər rəngli evlər yanıb və dağıdılıb. Su paylanılan könüllü məntəqələri. İraq Ordusunun ardı-arası kəsilməyən postları. Yoldan nadir ötən insanlar. Tələm-tələsik bərpa edilmiş bir-iki məktəb və ərzaq mağazası. Şərqi Mosul yanvarın 27-də azad edilib, amma indiyə qədər elə görünür ki, sanki burda döyüşlər bir neçə gün əvvəl dayanıb.
Şərqi Mosulun rayonlarından biri İraq Müdafiə Nazirliyi yanında “özünümüdafiə” dəstəsinin nəzarətindədir. Qərargah daha əvvəl terrorçuların kamikadze avtomobilləri üçün bomba hazırladıqları evdə yerləşir. Komandir Ömər bizi kiçik otaqda qarşılayır. Divan əvəzinə yerə bir neçə qat döşək atılıb, masada kağızlardan və fotolardan ibarət qarmaqarışıqlıq hökm sürür. Kətillərdə su şüşələri, külqabı və çay var. Dəqiqədə bir otağa zabitlər girir və Ömərə nə isə məruzə edirlər.
Onlardan biri terrorçuların çəkdiyi bir videonu göstərir. Videoda bir neçə əsiri maşınlarda partladırlar.
– Bu videodakı adam qardaşımdır, – hərbçi izah edir. – Onlar onu partlatdılar. Bax, belə insanlara qarşı döyüşürük.
Könüllülərin motivasiyası doğmalarını, dostlarını, tanışlarını öldürənlərə, zorlayanlara qarşı döyüşməkdir. Çoxları üçün bu, həm də amerikalılar tərəfindən təlim görmüş şəxslərdən hərbi əməliyyat aparmaq təcrübəsinə yiyələnmək imkanıdır.
İraq hərbçilərinin böyük əksəriyyəti 20-30 yaşlarında cavan adamlardır. Onlar 2003-cü ildə başlayan İraq müharibəsini xatırlayırlar, bu günə qədər davam edən iqtisadi böhran onların ailələrinə də toxunub.
Könüllülər öz yaralanmaları ilə qürur duyurlar. Otağa daxil olanlardan biri aldığı xəsarətləri nümayiş etdirir: sağ əlinin çeçələ barmağı tərpənmir, sol qolu dirsəkdən demək olar ki, qatlanmır.
– Bax bu əlimlə İŞİD-çi öldürmüşəm, – hərbçi fəxrlə deyir.
Ömər, onun komandiri, etiraf edir ki, şərqi Mosulun azad edilməsinə baxmayaraq, təhlükə hələ sovuşmayıb. Ərazidəki əhalinin dörddə biri şəhərin qərb hissəsindən və şərq hissəsinin dağıdılmış rayonlarından köçənlərdir, – o izah edir.
– Bura köçənlərin çoxu özünü qaçqın kimi təqdim edir, əslində isə İŞİD-i dəstəkləyirlər, – Ömər deyir. – Bir də burda terrorçuların arvadları və uşaqları da çoxdur.
– Siz onlarla necə davranırsız? – soruşuram.
– Heç cür. Onları nəzarətdə saxlayırıq, vəssalam. Biz başqa neyləyə bilərik ki?..
Dəstə hər gün məhəllələrdə reydlər həyata keçirir, sleeper cells – “yatmış oyuqları” axtarır. Bunlar yaşayış binalarının altındakı tunellərdir, bu tunellərdə hələ də İŞİD silahlıları gizlənir.
Tunellər İŞİD hələ yenicə Mosul ərazisinə daxil olduğu zamanlarda yaranıb. Adətən onlar binaların altından lap dərinlikdən keçir və küçələrə çıxışı olur ki, nə isə olduğu təqdirdə qaçmaq mümkün olsun. “Özünümüdafiə” hərbçilərinin bizə göstərdiyi evdə tunel daxili həyətdə qazılıb. İŞİD-çilər ondan həm də silah anbarı kimi istifadə ediblər. Tunelin yanında divarda qonşu həyətə çıxan gizli keçid var. Bir qayda olaraq İraq hərbçiləri tunelləri necə tapırlarsa elə o cür də saxlayırlar.
Otağa növbəti zabit daxil olur. Ömərə nə isə qovluqlar verir. Zabitin adı Əlidir. O, şəklinin çəkilməməsini xahiş edir. Bunu İŞİD üçün çox tanınmış şəxs olması ilə izah edir.
Komandir sənədləri gözdən keçirdiyi müddətdə o, mənim üçün telefon danışığının audio-yazısını qoşur. Əlinin sözlərinə görə, səs yazısında İŞİD silahlısı İslam Dövlətinin Mosula qayıdacağı zaman İraq Ordusunun bütün əsgərlərinin “bağışlanacağını” deyir. Hamısının, Əlidən başqa.
– Sadəcə mən hədsiz çox İŞİD-çi öldürmüşəm, – hərbçi izah edir.
Əli hesab edir ki, Mosulun azad edilməsi hələ qəti qələbə deyil: terrorçular yenə də qayıdacaqlar.
– İraqda hüquq-mühafizə orqanları və məhkəmələr korrupsiyaya batıb, – hərbçi deyir. – İŞİD-çiləri həbsxanaya göndərirlər, əsasən də Bağdad və Nəsiriyəyə. Orada onlar pul müqabilində azad edirlər. Yerli terrorçulara bu, 25 dollara başa gəlir. əmirlər üçün qiymət 6 mindir. Onlar həbsxanaya düşür, sonra isə sadəcə “yox olurlar”.
Hərbçi rəqəmlər gətirir: əməliyyat müddətində rüşvət müqabilində həbsxanalardan təqribən 200 silahlı “qeybə çəkilib”.
– Odur ki, onları dərhal öldürmək daha yaxşıdır, – Əli nəticə çıxarır.
Köçkünlərin şəhəri
Səhəri gün biz Xazerdəki böyük köçkün düşərgəsinə gəlib çıxdıq. Düşərgə Mosul və Ərbil arasında yerləşir. Burda evləri geniş ağ çadırlar əvəz edir. Bu çadırların hər birində on nəfərə qədər üzvü olan ailə yerləşə bilər. İndi onlar 200 min insan üçün müvəqqəti yaşayış yeridir.
Düşərgə bir neçə beynəlxalq humanitar təşkilat tərəfindən maliyyələşdirilir – İraq və Qətərin “Qırmızı Xaç”ı, USAID, UNISEF. Onlar qaçqınlar üçün su, ərzaq və gigiyenik ləvazimat tədarükü görür. Köçkünlər buraya mərkəzləşdirilmiş şəkildə, Mosulda filtrasiya mərkəzində “terrorla” bağlı yoxlamadan keçiriləndən sonra yönləndirilir.
Əksəriyyəti burada 2016-cı ilin payızından yaşayır. Onların evlərinə qayıtmaq imkanı yoxdur – ev-eşikləri dağıdılıb, İraqın istənilən başqa bir şəhərinə köçüb yeni həyata başlamaq üçün isə maddi vəziyyətləri uyğun deyil.
– Biz hər şeyimizi itirdik, – köçkün qadın Amir deyir. – Düzünə qalsa, bərbad haldayam. Hökumətdən heç bir maddi yardım almırıq və normal yaşaya bilmirik.
Şərqi Mosulda gedən hərbi əməliyyatlar zamanı Amir kiçik övladını itirib. İndi əri ilə yeddi uşaq böyüdürlər.
Düşərgənin ictimai həyatı su çənlərinin quraşdırıldığı beton blokların yanında keçir. Onların qarşısında toplaşan kişilər siqaret və çayın müşayiəti ilə siyasi müzakirələr aparır, uşaqlar isə gizlənpaç oynayır.
Şərqi Mosul uğrunda döyüş zamanı bir ayağını itirmiş yaşlı ərəb Məhəmməd hamını çaya dəvət edir.
Dörd stəkan çaya min dinar alır, təqribən 70 sent.
Biz öz payımızı 26 yaşlı şiə-müsəlman Amurabi ilə bölürük. Əhalinin böyük əksəriyyətinin sünnilər olan Mosulda o, İŞİD gələnə qədər də “ala qarğa” hesab edilirdi. Şəhəri terrorçular ələ keçirndən sonra isə onun həyatı təhlükə altına düşdü.
– İŞİD-çilər bildirdilər ki, ailəmizi məhv edəcəklər, – Amurabi danışır. – Biz sünniliyi qəbul etmək məcburiyyətində qaldıq. Bilirəm ki, bunu eləməkdən imtina edənlərin başlarını kəsiblər.
Amurabinin atası Səddam Hüseyn dövründə İraq Ordusunun zabiti olub. Terrorçular onu həbs edib. Amma öldürməyiblər: onlara hərbi anbarlarda saxlanılan silahlardan başı çıxan hərbçilər lazım idi.
Mosulun azad edilməsi üzrə aparılan əməliyyat zamanı Amurabi ailəsi ilə birlikdə o zaman İŞİD-in nəzarət etdiyi Bartalla xristian kəndində olub. İraq Ordusu kəndi qışda azad edib.
– Bartallaya ISOF (Xüsusi Əməliyyatlar üzrə İraq Qoşunları – red.) daxil olub, – Amurabi xatırlayır. – Hərbçilərdən biri məni görüb, vurdu və qışqırdı: “Sən niyə saqqalını qırxmırsan? Yoxsa sən İŞİD-dənsən?” Buna nə cavab vermək olardı ki? Bizim günlərlə nə yeməyimiz, nə suyumuz olub. Üzqırxan haqda mən heç düşünmürdüm də.
Qanunlar mədəniyyətə qarşı
Köçkünlər düşərgəsindən zirehli təcili yardım maşınında çıxırıq. Bir qrup iraqlı jurnalistlə birlikdə bizi ön cəbhəyə – Mosul muzeyinə aparırlar. Orada I minilliyin sonundan bizim eramıza qədər mərkəzlərindən biri Mosul olan Assuriya İmperiyasının tarixinə aid eksponatlar toplanmışdı.
2014-cü ildə İslam Dövlətinin silahlıları bəyan etdilər ki, muzeydəki heykəllər şəriət qanunlarına ziddir və bütpərəstliyi təbliğ edir. Onlar heykəllərin əksəriyyətini məhv etdilər, onların ardınca da Mosuldan cənub-şərqdə yerləşən qədim Mesopotamiya şəhəri Nimrudun xarabalıqlarını yer üzündən sildilər.
– İŞİD muzeyi bazaya çevirdi. Burada partlayıcı saxlayırdılar, arxiv məkanlarında isə nəşriyyat mərkəzi yaratmışdılar, – federal polis kapitanı Mehdi Veysxan deyir.
Yağış damcılayır. Bir neçə dəqiqədən sonra ilk partlayışlar guruldayır. Hərbçilər izah edir: İŞİD muzeyi minomyotlardan atəşə tutur. Sən demə, İraq Ordusu əraziyə ancaq bir tərəfdən nəzarət edir. Muzeyin digər tərəfi hələ də terrorçuların əlində qalır. Bir saata yaxın atəşə tutulan məkanda bloklanmış qalırıq.
Muzeydən itkilərlə qayıdırıq: maşın mina qəlpələrindən dəlik-deşik olub, əsgərlərdən biri yaralanıb.
Yağış üçün mərmilər
– Əgər Mosulda leysan yağış yağmasaydı, çox güman ki, şəhər artıq azad olunmuşdu, – Vera Mironova izah edir. – Yağış İŞİD üçün ideal havadır.
Beş ay ərzində İraq koalisiya qüvvələrinin dəstəyilə şəhərin 90 faizini azad edə bilib. Amma ən çətini nöqtə qoymaqdır. Qələbənin yazınlaşmasında həlledici rolu hava şəraiti oynayır. Qırıcıları istiqamətləndirən hərbi dronlar yağış qarşısında gücsüzdür və belə havada terrorçular aviasiyadan qorxmadan minomyotlardan atmağa başlayırlar. ISIS weather – indi Mosulda yağışı belə adlandırırlar.
İŞİD üçün əlverişli hava həm də məcburi köçkünlər üçün uyğun havadır. Hava əməliyyatlarının dayandırılması atəş altında yaşayan insanlara dağılmış evlərini tərk edib, düşərgəyə gəlim çıxmağa imkan verir. Çoxları üçün bu, acından ölməmək üçün yeganə şansdır.
İslam Dövlətinin nəzarətində qalan ərazilərdə yerli əhaliyə şəhəri tərk etmək qadağan olunub.
– İŞİD bəyan edib ki, qaçmağa cəhd edən hər kəsi snayperlər güllələyəcək, – köçkünlər danışır. Bəziləri evlərin altındakı tunellərdən qaşa bilib, amma bunlar istisna hallardır.
Leysan yağış altında insanlar Mosul-Bağdad trasında yerləşən Azba Sacər stansiyasına doğru bir neçə kilometri piyada gəlməli olurlar. Bura müharibədən qaçmaq qərarına gəlmiş insanların ilk toplanış məntəqəsidir. Bu məntəqəni burda “çirkli” adlandırırlar: stansiya düzəngahın ortasında yerləşir, nə asfalt, nə döşəmə var. Yağış ətrafı lıqqa palçığa çevirir.
Pis havada bu konveyer praktiki olaraq dayanmır: sutkada bura 203 min insan toplaşır.
Könüllülər hər kəsə üstü ətli düyü, lavaş və su verirlər. Ehtiyac varsa, tibbi preparatlar da. Yalnız bundan sonra köçkünü elektron bazada yoxlayırlar. Bu proses divarlarında nəhəng beynəlxalq donor təşkilatlarının loqotipləri asılmış kiçik furqonda baş verir.
Bizim yanımızda stansiya əməkdaşları onların sözlərinə görə, Mosulu qaçqın adı altında tərk etmək istəyən iki İŞİD üzvünü identifikasiya edir. Jurnalistlərə onlarla danışmaq qadağandır. Hərbçilərsə saxlanılanlarla ətraflı və – bu haqda danışmaq doğru sayılmır – güc tətbiq etməklə sərt söhbət aparırlar. Yoxlamadan sonra terrorçuları konvoyla həbsxanaya göndərirlər.
Yağış dayanır. Biz qərbi Mosula qayıdırıq. Dağıdılmış məhəllələrin birinin küçələrindən trasa tək-tük minik maşını burulur. Sürücülərdən biri kameramızı görüb, tapança çıxarır.
– Çək, çək! – qəhqəhə çəkir və silahını yelləyir. Trasda patrulluq eləyən iki hərbçi ona fikir vermir…