“Gürcü arzusu” necə Konstitusiya istəyir?
“Gürcü arzusu” Konstitusiyanı dəyişmək niyyətindədir, bu da hələ seçkilərdən əvvəl məlumuydu. Bundan əlavə, komanda konstitusiyaya dəyişikliklərin ediləcəyini hələ 2012-ci ildə, hakimiyyətə gəlməmişdən öncə bildirib, halbuki onda onun konstitusiya çoxluğu olmayıb və məsələ ertələnib.
Bu gün vəziyyət başqadır. 150 parlament üzvündən 115 nəfəri “Gürcü arzusu”nu təmsil edir, bundan əlavə də daha iki deputat parlamentə bu partiyanın üzvü kimi keçməsələr də, onu bütün məsələlərdə dəstəkləyirlər. Konstitusiyanı dəyişmək üçün 113 deputatın razılığı lazımdır, buna görə də hakim partiyaya həmin məsələnin öhdəsindən gəlmək problem yaratmayacaq.
Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı iş parlamentin işi ilə eyni vaxtda başlayıb.
Hakimiyyət əsas qanunu dəyişməyə tələsir. Layihə aprelin axırlarına qədər hazır olmalıdır, bu vaxt da onun parlamentə müzakirəsinə başlamalıdırlar.
Qüvvədə olan qanunvericiliyə görə, dəyişikliklər layihəsi əvvəlcə ictimai müzakirədən keçməlidir, onun təsdiqlənməsi isə iki müxtəlif sessiya müddətində baş tutmalıdır. Qanunvericiliyə əsasən, yanvar ayından dekabra qədər olan dövr iki – yay və payız sessiyalarına bölünür. Yəni hakimiyyət ilin sonuna qədər layihənin işini bitirmək istəyir.
Müxalifət və qeyri-hökumət sektoru həmin tələskənlikdə problem görürlər – onlar hesab edir ki, hakimiyyət Konstitusiyanı öz partiya maraqlarına uyğunlaşdırmağa çalışır.
Konstitusiyada əsas dəyişikliklər:
Prezident
Konstitusiya dəyişikliklərinin episentrində prezident institutu durur. Ən mühüm dəyişikliklər məhz ona aiddir.
Prezident seçkiləri haqqında qanun
Əsas dəyişiklik prezident seçkiləri haqqında qanundur. Layihəyə əsasən, indən sonra Gürcüstan əhalisi prezidenti birbaşa səsvermə ilə seçəcək. Yəni artıq prezident seçkiləri olmayacaq. İlkin ehtimala görə, o, parlament tərəfindən seçiləcək. (Belə bir fikir var ki, prezident seçkiləri parlamentarilər və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət seçki kollegiyası tərəfindən keçiriləcək. Bununla belə, bu variantın qəbul edilməsi şansı daha azdır, çünki hakim partiya prezidentin parlament tərəfindən seçilməsini üstün tutur).
Hakimiyyətin əsas arqumenti: Gürcüstan maksimal dərəcədə parlament idarəçiliyi üsuluna yaxınlaşmalıdır, buna görə də birbaşa prezident seçkilərinə ehtiyac yoxdur, çünki bir qayda olaraq, parlament respublikasında prezidenti birbaşa səsvermə ilə seçmirlər.
Buna qarşı çıxanların əsas arqumenti: Gürcüstan zəif demokratiyası olan ölkədir, buna görə də hakimiyyətin qollarını balanslaşdıra bilən müstəqil arbitrə ehtiyac var. Bu gün həmin rolu Konstitusiya prezidentin üzərinə qoyur. Birbaşa yolla seçilməyən prezident parlament çoxluğundan tamamiylə asılı olan bir fiqura çevriləcək, bir siyasi partiyanın təsiri altında olacaq, arbitr və vasitəçi funksiyalarını yerinə yetirə bilməyəcək. Adətən birbaşa olmayan səsvermə yolu ilə prezident ikipalatalı parlament şəraitində seçilir ki, bu da əvvəlcədən prezidentin bir siyasi qrup tərəfindən seçilməsinin qarşısını almaq imkanı verir. Gürcüstanda bu, ərazi bütövlüyü bərpa olunana qədər alınmayacaq, çünki ali palata ərazi vahidlərinin nümayəndələrindən ibarət olur, bu məsələni də Abxaziya və Sxinvali regionu olmadan həll etmək mümkün deyil.
[/notification]
Prezidentin səlahiyyətləri
Seçkilər haqqında qanun prezident institutuna aid yeganə dəyişiklik deyil. Hakim komanda prezidenti demək olar ki, bütün funksiyalarından məhrum etməyi planlaşdırır.
Bu gün qüvvədə olan Konstitusiyaya əsasən, prezident dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanıdır və Gürcüstanı beynəlxalq münasibətlərdə təmsil edir. Və ən əsası hakimiyyətin qolları arasında əsas tarazlaşdırıcı qüvvədir. Bu da onun funksiyalarını müəyyən edir
Təhlükəsizlik şurası prezidentə tabedir; o, baş ştabın rəhbərini və qoşunların komandanlarını təyin edir. Prezidentin veto haqqı, referendum, plebisit və seçkilər təyin etmək haqqı var. O, hökumətin təqdimatı ilə səfirləri təqdim edir və səfirlərin akkreditasiyasını qəbul edir. Konstitusiya və Ali Məhkəmələrin hər birinə üç hakim təyin edir. Həm də Milli Bankın prezidentini və tənzimləmələr üzrə komissiya rəhbərlərini təyin edir. Həbsdə olanları əfv etmək haqqına malikdir. Gürcüstan vətəndaşlığını verir və Gürcüstanda sığınacaq verilməsi ilə bağlı məsələləri həll edir.
Konstitusiya komissiyasında hakim komandanın prezidentin aşağıdakı funksiyalardan məhrum edilməsi təklifləri nəzərdən keçirilir:
Prezident ali baş komandan olmayacaq, hərbi əməliyyatlar və fövqəladə vəziyyətlər istisnadır. Təhlükəsizlik şurası buraxılacaq, onun yerində müdafiə naziri və baş nazirə tabe olan müdafiə şurası yaradılacaq. Prezident ancaq müharibə və fövqəladə vəziyyət zamanı müdafiə şurasında olacaq.
Prezidentin ekoloji fəlakətlər və epidemiyalar zamanı qoşunların istifadəsi ilə bağlı qərarların qəbul edilməsində hüququ məhdudlaşdırılacaq.
Prezident ola bilsin, şəxsi qərarı ilə referendumlar təyin etmək hüququndan məhrum ediləcək.
Prezidentə veto qoymaq məsələsində baş nazirin razılığı lazım olacaq.
Baş nazirin razılığı həm də Ali Məhkəmənin hakimlərinin və səfirlərin təqdimatı məsələsində də lazım olacaq. (Belə bir variant da nəzərdən keçirilir ki, prezident ümumiyyətlə Ali Şuraya namizədlər irəli sürmək hüququndan məhrum edilsin, onun əvəzində bunu Ali Ədliyyə Şurası edəcək).
Ola bilsin, prezident vətəndaşlıq və sığınacaq vermək hüququndan da məhrum edilsin.
İndiki mərhələdə ən mübahisəli məsələ məhbusların əfv edilməsinə aid olan kontrassiqnasiya məsələsidir. Bunun üçün də prezidentə baş nazirin razılığı lazım olacaq.
Prezident həm də dövlət mükafatları, ali xüsusi və fəxri hərbi adlar, ali diplomatik rütbələr vermək hüququndan da məhrum ediləcək.
Konstitusiyaya ediləcək dəyişikliklərin 2018-ci il prezident seçkilərindən sonra deyil, 2023-cü il seçkilərindən sonra işə düşəcəyi gözlənilir.
Parlament harada olacaq?
Parlamentin Kutaisi şəhərində olması Mixail Saakaşvilinin təşəbbüsü ilə Konstitusiyada 2011-ci ilin iyul ayında təsbit edilib. 2009-2012-ci illərdə Kutaisi şəhərində 326 milyon lari həcmində yeni parlament binası tikilib.
“Milli hərəkat”ın əsas arqumenti ondan ibarətdir ki, Gürcüstanda mühüm institutlar təkcə Tbilisidə deyil, həm də başqa şəhərlərdə olmalıdır. Misal üçün, elə həmin dövrdə Konstitusiya Məhkəməsini Batumiyə köçürmək qərarı verilib.
“Gürcü arzusu” hakimiyyətə gələndən sonra bu məsələ ilə bağlı mübahisələr səngimək bilmir – mövzu siyasi prinsip məsələsinə çevrilib. Keçmiş hakimiyyətin tərəfdarları parlamenti Kutaisidə saxlamağı tələb edirlər, “Gürcü arzusu” və onun tərəfdarları parlamentin Tbilisiyə qayıtmasını tələb edirlər.
Bu gün parlament faktiki olaraq iki şəhərdə fəaliyyət göstərir – Kutaisidəki yeni binada və Tbilisidə, Rustaveli prospektində yerləşən binada. Bütün bunlar da ciddi xərclər tələb edir.
Məsələ konstitusiya dəyişiklikləri “kompleksi”nə daxil edilib, müsbət qərar verildiyi halda parlament Tbilisiyə qayıdacaq.
Hər iki tərəfin arqumentləri dəyişməz olaraq qalır. Saakaşvilinin tərəfdarları bildirir ki, regionun inkişafı üçün parlamenti Kutaisidə saxlamaq lazımdır. Hakimiyyətin tərəfdarları isə bildirir ki, Kutaisidə parlament binasının istismarı büdcə üçün çox baha başa gəlir, həm də Kutaisidə deputatlar və aparat işçilərinin qaldığı evlərin kirayəsi də büdcədən ödənilir.
İki parlament binasının eyni zamanda istifadəsi hər ay orta hesabla yarın milyon lariyə başa gəlir, deputatların nəqliyyat xərclərinə hər ay 80 min lari nəzərdə tutulub. Kutaisidəki binada kommunal xərclər Tbilisidəki binanın xərclərindən iki dəfə artıqdır. Gürcüstan Milli Statistika Xidmətinin məlumatlarına görə, parlamentin Tbilisidən Kutaisiyə keçirilməsi regionun inkişafında heç bir əhəmiyyətli rol oynamadı. Bununla yanaşı, müvafiq sualın qoyulduğu bütün sosioloji sorğulara əsasən (NDİ ictimai fikir sorğusu), ölkə əhalisinin böyük əksəriyyəti parlamentin Tbilisiyə qaytarılmasını istəyir.
Majoritarlara ehtiyac varmı?
Digər konstitusiya dəyişikliklərindən fərqli olaraq, bu dəyişikliyi müxalifət və qeyri-hökumət sektoru tələb edir, hakimiyyət isə əksinə, daha soyuq yanaşır.
Bu, Gürcüstan parlamentinə majoritar sistem üzrə seçkilər haqqında qanunla bağlı məsələdir.
Qüvvədə olan qanunvericiliyə əsasən, Gürcüstan parlamenti birpalatalıdır, 150 deputatdan ibarətdir, onların da 77-si proporsional, 73 nəfəri isə majoritar sistem üzrə, seçki dairələrinə müvafiq olaraq seçilir.
Son seçkilər göstərdi ki, seçki sistemi yüksək ədalətlilik dərəcəsi ilə seçilmir. Misal üçün, “Gürcü arzusu”na seçki iştirakçılarının daha az hissəsi səs verdi, buna baxmayaraq da konstitusion çoxluq əldə etdi ki, bu da majoritar deputatların hesabına oldu.
2012-ci ildə bu sistemi ləğv etməyi o vaxtlar müxalifətdə olan “Gürcü arzusu”nun özü vəd edirdi. Amma hakimiyyətə gələndən sonra da vədini yerinə yetirməyə tələsmir, çünki bu sistem istənilən hakimiyyət üçün rahat bir rıçaqdır.
Hakim komandada bu məsələ ilə bağlı yekdil fikir yoxdur. Komandanın bir hissəsi majoritar sistemin dəyişdirilməsi, onun modernləşdirilməsinin lehinə çıxış edir, digər bir hissəsi isə majoritar sistemin mütləq olduğunu hesab edir, çünki hər bir regionun parlamentdə öz nümayəndəsi olmalıdır.
Müxalifət və qeyri-hökumət sektoru isə belə bir arqument gətirir ki, seçki dövrü zamanı hər bir hakimiyyətin istifadə etdiyi güclü inzibati resurs majoritar dairədə iqtidaryönlü nümayəndənin qələbə çalmasına zəmanət verir ki, bu da başqa partiyaların nümayəndələrinə qarşı ədalətsizlikdir.
Nəzərə almaq lazımdır ki, parlamentə daxil olan majoritarlar çox güman ki, bu sistemin lehinə səs verməyəcəklər. Onların səsi olmadan isə (parlamentdə 73 majoritar var) konstitusion çoxluq (113 səs) toplamaq mümkün olmayacaq
Ailə nədir
Konstitusiyaya daha bir dəyişiklik ediləcək – hakim partiyanın təşəbbüsü ilə Konstitusiyada nikah anlayışına dəqiqləşdirmə gətiriləcək. “Gürcü arzusu” Konstitusiyada qeyd etməyi planlaşdırır ki, “Nikah qadınla kişinin ailə qurma məqsədiylə könüllü ittifaqıdır”.
İndiki Konstitusiyada nikahın aşağıdakı tərifi verilir: “Nikah evlilərin bərabər hüquqları və könüllü istəyinə əsaslanır” (paraqraf 36.1).
Bunun nəyi pisdir: müxalifət bildirir ki, Konstitusiyada bu cür qeyd populizmdir və bu addımıyla hakimiyyət ənənəvi seçicilərin simpatiyalarını qazanmaq istəyir. Hüquq müdafiəçiləri hesab edir ki, bu qeyd diskriminasiya xarakteri daşıyır, çünki Gürcüstanda nikahlarını rəsmiləşdirməyən şəxslər və onların övladları ailə sayılmayacaq. Konstitusionalistlər də bu cür qeydə heç bir ehtiyac görmürlər. Onların sözlərinə görə, ailənin tərifi onsuz da vətəndaş məcəlləsində verilib və bunu Konstitusiyada təkrar etməyə heç bir ehtiyac yoxdur.
Qüvvədə olan Konstitusiya 24 avqust 1995-ci ildə qəbul edilib. 109 paraqrafdan ibarət Konstitusiya həmin vaxtdan 33 dəfə dəyişdirilib.
Ən böyük dəyişikliklərə Gürcüstan Konstitusiyası Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin dövründə məruz qalıb. Onun dövründə Konstitusiyaya 25 düzəliş daxil edilib.
2004-cü ildə Konstitusiyada baş nazir vəzifəsi barədə qeyd yaranıb. Prezident dövlət başçısı elan edilib. Bundan başqa, prezident və deputatlar sahibkarlıq fəaliyyəti ilə, prokurorluq və polis işçiləri isə siyasi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.
Hakimlərin yaşı 28 yaşa, deputatların yaşı isə 21 yaşa qədər azaldılıb.
Saakaşvilinin hakimiyyətinin son illərində, 2010-cu ildə Konstitusiya bir daha dramatik dəyişikliklərə məruz qalıb. Prezident səlahiyyətləri xeyli azaldılıb, eyni zamanda hökumət və parlamentin səlahiyyətləri genişləndirilib, parlamentin özü də Tbilisidən Kutaisiyə köçürülüb.
“Gürcü arzusu” hakimiyyətə gələndən sonra son dörd il yarım ərzində Konstitusiyaya demək olar ki, dəyişikliklər edilməyib. Bunun əsas səbəbi hakim partiya ilə müxalifət arasında konsensusun olmaması idi, buna görə də konstitusiya dəyişikliklərinin qəbulu üçün kifayət qədər səs toplanmırdı.
Son dörd il ərzində parlament ancaq qismən öz fəaliyyətini Kutaisidən Tbilisiyə qaytarmağa nail oldu. Bundan başqa da qəbul edilən tənzimləməyə görə, parlament üç dəfə dalbadal hökumətə etimadsızlığını ifadə etsə, prezidentin parlamenti buraxmaq haqqı var.