Yeddi ölkə Rusiyanı Abxaziya və Cənubi Osetiyanı tanımasını geri çəkməyə çağırıb
Yeddi Qərb ölkəsi Rusiyanı Abxaziya və Cənubi Osetiyadan qoşunlarını çıxarmağa çağırıb
Rusiyaya Cənubi Osetiya və Abxaziyanın tanınmasını geri çəkmək və oradan qoşunları dərhal çıxarmaq çağırışı ilə birgə bəyanatı yeddi Qərb ölkəsi imzalayıb. Fransa, ABŞ, Böyük Britaniya, Norveç, İrlanndiya, Estoniya və Albaniya Rusiyanı Cənubi Osetiya və Abxaziyanın tanınmasını geri çəkməyə çağırıblar.
Onlar Abxaziya və Cənubi Osetiya ərazisində Rusiya hərbi kontingentinin yerləşməsini qınayıblar və Moskva ilə Tbilisi arasında münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyi haqda bildiriblər. Birgə bəyanat 2008-ci il hadisələrinin ildönümünə həsr olunub – avqustun 4-də Fransanın Nyu-Yorkda yerləşən BMT-dəki nümayəndəliyinin saytında dərc olunan bəyanatdan belə məlum olur.
“Biz yenidən Rusiya Federasiyasını […] dərhal qoşunlarını çıxarmağa və Gürcüstan ərazisi olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını geri çəkməyə çağırırıq”, – “Kavkazskiy Uzel” sitat gətirib.
“Biz Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının 2021-ci il 21 yanvar qərarını xatırladırıq, orada deyilir ki, Abxaziya və Cənubi Osetiya üzərində effektiv nəzarət həyata keçirdiyi zaman Rusiya bu ərazilərdə ciddi insan haqları pozuntularına, o cümlədən də dinc sakinlərin qətlləri, hərbi əsirlərə işgəncə verilməsi, qeyri-insani və ləyaqəti alçaldan davranışa, gürcülərin öz evlərinə qayıtmasının qarşısının alınmasına və insan haqları pozuntularına dair araşdırmaların aparılmamasına görə məsuliyyət daşıyır”, – sənəddə deyilir.
Həmçinin müəlliflər “son bir neçə ildə heç bir beynəlxalq insan haqları monitorinq mexanizminə Abxaziya və Cənubi Osetya ərazisinə məhdudiyyətsiz girişin təqdim olunmaması” ilə bağlı da narahatlıq ifadə ediblər.
Gürcü-osetin münaqişəsi haqda qısaca
“Gürcüstan Rusiyaya qarşı” işi 2008-ci ilin avqustunda Cənubi Osetiya ətrafında baş verən, Gürcüstan və Rusiyanın iştirak etdiyi müharibə ilə əlaqədardır. Bu hadisələr “avqust və ya beşgünlük müharibə” adını alıb. Gürcüstan tərəfindən 412 nəfər hərbçi və mülki şəxs, osetinlərdən isə 365 nəfər hərbçi və mülki şəxs həlak olub. Rusiyanın rəsmi məlumatına əsasən, həmçinin 67 nəfər Rusiya hərbçisi də həyatını itirib. Cənubi Osetiya ərazisində gürcü kəndlərinin 20 minə yaxın sakini məcburi köçkün vəziyyətinə düşüb.
2008-ci il avqust müharibəsi 21-ci əsrdə Avropada yaşanan ilk müharibə olub.
Sovet İttifaqı zamanı Cənubi Osetiya Gürcüstanın tərkibində muxtar vilayət olub. Gürcü-osetin münaqişəsinin müasir tarixi 1980-ci illərdə Sovet İttifaqının dağıldığı zamandan başlayır. Cənubi Osetiya müstəqillik istəyirdi, Gürcüstan buna cavab olaraq onun muxtar vilayət statusunu ləğv etdi və Şida Kartli regionunun tərkibinə qatdı.
İlk silahlı qarşıdurma və ilk qurbanlar 1989-cu ilin noyabr-dekabr aylarında qeydə alınıb. Fəal hərbi əməliyyatlar 1991-1992-ci illərdə baş verib və 1992-ci ildə tərəflərin üzərinə atəşi dayandırmaq və silahlı qüvvələri təmas zonasından çıxarılmaq öhdəliyi qoyan Daqomıs Sazişinin bağlanması ilə başa çatıb. Rusiya Federasiyası da o zaman Cənubi Osetiya ərazisindən öz hərbi hissələrini çıxarmaq öhdəliyi götürüb.
Müxtəlif məlumatlara əsasən, münaqişənin hərbi fazası zamanı bütün tərəflərdən 10 min nəfərə qədər insan həlak olub, 100 min nəfərə qədər insan qaçqın və məcburi köçkünə çevrilib.
Atəşkəs razılaşmasının yerinə yetirilməsinə nəzarət Qarışıq Nəzarət Komissiyasına və Sülhün Dəstəklənməsi üzrə Üçtərəfli Qarışıq Qüvvələrə – Gürcüstan, Rusiya hərbçisinin komandanlığı altında Cənubi Osetiya və Rusiya batalyonlarına həvalə olunub.
2008-ci ilin avqustuna qədər münaqişə “dondurulmuş” hesab olunurdu. 2008-ci ilin avqustunda Cənubi Osetiya ətrafında Gürcüstan və Rusiya arasındakı beşgünlük müharibədən sonra Moskva Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb. Moskva və Tbilisi arasında diplomatik əlaqələr dərhal kəsilib.
Cənubi Osetiya öz həyatını müstəqil respublika kimi qursa da, müstəqilliyi ancaq Rusiya və bir neçə “üçüncü dünya” ölkələri tərəfindən tanınıb. Büynəlxalq ictimaiyyətin böyük hissəsi Cənubi Osetiyanı Gürcüstanın separatçı regionu hesab edir.