Sərhəddə baş verənlərin səbəbi nədir? – Bakıdan şərh
Son günlərdə Azərbaycanla Ermənistanın sərhədində gərginlik yüksəlib. Tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir, atışmalar nəticəsində ölənlər və yaralananlar var. Bəs bu gərginliyin səbəbi nədir? Atəşkəsi pozmaqda tərəflərin maraqları nədən ibarət ola bilər?
Bu və digər suallarla JAMnews azərbaycanlı siyasi icmalçı Aqşin Kərimova müraciət edib.
- Ermənistan-Azərbaycan sərhədində gərginlik. Ölənlər və yaralananlar var
- “Biz öz ərazimizdəyik” – Əliyev Ermənistanla sərhəd və Dağlıq Qarabağın statusu haqda
- Rusiya Azərbaycanla Ermənistanın qarşıdurmasında necə oynayır: Bakıdan şərh
“Azərbaycan preventiv tədbirlər həyata keçirir”
Siyasi icmalçının fikrincə, Azərbaycan İkinci Qarabağ Müharibəsində qələbə qazandıqdan sonra hərbi gündəminə yeni prioritet gətirdi və postmünaqişə dövründəki yeni hərbi strategiya yekun (mütləq) sülhün təmin edilməsi baxımından önəmlidir:
“Söhbət Qarabağ zonasının Ermənistanla dövlət sərhədi təşkil edən zolağında delimitasiya və demarkasiya prosesinin başlanmasından gedir. Bu niyə vacibdir?
Birincisi, Azərbaycan sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi ilə Ermənistandan olan mümkün təhlükələrə qarşı preventiv tədbirlər həyata keçirir. İkincisi, dövlət sərhədinin müəyyənləşməsi Zəngəzur dəhlizinin reallaşması üçün Azərbaycanın əlini gücləndirir, Azərbaycanın strateji üstünlüyünü təmin edir.
Bu proseslərdə qlobal rəqabətin təzahürü olan elementlər də özünü göstərir, bundan bir müddət öncə, Azərbaycan “İskəndər-M” məsələsi ilə Qərbə pas atmışdı, ümumiyyətlə, Azərbaycan Rusiyanın təsir gücünün azalması üçün Qərbə yönəlik siyasət yürütdü, eyni zamanda Moskva ilə də əlaqələrin möhkəmləndirilməsinin strateji önəmini qabardırdı. Postmünaqişə dövrü də Fransanı çıxmaq şərti ilə Qərbin münasibəti proseslərin ilk mərhələsində adekvat idi, lakin bu da Moskvada qısqanclıq yaradırdı”.
“Ərdoğan məhz NATO sammitindən sonra Şuşaya gəldi”
“Qərbin marağı NATO-nun bölgədə, dolayısı ilə də olsa, iştirakı ehtimallarını gücləndirir, Azərbaycan və Türkiyə liderlərinin imzaladığı Şuşa Bəyannaməsi də Qərb maraqlarının bölgəyə gətirilməsi baxımından önəmlidir”, – deyə, Aqşin Kərimov fikirlərinə davam edir.
“Fikir verirsinizsə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz NATO sammitindən sonra Şuşaya gəldi, bu, o deməkdir ki, Qərblə hansısa detallar razılaşdırılıb. Lakin Bakı və Ankara Moskvanın da marağını bu sənəddə nəzərə alıb, ona görə də, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti həmin Bəyannamədə özünə yer tapıb”, – o bildirib.
“Gəlin, bundan sonrakı proseslərin inkişafına baxaq, Qərbdən isti münasibətlər sərgilənir, şimal qonşumuzdan isə soyuq küləklər əsirdi”, – deyən siyasi icmalçı xatırladır ki, Şuşa Bəyannaməsi imzalanmamışdan bir neçə gün öncə Qərb Ağdamın mina xəritələrinin Azərbaycana verilməsini təmin etdi, “bu isə, dolayı da olsa, Rusiyanın təşəbbüslərinin məhdudlaşdırılması anlamını özündə ehtiva edirdi”.
“Qərb və Moskva öz rəqabətini yeni müstəvidə inkişaf etdirir”
Aqşin Kərimov deyir ki, Moskva da bundan az müddət sonra analoji təşəbbüslə “Qərbi neytrallaşdırdı”: bu dəfə Füzuli və Zəngilanın mina xəritələri Moskvanın addımı nəticəsində Azərbaycana verildi:
“Fikir verək, bundan sonra Qərb ritorikasına yeni redaktələr gətirdi və yenidən status məsələsi qabardıldı, Moskva isə sərhəd hadisələri fonunda Şuşaya açılan atəşdə Ermənistanı tərəf kimi göstərirdi. Yəni, Qərb və Moskva öz rəqabətini yeni müstəvidə inkişaf etdirir və hər iki tərəf Bakıya təzyiq aparatını işə salır.
Bakı nə etdi? Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Yerevanda səsləndirdiyi “status” bəyanatının ardından Moskvanın 10 noyabr və 11 yanvar bəyanatlarından irəli gələn vəzifələrini xatırlatdı və oyun qaydasını dəyişməyə müvəffəq oldu. Bundan sonra, Rusiya daha konstruktiv mövqe sərgilədi”.
“Sərhədlərin müəyyənləşməsi Zəngəzur dəhlizinin açılması üçün açardır”
“Sərhəddəki qarşıdurma iki böyük gücün yeni coğrafiyada böyük maraqları fonunda baş verir, məsələ burasındadır ki, sərhədlərin müəyyənləşməsinə nə Qərb, nə də Moskva etiraz edir, sadəcə iki beynəlxalq güc bu məsələdə bərabərhüquqlu təşəbbüskar olmaqdan çox, “monopoliyaya” meyllənir.
Sərhədlərin müəyyənləşməsi Zəngəzur dəhlizinin gətirəcəyi iqtisadi faydalara münasibətdə Qərbin də, Rusiyanın da, İranın da marağındadır, lakin bunun üçün son sərhəd haradır, necə olacaq – dəqiq söyləmək çətindir. Nəzərə alaq ki, Azərbaycan bu məsələdə tək deyil, Qərbin bir narahatlğının səbəbi də məhz Ankara amili ilə bağlıdır, çünki dəhlizlə paralel olaraq Ankaranın yeni coğrafiyada hərbi iştirak imkanları güclənir. Buna görə də, Moskva Ankara və Bakı ilə maraqlarını uzlaşdırmaq əzmini nümayiş etdirir ki, bu da Qərbi qıcıqlandırır.
Bu, sərhədlərin delimitasiya və demarkasiyası üçün siyasi qütblərin iqtisadi cəhətdən maraqlarının toqquşmasının göstəricisidir. Sərhədlərin müəyyənləşməsi Zəngəzur dəhlizinin açılması üçün açardır, Zəngəzur dəhlizi isə qlobal rəqabəti yeni müstəviyə daşıyır. Zəngəzur dəhlizinin açılmasında Çin də maraqlıdır, ABŞ isə Rusiya ilə yanaşı Çin amilini də sıxışdırmaq istəyir”, – Aqşin Kərimov sözlərinə davam edib.
Kreml kartoqrafik məlumatları təqdim edibmi?
JAMnews-un “Rusiyanın hər iki tərəfə sərhədlərin müəyyənləşdirilməsi üçün kartoqrafik məlumatları ötürdüyü deyilir. Bundan az sonra döyüşlərin başlaması, sizcə, nəyə işarədir?” sualını cavablandıran siyasi icmalçı deyib:
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov təxminən belə ifadə səsləndirmişdi ki, ölkəsi sərhədlərin delimitasiyası ideyasının müəllifidir.
Kartoqrafik məlumatlarla bağlı isə Moskvanın tezisinin ümumi ruhunu demişdi, bildirmişdi ki, Kreml həmin məlumatları təqdim etməyə hazırdır.
Bəs Rusiya belə bir xəritə təqdim edibmi? Bu suala cavab vermək çətindir, lakin versiya güclənir ki, bəli, Rusiya bunu edib.
Fikir verirsinizsə, prezident İlham Əliyev bu yaxınlarda rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarının nəticəsi olaraq Bakı ilə Moskva arasında mübahisəli məsələnin qalmadığını bəyan etdi. Yuxarıda qeyd etdiyim kimi bu, Bakının oyun qaydasını dəyişməyinin nəticəsi idi. Görünür ki, Bakının görüşdən qabaq Moskvaya ötürdüyü mesajlara Kreml strateji məna yükləyib. Bakının qazancı isə qlobal rəqabətdə özünü sığortalamaqdır və hələlik bu müddət üçün proseslər Bakının iradəsinin ziddinə deyil.
İlham Əliyev eyni zamanda Zəngəzur dəhlizinin açılmasının vacibliyi barədə Ermənistana xəbərdarlıq etdi, bu, Moskva görüşündən sonra diqqət çəkir. Çünki İlham Əliyev “Moskva ilə mübahisəli məsələ qalmayıb” dedi.
Bu, həm də Rusiyanın Ermənistana növbəti qulaqburmasının mesajıdır, axı Nikol Paşinyan seçkilərdən sonra balanslı mövqedən çox eyni anda iki stulda oturmağın nümunəsini bir daha əyani şəkildə göstərdi. Yuxarıda qeyd etdiyim qlobal rəqabətin platformasının genişlənməsi Ermənistana münasibətdə də özünü göstərdi. Avropa İttifaqı Ermənistana 2,6 milyard avro ayırır, bu vəsaitin həcmi onu deməyə əsas verir ki, Qərb Yerevanın Moskvadan qoparılması üçün böyük səy göstərir.
Ona görə də, qəzəblənən Rusiya yenidən Bakıya “yatırım” edir və sərhəd məsələsində Bakını dəstəkləyir.
Nəticə: Bakı böyük güclərin marağını nəzərə alır, lakin o maraqların genişmiqyaslı ambisiyaya keçidini bağlamaq üçün də addımlar atır”.
Rusiya baş verənlərdə nə dərəcədə maraqlıdır?
Rusiyanın sərhəddəki vəziyyətin kəskinləşməsində nə dərəcədə maraqlı olmasına gəlincə, Aqşin Kərimov düşünür ki, şimal qonşumuz du məsələdə həmişə maraqlıdır, “çünki proseslərə müdaxilə imkanları üçün zəmindir. Həm də, Azərbaycan Rusiyanın silah bazarlarının alıcısıdır, elə Ermənistan da, Moskvanın isə qazancında silah satışı rol oynayır”.
“Lakin Moskva böyükmiqyaslı təxribatlarda əsla maraqlı deyil. Çünki bu, onun onsuz da aşağı düşən siyasi nüfuzunun dibə vurması demək olardı, indi Rusiyanı yeni-yeni iqtisadi platformalar maraqlandırır ki, ölkəsində yaranan sosial-iqtisadi böhranın fəsadlarını aradan qaldırsın. Buna görə də, Ankara ilə ticarət dövriyyəsinin perspektiv üçün həcmini 100 milyard dollar dəyərində qiymətləndirir, həmin həcmə çatmaq üçün isə Zəngəzur dəhlizi əlverişli ticari marşrut rolunu oynayır”, – o, sözlərinə əlavə edib.
Kəskinləşmə davam edə bilərmi?
Siyasi icmalçının fikrincə, kəskinləşmə davam edəcək, ancaq bunun geniş miqyas alacağı və müharibə həddinə çatacağı mümkün görünmür:
“Gərginlik delimitasiyasının ağrılı proses olmasının nəticəsidir. Bakı isə sərhəd məsələsində israrlıdır və görünür, delimitasiya prosesi Naxçıvanda da gedir. Bir sözlə, Bakı Ermənistana yeni baxış bucağını Kəlbəcər, Laçın və Naxçıvan istiqamətindən ortaya qoyur, bu, həm də hərbi hədəflərin bəyanıdır.
Ən diqqət çəkən məqam isə proseslər İlham Əliyevin Zəngəzuru, İrəvanı, Göyçəni tarixi Azərbaycan torpaqları elan etməsinin fonunda baş verir, deməli, Bakı həmin ərazilərə münasibətdə də haqq-ədalətin bərqərar olması üçün zəmini dilə gətirir.
Son nöqtə harada qoyulacaq? Son nöqtə sülh müqaviləsində qoyulacaq, elə Bakı da danışıqlara daha güclü əllə getmək üçün Ermənistana qarşı resurslarını sərf edir, istər erməni cəmiyyətində isterika yaradan açıqlamalar, istərsə də hərb meydanındakı “əzələ nümayişi” ilə”.