Abxaziyada əsas müxalifətçi spiker olacaqmı?
foto: Ibrahim Çkadua
Abxaziyada martın 12-də baş tutan seçkilər ölkənin əsas qanunverici orqanı olan parlamentin yeni tərkibinin dəqiq konturlarını hələ ki, müəyyən etməyib.
Bununla belə birinci turun nəticəsində bir neçə əlamətdar hadisəni qeyd etməyə dəyər.
Hələ fəaliyyətdə olan parlamentin spikeri Valeri Bqanba məğlub olub, Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Batal Tabaqua isə seçilib.
Amma ilk növbədə birinci turun əsas nəticəsi ondan ibarətdir ki, Qudaut dairələrindən birində Abxaziyanın keçmiş prezidenti hazırda isə müxalifətin əsas siyasətçisi olan Aleksandr Ankvab qələbə qazanıb.
Əsas müxalifətçi Aleksandr Ankvab və onun perspektivləri
Bu qələbə ona böyük çətinliklə başa gəlib. Onunla yeganə rəqibi olan gənc siyasətçi Ruslan Qaquliya arasında səs fərqi cəmi 11 səs təşkil edib.
Keçmiş prezident Aleksandr Ankvab deputat mandatını alandan sonra bəzi analitiklər onun yeni parlamentdə spiker kreslosuna yiyələcəyini deyir. Amma hətta bütün seçki prosesinin nəticəsində parlamentdə əksər kresloları hazırkı prezident Raul Xadjimbanın tərəfdarları tutmasa da, müxalifətdəki tendensiyaları nəzərə alsaq, Aleksandr Ankvaba spiker olmaq çox çətin olacaq.
Hətta bir vaxtlar vahid olan Müxalifət Qüvvələri Blokunda son aylarda hakimiyyət uğrunda gələcək mübarizəsinin strategiya və taktikası ilə bağlı deyil, həm də həmin bu müxalifətə başçılıq edəcək insanla bağlı da böyük fikir ayrılığı var.
Hazırda keçmiş prezidentin fəal siyasi həyata qayıtmasından sonra faktiki olaraq hələ də Aleksandr Ankvaba üstünlük verənlərlə öz lideri kimi Aslan Bjaniyanı dəstəkləməyə hazır olanlar arasında parçalanma yaşandı.
Ankvaba olan etibar daha çox emosional amilə əsaslanır. Dövlət başçısı üçün konstitusiyada nəzərdə tutulan yaş məhdudiyyətini nəzərə alsaq, artıq 64 yaşı tamam olan Aleksandr Zolotinskoviçin prezident kreslosuna yolu artıq bağlıdır.
Populyar olmasına baxmayaraq, karyera yüksəlişi perspektivi olmayan müxalifət lideri ilk növbədə müxalifətin özü üçün böyük problemdir. Bu mənada müxalifətçi elektoratı arasında o qədər də populyar olmayan Aslan Bjaniya fiquru Aleksandr Ankvabdan daha perspektivli layihə kimi görünür.
İki idddialı siyasətçinin bu gözəgörünməz rəqabətini artıq Bjaniyanın namizədliyinin irəli sürdüyü Atar seçki dairəsində müşahidə etmək olardı.
Onunla birlikdə ikinci tura keçən rəqibi Temur Kvitsinia da müxalifətçidir. O, sıravi müxalifətçi olmasa da liderlər arasında da heç vaxt adı hallanmayıb. Onun deputat mandatını əldə etməsinə əsas səbəb soyadıdır: Kvitsinia nəslinin nümayəndələri həmin dairədən olan seçicilərin az qala yarısını təşkil edir. Onlar da adətən bir nəfər kimi öz qohumlarına səs verirlər
İstənilən başqa dairədə ən az danışan deputat kimi tanınan Temur Kvitsinianın çox güman ki, seçilmək üçün heç bir şansı olmazdı, amma Atar dairəsində onun qələbə çalacağı demək olar ki, şübhə doğurmur. O burada dalbadal iki dəfə parlament seçkilərində udub və bu zaman ancaq birinci turla kifayətlənib ki, bu da indiki abxaz reallığı üçün möcüzəli bir nəticə kimi görünür.
Bununla belə Temur Kvitsinia, müxalifətin kuluarlarında deyildiyinə görə, əvvəlcə öz namizədliyini irəli sürmək istəmir, yolu Bjaniyaya vermək qərarına gəlmişdi. Amma sonradan elə həmin mənbələrin vurğuladığına görə birdən fikrini dəyişir və deyilənə görə, bu dönüş keçmiş prezident Aleksandr Ankvabın dəstəyi ilə baş tutur.
İndi seçkilərin necə bitməsindən asılı olmayaraq, Ankvabla Bjaniya arasındakı münasibətlərdə yaranan inciklik yəqin ki, getdikcə bir az da inkişaf edəcək.
Gənc müxalifət – “Aynar” və onun perspektivləri
Yeni parlamentdə başqa müxalifətçi qrupu da olacaq. Bu da ilk növbədə “Aynar” partiyasının nümayəndələridir.
Bu təşkilat Rusiya mediasında artıq millətçi adını alan Abxaz siyasətçilərinin gənc nəslidir.
“Aynar”ın özünü tək indiki hakimiyyətə deyil, həm də Müxalifət Qüvvələri Blokuna qarşı real müxalifət kimi təqdim etməyi üstün tutur.
Bu xüsusiyyət də həm parlamentə yer tapan müxalifətə, həm də parlamentin özünə əlavə rəng qatacaq.
Bununla belə “Aynar”ın partiyanın hansı üzvlərinin deputat olacağı ilə bağlı çox saylı problemləri var.
Bu problemlərin səbəbi ondan ibarətdir ki, Abxaziya parlamenti majoritar sistem üzrə seçilir və təəssüf ki, bu sistem özünü artıq doğrultmur. Bu da indiki seçki kampaniyasında özünü aydın şəkildə göstərdi, çünki burada ideya və proqramların rəqabətindən daha çox, yaxşı oğlanların müsabiqəsi müşahidə olunurdu. Elə həmin səbəbdən də yeni parlamentin Abxaziya tarixi üçün taleyüklü olacağı haqqında danışmağa dəyməz. Çox güman ki, o keçmiş parlament çağırışlarının ənənələrinin davamçısı olacaq.
Bununla belə, bu parlament majoritar sistemlə seçilən sonuncu parlament olacaq. Artıq seçki sisteminin islahatları işə düşüb, parlamentin özündə qarışıq majoritar – proporsional sistemə keçidlə bağlı, bir neçə oxunuş olub. Yəni ki, bu seçkilər son majoritar sistemlə keçirilən son seçkiləridir.
İndi hamını düşündürən məsələ odur ki, yeni parlamentdə daha çox müxalifətçi, yoxsa iqtidaryönlü deputatlar olacaq. Amma hətta 35 deputatın hamısının adı məlum olandan sonra indiki parlamentin müxalifətçi və ya iqtidar yönlü olduğunu demək çətin olacaq.
Keçmiş çağırışda olan parlamentin əksəriyyəti əvvəlcə o vaxtlar hələ Alerksadr Ankvabın simasında olan hakimiyyəti dəstəkləyirdi. Amma sonra 2014-cü ilin may ayında müxalifət Ankvabı vaxtından əvvəl istefaya getməyə məcbur etdi. Və parlamentdə qüvvələrin paylanması avtomatik olaraq dəyişdi, əksəriyyət yeni lider Raul Xadjimbanı dəstəkləməyə başladı.
Yeni parlament də çox güman ki, öz əhvalına uyğun Abxaziya tarixinin müəyyən məqamlarında qurulan siyasi konyukturaya uyğunlaşmaya çalışacaq.