Növbədə anklavlardır? Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası haqda həyəcanlı şayiələr
Ermənistan hələ ikinci Qarabağ müharibəsindəki məğlubiyyətin şokundan ayıla bilməyib, ölkədə böhrana son qoymaq üçün növbədənkənar seçki təyin edilib. Seçkiqabağı kampaniya fonunda isə ölkədə vaxtaşıqı qalmaqallar baş verirdi. Mayda hazırkı hökumət başçısı Nikol Paşinyanın imzalamağa hazırlaşdığı deyilən Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası haqda gizli sənəd şəbəkələrdə yayıldı.
Sənədi hazırda barışmaz müxalifətçi mövqeyi tutan Ermənistanın Vatikandakı keçmiş səfiri və eks-prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan “sızdırıb”.
Onun sözlərinə görə, baş nazir əvəzi Nikol Paşinyan mayın 12-dən bir neçə kilometr irəliləmiş Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması müqabilində demarkasiya və Azərbaycanın xeyrinə ərazi güzəştlərinə razılaşıb.
Minasyanın sözlərinə görə, sənəd imzalanarsa, Tavuşun beş və Ararat vilayətinin bir kəndi Azərbaycana keçəcək.
Qalmaqal bir ay əvvəl baş verib, amma indiyə qədər aydın deyil ki, hər hansı sənəd imzalanacaqmı, sərhədlər hansı şərtlərlə müəyyən olunacaq. Əgər Ermənistan kəndləri verməyə razılaşsa, öz anklavlarını geri ala biləcəkmi? Bu proses nəticəsində ölkə hansı strateji yolları itirə bilər?
Erməni jurnalistlərindən ibarət bir qrup politoloqlar və ekspertlərlə birlikdə vəziyyətlə yerindəcə tanış olmaq üçün Tavuşun sərhəd kəndlərinə gediblər.
Hansı sənəddən söhbət gedir?
Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası ilə bağlı sənəd üzərində iş artıq bitib və tezliklə dərc olunacaq – Mikael Minasyan mayın 19-da Facebook-da məxfi sənədin bir hissəsini dərc edərək yazıb.
Nikol Paşinyan Azərbaycanla həqiqətən də sənədin müzakirə olunduğunu təsdiqləyib, amma onun sözlərinə görə, həmin sənəd Ermənistanın maraqlarına yüz faiz cavab verir.
Mayın 20-də sənədin tam mətni şəbəkədə yayılıb və orada ərazi güzəştləri yer almayıb.
Mövcud informasiyaya görə Ermənistanın Tavuş vilayətinin hansısa kəndlərinin Azərbaycana verilməsi ikinci Qarabağ müharibəsinin sonunda Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatda nəzərdə tutulubmuş.
Azərbaycan prezidentinin dərhal xalqa müraciətində oxuduğu sənədin ilkin mətnində yazılıb ki, “Ağdam rayonu və Ermənistan tərəfinin Azərbaycan Respublikasının Qazax rayonunda saxladığı ərazilər 2020-ci il noyabrın 20-ə qədər Azərbaycan tərəfinə qaytarılır”.
Ermənistan tərəfinin saxladığı Qazax rayonunun əraziləri dedikdə İlham Əliyev Ermənistanın Tavuş vilayətinin kəndlərini nəzərdə tutur.
Daha sonra Kremlin saytında bəyanatın mətninin final versiyası yerləşdirildi və orada “Azərbaycanın Qazax rayonunun” ərazilərindən söz açılmır. Rusiya prezidentinin katibi Dmitri Peskov kreml versiyasına istinad etməyə çağırıb.
Sənədi imzalamaq Ermənistan üçün hansı təhlükəni yaradır
Azərbaycan Ermənistanı növbəti kapitulyasiya razılaşmasını imzalamağa məcbur edir – politoloq Edqar Elbakyan hesab edir:
“Ermənistan bu kağızın diqtə etdiyisərhədlər çərçivəsində Azərbaycanın sözdə ərazi bütövlüyünü tanıyır”.
Onun fikrincə, Ararat və Tavuş vilayətlərinin ırazilərinin Azərbaycana verilməsi həndəsi silsilə ilə çoxalan mənfi effektə gətirib çıxaracaq:
“Əgər bu anklavlar Azərbaycana verilsə, Tavuşda ön cəbhə dağılacaq – azərbaycanlılar qoşunlarımızın arxa cəbhəsinə keçəcək. Ermənistan azərbaycanlılar Tavuşdan Gürcüstana və Rusiyaya, ya da Sünikdən İrana gedən yolu bağlayana qədər mövcud olacaq. Əgər bu baş versə, hansı ki, mümkün eskalasiya zamanı çox realist ssenaridir, ölkə total blokadaya düşəcək”.
Tavuş vilayətindən dövlətlərarası yol keçir, Ermənistanı Gürcüstan və Rusiya ilə bağlayır. Tavuş anklavlarının verilməsi halında bu yolun iki kilometrindən çoxu Azərbaycanın nəzarətinə keçəcək. Eyni problemlər artıq Ermənistan və İranı birləşdirən dğvlətlərarası yolda baş verib.
Amma Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan əmin edir ki, Azərbaycanla kommunikasiyaların açılması hər iki tərəf üçün sərfəlidir:
“Əgər kimsə desə ki, bu, ancaq Azərbaycana sərf edir, inanmayın. Kommunikasiyaların açılması Ermənnistana da, Azərbaycana da sərf edir”.
Əslində kommunikasiyaların açılması olmayacaq, əsas kommunikasiya infrastrukturu bütünlüklə Türkiyə və Azərbaycandan asılı olacaq, “onlar istənilən an yolları bağlaya biləcəklər” – türkoloq Varujan Geqamyan əmindir:
“Azərbaycan və Türkiyənin istəklərindən və onlarla münasibətdən tam asılılıq olacaq. Biz isə görürük ki, bbu münasibətlər nə dost, nə də tərəfdaş xarakterli olmayacaq. Hakimiyyətlər tərəfindən hansı ritorikanın istifadə olunmasından asılı olmayaraq düşmənçilik davam edəcək”.
Hansı kəndlər Azərbaycana verilə bilər?
Məxfi sənədi dərc edən Mikael Minasyan hansı kəndlərin Azərbaycana verilməsinin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
Böyük ehtimalla söhbət Ararat vilayətinin Tiqranaşen (Kərki), o cümlədən də Tavuş vilayətinin Sofulu, Barxudarlı, Azatamut (Xeyrimli), Kayan (Aşağı Əskipara) və Verin Voskepar (Yuxarı Əskipara):
“İki sovet respublikası arasında 5-10 il ara ilə dəyişirdi. Və bu proses heç cür nizamlanmırdı, yerli rəhbərlər səviyyəsində həll olunurdu – üstəlik hətta respublika liderləri səviyyəsində də yox, yerli partiya xadimləri səviyyəsində”.
1992-ci ildən keçmiş anklavlarda – Barxudarlı, Sofulu və Verin Voskeparda (Yuxarı Əskipara) heç kim yaşamır. Bütün sakinlər birinci Qarabağ müharibəsi zamanı kəndləri tərk ediblər.
Azatamut kəndi necə olacaq?
Kənd Baqanis Ayrum anklavının bilavasitə yaxınlığında yerləşir. Anklavda indi heç kim yaşamasa da, Azatamut (Xeyrimli) kəndinin 3500 nəfərə yaxın sakini var. Anklav Azərbaycana verilsə, yerli sakinlərin mal otardığı örüşlər, o cümlədən də vaxtilə sovet Azərbaycanı ilə sovet Ermənistanını birləşdirən dəmiryolu xətti o tərəfdə qalacaq.
Nəticədə sakinlər kəndi tərk edəcəklər, burada sadəcə təhlükəsiz olmayacaq, hətta əgər sülhməramlılar yerləşdirilsə də – politoloq Edqar Elbakyan hesab edir.
Azatamutla qonşuluqda Ditavan və Ayqepar (Əskipara) kəndləri yerləşir ki, ərazilərin verilməsi nəticəsində onlar yarımühasirə vəziyyətinə düşəcəklər.
“Birlikdə yaşaya bilməyəcəyik”
Azatamutda heç kim jurnalistlərlə danışmaq həvəsində deyildi. Yerli sakinlər əmindirlər ki, mətbuatda gedən bütün məlumatlar Ermənistan və Azərbaycan arasındakı danışıqlara sadəcə mane olur.
Surik Baqmanyan kəndin həyatı haqda danışmağa razı olan azsaylı adamlardan biri oldu. Surik baba deyir ki, burada vəziyyət gərgindir – insanlar heç uşaqlarını rahatlıqla uşaq bağçasına, ya da məktəbə apara bilmirlər.
Burada ermənilərlə azərbaycanlıların birgə həyatını yaxşı xatırlayır, amma hesab edir ki, artıq bu mümkün deyil:
“Bəlkə yüz ildən sonra, bilmirəm. Müharibədən sonra onlar da acıqlıdı, bizim insanlar da qızışıb. O qədər qurbandan sonra [ikinci Qarabağ müharibəsində] birlikdə yaşaya bilməyəcəyik”.
Kənddə hamı münaqişənin necə həll olunacağını gözləyir. Bununla belə çoxları çıxıb gedib – Surik baba deyir:
“Getməyə yeri olmayanlar qalıb. Çoxları ruslara ümid edir. Amma mən onlardan heç nə gözləmirəm. Hələ çar dövründən, Sardarapat zamanında [Sardarapat döyüşü 1918-ci ildə baş verib, Ermənistanın nizami qoşunları və könüllülər Türkiyə qoşunlarının Ermənistana hücumunun qarşısını alıb] ruslar deyirdilər ki, “gedin, biz sizin arxa cəbhənizi qoruyuruq”, bizimkilər geri dönüb baxanda isə görürdülər ki, arxada heç kim yoxdur”.
Nikol Paşinyan nə deyir?
Keçmiş anklavların məsələsinin həlli beynəlxalq təcrübədə və hüquqla mümkündür – iyunun 11-də Nikol Paşinyan Tavuşda seçkiqabağı kampaniya zamanı bildirib:
“Onlara əsasən, indi mövcud olan vəziyyət dəyişməz qalır. Niyə? Çünki bizim də anklavımız var – Azərbaycanın nəzarəti altında olan Artsvaşen. Bizimməntiqimiz belədir: anklav anklavla dəyişdirilməlidir, oonların [Azərbaycanın] nəzarəti altında olan onların nəzarətində qalır, bizim nəzarətimiz altında olan bizim nəzarətimizdə qalır”.